Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir

Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir

Cəmiyyət
21 Oktyabr 2019, 12:45 164
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında inteqrasiya prosesləri üzv ölkələrin coğrafi yaxınlığı və ümumi mədəni irsinə əsaslanır.
Bunu Trend-ə müsahibəsində Böyük Britaniyanın PRISM konsaltinq şirkətinin baş analitiki Tobias Vollmer deyib.
O bildirib ki, Türk Şurası Xəzər regionunda beş üzv dövlətin siyasi, mədəni və iqtisadi inteqrasiyasına xidmət edən vacib təşkilatdır:
"Digər regional inteqrasiya layihələri kimi bu qurum da dövlətlərə öz xalqlarının rifahı naminə ümumi iqtisadi problemlərin həlli və potensial siyasi gərginlikləri müzakirə etmək üçün platforma təqdim edir”.
Ekspertin sözlərinə görə, Türk Şurası regional kontekstdə daha aşağı səviyyəli iqtisadiyyata malik ölkələrə siyasi və iqtisadi maraqlarını uyğunlaşdırmaq və dünya arenasında mövqelərini möhkəmləndirmək üçün əsas verir. Geosiyasi baxımdan isə ölkələr Şərqi Asiya, Yaxın Şərq və Avropa arasındakı həlledici yolayırıcında yerləşir ki, bu da iri dövlətlər üçün mühüm maraq kəsb edir.
T.Vollmer əlavə edib ki, 700 milyon dollar həcmində investisiya fondunun yaradılması üzv ölkələr arasında, eləcə də ölkə daxilində regional fikir ayrılıqlarının aradan qaldırılması üçün mühüm addım olacaq. Bu, regional iqtisadi inteqrasiyanı gücləndirəcək.