AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türk Hava Yollarını “boykot” qərarı yenidən gündəmə gələ bilər

Türk Hava Yollarını “boykot” qərarı yenidən gündəmə gələ bilər

İqtisadiyyat
15 Fevral 2013, 16:58 1712
Azərbaycandakı turizm şirkətləri Türk Hava Yolları (THY) şirkətinə qoyduqları “boykot”u götürdülər. Qeyd edək ki, fevralın 12-dən Azərbaycan Turizm Assosiasiyasına (ATA) üzv olan turizm şirkətləri Türk Hava Yolları ilə əməkdaşlığını 3 günlüyünə dayandırmışdı. Səbəb THY-nin turizm şirkətlərinə bilet satışına görə komissiya haqqını ötən ilin dekabrından dayandırmasıdır. Bunun əvəzində turizm şirkətlərinə bonus da təklif edilmir.

Turizm şirkətləri THY-nın biletlərini yalnız üzərinə əlavə pul qoyub sata bilər. Bu da təbii ki, ilk növbədə vətəndaşların “başında çatlayacaq”, yəni vətəndaş bileti baha qiymətə almalı olacaq.

ATA-nın icraçı direktoru Fərid Muqimzadə bizimlə söhbətində bildirdi ki, fevralın 15-də turizm şirkətlərinin yetkililəri ilə keçirdikləri iclasda qərara gəliblər ki, gələn həftəyə qədər əməkdaşlığı davam etdirsinlər: “Əgər növbəti həftəyədək THY-dən məktubumuza müsbət cavab gəlməsə, turizm şirkətlərinin rəhbərləri ilə yenidən toplaşıb “boykot” qərarının üstündə dayanacağıq və bu qərarımız müsbət cavab almayana qədər davam edəcək. Özü də bu qərara qoşulan turizm şirkətlərinin sayı artacaq. Bizim məqsədimiz budur ki, THY yerli turizm şirkətlərini saya salsın. Bu gün Türk Hava Yolları yerli turizm şirkətlərini saymır”.

F.Muqimzadənin sözlərinə görə, THY endirim kampaniyaları keçirəndə də bu haqda əvvəlcədən turizm şirkətlərini məlumatlandırmır: “Üstəlik, THY-nin endirimlə satılan biletləri yalnız online şəkildə alıcılara çatdırılır. Yəni alıcı bileti yalnız internet üzərindən sifariş verə bilər. Turizm şirkətləri online satılan endirimli biletləri satmaq imkanından da məhrum olur. Bu səbəbdən də online bilet sifariş edə bilməyən vətəndaşlar turizm şirkətlərinə müraciət edə bilmədiklərinə görə pis vəziyyətdə qalıblarr. THY isə online bilet sifariş vermək üçün vətəndaşlara kömək etməkdən imtina edir”.

Müsahibimizin sözlərinə görə, Türk Hava Yolları Azərbaycan şirkətləri üçün biletlərə görə komissiya haqlarını ləğv etsə də, bəzi ölkələrdə bu haqqı saxlayıb: “Məsələn, Rusiyada THY hələ də turizm şirkətlərinə kimissiya haqqı verir. Bizim turizm şirkətlərinin də xahişi budur ki, qardaş ölkəyik, Azərbaycanda bilet satışına görə komissiya haqqını saxlasınlar”. F.Muqimzadə dünyada komissiya haqlarının ləğv ediməsi fonunda Azərbaycanda da bu prosesinin getməsinə normal yanaşdıqlarnı bildirdi: “Turizm şirkətləri komissiya haqlarının ləğv olunmasını anlayışla qarşılaya bilər, amma heç olmasa THY turizm şirkətlərini həvəsləndirmək üçün hansısa formada bonus proqramı təklif etməlidir. Dünyada da biletlərə komissiya haqlarını ləğv edən aviaşirkətlər onlara xüsusi bonus proqramları təklif edirlər. Turizm şirkətlərinin narazı qaldıqları məqamlardan biri də budur ki, THY onların yazdıqları məktubu da cavablandırmır”.

F.Muqimzadə THY-nin bu addımını başa düşmədiklərini dedi: “Bəlkə THY düşünür ki, artıq bazarda kifayət qədər tanınır, nüfuzlu şirkətdir və buna görə də turizm şirkətləri vasitəsilə bilet satışına ehtiyac görmür”.
«Türk Hava Yolları»nın Bakı nümayəndəliyinin rəhbəri Fatih Güven «APA»ya açıqlamasında bildirib ki, yeni sistemə keçid mərhələsində yarana biləcək bütün suallar müzakirə yolu ilə həll oluna bilər. Bundan başqa, həvəsləndirmə sistemi, əməkhaqqı və s. məsələlərin də müzakirəsi mümkündür. Onun dediyinə görə, THY komissiya haqlarının ödəniş sistemini dayandıran ilk aviaşirkət deyil: «Azərbaycanda fəaliyyət göstərən aviasiya şirkətlərinin, demək olar ki, hamısı komissiya haqlarının ödənilməsini artıq dayandırıb».

Fatih Güven deyir ki, bu sistemə keçid bütün dünyada baş verir, artıq Gürcüstanda da tezliklə bu sistemin ləğvi planlaşdırılır: «Bu sistemdən, hələlik, imtina edilməyən və ya sonradan həyata keçirilməsi planlaşdırılan ölkələrdə də bazara uyğun qiymətləndirmələr aparılır».
Fatih Güvenin sözlərinə görə, satışın yeni formasına keçid agentliklər üçün daha artıq gəlir əldə etmək imkanı yaradır: «Yeni formanın tətbiqinin ən yaxşı tərəfi odur ki, sərnişinlər bölüşdürmə kanallarına bərabər yanaşacaqlar. Yəni, bundan sonra eynidəyərli biletlərin müxtəlif agentliklərdə müxtəlif qiymətlərə təklif olunması problemi aradan qalxacaq».

Fatih Güven Azərbaycan Turizm Assosiasiyasının boykot qərarına hörmətlə yanaşdığını desə də, hədələyici addımların heç bir nəticə verməyəcəyini də dilə gətirib. F.Güvenə görə, heç bir aviaşirkət öz iradəsinin başqaları tərəfindən idarə olunmasına yol verə bilməz. O, həmçinin ATA-nı sərnişinlərin maraqlarının təmin olunması üçün sağlam düşünməyə və qəbul etdikləri qərarların məntiqi, qanuni olmasına diqqət yetirməyə dəvət edib.

Lalə