• cümə, 19 Aprel, 14:49
  • Baku Bakı 25°C

Turizmdə daha bir yenilik

17.01.17 11:30 1905
Turizmdə daha bir yenilik
"Turizm haqqında” yeni hazırlanan qanun layihəsi Azərbaycanda turizm məhsulunun reklamı və satış qaydalarını müəyyənləşdiririr. Layihəyə əsasən turoperator turizm məhsulunu özü reklam edə və ya sata, yaxud onun reklamını və satışını turagentə həvalə edə bilər. Belə ki, turizm məhsulunun və ya ayrı-ayrı xidmətlərin istehlakçıya satışı turizm xidmətləri müqaviləsi vasitəsilə həyata keçirilir. Turoperatorlar və turagentlər göstərdikləri xidmətlərin kataloqlarını elektron və kağız daşıyıcıda hazırlamalıdırlar. Həmin kataloqda hər bir turizm məhsulu təsvir edilməli, turizm məhsuluna daxil edilmiş xidmətlər üzrə məsuliyyət bölgüsü göstərilməlidir. Bununla yanaşı, turizm məhsuluna daxil edilən xidmətin ayrıca qiyməti, turizm məhsuluna endirimlər tətbiq edildikdən sonrakı ümumi qiyməti qeyd edilməlidir. Əgər turizm məhsulu turistin icbari sığorta tətbiq edilən ölkəyə səyahətini nəzərdə tutursa, sığorta şərtləri də buraya daxil edilməlidir. Əlbəttə, layihə turoperatorların qarşısında iş effektivliyinin, turizm xidmətlərinin satışının artırılması, müştəriyə yönəlmiş satiış və xidmət texnologiyasının mənimsənilməsi, əlaqə qurmaq, ehtiyaclarının təyin olunması, təqdimat və s kimi bacarıqların inkişafı vəzifələrini də qoyur.
Qeyd edək ki, bu vaxta qədər turizm məhsulunu hazırlayan və onu bazarda topdan satan turizm şirkətləri – turoperatorlar öz məhsullarını əsasən turizm agentlikləri vasitəsilə satdırırdılar. Turoperatorla turist arasında vasitəçi rolunu oynayan fiziki şəxs – turizm agenti isə satışı əsasən pərakəndə həyata keçirməklə məşğuldur.
Vəzifələr təxminən eyniləşəndən sonra ölkənin turizm məkanında hansı proseslər baş verəcək? Yəni turoperatorların öz məhsullarını reklam etdirməsi və birbaşa satışı turizm bazarında hansı imkanlara yol açacaq?
Turoperator birbaşa fəaliyyət göstərsə belə...
AzərbaycanTurizmAssosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Kərimovin sözlərinə görə, turoperatorlar əvvəllər də öz məhsullarını satır, reklam edir, həmçinin turagentliklərə də verirdilər. Təbii ki, turagentliklər də məhsulu satanda öz faizlərini götürürdülər. Yəni turoperator topdansatış, turagentlik isə pərakəndə satış həyata keçirir: "Bir turizm şirkəti həm turagent, həm də turopator ola bilər. Ola bilər ki, hansısa turpoperator Çexiya ilə muqavilə bağlayıb, onlar satışı birbaşa ona verirlər, həmin turoperator da turagentliklərə paylayır. Ancaq turagentlik Truskaveslə bağlı paketləri digər şirkətdən alır. O zaman o da turoperatora çevrilir. Yəni o, həm turagent, həm də turoperator funksiyasını yerinə yetirə bilər. Mənə elə gəlir ki, turoperatorlarla turagentliklər vəhdət şəklində işləyəcəklər və birlikdə də turizim məhsulunu həm satacaq, həm də reklam edəcəklər». M.Kərimov balaca turizm şirkətlərinin də turoperatora çevrilə biləcəyini istisna etmir: "Elə məhsul var ki, turagentlik məhsulu turoperatordan topdan alır və bazarda satır. Təbii ki, faizini də onlardan alır. Ancaq elə məhsul var ki, onu turoperatordan almaq mümkündür. O zaman həmin müəssisə turagentə çevrilir. Müxtəlif turizm şirkətləri var ki, onların birbaşa Çexiya, Minvod, Truskaves və s. ölkə və şəhərlərlə müqavilələri var. Onlar da öz məhsullarını xırda turizm agentliklərinə bölüşdürürlər. Həmin agentlik sabah bir sərgidə, məsələn, Moskvada, Sankt-Peterburqda müqavilə bağlayır və özü turoperatora çevrilir və topadansatış məhsulunu digər turizm şirkətlərinə paylayır. Burada ikitərəfli iş siyasəti yeridilir”. M.Kərimovun fikrincə, turoperator birbaşa fəaliyyət göstərsə belə, onun məhsulları turizm agentlikləri tərəfindən nə qədər çox satılarsa bu, hər iki tərəfə xeyirdir: "Ola bilər ki, şirkət "Neftçilər” prospektində yerləşsin. Ancaq tur agentliklər şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərə bilər. Bu, məhsulun daha çox satışını təşkil edə, Bakı və Abşeron zonası, həmçinin respublikanın digər rayonları üzrə də reklamını həyata keçirə bilər. Bu isə işin xeyrinədir”.
İnhisarçılıq yaranarsa...
Sual doğuran bir məqam da var: turoperatorların öz məhsullarını reklam etdirməsi və birbaşa satışını həyata keçirmələri əvvəllər işbirliyində olduğu, yəni öz məhsullarının satışını həyata keçirdikləri turagentliklərin tədricən sıradan çıxması ehtimalını yaratmayacaqmı?
Luna Travel Turizm Şirkətinin direktoru və hüquqşünası Rəhman Quluyevbu amilin yarana biləcəyini istisna etmir: "Turoperatorlara birbaşa səlahiyyətlərin verilməsi əslində yaxşı haldır. Bu, ölkəyə daha çox turist axınının olmasını təmin edə bilər. Sadəcə, ortada sağlam iş olmalıdır. Əgər ortada sağlam iş olmayacaqsa, gələn turist aldanılacaqsa, onlara şişirdilmiş qiymət deyiləcəksə, bu, bizə lazım deyil”. Direktorun sözlərinə görə, xırda turizm müəssisələri arasında böyük turoperatorlardan da sağlam iş həyata keçirən turagentliklər var: "Tutaq ki, Azərbaycan vətəndaşı böyük bir turoperatordan bilet alaraq xaricə uçur. Orada biletini dəyişmək, qaytarmaq və ya hansısa bir əməliyyatı həyata keçirmək istədikdə onun əli turoperatora çatmır. Müştərinin əli balaca şirkətə daha tez çatır və problemini həll edir. Bu baxımdan satışın və ya xidmətin böyük və ya kiçik şirkət tərəfindən həyata keçirilməsi deyil, əsas məsələ müştəriyə sağlam xidmət göstərilməsidir. Belədə kiçik bir müəssisədə 2-3 nəfər çalışır. Əgər həmin müəssisə bağlanırsa, orada çalışan adamlar işsiz qalır. Buna görə onların hamısına şərait yaratmaq lazımdır”.
Direktor hesab edir ki, böyük turoperatorların kiçik turizm agentliklərini sıradan çıxarıb-çıxarmamasını işin gedişatı göstərəcək: "Turoperatorlar öz məhsullarını subagentliklərlə bərabər satacaqlarmı, yoxsa inhisarçılıq yaradacaqlar? Əgər böyük bir şirkət əldə etdiyi məhsulu arxadakı turizm subagentlikləri ilə paylaşacaqsa, bunu alqışlamaq olar. Yox, əgər özləri birbaşa məhsullarını bazara çıxarıb və ya inhisarçılıq yaradacaqsa, bu, artıq ölkə qanunlarına da ziddir. Çünki turoperator öz məhsulunu subagentliklərlə paylaşmalıdır ki, kiçik agentliklər də bu məhsulun satışına dəstək olsunlar. Həmçinin onlar həmin satışa görə vergi ödəsinlər. O cümlədən, orada çalışan işçilər də əməkhaqqı alsınlar. Bu, bir növ işsizliyin də qarşısını almış olar. Bunun üçün bazarda rəqabət də lazımdır”. R.Quliyev hesab edir ki, əgər bazara əlavə turoperatorlar daxil olarsa, onlar arxalarındakı subagentliklərlə işləməyə məcbur olacaqlar: "Yoxsa, bir böyük turoperator yaranır və hər şey də onun əlində cəmləşirsə, təbii ki, onda kiçik turagentliklər də aradan çıxacaq, açılan iş yerləri də bağlanacaq. Həmçinin qiymətlər də şişirdilmiş vəziyyətdə olacaq».
R.Quluyevin fikrincə, turizm agentliklərinə verilən lisenziyaların ləğv olunması da bu sferada problemlərin yaranmasına səbəb olur. Belə ki, istənilən şəxs hər hansı bir yerdə turizm agentliyi aça bilir: "Əvvəllər Mədəniyyət və Turizm Nazirliyi lisenziya verirdi. Ona qədər həmin müraciət edən hüquqi şəxslə bağlı bütün məsələlər - müqavilələri, ofisləri, işçiləri və s.lə bağlı məsələlər öyrənilirdi. Turizm aləmində isə dələduzluq etmək çox asandır. İnsanlar dəfələrlə turizmdə bu cür hallarla üzləşiblər. Bu cür halların qarşısı alınmaq üçün lisenziya bərpa olmalı, ya da ümumi sertifikatlaşdırma həyata keçirilməlidir».
Bazarda mövcud olan oyunçu
"Millenium” Turizm Şirkətinin direktoru Ruslan Quliyev dünya təcrübəsindən danışaraq istər Türkiyə, istər Rusiya, istərsə də Avropa ölkələrində turizm məhsulunun realizə olunması istiqamətində bazarda turoperatorlarla bərabər turagentliklərin də fəaliyyət göstərdiyini bildirir: "Turoperatorlar bir növ məhsulun yaradıcısı, onu hərəkətə gətirən qurumdur. Turoperatorun fəaliyyətə başlayan zaman ciddi şəkildə maliyyə, sığorta və bank təminatları mövcud olmalıdır. Turagentliklər isə heç bir məhsul yaratmır və pərakəndə şəkildə turoperatorun yaratdığı məhsulu bazarda realizə edərək komisyon əsasında gəlirlərini əldə edirlər. Turagentliklər birbaşa olaraq beynəlxalq turizm əməliyyatlarına cəlb olunmurlar. Onlar yalnız turoperatorun yaratdığı məhsulu satırlar”. R.Quliyevin sözlərinə görə, bazarda ixtisaslaşma getdikdən sonra turizmin müxtəlif sahələri üzrə – işgüzar turizm, sağlamlıq turizmi, ekoloji turizm və s. üzrə operatorlar mövcud ola bilər. Belə ki, bu heç də bu sahədə turoperatorların inhisarçılıq yaratması anlamına gəlmir: "Turoperator dünya turizm məkanında rəqabətə davamlı məhsullarını yaradaraq müxtəlif formada onun reklam və marketinq işlərini həyata keçirərək bazarda mövcud olan bir oyunçudur”.
Turizm həvəskarları isə dünya təcrübəsində get-gedə turoperatorların və turagentliklərin xidmətindən imtinaya başlandığını qeyd edirlər. Yəni insanlar istirahətləri, səfərləri ilə bağlı seçimlərini edərkən otellərlə birbaşa əlaqə saxlayır, hava yolarının saytlarından uşuş biletlərini birbaşa özləri bron edirlər. Artıqdünyadaeləbirvəziyyət yaranıbki,insanlarotellər, istirahət mərkəzləri ilə özləribirbaşaəlaqə yaradırlar. Bu onlara sərfəli başa gəlməklə yanaşı, qiymət şişirtmələrindən də azad edir. Ekspertlər hesab edir ki, bu amil yaxın 5-10 ilə, ümumiyyətlə, nə turagentə, nə dəturoperatoraheçbirehtiyacın qalmayacağından xəbər verir. Hələlik isə insanların birbaşa əlaqələri turagentliklərin xidmətindən istifadə ilə paralel gedir. Hazırda isə məkan bir qədər də genişlənir – turoperatorlar əvvəlkindən daha inadla məhsulun satışına və reklamına qoşulacaqlar. Hər halda, insanların seçimi də bu bazarın formalaşmasına kömək etməlidir. Bunun üçünsə, heç şübhəsiz, daxildə və xaricdə turisti cəlb etmək lazımdır. Əlbəttə ki, öncə sərfəli qiymətlə...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər