• cümə, 29 Mart, 09:06
  • Baku Bakı 5°C

Turizmin inkişafında yeni strategiya

24.08.20 18:27 2630
Turizmin inkişafında yeni strategiya

Ekspertlər deyirlər ki, infrastrukturu tam olmayan yeni turizm ərazilərinə xarici səhmdarların cəlb olunması çox vacibdir

Böyük turizm potensialına malik olan Pirallahı rayonunda salınan yeni yaşayış, istirahət və turizm kompleksi "Nərəkənd”ə xarici investorların cəlb olunmasına başlanılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Pirallahı rayon İcra Hakimiyyətindən deyiblər. Qeyd olunub ki, onlar Rusiya və Türkiyədən olan sərmayədarlardır. "Nərəkənd” yaşayış və turizm mərkəzində artıq bir sıra işlər tamamlanıb və plana uyğun olaraq digərlərinin görülməsinə start verilib: "Kompleksin ümumi ərazisi 50 ha-dan ibarətdir, tikinti aparılan ərazi isə 23 ha-dır. Artıq çimərlik sahəsində bir çox işlər görülüb, perimetr boyu 4 min metr uzunluğunda, 1-2.5 metr yündürlüyündə sahilbərkitmə işləri görülüb. Ərazidə olan bataqlıqlar qurudulub, dənizin ekvatoriyası yad cismlərdən, tullantılardan və dəmir konstruksiyalardan təmizlənib və dərinləşdirilib. Mərkəzi və daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yekunlaşıb, ərazi düzləşdirilib”.
İH-dən əlavə olunub ki, hazırda geoloji və topoqrafik işlər görülür. Növbədə əraziyə qaz, işıq, su, kanalizasiya və rabitə xətlərinin çəkilməsi planlaşdırılır: "Bu işlərin yekununda "Nərəkənd”də 1-3 mərtəbəli kotec tipli villalar, 3-4 mərtəbəli qalereya tipli yaşayış binalarının tikintisi başlanılacaq. Ərazidə uşaq əyləncə mərkəzləri, kafe-restoranlar, açıq və qapalı su hovuzları, idman meydançaları və yaşıl zolaqlar salınacaq”.
Əslində, turizmin indiki vəziyyətini nəzərə alsaq, belə bir addımın atılması həm bu dönəm, həm də postpandemiya dövrü üçün əhəmiyyətlidir. Maraqlıdır, bu layihənin reallaşması üçün xarici investorların cəlb edilməsi hazırkı vəziyyətdə turizm sektoruna necə təsir edəcək? Ümumiyyətlə, bu dönəmdə xarici investor cəlbi nə dərəcədə realdır, layihənin əhəmiyyətli nəticə verməsi üçün hansı addımlar atılmalıdır?
"Milenium”Turizmşirkətinin rəhbəri,turizmmütəxəssisi Ruslan Quliyev bu layihəni turizm sahəsi üçün çox vacib addım kimi qiymətləndirir: "Belə layihələrin reallaşması Azərbaycan turizmini daha cəlbedici hala gətirir, onun rəqabətqabiliyyətliliyini artırır, turizm xidməti sahəsində seçim imkanlarını genişləndirir. Bu yaxınlarda da Prezident "Azərbaycan İnvestisiya Holdinqi”nin yaradılması ilə bağlı sərəncam imzaladı. Hansı ki, çoxdan gözlənilən və arzulanan bir məsələ idi. Ümumiyyətlə, Azərbaycan Dünya Bankının müxtəlif göstəricilərinə görə çox müsbət istiqamətdə öz fəaliyyətini qurur. "Doing Business” indikatorları üzrə islahatların aparılması, xarici investorların ölkəmizə gəlməsinə münbit şərait yaradır. Xarici investorların bir ölkəyə pul qoyan zaman bu hesabatlar onun üçün bir yol xəritəsi rolunu oynayır. Bu baxımdan da düşünürəm ki, təşviq imkanlarının genişləndirilməsi turizm sektorunun yenidən dirçəlməsi üçün bir stimuldur”.
"SKAL İnternational Baku” klubunun (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) sədri, turizm üzrə ekspert Ceyhun Aşurov deyir ki, bu kimi layihələr gələcəkdə turizmin inkişafı, çeşidliliyi üçün yeni imkanlar açır: "Bu imkanlar da ölkəmizə gələn turistlərə daha çox yeri gəzmək, tanış olmaq fürsəti yaradır. Xüsusən də nəzərə alsaq ki, Pirallahı elə də uzaq deyil, Bakı ərazisi sayılır. Orada çimərlik mövsümü ilə əlaqəli geniş imkanlar yaradılır. Kafe və restoranlar tikilir, bu yaxınlarda da kommunikasiya xətləri ilə də tam təmin ediləcəyi deyilir. Bu, çox təqdirəlayiq addımdır. Sözsüz ki, xarici investisiya çox önəmlidir, xüsusilə də az inkişaf etmiş, infrastrukturu tam olmayan yeni turizm ərazilərinə səhmdarların cəlb olunması çox vacibdir. Bu, xarici təcrübədə də var. Belə ki, istənilən sahədə xarici investor dəstəyi yaxşı dəyişikliklərə gətirib çıxarır. Eyni zamanda yeni iş yerlərinin də açılmasına şərait yaradır ki, bu da əhalinin rifahının müsbətə doğru irəliləməsinə səbəb olur”.
C. Aşurov xarici investorların cəlb olunmasını vacib hesab etdiyini bildirir: "Bunun üçün həmin ölkədə investisiya iqlimi gözəl, əlverişli olmaqla yanaşı, vergidən azadolma prinsipləri də tətbiq edilməlidir. Hətta, bəzi ərazilər investorlara ödənişsiz verilməlidir ki, xarici sahibkarlar üçün cəlbedici olsun. Bu, ölkəyə təkcə kapital axınını təmin etmir, eyni zamanda yeni menecmentlik strategiyası, yeni standartlar gətirir. Həmçinin texnoloji yeniliklərin tətbiqi məsələsi də var. Ona görə, xarici investorun cəlbi müsbət qiymətləndirilir”.
"Baxmayaraq ki, hazırda pandemiya dönəmidir və dünya üzrə səyahətlərin sayı, coğrafiyası çox məhduddur” deyən ekspert inanır ki, bu müddət bitəndən sonra turizm sektoru qısa zamanda özünü bərpa edəcək: "İnsanlar təbii ehtiyacları halına gəlmiş səyahətlərini davam etdirəcəklər. Ona görə də biz dayanıb nəyisə gözləyə bilmərik, dünya ölkələri kimi turizmlə bağlı müxtəlif planlar, layihələr həyata keçirməliyik. Xarici və yerli investorların cəlbi üçün müəyyən addımlar atılmalıdır. Təbii ki, pandemiya ilə bağlı qoyulan sanitar-gigiyenik qaydalara əməl etməklə bu işləri görməliyik. Onu da qeyd edim ki, istər paytaxtda, istər regionlarda investisiyaların cəlb olunması üçün yerli icra hakimiyyəti orqanlarının, dövlətin müxtəlif strukturlarının təşviqi və şərait yaratmasına, bu prosesin asanlaşmasına böyük ehtiyac var. Əgər qeyd olunan orqanlardan lazımı dəstək gələrsə, ölkəmiz qısa zamanda turizm sahəsində öz sözünü deyən dövlətlər sırasında olar. Ölkəmizin xarici investorlar üçün əlçatanlığı, gələcəkdə hava nəqliyyatımızın coğrafiyasının genişlənməsi və s. işlər paralel şəkildə aparılmalıdır”.

Günel Azadə

banner

Oxşar Xəbərlər