• cümə axşamı, 25 aprel, 17:57
  • Baku Bakı 23°C

Türk dövlətlərinin Azərbaycana dəstəyi artmalıdır

16.10.19 17:49 504
Türk dövlətlərinin Azərbaycana dəstəyi artmalıdır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Toplantısında iştirak edən dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə diqqət ayırdılar. Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir: "Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm”.
Toplantıda iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Qarabağ münaqişəsinin həllində hər zaman qardaş Azərbaycana birmənalı dəstək verdiklərini dilə gətirib: "Azərbaycanın öz torpağı olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğal altında olması 1 milyondan çox insanı evlərindən uzaqda məcbur köçkünə çevirib. BMT Baş Məclisində dediyim kimi, bu, qəbuledilməz vəziyyətdir. Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddət ərzində sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması üçün əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”.
R.T.Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli üçün türkdilli dövlətlərin həmrəyliyinə ehtiyac var. Bu məsələyə toplantıda iştirak edən digər dövlət başçıları da münasibət bildirib. Bəs görəsən, bundan sonra türkdilli dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətlərində intensivlik artacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, indiki halda türk dünyası həmrəylik nümayiş etdirməlidir: "Buna görə də türkdilli dövlətlərin bir yerdə olması, təkcə mədəni və humanitar inteqrasiyası yox, eyni zamanda siyasi, iqtisadi, hətta hərbi inteqrasiyaları vacibdir. Qarabağ münaqişəsi ilə bağlı Türkiyə hər zaman Azərbaycanın yanında olub. Eyni zamanda, bu dəfə Özbəkistanın dövlət başçısı da ərazi bütövlüyü məsələsində ölkəmizə dəstəyini bildirdi. Qazaxıstanın lideri Nursultan Nazarbayev də dəfələrlə, hətta Azərbaycanın olmadığı tədbirlərdə belə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanı işğalçı adlandırıb. Təbii ki, bunun hamısı yetərli deyil. Türkdilli dövlətlərin tez-tez bu kimi bəyanatlar verməsi olduqca vacibdir. Lakin təəssüflər olsun ki, biz bu kimi bəyanatları demək olar ki, ən çox Türkiyənin adı ilə eşidirik”.
Z.Məmmədovun sözlərinə görə, türkdilli dövlətlər var ki, ümumiyyətlə onlar Qarabağ münaqişəsi ilə bağlı neytral mövqe nümayiş etdirirlər: "Təbii ki, bu, çox səhv addımdır. Çünki ermənilər öz ölkəsindən, yaşadığı coğrafiyadan asılı olmayaraq, bütün türklərə düşmən qismində baxır. Bu hal əslində heç kim üçün qəribə deyil. Məhz ermənilər vasitəsilə 1920-ci illərin əvvəllərində Özbəkistanda soyqırımı baş vermişdi. O cümlədən ermənilər 1989-cu ildə Ahıska türklərinə divan tutmuşdular və onları qətlə yetirmişdilər. Buna görə də tək yox, kollektiv şəkildə bu kimi konfliktlərlə, münaqişələrlə bağlı çıxışlar etmək lazımdır. Bilmək lazımdır ki, türk dünyasının bir düşməni var və o da ermənilərdir. Tarixən də belə olub və təəssüflər olsun ki, bu gün də Azərbaycanın timsalında belə davam etməkdədir”.
Politoloq Natiq Miri bildirdi ki, əsas məsələ türk cümhuriyyətləri arasında yaranacaq birliklə bağlıdır: "Çünki sözün həqiqi mənasında birlik olarsa, burada 300 milyonluq türk dünyasından söhbət gedəcək. Belə olarsa hətta qlobal güclərin də bunu nəzərə almaq məcburiyyəti yaranır. Ancaq hələlik bunu müşahidə etmirik. Doğrudur, müsbət işartılar, əlamətlər var və Özbəkistan, Macarıstan kimi ölkələrində yenidən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması təbii ki, müəyyən perspektivlər vəd edir. Ancaq sözün əsl mənasında birlikdən, birgə əməli fəaliyyətdən söhbət gedərsə, yalnız bundan sonra Dağlıq Qarabağ probleminin həllində müsbət addımlar ola bilər. Fikrimcə, türk dünyasının birliyindən danışdıqda əlifba, dil, eyni zamanda iqtisadi, siyasi, hətta hərbi birlik məsələlərinin də ciddi müzakirə olunmasına ehtiyac var. Məhz bu cür birlik müzakirə predmeti və buna uyğun əməli fəaliyyəti olduğu təqdirdə bunun təsir imkanları olacaq. Yalnız bundan sonra Dağlıq Qarabağ probleminin həllində bütün türk dünyasının birgə siyasətindən və dəstəyindən danışmaq mümkündür”.
N.Miri qeyd etdi ki, Türkiyə bütün zamanlarda Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanı müdafiə edir: "Ancaq düşünürəm bu məsələ təkcə Türkiyədən asılı deyil. Bu, həm də Azərbaycanın istəyi və bilavasitə konkret fəaliyyəti ilə bağlıdır. Hesab edirəm ki, artıq Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və Türkiyə dövləti arasında komissiyanın yaradılmasına, prioritetlərin müəyyənləşməsinə və birgə fəaliyyət, o cümlədən konkret planın təşkil olunmasına ehtiyac var. Çünki bilirik ki, Türkiyə tək regional deyil, eləcə də qlobal səviyyədə öz mövqelərini gücləndirməkdədir. Biz bunu Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatda, hətta Aralıq dənizi hövzəsində enerji daşıyıcılarının axtarışında da müşahidə edirik. Bütün bunlar Türkiyənin mövqeyini dünya miqyasında gücləndirəcək geosiyasi hadisələrdir. Buna görə də düşünürəm ki, türk birliyinin gələcək perspektivindən danışmaqdansa, bu gün güclənən Türkiyə fonunda Dağlıq Qarabağ problemində müəyyən irəliləyişlər əldə etmək imkanlarını nəzərdən keçirməliyik. Bu istiqamətdə də Azərbaycan ciddi fəaliyyət ortaya qoymalıdır. Fikrimcə, bu məsələdə də Türkiyə öz ağırlığını ortaya qoya biləcək bir dövlətdir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər