AZE | RUS | ENG |


Turizm şirkətlərinə nəzarət üçün yeni təklif irəli sürülür

Turizm şirkətlərinə nəzarət üçün yeni təklif irəli sürülür
Nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etməyin mümkün olduğu bildirilir

Ölkədə turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildikdən sonra Mədəniyyət və Turizm Nazirliyi hotel və turizm şirkətlərinə nəzarət etmək üçün yeni təklif irəli sürür. Nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend-ə bildirib ki, hazırda turizm müəssisələrinin fəaliyyət göstərməsi üçün lisenziya verilmir.

Onun sözlərinə görə, 2 il bundan əvvəl - dövlət başçısının sərəncamı ilə turizm müəssisələrinə lisenziya verilməsi dayandırılana qədər Azərbaycanda 260 turizm şirkəti var idisə, indi onların sayı xeyli çoxalıb: "Hesablamalarımıza görə, onların sayı 400-dən çoxdur. Biz müxtəlif qurumlar vasitəsi ilə - vergi orqanlarından öyrənirik ki, yeni şirkətlər açılıb. Ona görə də dövlət tərəfindən onlara hansısa formada nəzarət edilməlidir".

A.İsmiyev qeyd edib ki, bu nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar. Onun sözlərinə görə, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: "Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanının icrasına uyğun olaraq, mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.

Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov "Kaspi”yə açıqlamasında bildirdi ki, lisenziyalar ləğv olunandan sonra turizm şirkətlərinin sayı vergi uçotuna görə çoxalıb. Bu, məsələnin müsbət tərəfidir, amma digər tərəfdən turizm xidmətinin keyfiyyəti və təhlükəsizlik məsələsi dövləti narahat etməyə bilməz: "Həm Azərbaycan vətəndaşlarını xarici ölkəyə aparan şirkətlər, həm də xaricdən ölkəyə turist gətirənlərin öhdəliklərinə nə dərəcədə əməl etmələri, keyfiyyətli xidmət təklif etmələrinə dövlət adına Mədəniyyət və Turizm Nazirliyinin əmin olmasını hər halda normal qarşılamaq lazımdır. Bunu nəzarət yox, sadəcə olaraq tanıma adlandırmaq olar. Dövlətin məlumatı olur ki, ölkədə hansı təşkilatlar hansı məhsulları hansı coğrafiyalarda hansı ölkənin turistlərinə təqdim edirlər. Bir il bundan əvvəl Azərbaycan turistlərini Gürcüstana aparmış turizm şirkəti iflas etmişdi və nə qədər turistimiz orda qalmışdı. Bir neçə il bundan əvvəl Rusiyanın böyük turizm şirkəti eyni aqibəti yaşamışdı. Avropada çoxlu sayda rus turisti qalmışdı. Rusiya hökuməti həmin turistləri ölkəyə gətirmək üçün işə qarışdı. Belə xoşagəlməz halların qarşısını almaq, turist təhlükəsizliyini geniş mənada təmin etmək üçün belə bir monitorinq qeydiyyat sisteminin olması arzuolunandır”. 

E.Aslanov deyir ki, yeni turizm haqqında qanun layihəsində Dövlət Turizm Reyestrinin yaradılması məsələsi də var. Bu, "ASAN xidmət”in nəzdində olan onlayn bir qeydiyyatdır: "Dövlət, dövlətin marketinq siyasətini həyata keçirən Bakı Təbliğat Bürosu, yaxud sərgilərdə təmsilçilik edən Azərbaycan pavilyonlarını təşkil edən nazirlik strukturları tərəfindən təqdim, təbliğ olunmasını, xidmətləri haqda onların məlumatlı olmasını istəyən şirkətlər özləri haqda məlumatı sistemə daxil etməlidirlər. O şirkət hardadır, harda formalaşıb, nə qədər işçisi var, hansı məhsullar təqdim edir, beynəlxalq, yoxsa yerli turistlərlə işləyir. Bütün bu məlumatları sistemə daxil etməsi arzuolunandır”.

Müsahibimiz qeyd etdi ki, şirkətlər istəməsələr, həmin sistemə daxil olmaya bilərlər. Seçim özlərinindir, daxil olmadıqları halda, hər hansı cərimə, cəza mexanizmi də yoxdur: "Necə ki, indi ölkədə bir çox otellərin ulduzu yoxdur. Onlar ulduz dərəcəsini almayıblar, sertifikatlaşmayıblar. Ölkədə 600-ə yaxın otel var və onlardan bir qisminin ulduzu var. Təəssüf ki, bəzən ulduz dərəcəsi almayanlar özlərini hansısa ulduzlu otel kimi təqdim edirlər. Onlara qarşı cəza tədbiri görmək üçün əldə heç bir mexanizm yoxdur. Turist də öz təcrübəsindən çıxış edərək həmin ulduza uyğun xidmət görməyəndə mübahisə etməyə başlayır. Sonda isə günahkar bu işə məsul olan dövlət orqanı qalır. Ona görə haqlı bir təklifdir ki, turizm sektorunun inkişafında keyfiyyətə cavabdeh bir qurum olaraq nazirliyin əlində müəyyən rıçaqlar olsun, bilsinlər ki, turizm bazarında oyunçular kimlərdir və onlar necə işləyirlər? Turistlərə keyfiyyətsiz xidmət göstərənlərin isə bir cəzası, yaxud öhdəliyi olmalıdır. Dünya təcrübəsində də bu var. İnkişaf etmiş dünya ölkələrinin bir çoxunda bu işə həmin sahələrin peşə birlikləri nəzarət edir. Otelçilər, restoranlar, bələdçilər və s. birliklər bu nəzarəti aparır. Bizdə də turizm sahəsi 20 ildən çoxdur ki, dövlətin əsas siyasət sahələrindəndir. İnkişaf sürətlə gedir, amma biz hələ o səviyyəyə gəlib çatmamışıq ki, bu sektorda bütün proses və qaydaları tam ləğv edək və kim necə istəyir, vergidə uçota durub xidmət göstərsin”.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyir ki, lisenziyanın ləğvi gözəl addım idi, müsbət tərəfləri də oldu. Onun sözlərinə görə, hazırda 400 yox, 700-dən yuxarı turizm şirkəti kimi fəaliyyət göstərən qurumlar yaranıb. Amma bu dəyişiklikdən sui-istifadə edənlər də var: "Bəzi turizm şirkətlərinin dələduzluqla məşğul olması faktı da aşkarlanıb. Yerli turistlər səyahət putyovkası alıb, hansısa ölkəyə getmək istəyirlər. Bəzən ən yaxşı halda hava limanında məlum olur ki, əllərində olan kağızlar, bilet bronları saxtadır. Bəzən gedirlər başqa ölkəyə, orada bilinir ki, onların otellərinin pulu ödənilməyib. Əldə olan çeklər isə adi kağız qədər hüquqi əhəmiyyətsizdir. Lisenziya ləğv olunandan sonra yüzlərlə belə şikayətlər olur. Ölkəyə gələn turistlərin də aldadılması halı olur. Burada olan, adını turizm şirkəti qoyan dələduzlar onların pulunu alırlar, amma söz verdikləri xidməti təqdim etmirlər. Bir neçə belə hal olub ki, xaricdən ölkəyə gələn turistlər də bura gələndə məlum olur ki otellərinin pulu ödənilməyib. Bu da çox pis haldır, ölkənin turizm imicinə xələl gətirən amillərdir. Bunlara yol vermək olmaz”.

N.Bağırov bildirdi ki, əslində lisenziyasız fəaliyyətin tərəfdarı olsaq da, proseslər müəyyən nəzarət olmasını tələb edir: "Dövlət Turizm Reyestrinin olması alqışlanmalıdır. Əslində biz deməliyik ki, liseyziyanın ləğv olunması gözəldir, reyesteri istəmirik. Amma bu gün elə hala gəlib çıxmışıq ki, öz tərəfimizdən nazirə müraciət edib lisenziya olmasa da, turizm reyestrinin tətbiq edilməsini xahiş edirik. Dövlət tərəfindən bu mexanizm yaradılmalıdır. Yay mövsümü başlayır, bu mövsümdə belə hadisələr çoxalacaq. Dünyanın hər yerində belə bir praktika var”.

Aygün


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022