“Türk axını” “Cənub” Qaz Dəhlizinə rəqib deyil
Rusiya prezidenti Vladimir Putin "Türk axını” qaz kəməri layihəsi ilə
bağlı müqavilənin ratifikasiyası haqqında qanun imzalayıb. Bu layihə Rusiya
qazını Türkiyəyə, 2019-cu ildən sonra isə Avropa Birliyi ölkələrinə çatdırmağı
nəzərdə tutur. Ekspertlərin fikrincə, bu layihə nə "Cənub” Qaz Dəhlizinə, nə də
dövlətlər arasında münasibətlərə təhlükə yaradır.
Millət vəkili Elman Nəsirov"Kaspi”yə
açıqlamasında dedi ki, layihə regional təhlükəsizlik baxımdan əhəmiyyətlidir: "Biz
bu iki dövlətin hər biri ilə strateji müttəfiqik, gözəl münasibətlərimiz var. Təəssüf
ki, get-gedə müxtəlif ölkələr arasında etimadsızlıq mühiti formalaşır. Bizim isə
həm Rusiya, həm də Türkiyə ilə yaxşı münasibətimiz var. Dünya ölkələrinə nümunə
göstəririk ki, münasibətlər necə qurulmalı, necə inkişaf etdirilməlidir. Bu iki
dövlət arasındakı əlaqələrdə enerji sahəsində inkişaf mühüm hadisədir. Bu o deməkdir
ki, iki dövlət arasında əməkdaşlıq daha da genişlənəcək. Ticarət əlaqələri xeyli
artacaq. İqtisadi əlaqələrin genişlənməsi nəticə etibarı ilə siyasi əlaqələrin də
genişlənməsi deməkdir. Hər iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını
üzərinə götürən ATƏT-in Minsk qrupunun üzvü olması (Rusiya həm də həmsədrdir)
və bu dövlətlərin münasibətlərinin inkişafı münaqişənin həlli üçün yeni imkanlar
aça bilər. Ümid bəsləyirik ki, "Türk axını”nın reallaşdırılması regional təhlükəsizliyə
xidmət göstərəcək. Ona görə də bunu müsbət hal kimi qiymətləndiririk və Azərbaycan
üçün də faydalı olacağını düşünürük”.
E.Nəsirovun fikrincə, bu layihə "Cənub” Qaz Dəhlizinə rəqib deyil. Çünki
söhbət sağlam rəqabətdən gedir: "Türkiyə enerjinin nəqli məsələsində
şaxələndirmə siyasətinə üstünlük verir. Hər üç dövlət şaxələndirmə siyasətinə
dəstək verirlər. Bu layihələrin reallaşdırılması bəzilərinin düşündüyü kimi,
Azərbaycanla Rusiyanın münasibətlərinin pisləşməsinə deyil, əksinə, əməkdaşlıq
mühitinin genişlənməsinə kömək edə bilər”.
İqtisadçı ekspert İlham
Şaban hesab edir ki, artıq "Türk axını" layihəsi kağız üzərindən
realizə mərhələsinə qədəm qoymağa keçir: "Layihənin əsas hissəsi Qara dənizin
dibi ilə çəkiləcək 2 boru kəmərindən ibarət olacaq. Onların ümumi buraxıcılıq
gücü 31,5 milyard kubmetr təşkil edəcək. Hələlik yalnız 15,75 milyard kubmetr
qazın Türkiyənin daxili bazarına yönəlməsi ilə bağlı ikitərəfli kommersiya
sazişi var. Avropaya Rusiya qazının nəqli ilə bağlı isə vəziyyət dumanlıdır,
çünki kommersiyadan daha çox, hazırkı şəraitdə Avropa Komissiyası ilə Rusiya
arasındakı siyasi məsələlərin çözülməsinə bağlıdır. "Gazprom" şirkəti
2017-ci ildə "Türk axını" layihəsi üçün artıq 700 milyon dollar vəsait
ayrılmasını təsdiq edib. Ötən ilin dekabrında "Gazprom” İsveçrənin "Allseas
Group S. A.” şirkəti ilə dəniz hissəsinin inşası ilə bağlı müqavilə imzaladı.
Ümumilikdə isə 2019-cu ilin IV rübündə başa çatmalı olacaq layihənin
Azərbaycana hansı təsirlərinin ola biləcəyinə gəlincə, Türkiyə bazarında hər
hansı neqativ təsiri proqnoz etmək məncə, yanlışlıq olardı. Ona görə ki,
hazırda Rusiya Türkiyə bazarında 26,5-27 milyard kubmetr qaz satır. Bunun 14 milyard
kubmetri Transbalkan boru kəməri ilə (Ukrayna və Şərqi Avropa ölkələrindən
keçməklə), 12 -12,5 milyard kubmetri isə "Mavi axın" layihəsi ilə
türk bazarına daxil olur. "Türk axını" istifadəyə verildikdən sonra
2020-ci ildə Transbalkanla nəql edilən indiki həcmlər onunla axmağa başlayacaq
və sonra artaraq 15-15,5 milyard kubmetr civarında stabilləşəcək. Bir şeyi
nəzərə almaq lazımdır ki, nadir hallarda praktikada borulara layihə gücü qədər
qaz vurulur, çünki kompressor stansiyalarının daim gərginlik altında işləməsi
arzuolunan deyil. İkinci bir amili də nəzərə almaq gərəkdir ki, Türkiyənin
məqsədi öz enerji bazarını diversifikasiya etməkdir, yəni Rusiya qazının
həcmini yaxın perspektivdə 28-30 milyard kubmetrdən çox artırmaq planı yoxdur”.
Ekspert düşünür ki, Türkiyə inkişaf edən bazardır. Bu inkişaf isə
enerjiyə tələbat deməkdir: "Artan enerjinin tələbatı isə artıq 2018-ci ilin II
yarısından başlayaraq, Azərbaycan qazının əlavə həcmləri hesabına formalaşacaq
və 2020-ci ildə bu daha 6 milyard təşkil edəcək. Bu baxımdan, "Türk
axını" Azərbaycan qazı üçün hər hansı təhlükə mənbəyi ola bilməz. Ancaq
onun istənilən halda, neqativ izləri ola bilər. Bu isə Türkiyə bazarında rəqabət
məsələsinin güclənməsi ilə bağlıdır. Rəqabət olan yerdə isə bu özünü qiymət
faktorunda əks etdirir. Aydındır ki, Türkiyə əvvəllər Rusiya qazını Transbalkan
boru kəməri ilə daha baha alırdı, "Türk axını” istifadəyə veriləndən sonra
tranzit ölkələr sıradan çıxacaq və onun əldə edəcəyi qaz daha ucuz başa
gələcək. Bu isə ümumilikdə Türkiyə bazarına müxtəlif mənbələrdən daxil olan qaz
satıcılarına da təsirsiz ötüşməyəcək.
O ki qaldı Avropa bazarına, burada vəziyyət ruslar üçün hələ dumanlıdır.
Azərbaycanın üstünlükləri çoxdur və yeganə məsələ enerji daşıyıcılarının Avropa
bazarında qiyməti məsələsidir ki, bu da ümumi bir tendensiyadır. Yəni burada
Rusiya bir amil kimi çıxış edir, diktəedici söz sahibi deyil”.
Şəfa Tapdıq