• cümə axşamı, 28 mart, 16:38
  • Baku Bakı 16°C

Türk əsgərinə xain hücum

28.02.20 16:17 1570
Türk əsgərinə xain hücum
Cavab zərbəsi ilə Əsəd rejiminin 23 tankı, 309 əsgəri məhv edilib

Türkiyə Suriya münaqişəsi başlayandan bəri ən böyük itki ilə üzləşib - 30-dan artıq türk əsgər xain hücum nəticəsində həlak olub. Hücumun müharibə qanunları çərçivəsində olmadığı, çox ağır bir cinayət olduğu əksəriyyət tərəfindən xüsusi vurğulanıb. Türkiyə mənbələri bu hücuma görə Suriya rejimini ittiham edir, lakin İdlibdəki bir neçə mənbədən verilən xəbərlərdən və gecənin qaranlığında çəkilmiş videolardan hava zərbələrinin Rusiya təyyarələri tərəfindən endirildiyi iddia edilib. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun "Qəhrəman əsgərlərimizin qanı yerdə qalmayacaq. Hazırda hava və qurudan Suriya rejiminin bütün hədəflərinə zərbələr endirilir” deyə bildirib. Əlavə edib ki, zərbələr endirilməkdə davam edəcək:"Suriya ordusunun bütün bilinən hədəflərinə hazırda zərbələr endirilir. Suriyadakı fəaliyyətimiz, bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək. Astana sammiti tərəfləri başda olmaqla, bütün beynəlxalq toplumu, üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırırıq”. Türkiyənin Müdafiə naziri Hulusi Akar isə deyib ki, hərbçilərin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib. Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib. O qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: "Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.
Beləliklə, Suriyanın İdlib qəzasında təkcə bu ay ərzində həlak olmuş Türkiyə hərbçilərinin sayı 43-ə çatıb. Son itkilər Türkiyənin anti-əsəd qüvvələrinə verdiyi dəstəyin doğurduğu riskin getdikcə artdığını göstərir. Yaranmış gərginlikdə Rusiya və Türkiyə prezidentləri telefon əlaqəsi saxlayaraq İdlibdəki razılaşmaların hansı formada həyata keçiriləcəyini müzakirə edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. "Putin və Ərdoğan arasındakı İdlib mövzusu ilə bağlı razılaşmalara sadiqik. Terrorçularla müxalif qüvvələrin bir-birindən ayrılması ümumi məqsədimiz sayılmalıdır. Bu məqsədə çatmaq üçün nə edəcəyimizi müəyyənləşdirmək əsas prioritetimiz olmalıdır. Türk ordusu ilə təmaslar hər gün davam edir”, – Lavrov bildirib. Rusiyalı nazir qeyd edib ki, koordinasiya məlumatları Suriya ordusuna ötürülmüşdü: "Vurulan türk qoşunları haqqında məlumat yox idi. Baş verənlər İdlib razılaşmasının bizim tərəfimizdən pozulması deyil. Türkiyəyə başsağlığı diləklərimizi çatdırırıq. İdlibdə gərginliyi azaltmaq üçün bölgədə fəaliyyət göstərən türk əsgərlərinin təhlükəsizliyi üçün işlərimizi davam etdirəcəyik. Rusiya və Türkiyə nümayəndə heyəti görüşlərini davam etdirəcəklər. Aşılmaz maneələrin olduğunu düşünmürəm. İdliblə bağlı koordinasiya yaratmaq üçün danışıqlara hazırıq”.
Yeri gəlmişkən, Suriyada müharibə şəraiti yarandığı, artıq çoxları tərəfindən qəbul edilir. Ekspertlər hesab edir ki, Türkiyə həm öz sərhədini qorumaq, həm də ölkəsinə qaçqın axınının qarşısını almaq istəyir. Bu vəziyyət NATO ölkələrinin də əleyhinədir, çünki miqrant axını Avropa üçün təhdid təşkil edir. Belə durumda Türkiyə mediası xəbər verir ki, xarici işlər naziriMövlud ÇavuşoğluNATO-nun baş katibiCens Stoltenberə zəng edib. Bu xəbərlərin ardınca Türkiyə rəsmiləri bildiriblər ki, Ankara bundan sonra Suriya qaçqınlarının Avropaya axınına mane olmamağı qərara alıb. Ankara bildirir ki, Qərb ona Suriyanın şimalında dəstək verməyib.
"Financial Times” yazır ki, son itkilər Türkiyə ilə Suriya-Rusiya qüvvələri arasında tammiqyaslı müharibəyə yol aça bilər. Məqalədə deyilir ki, indi NATO üzvləri Türkiyə ilə bağlı alyans nizamnaməsinin 5-ci maddəsinin işə salınıb-salınmayacağı məsələsini müzakirə etməlidirlər.
Bu maddəyə görə, alyansın bir üzvünə hücum edilərsə, bu, bütün üzvlərin üzərinə hücum sayılır. Türkiyə mediası yazır ki, Avropa İttifaqı və ABŞ Türkiyəyə dəstək bəyanatları versələr də, humanitar yardım göstərsələr də, Ankaranın Suriyanın şimalında bufer zonası yaratmaqda kömək çağırışlarına hay verməyiblər.
Ümumiyyətlə, son bir neçə ildə Qərblə Türkiyə arasında münasibətlər bir qayda olaraq gərgin olub.
Bu, bir tərəfdən də Ankaranın son illərdə Moskva ilə son dərəcə yaxınlaşması və Rusiyadan S-400 raketləri almaq qərarı ilə bağlıdır. Türkiyə ABŞ və NATO-nun bu raket sistemlərini almamaq çağırışlarını qulaqardına vururdu.
ABŞ-ın NATO-dakı səfiriKay Bailey Hutçisondeyib ki, heç olmasa indi Türkiyənin kimin daha etibarlı partnyor olduğunu və kimin dost olmadığını gördüyünə ümid edir. Səfir Türkiyəni bir daha S-400 sistemlərinin alınmasını dayandırmağa çağırıb. Ankara özünün Suriya ilə sərhədinin mühafizəsi üçün ABŞ-dan bu bölgədə Patriot raketlərinin yerləşdirilməsini xahiş edib. Lakin xanım Hutçison deyib ki, Vaşinqton hələlik bu barədə qərar qəbul etməyib. Səfir onu da vurğulayıb ki, əgər Rusiya Türkiyə qoşunlarına hücum etsə, müttəfiqlər Rusiya ilə Türkiyə arasında indiyədək bütün baş verənlərə rəğmən, Ankaranı dəstəkləyəcəklər.
Artan gərginlikdən narahatçılığını beynəlxalq qurumlar ifadə ediblər. BMT baş katibi Antonio Quterreş açıqlamasında zorakılığın artması ilə əlaqədar "ciddi narahatlıq” bildirib və dərhal atəşkəsə çağırıb. ABŞ Dövlət Departamenti də bildirib ki, bu hücumdan çox narahatdır və NATO müttəfiqimiz olan Türkiyənin tərəfindəyik: "Əsəd rejimi, Rusiya və İranın dəstəklədiyi qüvvələr tərəfindən edilən bu biabırçı hücumu dərhal dayandırmağa çağırırıq”. NATO baş katibi Yens Stoltenberq Suriya rejimi və Rusiya qüvvələri tərəfindən "mübahisəsiz” hava hücumlarını qınayan bəyanat verib. "İdlibdə davam edən eskalasiyanı təcili dayandırmaq lazımdır”. Bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell "Tvitter”də bildirib. "İdlibdə baş verənlərin genişmiqyaslı açıq beynəlxalq hərbi qarşıdurmaya çevrilmə riski var. Ayrıca, baş verənlər dözülməz humanitar çətinliklərə səbəb olur və mülki insanları təhlükəyə atır. Avropa İttifaqı bütün tərəfləri gərginliyi azalmağa çağırır və itkilərə görə təəssüflənir. Avropa İttifaqı təhlükəsizlik maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri nəzərdən keçirəcək. Bütün müvafiq tərəflərlə əlaqə saxlayırıq”, – deyə C. Borrell vurğulayıb.

Kamran
banner

Oxşar Xəbərlər