• cümə axşamı, 28 mart, 22:50
  • Baku Bakı 13°C

“Türk dünyasını bir araya gətirək” - Fotolar

19.10.16 18:01 1923
“Türk dünyasını bir araya gətirək” - Fotolar
16-20 oktyabr tarixində Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində keçirilən Türk Dünyası 1-ci Gənclik Forumu maraqlı müzakirələr, problemlərin həlli yollarının axtarışı, təkliflərin səslənməsi ilə maraq doğurdu.

"Türk dünyası gənclərinin ortaq problemləri və strateji birliyi” mövzusunda panel müzakirələrində professor, millət vəkili Elman Nəsirov gənclərə səslənərək problemlərin deyilməsindən daha çox həlli yollarının göstərilməsinin vacibliyini qeyd etdi: "Türk dünyasında həmişə birlik olub. İndi isə bu birliyin daha da sıxlaşmasına ehtiyac var. Dostlar, qardaşlar dərdini, sevincini paylaşanda daha gözəl olur”.
Millət vəkili Azərbaycanın Müstəqillik Gününə diqqət çəkərək 25 il ərzində böyük nailiyyətlər əldə edildiyini qeyd etdi: "Azərbaycan iki il ərzində BMT-nin üzvü oldu. Bu gün bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon qaçqınımız var. Bu müddətdə BMT münaqişənin həlli istiqamətində 4 qətnamə qəbul edib, ancaq həmin sənədlər həyata keçirilməyib. Dünya ictimaiyyəti buna susur. Dünyada ikili standartlar var. Necə edək ki, bunlara qarşı öz səsimizi ucaldaq? Bu işdə gənclərin üzərinə böyük yük düşür. Biz bir-birimizə dəstək verək. Vətəni sevmək və bu istiqamətdə addımlar atmaq lazımdır”.

Azərbaycan Prezident Administrasiyası Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev gənclərin ortaq informasiya mərkəzinin yaradılmasının vacibliyini vurğuladı: "Bu gün türk gənclərinin birliyi ən vacib məsələlərdən biridir. Hesab edirik ki, vahid informasiya mərkəzinin yaradılması bu birliyin daha da möhkəmlənməsinə imkan verər”.

Qazaxistan Türk Dilində Danışan Qəzetçilər Birliyinin rəhbəri Naziya Bissenova türkdilli dövlətlər arasında ortaq televiziyanın olmasının vacibliyini vurğuladı: "Uşaq cizgi filmlərinin çəkilməsinə ehtiyac var. Uşaqlar böyüyə hörməti, dəyərləri Qərb ölkələrinin filmlərindən deyil, öz türk dünyasının filmlərindən öyrənməlidirlər. Həmçinin türk dünyası qəzetçilərinin informasiyalarını mübadilə etmək üçün şərait olmalıdır”.

Şimali Kipr Yaxın Şərq Universitetinin professoru Oğuz Karakartal türk dünyası gənclərinin birliyi üçün ortaq mədəniyyəti, tarixi öyrənmələrini, milli kimliklərini unutmamağı tövsiyyə etdi: "Türk dünyası gənclərinin sıxlaşması üçün ortaq mədəniyyətlərin yaxınlaşması önəmlidir”.

Çeçenistan gənclər naziri İsa İbraqimov türk dünyasının gənclərini öz ölkələrinə dəvət etdi: "Çeçenistan iki müharibə keçib. Çoxu düşünür ki, bizdə ekstremizm, terror var. Ancaq bu gün ölkə tam təhlkükəsizdir. Gənclər rahatlıqla Çeçenistana gələ bilərlər. Çeçenistan çoxmillətli ölkədir. Bizdə turizm və idman inkişaf edib. Ölkənin inkişafında gənclərin əməyinə ehtiyac var”.

Girəsun Universitetinin professoru Aygün Attar türk dünyası adına çox iş görülməsinə ehtiyac olduğunu dedi: "İstərdim ki, Türk dünyası Gənclik Forumunun elektron səhifəsi açılsın, bunun ardınca qəzeti də, televiziyası da yaranacaq. Bu gün türkün hekayəsini dünyanın hər yerində gözləyən, eşitmə və bilmək istəyən nə qədər yerlər və insanlar var”.

"Liderlikdən, gələcəyə baxışdan danışırıqsa, keçmişimizə baxmalıyıq”- deyən "Liderlik və vizyon inkişafında yöntəmlər - gələcəyə baxış” panelində çıxış edən millət vəkili Naqif Həmzəyev türkün həmişə azad yaşamaq istədiyini xatırlatdı: "Türk tarix yazmayıb, həmişə tarixi yaradıb. Dünya qorxur ki, türk yenidən həmən gücü qaytarar. Ona görə də bu gün dünyada ikili standartlar var. Ona görə də torpaqlarımızın işğalına ədalətlə səs verən yoxdur. Azərbaycanın torpaqları bu gün işğaldadır. Biz bu gün bütün dünyaya bildiririk ki, torpaqlarımızı müharibə yolu ilə ala bilərik. Prezidentimizin dediyi kimi: "Bizə bir həftə yetər ki, öz torpaqlarımızı geri alaq”. Aprel döyüşlərində ordumuz öz qüdrətini göstərdi, çox təəssüf ki, döyüşləri sona qədər davam etdirə bilmədik”. Azərbaycanın iqtisadi gücünün artdığını, regionda lider dövlətə çevrildiyini deyən millət vəkili ölkəmizin türkdilli ölkələrin birliyinə böyük önəm verdiyini və bu istiqamətdə münasibətlərin sıxlığına daim çalışdığını qeyd etdi.
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Əbülfəz Şeydabəyov türk gəncinin əsil vəzifəsinin müstəqilliyimizi qorumaq olduğunu bildirdi.
"Akademik və texnoloji iş birliyi yöntəmləri”, "Çağdaş türk ədəbiyyatının öyrənilməsi və yaşadılması” mövzusunda keçirilən panel müzakirələrində də türk ölkələrinin gənclərini düşündürən problemlərə, yaradıcı məsələlərə toxunuldu.

Panel müzakirələrində türkdilli ölkə gənclərinin bir-birini tanıması və tanıtması üçün platformaya ehtiyac olduğu, türk dünyası şurasının, vahid koordinasiya mərkəzinin yaradılmasına ehtiyac olduğu və s. məsələlər qeyd edildi, təkliflər dinlənildi.
Təranə Məhərrəmova,
Şimali Kipr, Girnə




banner

Oxşar Xəbərlər