• cümə, 19 Aprel, 05:29
  • Baku Bakı 18°C

Türk dünyasının ortaq dəyəri - Fotolar

27.07.19 11:30 23680
Türk dünyasının ortaq dəyəri - Fotolar
Türkiyənin Bayburt şəhəri növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına ev sahibliyi etdi. 1300 illik bir zaman kəsiyində tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorqudla bağlı festivalın iştirakçısı olduq. Festivala Türkiyə səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin dəstəyi ilə qatıldıq. 22-28 iyul tarixlərində davam edən bu mədəniyyət və sənət bayramı Bayburtda 25-ci dəfə keçirilirdi. Bizi Bayburtda Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) nümayəndəsi Fatif Baltacı qarşıladı.

İlk gün Bayburtun mərkəzində yerləşən Zihni Mədəniyyət Mərkəzində türk dünyasını birləşdirən "Dədə Qorqudun izi ilə” layihəsinin açılış mərasimi baş tutdu. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Gürcüstan, Türkmənistan və s. ölkələrdən olan alimlər açılış mərasimində iştirak edərək təəssüratlarını bildirdilər. Onlar çıxışlarında Dədə Qorqudun Oğuz əyalətlərindəki rolundan, türk Ddnyasında öz əksini tapmış ənənəsindən və ən əsası "Dədə Qorqud dastanı”dan bəhs etdilər.


İstiqlal Marşı oxunduqdan sonra layihənin meneceri Selma Köseoğlu çıxış edərək bu tarixin keçdiyi ərazilərdə Dədə Qorqudu təbliğ ediləcəyini bildirdi. Türk dünyasının böyük bir tarixi olduğunu, Dədə Qorqudun bütün türk dünyasının əhatə etdiyini və gələcək nəsillərin bundan xəbərdar olmasının vacibliyindən danışdı. Bildirdi ki, "Dədə Qorqudun izində” adlı sənədli film çəkiləcək və gələn il bu film tamaşaçılara təqdim olunacaq.
Xəzər Universitetinin layihə üzrə koordinatoru Aynur Qəzənfərqızı isə bu layihənin necə ərsəyə gəlməsindən bəhs edərək, türkdilli dövlətlərin Dədə Qorquda olan sevgisindən bəhs etdi. Dədə Qorquda olan sevginin, əslində, bir könül və bir ruh məsələsi olduğunu vurğuladı.

Daha sonra "Dədə Qorqud” dastanının üçüncü əlyazmasının sahibi Vəli Məhəmməd çıxış etdi. Dədə Qorqudun ortaq tariximizin və ədəbiyyatımızın məhsulu olduğunu, gələcəkdə qurulacaq birliyimizə də vəsilə olmaq gücündə olduğunu qeyd etdi: "Əlyazmaları toplamağa başladığım zaman atam "Türk və türkmən ədəbiyyatında Dədə Qorqud qədər bir alim ortaya çıxmadı, çıxmayacaqdır” demişdi. Atamın bu söylədikləri hər zaman ağlımda idi. Qismət oldu, Qazaxıstana getdim. Orada Dədə Qorqudun məzarının Seyhun çayının sahilində olduğunu öyrəndim. Məzarı ziyarət etdim, belə bir bilgənin baxımsız qəbrini görüncə, oturub xeyli ağladım. Mətbuata danışıb diqqət çəkməyə çalışdım. Sonra təkrar getdim və oraların təmir edildiyini, yaxşı vəziyyətə gətirildiyini gördüm. Bu gün bu əlyazmanı tapmağımı da Dədə Qorqudun bir hədiyyəsi kimi görürəm”.

Bayburt bələdiyyə başçısı Hükmü Pekmezçi isə çıxışında doğulduğu torpaqda Dədə Qorqudun hekayələri ilə böyüdüyünü dedi: "25 il bundan öncə Bayburtda başlayan Dədə Qorqud festivalında hər il iştirak edirəm. 1993-cü ildən bütün türk dünyasını gəzirəm. Hər yurdda özümdən bir parça tapdım. Bayburta gəlməklə, burdakı insanların qonaqsevərliyinin şahidi olacaqsınız. Bu torpaqlar öz tarixiliyini, milli dəyərlərini hələ də qoruyub saxlayıb. Heç də təsadüfi deyil ki, burada Beyrək adı hələ də istifadə olunur. Bu o deməkdir ki, Dədə Qorqud ənənələri davam edir. Bu torpaqlar Dədə Qorqudun yaşadığı torpaqlardır və gələcək nəsillər də bu ənənələrlə böyüməlidirlər. Bu cür layihələrin təməlinin birlik və bərabərlik olduğunu düşünürəm. Belə layihələr qürbətdən gələn qardaşlarımızla körpü qurmaq baxımından bir dəyərdir. Bu fəaliyyətlərin, Dədə Qorqud kimi dəyərlərimizi xatırlamaq, öyrənmək və başqa nəsillərə ötürmək baxımından əhəmiyyətli olacağına inanıram və hamınızı salamlamaq istəyirəm. Allaha əmanət olun”.
Çıxışdan sonra tədbir iştirakçılarıDədə Qorqudun qəbri önünə yol aldı. Bizi Bayburta qədər gətirən və türkdilli xalqların hamısına aid edilən, hər birində də izi olan Dədə Qorqudun məzarını ziyarət etdik. Məzar böyük təpəlikdə köhnə bir qəbiristanlıqda yerləşir. Türk xalqlarının Oğuz boylarının hər biri dastanın məhz onların yaşadığı ərazidə yarandığını düşünür. Ona görə də, "Dədə Qorqudun məzarı” deyilib əziz tutulan türbələrin bir yox, bir neçə olduğu da iddia edilir. Təbii, heç kim bu məzarlarda gerçəkdən kimlərin uyuduğunu deyə bilməz. Bayburtlular Dədə Qorqudun məhz onların torpaqlarında yaşadığına inanır. Dastanda Bayburt qalasının adının keçməsi bu inancı bir qədər də qüvvətləndirir. Şahidi olduq ki, bu qəbirin ziyarətçiləri də az deyil. Qəbri ziyarət etdikdən sonra rəsmilər yerli və xarici media nümayəndələrinə açıqlama verdilər. Onlar çıxışlarında Dədə Qorqudu bütün türk dünyasının ortaq dəyəri kimi qiymətləndirdiklərini bildirdilər. Dədə Qorqudun türbəsinin qarşısında Əli Həmzə Pəhlivan 25-ci dəfə keçirilən beynəlxalq Bayburt Dədə Qorqud və Sənət Festivalını açıq elan etdi. Dədə Qorqud başda olmaqla bütün tarixi şəxsiyyətlərə rəhmət dilədi: "Bu ziyafət vasitəsi ilə xaricdən, qardaş ölkələrdən təşrif buyuran qonaqlarımıza xoş gəldiniz deyirəm. Türkdilli media nümayəndələrin vasitəsi ilə qardaşlarımıza sevgilərimizi, hörmətimizi çatdırmağınızı xahiş edirəm. Dədə Qorqud türk dünyasının və insanlığın ortaq dəyəridir. Belə ki, onun mesajlarında birlik, bərabərlik, həmrəylik var. Bu festival vasitəsi ilə dünyaya birlik və bərabərlik mesajları ötürürük”.

Bayburt millət vəkili Fetani Battal isə Dədə Qorqud festivalı vasitəsi ilə milli dəyərlərimizi yüksək tutmaq və mədəniyyətimizi gələcək nəsillərə ötürmək üçün hər kəsin özünü məsuliyyətli hiss etməsinin vacibliyindən danışdı: "Türk dünyasının müxtəlif bölgələrindən Bayburtumuza təşrif buyurublar. Dədə Qorqudun otağından bütün İslam dünyasına, Türk dünyasına salamlar göndərirəm. Dədə Qorqud ziyafəti vasitəsi ilə milli dəyərlərimizi yüksək tutmaq, mədəniyyətimizi təbliğ etməkdə özümüzü məsuliyyətli hiss edirik”.
Dədə Qorqudun qəbrini ziyarət etdikdən sonra əsas şənlik başladı. Dastanda əks edildiyi kimi Masat Yaylasında çadırlar quruldu, qoyunlar kəsildi, qopuz çalındı. Türk dünyasından gələn rəqs qrupları milli rəqslərini nümayiş etdirdilər. İlk növbədə Masat Köyü Dərnəyinin hazırladığı konsert proqramını izlədik. Belə ki, yüksək dağların ətəklərində qurulmuş, qədim dövrə uyğun dizayn edilmiş çadırlardakı döşəkçələrin üzərində oturaraq dağların ətəyində təşkil edilmiş konsert proqramını izlədik.


Festivalda qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər. Məlumat üçün bildirək ki, ölkəmizi bu tədbirdə Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edirdi.

Daha sonra Əli Həmzə Pəhlivan türk dünyasından gələn media nümayəndələri ilə çay süfrəsi arxasında görüş keçirdi. Görüşdə türkdilli ölkələrin ortaq mədəniyyətindən və Dədə Qorqudun buna vəsilə olmasından bəhs edildi. Dünya əhəmiyyətli mədəniyyət abidəsi olan "Kitabi-Dədə Qorqud”un Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və digər türkdilli ölkələrin birlik, bərabərlik və müxtəlifliyində, xalqlarımızın ailə dəyərlərinin təbliğ olunmasındakı əhəmiyyətindən danışıldı. Bu misilsiz sənət və mənəviyyat abidəsində qonaqpərvərlik və ədalət prinsiplərinin əksini geniş tapmasından danışıldı. İcra başçısı türk dünyasından Bayburta təşrif buyuran media nümayəndələrinin fikirlərini dinlədi. Sonda isə onlara "Dədə Qorqud” mükafatı təqdim edildi.
Beləliklə, səfərimizin rəsmi hissəsi başa çatdı.
Xəyalə Rəis
Bakı-Bayburt-Bakı

banner

Oxşar Xəbərlər