Türkiyə 15 iyul şəhidlərini anır - Fotolar
Bu gün Ankarada - Nazirlər Kabineti yanında Mətbuat
və İnformasiya Baş İdarəsində kütləvi informasiya vasitələri nümayəndələri ilə
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın görüşü olub. Tədbirdə Mətbuat və
İnformasiya Baş İdarəsinin (Basın-Yayın və Enformasyon Genel Müdiri) rəhbəri
Mehmet Akarca çıxış edərək, 2016-cı ilin 15 iyul tarixində Türkiyədə bir qrup hərbçinin
xarici qüvvələrin təsiri altında dövlət çevrilişinə cəhd etməsindən, lakin
onların xalqın iradəsi qarşısında məğlub olmasından söhbət açıb. Qeyd olunub
ki, fətullahçı terror təşkilatı vasitəsilə Türkiyə əleyhinə yönələn bu xain
hücumun qarşısı sadə türk vətəndaşları, Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın telefon vasitəsilə xalqa müraciətindən sonra küçələrə çıxan vətənsevər
insanları tərəfindən alınıb.
M.Akarca bildirib ki, həmin gecə Türkiyə xalqı dövlət
çevrilişinə qarşı ciddi dirəniş göstərib. Ölüm təhlükəsinə baxmayaraq, əliyalın
şəkildə tankın, hərbi texnikanın, silahlı şəxslərin qarşısını kəsiblər,
demokratiyanı, milli dövlətçiliyi, ölkəni müdafiə ediblər. Bununla da xalq dövlətçiliyə,
qanuni yolla seçilmiş prezidentə öz dəstəyini nümayiş etdirib. M.Akarca deyib
ki, həmin gecə qırıcı təyyarələr vasitəsilə bir sıra obyektlər, o cümlədən
Türkiyə Böyük Millət Məclisi də bombalanıb. Hansı ki, həmin vaxt tribunada ədliyyə
naziri B.Bozdağ çıxış edib və bu hücum onu çıxışından çəkindirməyib. Sona qədər
o və digər millət vəkilləri xalqla bərabər olub, fətullahçı terror təşkilatına,
xain hücumlara qarşı həmrəylik, dirəniş göstəriblər, demokratiyanı müdafiə
ediblər.
Ədliyyə naziri B.Bozdağ Türkiyədə baş verən hadisələrin,
həqiqətlərin dünyaya çatdırılmasında medianın mühüm rol oynadığını diqqətə
çatdırıb. Bildirib ki, 15 iyul 2016-cı il tarixdə Fətullah Gülənin təlimatı əsasında
Türkiyədə dövlət çevrilişinə cəhd, dövlətçiliyə, xalqın milli iradəsinə qarşı
xain hücum olub. Onun sözlərinə görə, dövlət çevrilişinə cəhd zamanı 249 türk vətəndaşı
şəhid olub, 2200-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alaraq,
sağlamlığını itirib, qazi olub. Nazir deyib ki, bu proseslər zamanı milyonlarla
türk vətəndaşı yaralanmasalar, xəsarət almasalar belə, şəhid olmağı göz önünə aldıqlarına,
fədakarlıq, cəsarət nümayiş etdirdiklərinə görə onlar da millətin qazi
övladları sayılırlar.
B.Bozdağ bildirib ki, 15 iyul gecəsində xüsusi təyinatlıların
olduğu məkan, cümhur başkanlığı, parlament, İstanbul və Boğaziçi körpüləri, həmçinin
bir çox yerlər bombalanıb, insanlara qarşı silah işlədilib: "Terrorçubaşı Fətullah
Gülənin təlimatı əsasında dövlət çevrilişinə cəhd edən terrorçular Türkiyə vətəndaşlarına,
sivil insanlara qarşı silahdan istifadə ediblər. Mərhəmətsizcə yüzlərlə
insanımız həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Türkiyə Böyük Millət Məclisi
qurulduğu tarixdən indiyə qədər ilk dəfə terrorçular tərəfindən bombalandı. Həmin
vaxt bir çox millət vəkilləri ilə bərabər millətin iradəsini nümayiş etdirən
orqanın işini davam etdirir, bu məclisi bağlaya bilməyəcəklərini göstərirdik.
Tribunada çıxış etdiyim zaman məclisin üzərinə bir bomba atıldı. Təxminən 5-10
dəqiqə sonra ikinci dəfə bomba atıldı. Məclisin binası ciddi zərər gördü, ətraf
toz-dumana büründü. Lakin məclis milli iradəyə, demokratiyaya, insan haqlarına,
hüquqi dövlətə və konstitusiya sahib çıxma yolundan çəkinmədi. Beləliklə də
qurtuluş savaşından sonra məclis ikinci dəfə qazilik ünvanına çevrildi. Dövlət
çevrilişinə cəhdin uğursuzluğa düçar olmasına gəlincə, buna səbəb Prezident Rəcəb
Tayyib Ərdoğanın, baş nazir Binəli Yıldırımın xalqın içində olması, milli iradəni,
demokratiyanı müdafiə etmək üçün xalqı meydanlara səsləməsi, Türkiyə vətəndaşlarının
da onlara səs verməsi, dəstəkləməsi oldu. Dövlət çevrilişinə cəhdin taleyi prezidentin
xalqa müraciətindən sonra həll olundu. Türk xalqı meydanlara axışdı, qanuni
hakimiyyəti, dövləti, demokratiyanı qanı və canları bahasına müdafiə
etdi”.
B.Bozdağ bildirib ki, Prezident R.T.Ərdoğan
demokratiyaya, milli iradəyə, insan haqlarına, qanuni yolla seçilmişlərə, millətin
əmanətinə sahib çıxmaq üçün xain zərbəçilərə, terrorçulara meydan oxuyub, hətta
öz həyatını təhlükəyə ataraq, heç nədən çəkinmədən həmin vaxt xalqın arasına,
İstanbula gəlib. Bununla da o, xalq ilə bərabər dövlət çevrilişinə cəhd edənlərə
qarşı mübarizə aparıb: "Demokratiyanı, insan haqlarını, seçilmişləri yox etmək,
zorla, şiddətlə iqtidarı ələ keçirmək istəyənlərə qarşı xalqı ilə birlikdə
mübarizə aparan, amma dünya birliyi tərəfindən meydanda yalnız buraxılan
liderdir Rəcəb Tayyib Ərdoğan. Dövlət çevrilişinə cəhd olunan günlərdə nə Avropa
ölkələri, nə də Amerika bu xain hücumları, qanuni hakimiyyəti zor yolu ilə
devirmək istəyənləri qınayan hər hansı açıqlama vermədi. Xarici kütləvi
informasiya vasitələri də susdu. Terrorçuların hücumlarının qarşısı alındıqdan,
dövlət çevrilişinə cəhdlər uğursuzluğa düçar olana qədər onlar gözləmə
mövqeyində qaldılar. Yalnız terrorçuların qarşısı alındıqdan sonra həmin dövlətlərin
rəsmiləri açıqlamalar verdilər. Halbuki, həmin dövlətlərin rəsmiləri hər zaman
demokratiyadan danışır, hakimiyyətə gəlməyin yeganə yolu kimi yalnız demokratik
seçkiləri vacib sayırdılar. Amma bir qədər əvvəl dediyim kimi, Türkiyədə
demokratiyaya, seçkilərə, milli iradəyə, insan haqlarına xain zərbə vurulduğu
zaman susdular. Fürsətcil şəkildə dövlət çevrilişinə cəhdin uğurlu
olub-olmayacağını gözlədilər. Demokratik prinsiplərlə idarə olunan qərb ölkələrinin
heç birindən həmin vaxt səs çıxmadı. Biz bundan təəssüf hissi keçirdik”.
B.Bozdağ 15 iyul hadisəsindən ötən müddət ərzində də
Türkiyəyə qarşı qərəzli münasibətin sərgilənməsindən söhbət açıb. Bildirib ki,
terrorçubaşı Fətullah Gülənin təlimatı əsasında Türkiyədəki qanuni hakimiyyətə,
dövlətə qarşı çıxan, sivil vətəndaşlara atəş açan şəxslərin məsuliyyətə cəlb
olunmasından, qanun qarşısına çıxarılmasından sonra bəzi qərb dairələri beynəlxalq
təşkilatlar, media vasitəsilə Türkiyə üzərinə basqılar edirlər: "İddia edirlər
ki, göz altına alınan, həbs olunan terrorçulara qarşı şiddət, zor, qanundankənar
davranış tətbiq edilir. Bunların hamısı yalandır. Göz altına alınan, həbs
olunan heç bir şəxsə qarşı işgəncə tətbiq edilməyib. Buradan onlara səslənirəm
ki, Türkiyəyə qarşı adil və obyektiv olun”.
B.Bozdağ dövlət çevrilişində iştirak edən
terrorçuların bir qisminin Yunanıstan üzərindən digər xarici ölkələrə, o cümlədən
Almaniyaya sığınmasına da toxunub. Bildirib ki, Fətullah Gülən və onun əmrlərini
yerinə yetirərək türk vətəndaşlarına qarşı silah işlədən şəxslərin Türkiyəyə gətirilməsi,
hüquq qarşısına çıxarılması üçün zəruri işlər görülsə də, nə ABŞ, nə də digər
dövlətlər terrorçuları təhvil vermir, prosesi yubadırlar. O, qeyd edib ki, ABŞ
və Avropa üçün Üsəma Bin laden nə məna daşıyırsa, Türkiyə və türk xalqı üçün də
Fətullah Gülən o anlam kəsb edir.
Ədliyyə naziri ilə görüşdən sonra xarici media mənsubları
AKP Genel Mərkəzində "15 iyul Milli İradənin Zəfəri” kitabının təqdimat mərasimində
olublar. Mərasimdə AKP millət vəkilləri, rəsmi şəxslər və dövlət çevrilişinin
qarşısının alınmasında iştirakçı olan, şəhid ailəsi üzvləri çıxış edərək fikirlərini
bildiriblər.
Baş nazir Binəli Yıldırım 15 iyul hadisələrindən
söhbət açaraq baş verənləri demokratiyaya, milli iradəyə vurulan zərbə kimi dəyərləndirib,
bütün bunların türk xalqı tərəfindən şiddətlə qınandığını söyləyib. Bildirib
ki, həmin vaxt terrorçular, xain zərbəçilər demokratiya, milli iradə qarşısında
məğlub olublar. Baş nazir belə bir xalqın övladı olmağından qürur duyduğunu dilə
gətirərək, şəhidlərin qoyub getdiyi əmanətlərə sahib çıxmağın şərəf borcu
olduğunu vurğulayıb.
Baş nazirin çıxışının ardınca 15 iyul hadisələrini
özündə əks etdirən video film izlənilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdimatı
keçirilən kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə
edib. O, 15 iyul hadisələrindən danışaraq, Türkiyənin, türk xalqının ölkəni
gözləyən böyük bir müsibətin öhdəsindən gəldiyini, bundan sonra da bu yolda
inamla addımlayacağını deyib. Bildirib ki, dövlət çevrilişinə cəhd zamanı
İstanbul və Ankarada şəhid və qazi olanların xatirəsi hər zaman uca tutulacaq.
Baş verənlərdən dolayı ana müxalifətin sərgilədiyi mövqeyi sərt tənqid edən
Türkiyə prezidenti onları ağacı deyil, tikanı sulayan, bununla da zülmə dəstək
verən şəxslər adlandırıb. O deyib ki, Türkiyədə sonuncu terrorçu zərərsizləşdirilənə
qədər mücadilə davam etdiriləcək.
R.T.Ərdoğan Türkiyədə demokratiyanın,
azadlığın qarantının AKP iqtidarı olduğunu da vurğulayıb. Bildirib ki, Türkiyə
və türklər üçün Çanaqqala şəhidləri nədirsə, 15 iyul şəhidləri də o deməkdir.
Prezident deyib ki, 15 iyul 2016-cı il tarixdə türk millətinə, türk xalqına,
sivil vətəndaşa silah tuşlayan, onlara atəş açan, yaxud belə bir əmr verən hər
bir şəxs kimliyindən asılı olmayaraq qanun çərçivəsində məhkəmə qarşısında mütləq
cavab verəcək, layiq olduğu cəzanı alacaq. Türkiyənin inkişafından danışan dövlət
başçısı deyib ki, 2023-cü ilə qədər qarşıya qoyulan bütün hədəflərə çatılacaq.
O, Türkiyə Silahlı Qüvvələrinin daha da gücləndiyini dilə gətirərək, ordunun
maddi-texniki bazasının gücləndirilməsində, müasir silah-sursatla, hərbi
texnika ilə təminatında daxili resurslardan istifadə edildiyini diqqətə
çatdırıb. Bunun bəzi xarici dairələrdə böyük narahatlıqla qarşılandığını
vurğulayıb. Çıxışının sonunda "tək millət, tək bayraq, tək dövlət, tək Vətən”
deyən Türkiyə prezidenti onu da əlavə edib ki, ürəklərdəki imanla, əllərdəki
ay-ulduzlu al qırmızı bayraqla dövlət və xalq üçün mübarizə aparılıb, bundan
sonra da aparılacaq.
Rufik
İSMAYILOV
Türkiyə,
Ankara