• çərşənbə axşamı, 16 aprel, 11:40
  • Baku Bakı 14°C

Türk Dünyası I Gənclik Forumu işə başladı

18.10.16 16:49 1590
Türk Dünyası I Gənclik Forumu işə başladı
"Türk dünyası gənclərinin Şimali Kiprdə bir araya gəlməsi türk dünyasının birliyinin göstəricisi kimi dünyaya ismarıcdır. Bu ölkələrin əsas məqsədi böyük fikir adamı İsmayıl Qaspıralının dediyi kimi "Dildə, işdə, fikirdə birlik”dir”. Bu fikirlər Şimali Kipr Türk Cümhuriyyəti Girnə şəhərində 16-20 Oktyabr tarixində keçirilən Türk Dünyası I Gənclik Forumunda səsləndirildi.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin, Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı, Türk Cümhutiyyəti baş nazirliyinin himayəsi ilə keçirilən və 30 ölkənin gənclərinin, millət vəkillərinin, dövlət adamlarının, ziyalıların, media işçilərinin qatıldığı tədbirdə türk dövlətlərinin əlaqələrinin daha da genişlənməsinin vacibliyi vurğulandı.
Türk Birliyi Dayanışma Dərnəyinin rəhbəri Güven Arıklı qeyd etdi ki, Şimali Kipr 1983-cü 15 noyabrda müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra dərnəklər, klublar qurulub və gəncliyə ünvanlanan toplantılar təşkil edilib. Amma yenə də türk dünyası dərnəklərinin yaradılmasına ehtiyac var: "Bu onu göstərir ki, bu tip dərnəklər nə qədər çox olsa, yenə də azdır. Biz fəaliyyətimizi türk dünyası ölkələri üzrə genişləndirməliyik”. Makedoniyadan olan millət vəkili Enes İbrahim türk dünyasına aid problemlərin, eləcə də Qarabağ münaqişəsinin həllində türk dövlətlərinin iştirakının vacibliyini qeyd etdi: "Biz bütün dünyada türk lobbisini inkişaf etdirməliyik. Bu tip tədbirlər xüsusən gənclər üçün çox önəmlidir. Hesab edirəm ki, növbəti tədbirlərdən biri Makedoniyada keçirilməlidir”.
Oktyabr 18-də Azərbaycanın öz dövlət müstəqilliyinin 25 illiyini qeyd etdiyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin Gənclərlə İş sektorunun müdiri Vüsal Quliyev gənclər üçün forumların böyük əhəmiyyəti olduğunu bildirdi: "Bu Forum gənclərinin öz fikirlərini bölüşməsinə, problemlərini çözməyə imkan yaradır. Dünyada yeni çağırışlar var ki, gənclərin onlara doğru addımlamalıdırlar”.
Türkiyə Cümhuriyyəti baş nazirinin yardımçısı Yıldırım Togrul Türkeş Şimali Kiprdə ilk dəfə gerçəkləşən Forumun gələcəyin ümidi, aydınlığın timsalı olan gənclərin bir araya gəlməsində mühüm addım ola biləcəyini qeyd etdi: "Biz hər bir işdə bir olmalı və gələcəyimiz üçün birgə addımlamalıyıq”. Türklərin tarixində heç bir zaman irqçiliyin olmadığını qeyd edən baş nazir müavini dili qorumağımız, ortaq dəyərlərə məxsus olmağımız və gələcəyə ünvanlanan hədəfimizin eyniliyinin bizi daim birləşdirdiyini vurğuladı: "Bu gün bu bölgəni dağıtmaq üçün böyük güclər çox çalışır. Bu da 20-ci əsrin utancıdır. Türk dövləti dedikdə müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan, Qırğızıstan, Türkmənistan, ərazisində 30 milyon türk yaşayan Rusiya, 25 milyon uyğurun yaşadığı Çini qəbul edirik. Ortaq dilə sahib olmağımız bizim üstünlüyümüzdür. 21-ci əsr texnologiya dövrüdür. Keçən əsrlərlə müqayisədə gənclərin bu əsrin problemlərini anlaması və həlli istiqamətlərini müəyyənləşdirməsi gərəkdir. Elə etməlisiniz ki, səsiniz yeni texnologiyalardan da dünyaya tez çatsın”. Türk Cümhuriyyətinin dövlət olaraq bütün türk dövlətlərinin yanında olduğunu qeyd edən Y.Türkeş, bundan sonra da bu amalın davam edəcəyini qeyd etdi: "Biz iqtisadi, mədəni, təhsil və s. sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Bizim birliyimiz türk dünyasının güclü olması deməkdir”.
"Bir-birimizə dəstək, həmrəylik, bir-birimizin haqqını qoruma hər birimizin işi olmalıdır”- deyən Şimali Kipr Türk Cümhuriyyəti baş nazirin müavini Sərdar Denktaş ölkələrinin sakit və xoşbəxt bir həyat sürdüyünü söylədi: "Təbii ki, problemlər var. Kipr türklərinin böyük ölkələr tərəfindən idman yarışlarına qoşulmasına icazə verilməməsi bizim böyük problemimizdir. Biz bu problemi çözməliyik. Bütün dünya deyir ki, Kiprdə sülh olsun. Bura bizim evimizdir. Burada biz öz problemlərimizlə, sevincimizlə insan kimi yaşamaq istəyirik”.
Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan və Türkiyənin dostluq və əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Türkiyə Cümhuriyyətinin baş nazirin müavini Toğrul Türkəşə rəhbərlik etdiyi qurum adından plaket təqdim etdi. Türk Birliyi Dayanışma Dərnəyinin rəhbəri Güvən Arıklının təqdim etdiyi plaket isə Sərdar Denktaşa çatdı.
Forumun açılışından sonra müzakirələr panellərdə davam etdi. Professor, millət vəkili Elman Nəsirovin rəhbərliyi ilə "Türk dünyası gənclərinin ortaq problemləri və strateji iş birliyi”, professor Humay Türkə Günayın rəhbərliyi ilə "Liderlik və vizionun inkişafı - gələcəyə baxış”, professor Aygün Attarın başçılığı ilə "Akademik və texnoloji iş birliyi”, Dossent Nazim Muradovun rəhbərliyi ilə Müasir türk ədəbiyyatının öyrənilməsi və yaşadılması” mövzusunda aparılan müzakirələr, həmçinin Azərbaycanın Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin ölkəmizin lobbiçilik siyasəti ilə bağlı fikir mübadilələri maraqla qarşılandı.
Forumda iştirak edən qonaqlar həmçinin Kiprdə Azərbaycanın Müstəqillik Gününə həsr olunan gecədə iştirak edəcəklər.

Forumda iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər