Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin "Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust
tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası ilə birgə
elmi konfrans keçirib.
""Qutadqu-bilik”-türk-islam ədəbiyyatının
ilk bədii əsəri” adlı tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək Türk dünyasının
şah əsərlərindən olan "Qutadqu bilik” haqqında ətraflı məlumat verib. Bildirib ki, XI əsr türk mədəniyyətinin böyük mütəfəkkirlərindən Yusif
Balasaqunlu bu əsəri yazmaqla insan həyatının mənasını təhlil edən və onun cəmiyyətdəki
vəzifəsini təyin edən həyat fəlsəfəsi sistemini yaradıb. Dörd təməl- qanun, kut, ağıl və qənaət üzərində
yazılan "Qutadqu bilik” Gündoğdu, Aydoldu, Öydülmüş və Odqurmuş adlandırılan insanların
söhbəti əsasında qurulub. Əsərin ilk 10 fəsli Tanrı və peyğəmbər, dörd xəlifə,
Buğra xanın tərifi, ulduzlar, biliklə ağlın xüsusiyyətləri, yaxşılığın
faydaları, dilin məziyyətləri və digər dərin fəlsəfi məna daşıyan məsələlərə
ayrılıb.
Dilçi alim qeyd edib ki, "Qutadqu
bilik”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 6600
beytdən ibarət məsnəvi şəklində yazılmış poemada yeri gəldikcə şair rübai
formasından da istifadə edib. Əruz vəzində mütəqarib bəhri kimi müəyyənləşdirilir. Müəllif əsərdə folklor
motiflərindən, xalq həyatı və məişəti ilə bağlı bədii obraz və bənzətmələrdən
geniş istifadə edilib.
Bildirib ki, bugünkü
türkcəmizdə "qut” səadət, xoşbəxtlik demək olduğundan Yusif Balasaqunlunun ana
dilində yazdığı "Qutadqu bilik” indi "Xoşbəxtliyə aparan elm” kimi tərcümə
olunur.
Tədbirdə AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyevin ""Qutadqu bilik” poeması və onun türk
dil və ədəbiyyatı tarixində yeri”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Qutadqu bilik” və ədəbi
ənənələr” və Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix
üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın "Qutadqu bilik” həyat fəlsəfəsi sistemidir”
mövzusunda məruzələri diblənilib.