• çərşənbə axşamı, 19 mart, 10:29
  • Baku Bakı 8°C

Türk yaddaşının əbədiyyəti

23.05.17 20:06 3018
Türk yaddaşının əbədiyyəti
Filologiya elmləri doktoru, professor Aqşin Babayevin böyük türk şairi Nazim Hikmətlə bağlı yazdığı 17-ci kitabını bu günlərdə birnəfəsə oxudum. Nazim Hikmət hələ şehli gəncliyimdən mənim çox sevdiyim şairlərdən biri olub. "Sovetlər Birliyində hər şeyin yasaq edildiyi bir zamanda Nazim Hikmət Türkiyə üçün kommunizmin, Azərbaycan üçün türklüyün simvolu idi” (Anar). Əslində Nazim Hikmət günəş kimi zamanın və vaxtın fövqündə dayanaraq, itkilərə, tapıntılara, sevgi və nifrətlərə, ən başlıcası, ayrılıqlara şeirləri ilə meydan oxuyurdu:
Mən bir ceviz ağacıyam,
Gülhanə parkında,
Nə sən bunun farkındasan,
Nə də polis farkında.
Bir xatirə çox mətləblərə aydınlıq gətirir
Nazim Hikmət ruhən, qəlbən həmişə Azərbaycana yaxın olub. O, çəkdiyi yanğıları sanki Bakıya gəlişi ilə söndürməyə çalışırdı. Bu böyük şair haqqında maraqlı kitablar, müxtəlif vaxtlarda 50-yə yaxın məqalə, xatirə qələmə alan yazıçı-jurnalist Aqşin Babayev, öz tədqiqatlarında Nazim Hikməti həmişə olduğu kimi oxuculara çatdırmağa çalışıb. O, bildirir ki, Nazim Hikmətin Türkiyədən sonra ikinci sevdiyi ölkə Azərbaycan olub. Bu da səbəbsiz deyildi. Doğma məmləkəti zamanın hansı məqamındasa öz övladına biganə qaldığı illərdə, məhz Azərbaycan, Bakı Nazim Hikməti doğması kimi bağrına basıb, onu sevib, qiymətləndirib. Nazimin Bakıya hər gəlişi böyük hadisəyə çevrilərmiş. Professor Aqşin Babayevin Nazim Hikmətlə tanışlığının bu il 60-cı baharı tamam olur. Bütöv bir ömür! Maraqlıdır ki, bu ömrün az qala bütün illəri Nazim Hikmətlə bağlı olub. O illərdə radio jurnalisti olmağı da Aqşin müəllimin dadına yetib. Nazim Hikmətin səsini lentə alıb, bizə yadigar edəndə məhz Aqşin Babayevdir. 1957-ci ildən başlanan bu ömür yolu 2017-ci ildə işıq üzü görən "Nazim Hikmət qalaktikası” ilə nəticələndi. Filologiya üzrə fəlsəfə doktoru Azər Turan ön sözdə maraqlı məqama toxunub: "Tale bu kitabın müəllifinə Nazim Hikmətin ocağı başında olmaq, onunla duz-çörək kəsmək səadətini də nəsib edib və elə buna görə də Aqşin Babayev başqa tədqiqatçılardan fərqli olaraq, Nazim Hikmətlə bağlı araşdırmasında təkcə arxiv sənədlərinə, Nazim Hikmət haqqında yazılmış başqa kitablara, yaxud Nazim Hikmətin əsərlərinə deyil, eyni zamanda Nazim Hikmətlə canlı ünsiyyətdən doğan yaddaş materiallarına da istinad edə bilir və bu cəhət " Nazim Hikmət qalaktikası”nın orijinal və müstəsna mahiyyətinə ayrıca bir cazibədarlıq gətirir.” Aqşin Babayev və Nazim Hikmət! Bu ünsiyyətin məzmununu dərindən dərk etmək üçün müəllifin bir xatirəsi çox mətləblərə aydınlıq gətirir və bu bağlılığın mahiyyətini açır: "1957-ci ildə mən tələbə idim, III kursda oxuyurdum. Nazim Hikmət Bakıya gəldi və Azərbaycan Dövlət Universitetində tələbələrlə görüş oldu. Mən də o görüşdə iştirak edirdim. Siz təsəvvür edin ki, oturmağa yer yox idi. Mən lap arxada ayaq üstə dayanmışdım. Əlbəttə, onda mən ağlıma da gətirə bilməzdim ki, gün gələcək, Nazim Hikmətlə üzbəüz oturub saatlarla söhbət edəcəyəm, yaradıcılığı haqqında dissertasiya müdafiə edəcəyəm, ona həsr olunmuş kitablar yazacağam. Bu kitablardan biri də Türkiyədə işıq üzü görəcək”.
Bütün bu dediklərim ömrümün bir parçasıdır…
Maraqlıdır ki, o ilk görüşün səs yazısı bu günə qədər Aqşin Babayevin şəxsi arxivində qiymətli bir ərməğan kimi qorunur. Bu il Nazim Hikmətin anadan olmasının 115 illiyidir. Azərbaycana ilk gəlişindən də 90 il ötür. Cəmi 61 il ömür sürüb. Zillət və həsrət içində. Aqşin Babayev böyük sevgi və ehtiramla Nazim Hikmətin həyat yolunu, yaradıcılığını, xarakterini oxuculara aça bilib. Doğrudur, Nazim Hikmət haqqında ilk monoqrafiyanı yazan o vaxt Moskvada yaşayan məşhur türkoloq alim Əkbər Babayev olub. Nazimşünaslığın əsasını o qoyub. Elə Azərbaycanda da Nazimlə bağlı müxtəlif kitablar, məqalələr, bədii əsərlər, xatirələr, esselər yazanlar çoxdur. Amma gəlin etiraf edək ki, Nazimşünaslığın inkişafında Aqşin Babayevin xidmətləri əvəzsizdir. Aqşin Babayev çox sadə və təvazökar şəxsiyyətdir. "Bunu mən etdim, mən dedim” fikrindən çox uzaqdır. Aqşin müəllimin Nazim Hikmətə olan sevgisində bir millət və vətən aşiqliyi var. Əslində Nazim Hikmət onun ömrünün bir parçasına çevrilib . Tələbəlik illərindən bu günə qədər Nazimsiz günü , ayı, ili və nəhayət yazısı olmayıb. Hər gün yazı stolunun üstündəki şəkilinə baxaraq qələmi əlinə alıb və yazıb: "Bütün bu dediklərim ömrümün bir parçasıdır… Tələbəlik illərindən bu günə qədər gəlib çatan Nazim Hikmətlə bağlı ömür! İnanıram ki, gündən-günə şöhrəti ucalan Nazim Hikmətin gələcək tədqiqatçıları heç olmasa bir yerdə mənim adımı çəkəcəklər. Bu, mənim üçün böyük qürur olacaq. Həyatda olsam da, olmasam da… Amma hələ ki, torpağın üstündəyəm. Nə qədər ki, torpaq üstündəyəm, Nazimdən deyəcək, Nazimdən yazacağam.” Bu düşüncələr məni çox kövrəltdi. Aqşin Babayevin yaradıcılığına, insani məziyyətlərinə bələd bir qələm sahibi kimi etiraf edim ki, bu, sinəsində ensiklopediya gəzdirən insan qədər ölüm barəsində düşünən ikinci şəxsiyyət görmədim. Bütün fəaliyyətinin sarı simi məhz bu düşüncələrdir. "Birdən yarımçıq qalar…” fikri onun ürək və insanlıq həyəcanlarıdır. Əslində Aqşin Babayev kimi bir qələm sahibini, əsl insanı, sədaqətli dostu, böyük ürəkli alimi, sadə, amma adi olmayan bu vətən oğlunu yaxından tanıdığım və müasiri olduğum üçün Allahıma minnətdaram. Mən onun bəzi cəhətlərini mətbuat salnaməçimiz Qulam Məmmədli ilə müqayisə edə bilərəm. Gənclik illərində hansı mətbuat nümunəsi haqqında məlumat almaq istəsəydim, mütləq Qulam müəllimə müraciət edərdim. O, da hər şeyi mənə yerli-yataqlı ,bütün təfsilatı ilə anladardı. İndi də hansı bir yazıçının, mədəniyyət xadimi barəsində nəyi isə öyrənmək istəsəm, dadıma Aqşin Babayev yetir. Nə isə… Mətləbdən uzaq düşdüm. Əslində istəyirəm ki, Nazim Hikmət barəsində müntəzəm yazan müəllifin öz məziyyətləri də oxucuya bəlli olsun. Biz belə şəxsiyyətləri dərindən tanımalıyıq. Aqşin Babayev canlı məktəbdir. Belə bir məktəbin nəinki məzunu, sadəcə, dinləyicisi olmaq da fəxarətdir.
Özü faciəsini daha yaxşı bilirdi
Müəllif bu kitabını ömür-gün dostu Müzəyyən xanıma ithaf edib. Bu, sadəcə bir qələm sahibinin həyat yoldaşına ehtiramı, məhəbbəti deyil, Müzəyyən xanım həm də Aqşin Babayevin Nazim Hikmətli günlərinin canlı şahididir. Bu xanımın da Nazimşünaslıqda öz xidməti var. O, Türkiyənin məşhur jurnalisti və tədqiqatçısı Zəkəriyyə Sərtəlin Nazim Hikmətə həsr etdiyi " Mavi gözlü Dev” kitabını dilimizə çevirib. Ailə bütövlükdə Nazim Hikmətlə bağlıdır. Qızı Aytən xanım Nazim Hikmətin fəlsəfi görüşlərinə həsr olunmuş dissertasiya müdafiə edib, fəlsəfə doktorudur. Oğlu Gündüz ailəsi ilə birlikdə beş ildir ki, Nazimin vətənindədir. Özü gözəl deyir: " Nəvələrim Nazimin dilində təhsil alır”. Bu məqamda Azər Turanın bir fikri ürəyimdən xəbər verir: " Ziyalılığın, aydınlığın və alimliyin alplıq mərtəbəsində asudə ömür sürən professor Aqşin Babayevin varlığını qabsamış əhval Nazim Hikmətcəsinədir və mənə elə gəlir ki, indi başqa dünyadan bizim aləmə yansıyan ruhunun bir şöləsi də elə Aqşin Babayevin özüdür”. Dəqiq və dürüst yanaşmadır.
Kitabdakı müxtəlif məqalələrin təkcə başlıqlarının özü bütöv bir fikrin, məramın əks-sədasıdır: "Nazim Hikmətdə Azərbaycan, Azərbaycanda Nazim Hikmət”, " Nazim Hikməti sevənlər və sevməyənlər”, " Nazim Hikmətlə bağlı insanlar”, " Türk dramaturgiyası və Nazim Hikmət”, " Nazim Hikmət Türkiyədə”, " Vətən həsrətli gözlər”, "Nazim Hikmət- əsrlərə sığmayan türk şairi”, "Bu dünyadan Nazim keçdi”, "Nazimi yaşadanlar”, "Dünyada Nazim, Nazimdə dünya”…
Bütün bunlardan sonra Aqşin Babayev "kim idi Nazim Hikmət” sualını belə cavablayır: " Nazim mətin, yenilməz, cəsur bir insan idi. Özü kimilərin zəfər şərqisi, marşı idi. Kərəm idi, siqarasını qurşun yaxacaq fədai idi. Məmləkətindən insan mənzərələri yaradan rəssam idi”. Nazim özü isə "Tərcümeyi-hal” şeirində yazırdı:
Həbsxanalarda da yatdım,
Böyük otellərdə də.
Kimi balıqların çeşidini bilir,
Mənsə ayrılıqların.
Aqşin Babayevin bir qədirşünaslığını da qeyd etməyi vacib saydım. Bütün ömrünü Nazim Hikmət yaradıcılığının tədqiqinə həsr etmiş rəhmətlik Əkbər Babayev barəsində oxuculara ətraflı məlumat verməyi də unutmayıb: " Onun Nazim Hikmət haqqında yazdığı iri həcmli kitabı rus və türk dillərində nəşr olunsa da, hələ azərbaycanca çıxmayıb. Hələ onun elmi məqalələrini, gözəl publisistik yazılarını demirəm… Əkbər Babayev Nazim Hikmətin Bolqarıstanda işıq üzü görmüş 8 cildlik əsərlərinin də tərtibçisi, redaktoru və ön sözünün müəllifi idi”. Bəli Aqşin müəllim haqlıdır, Əkbər Babayevin həyatının və elmi fəaliyyətinin ciddi tədqiqata ehtiyacı var. Cəmi 61 il yaşamış Nazim Hikmət keşməkeşli bi ömrün sahibi olub. Ona 28 il, 4 ay həbs cəzası kəsilib. Ömrünün qızıl cağlarının 13 ilini həbsxanada yatıb. İnandığı ideyaların ucbatından sevgili Münəvvərindən, ciyərparası Mehmetindən, bütövlükdə Türkiyəsindən ayrı düşüb. Əgər buna yaşamaq demək mümkündürsə, bu illərdə həmişə təqib və təzyiqə məruz qalıb. Olumla ölüm arasında çırpına-çırpına qalan Nazim Hikmət özü faciəsini daha yaxşı bilirdi. Demək olar ki, bütün şeirlərində bu vurnuxan yolların yolçusu olduğunu, nigarançılığını elə qəribə bildirirdi ki…
Qovaqlarını öyməkdən
Quru-quruya sevməkdən
Nə çıxar ey məmləkətim?!
Vətən həsrətində qovrulanlar üçün bu misraların nisgili indi də bizi ağladır. Var olun, Aqşin Babayev! Sağlığında da, ölümündən sonra da Nazimə münasibət həmişə ziddiyyətli olub. Amma onu duyanlar yaxşı bilirlər ki, kommunist ideyalarına inanan Nazim Hikmət aldandığını gözəlcə anlamışdı. Ona görə də nəfəsi gedənəcən "məmləkətim” dedi:
Saçlarımın ağında,
Ürəyimin infarktında,
Alnımın qırışlarındasan,
Məmləkətim!
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər