• çərşənbə axşamı, 16 aprel, 12:54
  • Baku Bakı 19°C

Türk seriallarının məşhur parodiyaçısı - Fenomen

14.02.20 15:03 6683
Türk seriallarının məşhur parodiyaçısı - Fenomen
Nahid Abbaszadə: "Niyyətim heç də sevilmək və izlənmə rekordu qırmaq deyildi”
O, sosial şəbəkənin yaratdığı imkanlardan fərqli şəkildə yararlanıb. İstedadı və həvəsini birləşdirərək türk seriallarını fərqli şəkildə parodiya edir. Zaman-zaman Türkiyənin məşhur serialları ilə bağlı etdiyi parodiyalara reaksiyalar gəlir. Serial qəhrəmanlarını fərqli şəkildə, öz yozum tərzi ilə tamaşaçılara təqdim edir. İnstagram səhifəsində 329 min, Youtube-da isə 320 mindən çox izləyicisi olan Nahid Abbaszadənin hədəfi üç milyon izləyici toplamaqdır. Türkiyənin ən ucqar bölgəsində belə tanınan azərbaycanlı parodiyaçı N.Abbaszadə rubrikamızın qonağı oldu.
- Sosial şəbəkədə fenomen olmaq necə bir hissdir?
- Layihəyə başlayanda, niyyətim heç də fenomen olmaq deyildi. Belə ki, kamera önündə işləməyi çox sevirəm. Məktəb yaşlarımdan kiçik səhnəciklər hazırlayır, özümü həmin səhnəcikdə realizə etməyə çalışırdım. Parodiyanın isə həyatımda yeri ayrıdır. Parodiya etməyi də, izləməyi də çox sevirəm. Daha çox türkiyəli şoumen Bəyazın verilişini sevərək izləyirdim. Bununla bərabər, yotuberlərə baxır, özümü bu sahədə sınamaq istəyirdim. Nəhayət, istəyimi reallaşdırdım. Parodiya etməyə başladıqda, niyyətim heç də sevilmək və izlənmə rekordu qırmaq deyildi. Məqsədim sadəcə əylənmək idi. Fenomen olmaq gözəl hissdir. Təsəvvür edin, hava limanında və yaxud harasa getdikdə, insanlar sənə yaxınlaşır və "o parodiyaları edən oğlan sizsiniz” deyə mənimlə söhbət etməyə çalışırlar. O an, açığı, bir az utanıram, əlim-ayağıma dolaşır. Hətta bir kənara çəkilib "o oğlan mən deyiləm” demək istəyirəm. Gizlətməyəcəm, insanların bu reaksiyası xoşuma gəlir. Videolarım Türkiyənin ən ucqar kəndlərinə belə yayılıb. Teatrda çalışıram və hər həftəsonu qastrol səfərlərim olur. Demək olar ki, Türkiyənin hər bir bucağını qarış-qarış gəzmişəm. Bu səfərlərdə insanların mənə qarşı münasibətini görürəm. Türkiyədə getdiyim ən ucqar kəndlərdə belə videolarımı izləyənlər var.

- İzləyicilərin maraq dairəsini necə müəyyən edirsiniz?
- İnsanların maraq dairəsində seriallar olduğunu əminliklə deyə bilərəm. Azərbaycanın Youtube trendlərində nələrin ön sırada yer aldığını deyə bilməsəm də, Türkiyədə trendə ancaq serialları düşür. Bu da onu göstərir ki, insanların seriallara böyük tələbatı var. Mən də Türkiyədə məşhur olan serialların parodiyasını etdikcə, onların Youtube-da izlənmə sayının çox olduğunu gördüm. Hazırda videolarım milyonluq izləyicisi olan youtuberlərlə ayaqlaşır. Artıq 8 aydır ki, Youtube-da parodiyalar edirəm.
- Videoların hazırlanma prosesində televiziya təcrübəniz nə qədər köməyinizə çatır?
- 2 il ARB televiziyasında çalışmışam. 2016-cı ilin aprelində oradan ayrıldım və Türkiyəyə gəldim. Buna səbəb orda xoş olmayan hadisələrdən dolayı işdən çıxmağım oldu. Nə yaxşı ki, həmin hadisə oldu və mən belə bir qərar verdim. Gəldim, burda xüsusi təhsil addım. İş yerində aldığım praktikanın mənə heç bir köməyi olmadı. Televiziyada işləyəndə özümdən nələrsə əlavə etməyə çalışırdım, yenilik etməyə cəhd göstərirdim. Təkcə canlı yayım praktikamı ordan öyrəndim. Həyatımın ən maraqlı illərini Şəki televiziyasında keçirmişəm.
- Videolarınız qınaqlara səbəb olubmu və sizi ən çox nədə qınayıblar?
- Əslində məni qınamayıblar. Normalda mən bir çox obrazlar dəyişirəm. Yeri gələndə qadın obrazında da çıxış etmək məcburiyyətində qalıram. Qrim də edirəm, parik də taxıram. İlk dəfə bu addımı atanda, düşünürdüm ki, yəqin ki, insanlar tərəfindən qınağa səbəb olacam. Deyəcəklər ki, bu nədi, böyük oğlansan, gələcəyin atasısan. Yəni videolarıma klassik şərh yazan insanların da olacağını gözləyirdim. Bu gün isə belə qınaq çox nadir hallarda yazılır. Heç bir zaman şərhi silmirəm. Pis şərhi belə saxlayıram. Canlandırdığım obrazlarla bağlı xoş sözlər alıram. İnsanlar anlayır ki, bu, işdi və mən obraza girirəm. Min şərhdən yalnız biri qınaq olur.

- Niyə daha çox türk seriallarını parodiya edirsiniz?
- Bura Türkiyə bazarına girmək üçün gəlmişəm. Azərbaycanlıyam və bununla qürur duyuram. Ancaq bu, bir hədəfdir. Türk izləyicilərimin sayının çoxalmasını istəyirəm. O kütləyə çatmaq üçün də türk seriallarından başlamaq lazım idi. Bizim 10 milyon, Türkiyənin isə 80 milyon əhalisi var. Mən Azərbaycanda bunu etsəm, 6 aya bütün Azərbaycanda tanınan biri olardım. Bizim serialların aktyorlarını parodiya etsəydim, qısa müddətdə məşhurlaşardım. Türkiyə kimi bir ölkədə daha böyük kütlə tərəfindən tanınmağa üstünlük verdim. İstədiyim səviyyəyə gəldikdən sonra Azərbaycanın köhnə və tarixi filmlərindən parodiyalar edəcəm. Mənə görə, bu daha çox məntiqlidir. Mənim bir hədəfim var. İşlərim planım üzrə gedərsə, bir milyon olacaq. Bir ili keçmədən bir milyon olduqda, öz filmlərimizlə bağlı video paylaşacağam. Videolarımda Azərbaycan musiqisi, Azərbaycana aid xırda nələrsə göstərirəm. Hədəfim Türkiyədəki izləyicidir. Bunun mənim Azərbaycan dilini və Azərbaycan seriallarını sevməməyimlə heç bir əlaqəsi yoxdur. Türkiyə cəmiyyətini yaxşı bilirəm. Çünki uşaqlığım burda keçib. Hədəfim böyük bir kütləyə çatdıqdan sonra istədiyimi onlara təqdim etməkdir. 3 milyon izləyicim olanda, öz dilimdə daha çox video paylaşa biləcəm və istədiyim hədəfə çatmaq daha asan olacaq.
- Obrazlarını yaratdığınız türk sənət adamlarının reaksiyaları necə olur?
- Türk sənət adamlarının reaksiyaları çox yaxşıdır. Demək olar ki, parodiyasını etdiyim serialların hamısının aktyorları ilə münasibət saxlayıram. Onlar serialların parodiyasını istədiklərini bildirirlər. Misal üçün, "Zalim İstanbul”, "Bir zamanlar Çukurova”, "Avlu”, "Hərcai” və başqa serialların baş rol aktyorları öz münasibətlərini bildiriblər. Hətta onlar daha çox parodiyalar etməyimi xahiş ediblər. Hətta "Kimse bilmez” serialının aktyorları məndən xahiş etmişdilər ki, onların serialını parodiya edim.
- İzləyicilərinizin sayının birdən-birə artmasında yəqin ki, o məşhur qəhrəmanların da rolu az olmayıb.
- İzləyicilərimin hamısı real izləyicilərdir. İndi layk da, izlənmə də pulla alınır. Statuslarda şərhlərin yazılışından onun yalan olub-olmaması bilinir. Oradan başa düşülür ki, bu profilin izləyiciləri realdır, yoxsa qeyri-real. Mənim izləyicilərimin hamısı realdır. Hətta 9 minə qədər şərh olunan videolarım var. Heç vaxt saxta izləyici almağa cəhd etməmişəm. İzləyicilərimin yüzdə səksəni türk, yüzdə iyirmisi də azərbaycanlılardır.
- Hazırda Türkiyədə hansı işləri görürsünüz?
- Hazırda Türkiyədə Sadri Alışık teatrında çalışıram. Bizim qastrol səfərlərimiz olur. Maraqlı repertuarımız var, yeni tamaşalar üzərində çalışırıq. Teatr sevgidir, mən də bunun xəstəsiyəm. Məndən çox soruşurlar ki, niyə serial və filmlərdə oynamırsınız. Mənim serial və filmlərdə olmama səbəbim çalışmaq icazəmin olmamasıdır. Çünki mən Türkiyə vətəndaşı deyiləm. Hansısa serial və filmə təsdiqlənirəm və son mərhələ gəldikdə, problemlər yaranır. Burada o işlər çox çətindir. Əgər burda sənətsiz çalışsam, həm şirkətə, həm də mənə böyük cərimə yazılar. Cərimənin də məbləği 100 min manatdan başlayır. Ona görə öz yolumu, istiqamətimi tapmışam, işlərimi görürəm. İnanıram ki, öz istiqamətim üzrə tanındıqdan sonra artıq film prodakşınları özləri mənə müraciət edəcəklər. Düzdür, mənə xırda təkliflər gəlir, ancaq qəbul etmirəm. Olursa yaxşı olsun, olmursa da öz kanalımda 100 min adam mənə baxsa, kifayət edir. Teatrda çalışıram, artıq Youtube-ni hobbi olaraq deyil, işim olaraq görürəm. Məşhur seriallardakı insanlarla, rejissorlarla çox yaxşı əlaqəm var. Onlar mənim fikirlərimə önəm verirlər. Ətrafımdakı insanların hamısı hazırda seriallarda oynayırlar. Azərbaycandan gəlib burada məskunlaşmışam və bu qədər qısa müddətdə milyonlarca insana çata bilmişəm. Öz sənətim üzrə ətrafıma bu sənətdə çalışan insanları yığıb, onların hörmətini qazanmışam. Bu, dörd ildə qazandığım ən böyük nailiyyətdir.

- Bu parodiyaları efirdə etsəydiniz, belə marağa səbəb olardımı?
- Məncə, daha çox marağa səbəb olardı. Təsəvvür edin ki, həftədə bir dəfə mənim verilişim var. Həftə ərzində televiziyalarda nümayiş olunacaq parodiyalardan qısa fraqmentlər olacağını düşünün. Çox insan oturub iki saatlıq seriala baxa bilmir, ancaq o parodiyada, beş dəqiqəlik videomda izahımla təqdimata daha maraqla baxarlar. Ora öz üslub tərzimi də qatıram. Bu layihəni televiziyada istifadə etmək istəmərəm. Bu layihə mənim öz kanalımda daha yaxşı izlənilir. Mənə televiziyada nümayiş etdirmək üçün müraciət etsələr də, imtina etdim.
- Sizcə, bu gün gənclər sosial şəbəkələrin yaratdığı imkanlardan yetərincə istifadə edə bilirlərmi?
- Əvvəllər hər hansı bir qabiliyyətini insanlara göstərmək çox çətin idi. Tək çıxış yolu televiziya idi. Televiziyaya da ancaq nümunəvi insanları çıxarırdılar. İndi əgər sən keyfiyyətli bir iş görürsənsə, bunu sosial şəbəkədə çox rahatlıqla hər kəsə göstərə bilərsən. Bu gün sosial şəbəkədə keyfiyyətsiz işlərlə tanınanlar da var. Bəzən başa düşə bilmirəm ki, insanlar bunun nəyini izləyir. Ona görə nəyin tutub, nəyin tutmayacağını öncədən bilmək maraqlı deyil. Bəzən əziyyət çəkirsən, keyfiyyətli bir iş ortaya çıxarırsan, baxırsan ki, izlənmir. Bəzən də mənasız bir şey çəkirsən və qısa zamanda milyonlarla izləyicisi olur.
- Hazırda yeni layihə gözlənilirmi?
- Çox yaxın bir zamanda həm Türkiyə, həm də Azərbaycan tamaşaçısına maraqlı olacaq bir layihə düşünmüşəm. 5-10 dəqiqəlik maraqlı videoroliklər olacaq ki, bu həm Türkiyə, həm də Azərbaycan izləyicilərinin marağına səbəb olacaq. Hazırda həmin serialın hazırlıqları gedir. Gördüyüm işlərin hamısını özüm edirəm. Qrim, geyim, montaj, səsləndirməni təkbaşına görürəm, heç bir köməkçim yoxdur. Hər işin altından özüm qalxıram.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər