• cümə, 29 Mart, 02:43
  • Baku Bakı 7°C

Türkiyə - Almaniya gərginliyi səngimir

25.07.17 09:00 2059
Türkiyə - Almaniya gərginliyi səngimir
Türkiyə ilə Almaniya arasında münasibətlər kəskinləşməkdə davam edir. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Almaniya mənşəli şirkətlərə qarşı istintaq başlatdığı ilə bağlı iddialara toxunub. Almaniya mənşəli şirkətlər haqqında istintaq başladıldığına dair iddiaları təkzib edən XİN rəhbəri Mövlud Çavuşoğlu "xarici şirkətlərin hamısına üstünlük veririk. Həm millət, həm dövlət olaraq sahib çıxırıq” deyə bildirib.
Türkiyə iləAlmaniya arasında yaşanan prosesə toxunan XİN rəhbəri "gərginlik aprelin 16-da keçirilən referendumdan əvvəl başlayıb. Türkiyəli siyasətçilərə qarşı atılan addımlar, Türkiyəyə qarşı keçirilən qaralama kampaniyaları, Fətullahçıterror təşkilatı mənsublarının Almaniyaya sığınması, PKK-çıların Almaniyada sərbəst hərəkət etməsi, pul toplaması, fəaliyyət göstərməsi kimi arada gərginliyə səbəb olacaq məsələlər var” deyib. Türkiyəyə istiqamətli təhdidlərə dövlət ciddiyyəti çərçivəsində qiymətləndirilərək lazımlı cavabın veriləcəyini ifadə edən xarici işlər naziri bildirib ki, Almaniya Türkiyədən terror cinayəti şübhəsi nəzarətə alınan və ya həbs olunan şəxslərin məhkəməyə çıxarılmamalarını və dərhal sərbəst buraxılmalarını tələb edir: "Bu qəbuledilməzdir. İki ölkə arasında son dövrdə güvənsizliyin yaranmasının yeganə səbəbi Almaniyanın ikili standartlara əsaslanan rəftarıdır. Almaniya bir tərəfdən dövlətimizin əleyhinə fəaliyyət göstərən PKK və FETÖ kimi terror təşkilatlarının üzvlərinə ev sahibliyi edir, bir tərəfdən də ölkəmizdə terror cinayəti günahından nəzarətə alınan və ya həbs olunan şəxslərin mühakimə edilməməsini, onların azad buraxılmasını istəyir. Bunlar qəbul edilə bilməz tələblərdir”.
Baş nazir Binəli Yıldırım isə Ankarada jurnalistlərin Berlin rəhbərliyi ilə yaşanan gərginliyə dair suallarını cavablandırıb. Türkiyə ilə Almaniyanın strateji tərəfdaşlar olduğunu ifadə edən baş nazir bildirib ki, "Almaniya PKK, FETÖ kimi terror təşkilatlarının üzvlərinə ev sahibliyi edir. Bu sahədə lazımlı tədbirlərin həyata keçirilməsini istəyirik. Türkiyə beynəlxalq qanunlara əsaslanaraq bunu tələb edir”. XİN rəhbəri kimi, Binəli Yıldırım da Almaniya mənşəli şirkətlər haqqında istintaq başladıldığına dair iddiaları təkzib edib. O, "belə iddialardan imtina edilməlidir. Türkiyə etibarlı bir ölkədir. Almaniya nə qədər etibarlı isə, Türkiyə də o qədər etibarlıdır. Terrorla qorxudaraq insanların küçəyə çıxmalarının qarşısını almaq ancaq terroru sevindirər. Aramızdakı məsələləri danışaraq həll edə bilərik”, - deyə bildirib.
Öz növbəsində, Ankara Cumhurbaşkanlığı Sarayında təşkil edilən mətbuat konfransında gündəmlə bağlı jurnalistlərin suallarını cavablandıran İbrahim Kalın Almaniya xarici işlər naziri Siqmar Qabriyelin "Türkiyəyə gələn Almaniya vətəndaşlarıetibarda deyil” şərhini şiddətlə qınadıqlarını bildirib: "İllərdir Türkiyəyə Almaniya vətəndaşları gəlir. Biz alman turistlərini də daha çox görmək istəyirik burada. Onların can və mal təhlükəsizliyi bizim başucalığımızdır. Almaniya siyasətçilərinin bu cür şərhləri ölkələrində yaxınlaşan seçkilərə istiqamətli daxili siyasətə investisiya düşüncəsi daşıyır. Almaniyada bu, bir dəb halına gəlib. Türkiyənin adı ilə oynamaqla özlərinə xal toplamağa çalışırlar. Onların bu ağılsız düşüncədən qurtulmaları lazımdır”.
Rəsmi Berlin isə bəyan edib ki, "Türkiyənin davranışı qəbuledilməzdir. Almaniya öz vətəndaşlarını və şirkətlərini qorumağa borcludur, ancaq Ankarayla da güclü münasibətləri saxlamaq istəyir”. Bunu Almaniya kansleri Angela Merkelin işlər idarəsinin rəhbəri Peter Altmaier bildirib.O, "Bild am Sonntag” qəzetinə deyib ki, iki həftə öncə Türkiyə biri alman olmaqla, altı insan haqları fəalını saxlayıb, bundan sonra NATO müttəfiqləri arasında münasibətlər pisləşib. "Bu böyük və vacib ölkəylə yaxşı münasibətlər istəyirik, ancaq bu, yalnız Türkiyə hüququn aliliyinə hörmət qoyan ölkə kimi qalarsa, mümkündür”, – deyə Röyters informasiya agentliyi məmura istinadən yazıb. Qeyd edək ki, türk-alman jurnalistin həbsi, Türkiyədəki bazadan alman əsgərlərin çıxarılmasından sonra iki ölkənin münasibətləri onsuz da gərgin idi. Altmaier deyib ki,Berlin alman insan haqları fəalı Peter Steudtner və jurnalist Deniz Yücelin azad olunmasını istəyir, çünki onların həbsinə heç bir səbəb görmür. Onun sözlərinə görə, hökumət həmin şəxsləri konsulluq xidmətiylə təmin etməyə, Türkiyə hökuməti, Ərdoğanla danışmağa çalışır.
Almaniya prezidentiFrank-Walter SteinmeierZDF televiziyasına bildirib ki, bu ölkədəki türk diasporu Ankarayla münasibətlərin "çox vacib” olduğunu göstərir və illər boyunca qurulmuş körpülərin dağılmasından ən çox onlar əziyyət çəkirlər. Avropa Parlamentində mühafizəkar bloka rəhbərlik edənManfred Veberisə "Der Tagesspiegel” qəzetinə deyib ki, Türkiyə Aİ-dən və onun dəyərlərindən uzaqlaşır:"Lap əvvəldən illüziya olan üzvlük danışıqları tamamilə dayandırılmalıdır”. "Bild am Sonntag” qəzeti üçün keçirilmiş sorğu isə almanların çoxunun Berlinin Türkiyə siyasətindən məmnun olmadığını üzə çıxarıb. Rəyi soruşulanların 76 faizi deyib ki, hökumət özünü Ərdoğandan müdafiə etmir, 12 faizsə bununla razılaşmayıb. Bazar günü açıqlanmış sorğu onu da üzə çıxarıb ki,almanların 49 faizi daha Türkiyəyə tətilə gedə bilməyəcəyini düşünür. 44 faizsə düşünür ki, gedə bilər.
Almaniya Ticarət Palatasında (DIHK) xarici ticarət rəhbəri "Welt am Sonntag” qəzetinə deyib ki, ikitərəfli münasibətlərdə gərginlik alman şirkətləri üçün qeyri-müəyyənlik yaradır və ticarətin həcmini 2 milyard avroyadək (2.3 milyard dollar) azalda bilər.
Öz növbəsində "Economist” yazır ki, aylarla davam edən diplomatik didişmədən sonra Almaniyanın səbir kasası daşıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər