• cümə, 19 Aprel, 05:20
  • Baku Bakı 18°C

Türk hissiyyatlı, İslam etiqadlı, Müasir qiyafəli, Avropa qafalı fədai - Fotolar

24.02.20 11:38 9225
Türk hissiyyatlı, İslam etiqadlı, Müasir qiyafəli, Avropa qafalı fədai - Fotolar
"Azərbaycan türkçülüyü Əlibəy Hüseynzadənin kimliyindən, onun nəzəri düşüncələrindən başlayır”
Əli bəy Hüseynzadə təkcə Azərbaycan deyil, bütövlükdə türk və İslam dünyası üçün parlaq simadır. Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını yaradan görkəmli publisist islahatçı şəxsiyyət kimi diqqət çəkməkdədir. O, Azərbaycanda ilk dəfə azad informasiyalı vətəndaş cəmiyyəti məfkurəsinin əsasını qoyub. Ədibin mövcud istiqamətdəki tezisləri bu günümüz üçün də çox vacibdir. Monarxiya idarəçiliyindən müasir, konstitusiyalı dövlətə keçidin ideyasını irəli sürən Əli bəy Çar Rusiyasının müstəmləkə rejimindən qurtulmaq, müstəqil Azərbaycan qurmaq ideyasının da ilk müəllifidir. Öz əsərlərində Azərbaycan və azərbaycançılıq ideyasını elmi əsaslarla şərh edən Ə.Hüseynzadənin mətbu irsi, Azərbaycan mətbuat tarixində yeri, türkçülük ideyası, türkiyədəki fəaliyyəti, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə ilə münasibətləri və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Bakı Dövlət Universitetinin (BDU) professoru Şamil Vəliyev cavablandırır.

- Şamil müəllim, Siz Əlibəy Hüseynzadənin mətbu irsi olan "Füyuzat” jurnalının tədqiqatçılarındansınız. Bu jurnalın Azərbaycan mətbuat tarixində yerini necə qiymətləndirirsiniz?

- "Füyuzat” jurnalı Azərbaycan mətbuatı tarixində bir sıra məqamları ilə yadda qalıb. Onun əhəmiyyətli xidmətini bir neçə məqamla vurğulamaq olar. Amma bu jurnala qədər Əlibəy Hüseynzadə daha möhtəşəm mətbuat orqanının – "Həyat” qəzetinin redaktoru olub. 1905-ci il iyunun 7-də həmin qəzetin birinci nömrəsi işıq üzü görüb və bu mətbu orqan XX əsrdə Azərbaycanda, Bakıda çıxan ilk anadilli gündəlik kütləvi informasiya vasitəsidir. Bu, çox mühüm məqamdır ki, o dövrdə Əlibəy Hüseynzadənin rəhbərlik etdiyi "Həyat” qəzeti gündəlik informasiya təminatı ilə məşğul olurdu. Qəzetin 101-ci nömrəsinə qədər Əhməd bəy Ağaoğlu ilə birlikdə redaktorluq ediblər. Sonra Əhməd bəy və Əlibəy Hüseynzadənin yolları ayrılıb. Əhməd bəy "İrşad” qəzetində fəaliyyətini davam etdirib. "Həyat” qəzetindən başlanan yol sonradan böyük bir Füyuzatçılıq "magistralı” açdı. Bu "magistral”da Füyuzatçılıq nəzəri-estetik konsepsiyasını formalaşdırdı. Bu xətt-hərəkat da böyük bir Füyuzatçılıq – jurnalistika, ədəbiyyat məktəbi yaratdı. Ayrı-ayrı mətbuat orqanları, Füyuzatçılar, mühərrirlər, jurnalistlər meydana gəldi. "Tazə həyat”, "Yeni Füyuzat”, "Həqiqət”, "İrşad”, "Açıq söz”, "Qurtuluş”, "Şəlalə”, "İqbal”, "Yeni İqbal”, "Yeni İrşad”, "Yeni qurtuluş”, "Azərbaycan” kimi mətbuat orqanları meydana gəldi ki, bunların hamısı bütövlükdə ölkənin ictimai-maddi-mədəni həyatında reformlar, islahatlar aparmağa səbəb oldu. "Füyuzat” jurnalı say etibarilə 32 nömrə çıxsa da böyük bir ictimai-şüur hərəkatı yarada bilib. "Füyuzat” jurnalı onunla əhəmiyyətlidir ki, bu jurnal islahatçı işlər aparmaqla yanaşı, həm də Azərbaycan neoromantizmini yaratdı. Klassik romantizmdən fərqli olaraq, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, dramaturgiyası, teatrının romantik düşüncə yönündə inkişafına xidmət göstərdi. Bir tərəfdə möhtəşəm "Molla Nəsrəddin”çilər, digər tərəfdə romantizmi tətbiq edən, onun sərhədlərini genişləndirən bir yaradıcılıq metodu meydana gətirən "Füyuzat” dayanırdı.


"Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”

- Füyuzatçılıqdan danışılarkən, onun doğurduğu Azərbaycançılıq ideyası da böyük əhəmiyyətli hadisə kimi vurğulanır. Ə.Hüseynzadənin bu barədə mövqeyi necə idi?

- Azərbaycançılıq ideyası məşhur üçlü düstur əsasında formalaşdı. O düstur ki, Əlibəy Hüseynzadə "Füyuzat” jurnalında ideya olaraq irəli atmışdı: "Bizə fədai lazımdır. Türk hissiyyatlı, İslam etiqadlı, Müasir qiyafəli, Avropa qafalı fədai lazımdır”. O, bu ideyanı irəli sürdü və bununla da məşhur azərbaycançılıq təfəkkür modelinin ilk dəfə əsasını qoydu. 1910-cu illərdən sonra "Füyuzat”ın davamçıları sayılan "İqbal”çılar və "Açıq söz”çülər həmin ideya əsasında Türkləşmək, İslamlaşmaq, Müasirləşmək düsturunu – ümumxalq ideoloji konsepsiyasını formalaşdırdılar. Həmin düstur üç rəng əsasında bizim milli bayrağımızda rəmzləşdi. Şükür Allaha ki, bu gün müstəqillik dövrümüzdə "7-dən 70-ə”, Prezidentdən sadə adama kimi hər birimiz məmnuniyyətlə o bayrağı öpüb gözlərimiz üstünə qoyuruq. Ali və orta məktəblərimizdə, müəssisələrimizdə bu bayraq böyük sevgi ilə qarşılanır. Məhz bayaq qeyd etdiyim ideyanın əsasında müasir dövrdə biz möhtəşəm bayraq meydanının sahibiyik. Füyuzatçılığın meydana gətirdiyi məsələlərdən biri də yeniçilik hərəkatı idi. Əlibəy Hüseynzadə və müasirləri, xüsusən də qələm və ideya dostları onun nümunəsində çevrəmizdə olan ölkələrin ictimai-siyasi intibahı ilə maraqlanırdılar. Həm tarixi təcrübələrlə, həm də müasir hərəkatlarla ardıcıl maraqlanır, onları Azərbaycan gerçəkliyinə tətbiq edirdilər. Məsələn, Rusiyadakı xalqçılar, inqilabçı-demokratlar, Türkiyədəki tənzimatçılar, İtaliyadakı karbonarilər, Fransadakı kommunarlar, İrandakı məşrutəçilər hərəkatlarının, Amerika azadlıq hərəkatının və eləcə də dünyanın digər ölkələrindəki ictimai-siyasi hadisələrin, ictimai-mədəni intibahın təcrübəsindən bəhrələnməyi və Azərbaycan cəmiyyətinə tətbiq etməyi Füyuzatçılar vacib hesab edirdilər. Onlar tərcümə ədəbiyyatına üstünlük verirdilər ki, Azərbaycanda yeni nümunələr çap olunsun, yerli əhali dünyanı tanısın. Əlibəy Hüseynzadənin özü də dünya ədəbiyyatından çox böyük tərcümələr edib.

"Ortaq türk dili, dini və mədəniyyəti”

- Azərbaycanın müstəqil dövlət olması üçün o dövrdə Ə.Hüseynzadənin, eləcə də Füyuzatçıların fəaliyyəti hansı səviyyədə olub?

- Müstəqillik ideyasına rövnəq verilməsi Füyuzatçılığın yaratdığı çox möhtəşəm hərəkətlərdən biri idi. Çar Rusiyasının monarxist rejimindən qurtuluş və müasir müstəqil dövlət ideyası Füyuzatçıların məqalələrində, hətta xəbər siyasətində də gözlənilirdi. Düzdür, avropalaşmaq, müasirləşmək ideyası Azərbaycan mühiti üçün Mirzə Fətəli Axundovdan başlayıb. Ancaq bu ideyaların daha çox planlı şəkildə inkişafı XX əsrin əvvəllərində Füyuzatçılar tərəfindən həyata keçirilib. Əlibəy Hüseynzadə müstəqil dövlət, azad, informasiyalı vətəndaş cəmiyyəti quruculuğunu ön plana çıxarırdı. Bu quruculuq və yaradıcılıq işinin əsasında isə məhz Konstitusianalizmi vacib sayırdı. Yəni, dövlətin Konstitusiyalı əsaslarla qurulmasını istəyirdi. Onun zamanında dünyada konstitusiyalı monarxiya qüvvədə idi. Türkiyədə, Rusiyada Konstitusiyalı monarxiya üsul-idarəsi mövcud idi. Lakin Əlibəy Hüseynzadə müstəqil Konstitusiyalı dövlət olmasının tərəfdarı kimi çıxış edirdi. Füyuzatçıların uğrunda mübarizə apardıqları digər bir məsələ ortaq türk dili, ortaq türk dini, ortaq türk mədəniyyəti məsələsi idi. Bu, son dərəcə aktual idi və sovet hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradandan sonra belə məsələlər qadağan edildi. Əlibəy Hüseynzadə isə Turan coğrafiyasında, Türklərin yaşadığı bir coğrafiyada məhz bu ortaqlıq ideyasını irəli sürürdü. O, İsmayıl bəy Qaspiralının fikrini tez-tez təkrar edərək deyirdi ki, dildə, fikirdə, işdə birlik olmalıdır. Bu əsasda dil, din, mədəniyyət birliyimizin qorunub saxlanmasını vacib sayırdı. O termin elə idi: İttihadi lisan, İttihadi din, İttihadi kültür. Hətta, bəzi hallarda buna milli təsanüd ideyası ilə də yanaşırlar. Bu ideya 1910-cu ildən sonra Füyuzatçılar tərəfindən, xüsusən də "Füyuzat” jurnalının davamçısı olan "Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə və Dirilikçilər tərəfindən gücləndirildi. Amma bütövlükdə bu və ya digər məsələlərə "Füyuzat”ın başqa yöndən baxmağı, xüsusi təhlil-mövqe baxımından qiymət verməsi hazırkı dövrdə bizim üçün çox əhəmiyyətlidir. İndi türk dövlətlərinin ortaq parlamenti formalaşdırılır, ortaq dil məsələsi gündəmə gətirilir. Hansı ki, bunu 100 il əvvəl Əlibəy Hüseynzadə söyləmişdi. Əlibəy Hüseynzadənin irsinə, yaradıcılığına və müasirlərinin mövqeyinə baxanda görürük ki, onun bir sıra ideyaları hazırkı dövrdə çox parlaqdır. Misal üçün, vətəndaş sülhü ideyası. O, ölkədə millətlərin, dinlərin ədalətli əsaslarla birliyi, bərabərliyi ideyasını irəli sürürdü. Müasir dildə desək, tolerantlığı əsas götürürdü. Bu tolerantlıq isə vətəndaş sülhü ideyasına dayanırdı. Əlibəy Hüseynzadə hətta Leninin sinfilik nəzəriyyəsinə, sinfi silahlı üsyan ideyasına qarşı çıxırdı. Bildirirdi ki, siniflər arasında toqquşma qırmızı qaranlıqlar yaradır. Hazırda azərbaycançılıq siyasəti yürüdən Azərbaycan dövləti üçün Əlibəy Hüseynzadənin vətəndaş sülhü ideyası olduqca dəyərlidir. Bu və buna oxşar məsələlər Əlibəy Hüseynzadənin filosof, mütəfəkkir və şəxsiyyət olmasını bir daha ortaya qoyur.


"Vətənim yer kürəsi, millətim insan”

- Sizin də qeyd etdiyiniz kimi, Ə.Hüseynzadə Türkçülük ideologiyasının əsas ideoloq və fikir adamlarından biri idi. Onun ideyalarının kökündə nə dayanırdı?

- Onun ideyalarının kökündə azərbaycançılıqla yanaşı, dünyaca məşhur türk mütəfəkkirlərinin əsas ideyaları dayanırdı. Qədim dövrlər və orta əsrlər, xüsusən də XIX əsr Osmanlı türklərinin ideyaları. O, "Vətənim yer kürəsi millətim insandır” – deyirdi. Onun digər bir ideyası belə idi: "Biz Türküz, biz İslamız, biz Qafqazlıyız, biz İnsanız!”. O dövrdə yaşayıb-yaradan romantizm cərəyanının nümayəndələri də həmin xətti, həmin hərəkatı yürütdülər. Əlibəy Hüseynzadə Macarlara, Avropada yaşayan türklərə müraciətlə deyirdi: "Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan (qardaş), Əcdadımızın müştərəkən mənşəyi Turan! Bir dindəyiz biz, həpimiz haqpərəstan; Mümkünmü bizi ayırsın İncil ilə Quran?”. Əlibəy Hüseynzadə millətlər, insanlar, dinlər arasında dialoqun zəruriliyini vurğulayırdı. Qərb və Şərq ayrıseçkiliyinin, xristian-müsəlman qırğınının aradan qalxmasının, ünsiyyətin, dialoqun qurulmasının tərəfdarı idi. Bu sadalananlar Əlibəy Hüseynzadə, eləcə də onun davamçılarının yaradıcılığında açıq-aydın görünməkdədir. Onun davamçılarından biri Abdulla Şaiq deyirdi ki, "Həpimiz bir günəşin zərrəsiyiz, Həpimiz bir yuva pərvərdəsiyiz. Ayırmaz bizləri sərhəddi-şəğan, Ayırmaz bizləri İncil ilə Quran”. Bayaq qeyd etdiyim kimi onlar Əlibəy Hüseynzadənin yürütdüyü neoromantik metodologiya əsasında yaradıcılıqla məşğul idilər. Çox yaxşı haldır ki, onlar siyasi hadisələrə, dövrün gerçəkliklərinə də məhz bu yöndən münasibət bildirirdilər. Dini kitablarda göstərilən insanpərvərlik, humanizm yönündən çıxış edərək, yer üzünün əşrəfinin İnsan olduğunu bəyan edirdilər. Onların fikrincə, hər şey firavan yaşayışa, insan xoşbəxtliyinə xidmət etməlidir. Həmin ideyalar bu günümüzlə də uyğun gəlir, uzlaşır. Hazırda biz Azərbaycanın təbii sərvətlərini, resurslarını insan kapitalına çevirməklə məşğuluq. Ölkə başçısı İlham Əliyev bu gün həmin ideyanı çox aydın şəkildə ən yüksək kürsülərdən bəyan edib. Bununla onu demək istəyirəm ki, Əlibəy Hüseynzadə həmişəyaşar şəxsiyyətdir. Azərbaycan xalqı yaşadıqca, onun ideyaları daim yaşayacaq.


"Biz Türküz, biz İslamız, biz Qafqazlıyız, biz İnsanız!”

- Ə.Hüseynzadənin Türkiyədə İttihad və Tərəqqi Partiyasının sıralarında və Gənc Türklər inqilabında iştirakı ilə bağlı nə deyə bilərsiniz?

- Əlibəy Hüseynzadə İttihad və Tərəqqi Partiyasının ilk ocaqlarını yaradan beş nəfərdən biridir. O, İstanbul Universitetinin tələbəsi olanda bu ocaqlar yaradılmışdı. Abdulla Cövdət, İsaq Sükuti və sair kimi məşhur tələbə yoldaşları ilə birlikdə əvvəlcə dərnək yaratmışdılar. Onu da qeyd edim ki, Əlibəy Hüseynzadə Peterburqdan İstanbul Universitetinə gedəndə artıq intellektual hazırlığı olan bir şəxsiyyət idi. Bu səbəbdən dostları deyirdilər ki, Əlibəy Hüseynzadə onlar üzərində peyğəmbər – Rəsuli-həqq, yolgöstərən təsiri bağışlayır. Əlibəy Hüseynzadə Salyanda doğulsa da atası ölənə Tiflisə, babasının yanına köçmüşdü. O, Tiflisdə ikən oradakı siyasi prosesləri, həmçinin sonradan Peterburq hadisələrini çox gözəl müşahidə eləmişdi. İstanbulda tələbə dostları dərnəyi - təşkilatı yaradanda onu da ora cəlb ediblər. Əlibəy Hüseynzadənin İttihad və Tərəqqi Partiyasının necə qurulmasından bəhs edən bir yazısı da var. Orada da qeyd edir ki, onu təşkilata həm maddi yardımına, həm də siyasi hazırlığına və inqilabi davranışına görə dəvət ediblər. O da bu dəvəti qəbul edib və təşkilatın ilk üzvlərindən biri olub. Sonradan Gənc Türklər hərəkatı gücləndi, Türkiyədəki monarxizmin əleyhinə çıxışlar oldu, gənclər monarxiyanı devirib yerində müasir Türkiyə dövləti qurmaq ideyası ilə meydanlara çıxdılar. Lakin birinci dünya müharibəsi baş verəndə vəziyyət dəyişdi. Əlibəy Hüseynzadə isə Tənzimat hərəkatının gərginləşdiyi bir vaxtda artıq Bakıda idi. O, 1904-cü ildə Bakıya qayıtmışdı və "Kaspi” qəzetində yazılarla, xüsusən də Gənc Türkçülüyün nə olmasını şərh edən yazılarla çıxışlar edirdi. Türkçülük hərəkatının inqilabi demokratik siyasi xətt hərəkatına çevrilməsinə, Azərbaycanda türkçülük hərəkatını gücləndirməyə çalışırdı. "Həyat” qəzetini çap edəndə isə o, "Türklər kimdir və kimlərdən ibarətdir?” adlı silsilə məqalələrlə çıxış edib, elmi-nəzəri araşdırmalarını ortaya qoyub. Bununla türkün özünü özünə tanıtmaq işi ilə məşğul olub. Bu baxımdan Azərbaycan türkçülüyü Əliəy Hüseynzadənin kimliyindən, onun nəzəri düşüncələrindən başlayır.


"Ümmətdən millət yaratdılar”

- Ə.Hüseynzadə Əhməd Ağaoğlu ilə birlikdə "Kaspi” qəzetində də fəaliyyət göstərib. Amma onların münasibətləri barədə, həmçinin Ə.Hüseynzadənin Məhəmməd Əmin Rəsulzadəyə münasibəti barədə müxtəlif fikirlər səslənir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Onlar arasında siyasi məsələlərdə müəyyən fikir ayrılıqlarına, fərqli düşüncələrə bu və ya digər dərəcədə rast gəlmək mümkündür. Amma şəxsiyyət olaraq, onlar bir-birinə çox böyük ehtiram göstəriblər. Əlibəy Hüseynzadə Məhəmməd Əmin Rəsulzadədən 20 yaş böyük idi. Əlibəyin müasirləri hər zaman ona ədibi-möhtərəm deyə müraciət ediblər. Hətta onun müasirləri Əlibəyə dahi deyib, şeirlər yazıblar. Hətta Əlibəylə Əhməd bəy Ağaoğlu Türkiyəyə gedəndə müasirləri yazırdılar ki, onlar Qafqazdan gedəndən sonra buralar xarabalıq misalına gəlib, bayquşlar ulamağa başlayıb. Hər iki şəxsiyyəti korların gözü, karların qulağı, lalların dili adlandıraraq, onlara obrazlı şəkildə dəyər veriblər. Sualda adlarını çəkdiyiniz hər üç şəxs bir-birinə rəğbət bəsləyən insanlar olublar. Hətta Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan Xalq Cümhuriyyəti” kitabını yazanda özü məmnuniyyətlə müraciət edib ki, kitaba ön sözü Əlibəy Hüseynzadə yazsın. Çünki Əlibəy Türkiyədə, xüsusən də siyasi dairələrdə böyük nüfuz sahibi idi. O, Bakıdan köçüb Türkiyəyə gedəndə Əli bəyi böyük ziyafətlə yola salıblar. Lakin sovetlər birliyi dövründə yazırdılar ki, guya Əli bəy Vətənini satıb, qaçıb Türkiyəyə sığınıb. Yuxarıda adları qeyd olunan adamlar, o cümlədən Füyuzatçılar və Molla Nəsrəddinçilər, XIX əsrin sonu və XX əsrin əvvəllərində yazıb-yaradan bu şəxsiyyətlər, ictimai-siyasi xadimlər ümmətdən millət yaratdılar. Azərbaycan xalqına milli kimliyini tanıtdılar. Bu işlərin nəticəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxardı. Çoxsaylı itkilər, qanların axıdılması və sair oldu, ancaq sonda dünyaya özümüzü tanıda bildik, dövlətimizi qurduq. Əgər o ziyalılar olmasaydı, biz bu gün həmin dövrün tarixini belə işıqlandırmaqda çətinlik çəkərdik. Bu mənada Əlibəy Hüseynzadəyə siyasət filosofu da demək olar. Əgər onun "Sola, sola, sol tərəfə”, "Nicat məhəbbətdədir”, "Vəlvələ və zümzümə”, "Röya” və sair kimi məqalələrini təhlilə cəlb etsək, görərik ki, burada çox böyük filosof, ictimai-siyasi xadim, publisist təfəkkürü var. Ona görə də Əlibəy Hüseynzadəyə biz tez-tez qayıtmalıyıq.


"İnsanlıq naminə yazıb-yaratmaq”

- Bakıda I Türkoloji Qurultay keçiriləndə Türkiyə nümayəndə heyətinin tərkibində olan Ə.Hüseynzadənin Azərbaycana gəlməsi və Qurultayda iştirakı barədə nə deyə bilərsiniz?

- Əlibəy Hüseynzadə 1926-cı ildə keçirilən Türkoloji Qurultaya Mehmet Fuad Köprülü ilə birlikdə gəlmişdi. Bu qurultay çox zəngin bir material qoyub bizim üçün. Həmin materiallar 1926-cı ildə, eləcə də sonrakı dövrlərdə çap olunub. Həmin qurultayda Əlibəy Hüseynzadə "Qərbin iki dastanında türk” məruzəsi edib. Bu məruzəni 1926-cı ildə "Kommunist” nəşriyyatı ayrıca kitab halında çap edib. Mənim yaxşı yadımdadır ki, sovetlər dönəmində Axundov kitabxanasında o kitabı bizə vermirdilər. Mən köhnə əlifba ilə olan bu kitabı çox çətinliklə alıb oxumuşam. Həmin məruzədə xristian aləminin səlib yürüşü, xristian və müsəlman qarşıdurması məsələləri şərh olunur. Bu əsərdə intibah dövrünün tanınmış ədəbi simaları tənqid olunurdu. Rus, İtalyan və sair ölkə ədəbiyyatlarında antitürk təbliğatı ifşa olunur. Əlibəy Hüseynzadə qeyd edir ki, biz insanlıq naminə yazıb-yaratmalıyıq. Hansısa regional və siyasi maraqlara xidmət etməməliyik. Əlibəy Hüseynzadə Türkoloji Qurultaydan sonra burda bir sıra görüşlər keçirib, bəzi yerləri ziyarət edib. Əli bəy Qurultaya həm də ona görə dəvət olunmuşdu ki, o, Türkiyənin Avropada, eləcə də dünyanın digər ölkələrdə yaşayan türkləri – Turan heyətinin adından danışmaq səlahiyyətinə malik idi. Qurultaya dünyaca məşhur Türkoloqlar, o cümlədən Aşmarin, Mensel kimi şəxsiyyətlər dəvət olunmuşdular. Təəssüflər olsun ki, həmin Qurultayda Azərbaycandan iştirak edənlərin böyük əksəriyyəti 1937-ci ildə repressiyaya məruz qaldılar. Qurultayda, məruzələrdə, sənədlərdə adı keçənlərin böyük əksəriyyəti repressiya olundular. Tarix bunu təsdiqləyir. Sözsüz ki, bütün olanlara rəğmən Əlibəy Hüseynzadənin Qurultayda iştirakı türkçülərə xüsusi zövq və şövq vermişdi. Ümumiyyətlə, Əlibəy Hüseynzadənin əsərlərindəki hər bir cümlədə onun müdrikliyi, fəlsəfi dərinlik hiss olunmaqdadır. Məsələn, o, yazırdı ki, Türklər ya hicrət edərlər, ya ölərlər, fəqət qul olmazlar. Bununla o, türklüyün tipini açır, mənəvi dəyərləri ifadə edir.


"Türklər ya hicrət edərlər, ya ölərlər, fəqət qul olmazlar”

- Ömrünün böyük hissəsini Türkiyədə yaşayan Ə.Hüseynzadənin qardaş ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti necə idi?

- İstanbul Universitetində oxuyanda bayaq dediyimiz kimi İttihad və Tərəqqi Partiyasının yaradıcılarından biri olub. O, İstanbulda hərbi tibb fakültəsində oxuyurdu. Təhsilini qurtarandan sonra dəri-zöhrəvi xəstəlikləri üzrə həkimlik ixtisasına yiyələnib və hərbi həkim, yüzbaşı olub. O, məzun olduğu müddətdə Türkiyə-İtaliya müharibəsi gedirdi. 3 il həkim kimi həmin müharibədə iştirak edib. Bu müddətdə Əlibəy İtalyan, qədim latın, ərəb, fars, rus dillərini mükəmməl bilirdi. Türkiyədə ictimai-siyasi dairələrlə, eyni zamanda elitar təbəqələrlə çox yaxın idi. Bakıya gəlib yenidən Türkiyəyə mühacirət edəndə "Türk Yurdu” dərgisi ilə yaxınlıq edib. İstanbul Universitetində professor asistenti kimi çalışdı. Elə 1940-cı ilə kimi də bu universitetdə çalışdı. Türkiyədə Turan heyətinin üzvü kimi müxtəlif ölkələrdə, xüsusən də Avropada səfərlərdə olub. Onun Türkiyə elitası ilə yaxınlığına səbəb olan amillərdən biri də Əhməd bəy Ağaoğlu olub. Çünki, Əhməd bəy "Türk yurdu” dərgisində və ictimai-siyasi dairələrdə çox aktiv idi. Ümumiyyətlə isə Əli bəyin Türkiyə həyatında siyasi proseslər bir qədər arxa planda olub. Əhməd bəy Ağaoğlunun oğlu, Adnan Mendeles kabinetində nazir olmuş Səməd bəy Ağaoğlu da Əli bəy haqqında yazarkən deyib ki, o, bir qədər pərdə arxası adam kimi tanınıb. Yəni, siyasi hadisələrdə aktivlik göstərməyib. Həkim-dermatoloq və tibb fakültəsinin müəllimi kimi çalışıb. Bununla belə, 1918-20-ci illərdə Azərbaycanın siyasi tarixi ilə çox yaxından maraqlanıb. O illərdə Azərbaycana gəlib, bir müddət Gəncədə qalıb və bir sıra ağrı-acılı yazılarla Türk mətbuatda çıxış edib. Türkiyədə olarkən, Əlibəy bəzi siyasi hadisələrdə, ən əsası Mustafa Kamal Atatürkə qəsddə ittiham olunub. Lakin məhkəmələr nəticəsində o, təqsirsizliyini tam sübuta yetirib. Bundan başqa, Türkiyədə olarkən Əlibəy çoxlu şeirlər yazıb, ədəbi-tənqidi məqalələr, dünya intibah ədəbiyyatından orijinal tərcümələr edib.


"Azərbaycan xalqı yaşadıqca, onun ideyaları da daim yaşayacaq”

- Bir Türkçülük ideoloqu kimi Ə.Hüseynzadənin arzuları tam həyata keçibmi?

- Bir sıra arzular təbii ki, həyata keçib. Misal üçün, o dövrdə bir çox ziyalılar arzu edirdilər ki, Azərbaycan müstəqillik əldə etsin, universitetimiz olsun. Bu gün Azərbaycan müstəqil, demokratik, dünyəvi dövlətdir. Ölkədə 50+1 sayda ali təhsil ocaqları var. Çox böyük məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycanın birinci ali təhsil ocağı Bakı Dövlət Universitetidir. Bundan başqa o dövrdəki ziyalılar Azərbaycanın informasiyalı vətəndaş cəmiyyəti olmasını arzulayıblar, bu da reallaşır. Yəni, onların arzularına uyğun Azərbaycan cəmiyyəti qurulmaqdadır. Arzuya meyl etməyin özü arzuya çatmağın özü qədər qiymətlidir. Əlibəy Hüseynzadənin "Füyuzat”da dərc olunan proqram xarakterli bir məqaləsi var. Orada bildirir: "Mən demirəm ki, həyat "Füyuzat”dır. Mən deyirəm ki, həyat meyli "Füyuzat”dır”. Yəni, yetər ki, uğurlu, feyzli, rifahlı günlərə doğru meyl edək. Bu yaşam tərzinin özü həyatdan feyz, həzz almağa bərabərdir. Biz bu gün müstəqilliyin sahibiyik və onu daha da təkmilləşdirməyə çalışırıq. Yolumuz düzdürsə, sonda öz hədəflərimizə çatacağımız mütləqdir.

Rufik İSMAYILOV
Aprel 2014



banner

Oxşar Xəbərlər