• cümə axşamı, 28 mart, 19:05
  • Baku Bakı 13°C

Türkiyə-ABŞ gərginliyinin regiona təsiri

10.10.17 10:30 1829
Türkiyə-ABŞ gərginliyinin regiona təsiri
Amerika ilə Türkiyə arasında ciddi diplomatik gərginlik yaranıb. Gərginliyə səbəb isə ABŞ-ın Ankaradakı səfirliyinin Türkiyə vətəndaşlarına verilən vizaların müddətsiz dayandırılmasıdır. Qeyd edək ki, bu addımdan sonra Türkiyə də ABŞ vətəndaşları üçün viza müraciətlərini dayandırıb.Yaranmış diplomatik gərginliyə səbəbə isə ABŞ-ın İstanbuldakı Konsulluğundakı yerli işçinin "FETO” ilə əlaqəli olduğu iddiası ilə həbs edilməsidir. ABŞ-ın bununla, rəsmi Ankaraya qarşı "diplomatik sanksiya” tətbiq etdiyi diqqətə çatdırılır. Türkiyə ilə bağlı son dövrlərin qısa xronoloji ardıcıllığına baxsaq, görərik ki, Türkiyə ilə ABŞ arasında yaranmış gərginliyin bu həddə çatacağı əslində gözlənilən idi. Belə ki, 15 iyul hərbi çevriliş cəhdindən sonra ABŞ-dan FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin tələb edilməsi iki ölkə arasında narazılığın artmasına gətirib çıxardı. ABŞ-ın PKK-nın Suriya qanadı olan YPG-yə silah yardımı etməsi də bu gün Türkiyədə daha çox müzakirə edilən mövzulardandır. Eyni zamanda, Türkiyə sərhədlərinə yaxın İraq Kürd Muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirməsi də, dolayı yolla NATO müttəfiqləri arasında gərginliyin artmasına gətirib çıxardı. Çünki Türkiyə özünün təhlükəsizliyi üçün İraq və İranla danışıqlara gedərək, bu referendumun qarşısını almağa çalışdı. Ardınca isə Suriya məsələsi ilə bağlı Türkiyə prezidenti Ərdoğan rusiyalı və iranlı həmkarı ilə bir araya gələrək, müzakirələr apardı. Nəzərə almaq lazımdır ki, ABŞ Rusiyaya qarşı sanksiyaları dəstəkləyir, İranla isə nüvə anlaşması ilə bağlı gərginlik yaşayır. Belə olan halda, ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin artacağı ilə bağlı fikirlər öz təsdiqini tapır. Bəs görəsən NATO müttəfiqləri arasında yaranmış gərginliyin regiona, xüsusilə Azərbaycana təsiri olacaqmı?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Türkiyə ilə ABŞ arasında yaranmış böhran qısamüddətlidir: "Hər iki ölkə bir-birinə lazımdır və beynəlxalq birlikdə bunların əməkdaşlığı olmadan, bir çox proseslər həll edilə bilməz. Türkiyə çox düzgün olaraq özünün suverenliyini və milli qürurunu qoruyur. Hesab etmirəm ki, iki ölkə arasında yaranmış vəziyyət digər dövlətlərə də təsir etsin. Böhran da çox çəkməyəcək, çünki iki ölkə arasında siyasi, iqtisadi, hərbi, biznes əlaqələri var. Bu böhran əlbəttə ki, cəmiyyətin öz hökumətlərinə suallarının yaranmasına səbəb olacaq. İlk olaraq suallar ABŞ hakimiyyətinə olacaq, çünki Türkiyə adekvat cavab verdi”.

A.Mizəzadə vurğuladı ki, FETÖ terror təşkilatı və onun rəhbəri Fətullah Gülənin təhvil verilməsi ilə bağlı ABŞ və Türkiyə arasında gedən danışıqların nə ilə qurtaracağını demək çətindir: "Görünən ondan ibarətdir ki, Türkiyə bu məsələdə haqlıdır. Onun dövlətçiliyinə, stabilliyinə ziyan vuran bir insanın verilməsini tələb edir. Bu, beynəlxalq hüquq normalarına tamamilə uyğundur”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, ABŞ-la Türkiyə arasında yaranmış gərginlik müəyyən dərəcədə gözlənilən idi: "Çünki son dövrlər iki ölkə arasında münasibətlər xeyli gərginləşmişdi. Xüsusilə, 15 iyulda hərbi çevrilişə cəhddən sonra bu gərginlik gözlənilirdi. Türkiyə birmənalı şəkildə çevriliş cəhdində Fətullah Güləni günahlandırır ki, o da birbaşa ABŞ-ın himayəsi ilə orada yaşayır və Türkiyəyə təhvil verilmir.Türkiyə Yaxın Şərq siyasətini müstəqil formada həyata keçirir. Bu həm İraqla, həm də Suriya ilə bağlıdır. Təbii ki, bu, müəyyən dərəcədə rəsmi Vaşinqtonu qıcıqlandırır.Son olaraq, ABŞ-ın İstanbuldakı Konsulluğunun nümayəndəsi həbs edildi. Buradan görünür ki, iki ölkə arasında vəziyyət daha da gərginləşəcək. Düşünmürəm ki, iki ölkə arasında yaranmış gərgin vəziyyətin Azərbaycana xüsusi bir təsiri olsun. Amma digər reallıq ondan ibarətdir ki, biz Türkiyə ilə qardaş ölkəyik, müttəfiqik. Əlbəttə, biz Amerika-Türkiyə münasibətlərini nəzərə alaraq, öz diplomatik addımlarımızı artıq dərəcədə peşəkarlıqla atmalıyıq ki, bunun Azərbaycana mənfi təsiri olmasın. Mənə elə gəlir ki, bizim çoxvektorlu siyasətimiz buna kifayət qədər əsas verir”.

F.Sadıxov əlavə etdi ki, Türkiyə müəyyən problemlərlə qarşı-qarşıya qalıb: "Çünki Yaxın Şərqdə baş verən hadisələr Türkiyənin maraqlarına toxunmaya bilməzdi. Suriyaya qoşun yeritmək Türkiyənin öz təhlükəsizliyini təmin etmək naminə atdığı addımlardır. Əlbəttə, bu məsələ də çətin olacaq, problemlər yaranacaq. Ancaq Türkiyənin başqa bir çarəsi yoxdur.Onu da qeyd edim ki, Suriya məsələsi ilə bağlı Ərdoğanın İran və Rusiya prezidentləri ilə görüşüb müzakirələr aparması Türkiyənin müstəqil siyasət yürütməsi ilə bağlıdır. Əlbəttə, Türkiyə İranla dostluq etmək niyyətində deyil, sadəcə olaraq, öz maraqları naminə müəyyən razılığa gəlir. Çünki İraq və Suriyanın ərazisində separatçı qüvvələr var.Bundan başqa, vaxtı ilə Türkiyə müasir silahlar almaq üçün NATO ilə danışıqlar apardı, lakin müzakirələr uzun çəkdi. Belə olan halda, Türkiyə Rusiya ilə razılığa gəlib yeni silahların alınması üçün saziş imzaladı. Göründüyü kimi, bütün bu hadisələr Amerikanı qıcıqlandırmaya bilməzdi”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər