• cümə axşamı, 18 aprel, 18:46
  • Baku Bakı 21°C

Türk parlamentarizm ənənəsi və TÜRKPA

10.01.17 12:30 810
Türk parlamentarizm ənənəsi və TÜRKPA
Qədim zamanlardan bu günümüzədək cəmiyyət və dövlət həyatında baş verən ictimai-siyasi transformasiya hadisələri dövlət idarəçilik institutlarının fəaliyyətində dərin məzmun dəyişikliyinə, o cümlədən, siyasi idarəetmədə iştirakçılıq dairəsinin davamlı olaraq genişlənməsinə səbəb olmuşdur. Bu proseslərin gedişində parlamentarizm ənənələrinin yaranması dövlətin idarə olunmasında bütün maraqlı tərəflərin iştirakını stimullaşdırmışdır. Eyni zamanda, bu ənənə dialoq və əməkdaşlıq mühitində mövcud fikir ayrılıqlarının fəal müzakirəsinə imkan yaratmış, siyasi idarəetmədə güclər arasında balans formalaşdırmışdır. Beləliklə, ilkin parlamentarizm prinsipləri sonrakı yüzilliklər boyu özünün təkamül prosesində müxtəlif istiqamətli siyasi-ideoloji baxışların formalaşması üçün təməl rolu oynamışdır.
Proto-parlamentar quruluşlara hələ eramızdan əvvəl qədim Yunanıstanda, Romada, Mesopotamiyada rast gəlmək mümkündür. Həmin quruluşlar birbaşa xalq tərəfindən seçilməsə də, siyasi hakimiyyətdə məsuliyyətli idarəetmə təcrübəsinin formalaşmasına yol açmışdır. Daha sonrakı dövrlərdə bu təsisatlar təkmilləşmiş idarəetmə institutları kimi hakimiyyət bölgüsündə siyasi mövqelərini gücləndirmişlər. 930-cu ildə İslandiyada yaradılmış Altinq (Ümumi Yığıncaq), 1215-ci ildə İngiltərədə Böyük Azadlıq Xartiyasının (Magna Carta) qəbul edilməsindən sonra yaranan Parlament, 1278-ci ildə Fransada təsis olunmuş Paris Parlamenti kral hakimiyyətinin məhdudlaşdırılmasında önəmli rol oynayaraq, dar miqyasda da olsa, demokratiya ideyalarının yayılmasına və təşəkkül tapmasına səbəb olmuşdur.
Həmin dövrlərdə dövlət idarəetməsi ilə əlaqədar baş verən transformativ dəyişikliklər təkcə Avropa məkanı ilə məhdudlaşmamışdır. İctimai-siyasi yaşamında passionarlığı ilə seçilən türklər də təkcə zəngin mədəni irsi ilə deyil, eyni zamanda, qədim dövlətçilik tarixləri ilə Avrasiya məkanının böyük bir hissəsində dərin tarixi iz qoymağı bacarmışlar. Yuxarıda qeyd olunan təsisatlara oxşar, bəzi hallarda onların fəaliyyət və təsir dairəsindən daha geniş olan strukturlara qədim və orta əsr türk dövlətlərində də rast gəlmək mümkündür. Qədim türk dövlətçilik tarixində mühüm ictimai-siyasi təsir imkanlarına malik olan "Gənəşək” həmin təsisatların bizə məlum olan ən ilkin nümunəsidir. "Gənəşək” – müasir Azərbaycan türkcəsində və bir sıra türk dillərində işlədilən söz olmaqla, "gənəşmək” felindən yaranmışdır. Bu günümüzdə də "məsləhətləşmək, müzakirə açmaq, çözümü daha geniş arenaya çıxararaq ümumi, yekdil rəyə gəlmək” mənasında işlədilir. Klassik türk dövlətçiliyinin formalaşdırdığı bir dəyər kimi bu təsisat siyasi idarəetmədə kollektivçiliyi, toplumsal iştirakı təşviq edirdi. Kağanlar bir çox qərarları ali hakimiyyət səviyyəsində Gənəşək (məşvərət) keçirdikdən sonra qəbul edirdilər. Göründüyü kimi, böyük imperiyalar yaratmış və idarə etmiş türk hökmdarları da öz iradələrini mütləqiyyətçilik əsasında həyata keçirən tiranlar kimi çıxış etmir, əksinə, idarəetmə işlərində bir qayda olaraq gənəşəyə üstünlük verirdilər. Bu isə qəbul olunmuş qərarların praqmatikliyini təmin edir, məsuliyyətli idarəetmə ənənəsini formalaşdırır və türk dövlətçiliyini inkişaf etdirirdi.
Tarixi mənbələrdə türk dövlət məclisləri barədə ilkin məlumatlar Böyük Hun imperiyası dönəminə təsadüf edir. Həmin dövr üçün kifayət qədər mükəmməl idarəetmə sisteminə malik olan Böyük Hun imperiyasında dövlət əhəmiyyətli bütün məsələlər Qurultaylarda ("Kurultay”) müzakirə olunurdu. Qurultaylar kağan tərəfindən hər il üç dəfə çağırılırdı. Yeni hökmdarın seçilməsi də həmin Qurultaylarda həyata keçirilirdi. Bu yığıncaqlara şahzadələrlə yanaşı, imperiyanın nüfuzlu şəxsləri, hərbi və mülki vəzifə sahibləri, ağsaqqallar da qatılırdı. Gənəşəyin sosial modeli kimi çıxış edən Qurultaylar eyni zamanda mülki problemləri araşdıran təsisat funksiyasını yerinə yetirirdi. Türklərin ictimai, siyasi, mənəvi həyatının universal nizamını yaradan, adət, ənənə və davranışlar toplusu olan "Törə” üç əsas mənbədən – xalqdan, qurultaydan və kağandan qaynaqlanırdı. Törəyə əsasən Qurultay çağırmaq kağanın əsas vəzifələrindən biri hesab olunurdu. Hunlar və Göytürklər dönəmində Qurultayın qanunvericilik səlahiyyətləri o qədər güclü idi ki, kağan tərəfindən qəbul olunan qərarlar yalnız Qurultayın razılığı ilə qüvvəyə minirdi. Şübhəsiz ki, mühüm siyasi qərarların hökmdar tərəfindən təkbaşına deyil, tədbirli dövlət adamlarının iştirakı ilə ortaq bir strategiya müəyyənləşdirilməsindən sonra qəbul olunması əski türklərin geniş bir regionda geopolitik nüfuz qazanmasına və qüdrətli dövlətlər qura bilməsinə zəmin yaratmışdır.
Cəsarətli qərarları ilə Avrasiya tarixinin sonrakı gedişinə yön vermiş, əcdadı Çingiz xandan sonra Avrasiyada ən böyük əraziləri fəth etmiş Əmir Teymurun (Teymur-Ləngin) müasir anlamda parlamenti və hərbi şuranı əvəz edən Gənəşəyi var idi. Tarixdən məlumdur ki, dövlət və ordu rəhbərləri "Gənəşək”də toplaşıb müzakirələr aparır, məsləhətləşir, son qərarı qəbul etmək üçün hökmdara müvafiq tövsiyələrini verirdilər. Qədim türk dövlət məclislərindən biri də "Toy” adlanırdı. "Kitabi-Dədə Qorqud” dastanında da bəhs olunan "Toy” oğuz türklərinin önəmli siyasi, hərbi, inzibati məsələləri müzakirə etdiyi bir toplantı idi. Oxşar funksiyaları həyata keçirən təsisatlar sonrakı dövrlərdə "Seçilənlər Məclisi”, "İxtiyarlar Məclisi”, "Məşvərətçi Şura”, "Divani-Humayun” adı altında türk dövlətlərində siyasi hakimiyyətin aparıcı elementləri olmuşlar. Məsələn, orta əsr türk dövlətlərindən olan Ağqoyunlu dövlətində mühüm ictimai-siyasi məsələlər sarayda fəaliyyət göstərən Böyük Divanda müzakirə edilir və yekun qərar qəbul edilirdi. Osmanlı imperiyasında parlament tipli ilk məclis kimi tanınan "Məclisi-Ümumi” 1877-ci ildə fəaliyyətə başlamışdı.
Yüzilliklər boyu davam edən bu ənənələr türklərin XX əsrin əvvəllərində demokratik, hüquqi dövlət quruculuğu istiqamətində səylərinə mənəvi güc vermişdir. Milli cümhuriyyətimiz qurulmazdan öncə, hələ 1906-cı ildə Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev kimi tanınmış Azərbaycan ziyalıları Çar Rusiyasının ilk parlamentinə – Birinci Dövlət Dumasına seçilmiş və bu qurumda Azərbaycan xalqının milli-mədəni hüquq və azadlıqları uğrunda mübarizə aparmışlar. Bu görkəmli şəxsiyyətlərin əldə etdikləri parlamentarizm təcrübəsi, universal dəyərlər, müasir parlament mədəniyyəti barədə müfəssəl bilikləri az sonra yaranacaq milli parlamentimizin həmin təcrübə və dəyərlər əsasında fəaliyyətinə imkan yaratmışdı.
Şərqdə ilk parlamentli respublika kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması türk dövlətçilik tarixinin önəmli siyasi hadisəsi olmaqla, türk parlamentarizmi ənənələrini daha da zənginləşdirmişdir. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasında təmsil olunan azərbaycanlı üzvlər 1918-ci ilin 28 may tarixində keçirilmiş iclasda Azərbaycanın müstəqilliyini elan etdilər. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası adlandırdı və Milli Şuranın tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Beləliklə, dünyanın türk coğrafiyasında ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.
Orta Asiya və Çar Rusiyası ərazisində yaşayan türk xalqları da milli-mədəni müstəqillik hüquqları uğrunda davamlı mübarizələrini məhz parlamentarizm prinsipləri əsasında qururdular. 1905-ci ildə Daşkənddə təsis olunmuş özbək, tatar, qazax, qırğız, türkmən və başqırd fəallarının təmsil olunduğu Türküstan Müsəlmanları Konqresi türk xalqlarının hüquq və azadlıqlarının təmin edilməsi, onların mədəniyyətinin qorunması istiqamətində mühüm işlər görmüşdür. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün səyi ilə 1920-ci ildən fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisi (TBMM) Osmanlı imperiyasının süqutundan sonra regionda yaranmış mürəkkəb geostrateji vəziyyətdə türk millətinin və dövlətinin bütövlüyünün, suverenliyinin təmin edilməsində önəmli addımlar atmışdır.
Sovet İttifaqı dönəmində qanunvericilik səlahiyyətlərini Ali Sovet adlı qurum həyata keçirirdi. Azərbaycan SSR-lə yanaşı, Mərkəzi Asiyanın türk dövlətlərində də fəaliyyət göstərən həmin qurumlar dövrün ideoloji məqsədlərinə xidmət etsə də, parlamentarizm tariximizin bir hissəsidir.
Bu gün dövlət hakimiyyətinin aparıcı qollarından biri kimi, Milli Məclis hüquqi dövlət quruculuğu və milli dövlətçiliyimizin möhkəmləndirilməsi üzrə fəaliyyətini uğurla davam etdirir. Hazırda, türk respublikalarında və muxtar qurumlarında fəaliyyət göstərən parlamentlər müasir türk parlamentarizminin dəyərli siyasi nümunələridir. 125 nəfərlik Azərbaycan Respublikasının Milli Məclisi, 550 nəfərlik Türkiyə Böyük Millət Məclisi (TBMM), 2 palatadan və 154 üzvdən ibarət olan Qazaxıstan Parlamenti, 120 üzvdən ibarət Qırğızıstan Ali Şurası, 250 nəfər üzvü olan iki palatalı Özbəkistan Ali Məclisi, 125 üzvdən ibarət Türkmənistan Məclisi müstəqil türk dövlətlərinin qanunvericilik səlahiyyətlərini qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçirir, hökumətlərin formalaşmasını və onların fəaliyyətinə nəzarəti təmin edirlər. Həmin orqanların fəaliyyətində türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ortaq maraqların beynəlxalq müstəvidə müdafiə olunması xüsusi yer tutur.
Çoxşaxəli əməkdaşlığın dayanıqlı platforması kimi çıxış edən ümumtürk qurumları suveren türk respublikaları arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsində önəmli rol oynayırlar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKSOY, Türk İşbirliyi və Koordinasiyası Agentliyi kimi təşkilatlar ictimai-siyasi sferadan mədəni, ortaq tarixi dəyərlərin tanıtımına qədər geniş diapazonlu fəaliyyəti ilə dərin əməkdaşlığın əsasını formalaşdırırlar.
Bu qurumlardan biri də Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır (TÜRKPA). Türk parlamentarizminin dəyərli siyasi nümunəsi olan TÜRKPA 21 noyabr 2008-ci ildə İstanbul şəhərində "Dolmabaxça Sarayı”nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunmuşdur. TÜRKPA-nın təsis sənədlərində qeyd olunduğu kimi, qurumun əsas məqsədi parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi hesab olunan parlament diplomatiyası vasitəsilə türk respublikaları arasında siyasi dialoqun daha da inkişaf etdirilməsini və türk dövlətlərinin yaxınlaşmasını təmin etməkdən ibarətdir. Digər tərəfdaş ölkələrin parlamentləri və beynəlxalq təşkilatlarla yeni əlaqələrin qurulması və mövcud münasibətlərin inkişaf etdirilməsi TÜRKPA-nın fəaliyyətində mühüm yer tutur. Bu gün artıq TÜRKPA Parlamentlərarası İttifaqın, İslam Konfransı Təşkilatının Parlament İttifaqının müşahidəçilik statusuna malik tam hüquqlu üzvü kimi önəmli beynəlxalq struktura çevrilməkdədir. 2008-ci ildə bağlanmış TÜRKPA haqqında İstanbul Sazişi, 2009 və 2011-ci illərdə qəbul olunmuş TÜRKPA-nın Bakı və Astana Bəyannamələri, 2011-ci ildə İstanbul Sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı imzalanmış Protokol, hər il keçirilən plenar sessiyalar TÜRKPA-nın son 8 ildə zəngin hüquqi bazasının və qarşılıqlı əməkdaşlıq mexanizminin formalaşdığını göstərir.
22 dekabr 2016-cı ildə Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri ilə Bakıda görüşən Prezident İlham Əliyev TÜRKPA-nın fəaliyyətinə daim yüksək qiymət vermiş, bu qurumun türk respublikaları arasında diplomatik, mədəni, parlamentar əməkdaşlığa verdiyi töhfəni vurğulamışdır: "Türkdilli ölkələr həm ikitərəfli, həm çoxtərəfli formatda, həm də BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün səylər göstərir, hansısa türkdilli ölkənin təmsil olunmadığı beynəlxalq təşkilatda digər türkdilli dövlət onun mövqeyini dəstəkləyir və həmrəylik nümayiş etdirir”.
2016-cı ilin 22 dekabrında Bakıda TÜRKPA Katibliyinin mənzil qərargahının açılışı bu qurumun və eləcə də ölkəmizin tarixində əlamətdar hadisədir. Açılış tədbirində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman, Qazaxıstan Parlamenti Məclisinin və TÜRKPA-nın fəaliyyətdə olan sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin (Ali Şurasının) sədri Çınıbay Tursunbekovun iştirakı türk respublikaları arasında parlamentar əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Bu fakt həm də Azərbaycanın və onun paytaxtının ümumtürk coğrafiyasında vacib siyasi mərkəzə çevrildiyini göstərir.
Göründüyü kimi, türk parlamentarizmi tarixində yeni səhifə açan TÜRKPA gənc regional təşkilat olmasına baxmayaraq, türk dövlətlərinin milli maraqlarının və türk xalqlarının ortaq dəyərlərinin beynəlxalq müstəvidə qorunması və təbliği missiyasını uğurla həyata keçirməkdədir. Türk respublikaları tərəfindən fəaliyyətinə verilən hərtərəfli dəstək nəticəsində TÜRKPA – parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsinə və türk parlamentarizmi təcrübəsinin daha da zənginləşməsinə yol açacaq, Türk Dövlətləri Birliyi siyasətinin əsas dayaqlarından biri olacaqdır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru
MM-in TÜRKPA nümayəndə heyətinin üzvü,
banner

Oxşar Xəbərlər