AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Turizm şirkətləri cığallıq edir

Turizm şirkətləri cığallıq edir

İqtisadiyyat
19 Fevral 2013, 09:06 2773
Ötən həftə 60-a yaxın turizm şirkəti “Türk Hava Yolları”ndan bilet alışını “boykot” etdi. Buna səbəb sözügedən aviaşirkətin turizm şirkətlərinə bilet satışından ödədiyi komisyon haqları ləğv etməsi oldu. Ötən həftənin sonlarında “boykot” çağırışı dayandırılsa da, yenidən etirazın gündəmə gələcəyi gözlənilir. Onu da qeyd edək ki, Azərbaycanda bilet satışına görə aviaşirkətlərin ödədiyi komisyon haqlar bütün dünyada gedən prosesin nəticəsidir. Yəni bütün ölkələrdə aviaşirkətlər yavaş-yavaş bu haqları verməkdən imtina edirlər. Qeyd edək ki, dünyanın heç bir yerində turizm şirkətləri komisyon haqların ləğvinə etiraz etmədi. Komissiya haqlarının ləğv edilməsinə görə “boykot” qərarı belə bir sual yaradır ki, turizm şirkətləri niyə komissiya haqlarının ləğvinə görə bu qədər narahatdır. Bunu öyrənmək üçün turizm şirkətləri və turizm üzrə mütəxəssislərlə danışdıq.

Qəzəbin ünvanı niyə “Türk Hava Yolları”dır?

Azərbaycan Turizm İnstitutunun turizmin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov bizimlə söhbətində bildirdi ki, turizm şirkətləri yalnız bilet satışı ilə deyil, turizm xidmətlərinin satışı ilə də məşğul olmalıdır: “Xaricdə turizm şirkətləri yalnız bilet satışı ilə məşğul olmadıqlarına görə, bilet satışına görə aldıqları komissiya haqlarının ləğv edilməsi onlara o qədər də təsir göstərmədi. Turizm xidmətləri dedikdə mehmanxana xidmətlərinin, insanların istirahətinin təşkili və s. nəzərdə tutulur. Turizmdə turizm məhsulu deyilən bir anlayış var. Turizm şirkətləri turizm məhsulunun satışından qazanc götürməlidirlər. Dünyanın müxtəlif yerlərində turizm şirkətləri bu işlərlə yanaşı, sığorta işi, hətta xarici ölkələrdə ev kirayəsi, satışı ilə də məşğul olurlar. Amma Azərbaycanda turizm şirkətlərinin əksəriyyəti çox dar çərçivədə fəaliyyət göstərir. Buna görə də hər hansı aviasiya şirkətinin komissiya haqq verməməsi narazılığa gətirib çıxarır”.

B.Bilalov turizm şirkətlərinin digər aviaşirkətləri deyil, məhz “Türk Hava Yolları”nı “boykot” etməsini başa düşmədiyini dedi: “Başa düşə bilmirəm ki, qəzəbin ünvanı nədən “Türk Hava Yolları”dır? Məsələn, AZAL da komissiya haqlarını ləğv edib və əvəzində heç bir bonus vermir”.

“Turizm şirkətləri cığallıq edir”

Müsahibimiz aviaşirkətlərin komissiya haqlarını ləğv etməsinin normal olduğunu düşünür: “Təxminən beş il bundan öncə Türkiyə Səyahət Agentləri Birliyinin rəhbəri Başaran Ulusoy Azərbaycana gəlmişdi və səfəri çərçivəsində bildirdi ki, artıq turizm şirkətləri aviaşirkətlərlə komissiya haqlarına görə əməkdaşlıq etməməlidir. Bu da o deməkdir ki, turizm şirkətləri aviaşirkətdən aldığı biletə hansısa bir xidmət əlavə etməklə pul qazana bilər. Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri hər hansı bir xidmət göstərməyə ehtiyac görmürlər və bunu heç özlərinə sığışdırmırlar. Əlavə xidmət nə ola bilər? Məsələn, biletin müştərinin evinə çatdırılması, yaxud müştəri üçün aeroporta transferin təşkili, nəqliyyat daşınmasının həyata keçirilməsi və s.”.

B.Bilalov dünyada qloballaşmanın getdiyini, informasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyini xatırlatdı: “Aviaşirkətlər görəndə ki, İnternet əsrində insanlar onların saytına girərək özləri elektron sifariş verə və pulunu İnternet üzərindən ödəyərək bilet ala bilirlər, bu zaman biletlərinin turizm şirkətləri vasitəsilə satılmasına ehtiyac görmürlər. İndi evdə oturub hətta uçaqda oturacağın cərgəni, yeri belə sifariş verə bilirsən. Əgər bu baş verirsə, niyə aviaşirkət komissiya haqqı ödəməklə öz gəlirini itirməli, gəlirindən təxminən 10 faiz hansısa şirkətə verməlidir?”.

Bu baxımdan müsahibimiz turizm şirkətlərinin “boykot” qərarı verməklə cığallıq etdiklərini dedi: “Yaxşı olardı ki, turizm şirkətləri aviaşirkətlərlə əməkdaşlığın yeni mərhələsini razılaşsınlar ki, hər iki tərəf bu əməkdaşlıqdan razı qalsın. Bunu işləyib hazırlamaq lazımdır”.

Biletlərin qiyməti artmayacaq

Aviaşirkətlərin komissiya haqlarını ləğv etməsinin biletlərin qiymətinin artmasına təsirinə gəlincə, B.Bilalov dedi ki, sözügedən qərar biletlərin qiymətinə təsir etməyəcək: “Komissiya haqqı ləğv olunandan sonra kim ki, İnternetdən istifadə edə bilir, o özü internet vasitəsilə Türk Hava Yollarının saytına girərək biletini də alacaq, oturacağı yeri də bron edə biləcək və problemsiz haqqını da ödəyəcək. İnternetdən istifadə edə bilməyən müştərilər isə Türk Hava Yollarının baş ofisinə müraciət edərək THY-nın əməkdaşlarının köməyi ilə bileti ala bilərlər. Düşünürəm ki, “boykot” qərarı ilə əslində turizm şirkətləri özləri üçün problemi yaradırlar”.

Müsahibimiz hazırda Azərbaycan turizm şirkətlərinin əksər hissəsinin xaricə daha çox turist göndərməyə çalışdıqlarını dedi: “Az bir qisim turizm şirkətlər isə xarici ölkələrdən Azərbaycana turist gətirməklə məşğuldurlar. Çox az bir qisim də var ki, Azərbaycanda daxili turizmlə məşğuldurlar. Düşünürəm ki, artıq o zaman gəlib çatıb ki, Azərbaycanda turizm şirkətləri ixtisaslaşsınlar. Yəni konkret olaraq bilinməlidir ki, hansı turizm şirkəti daxili, hansı turizm şirkəti xarici turizmlə məşğuldur. Hətta artıq o zaman yetişib ki, istiqamətlər üzrə də turizm şirkətləri ixtisaslaşmalıdırlar. Bir turizm şirkəti Türkiyə ilə işləyirsə, başqa bir turizm şirkəti digər ölkələrlə işləməli, Azərbaycan vətəndaşlarına yeni turizm məhsulları təklif edilməlidir”.

Yerli və əcnəbi turizm şirkətləri nəylə məşğuldur?

Qeyd edək ki, yazını hazırlayarkən 10-a yaxın turizm şirkəti ilə əlaqə saxlayıb onların bilet satışından əlavə müştərilərə hansı xidmətləri göstərdiklərini də öyrəndik. Məlum oldu ki, əlaqə saxladığımız şirkətlərin bir hissəsi yalnız bilet, hotel və transfer xidməti (aeroportdan hotelə, hoteldən aeroporta çatdırılma) təklif edir, yəni digər xidmətləri göstərməyə ehtiyac görmürlər. Hətta turizm şirkətləri onu da bildirdi ki, yalnız hoteldə transfer xidməti olduqda, bu xidmətdən istifadə etmək mümkündür. Yəni müştərinin seçdiyi hotel transfer xidməti təklif etmirsə, bunu turizm şirkəti təşkil edə bilməz. Buradan da belə nəticəyə gəlmək olar ki, Azərbaycanda turizm şirkətlərinin böyük bir qismi yalnız biletdən əldə etdikləri komissiya haqlarından və hotel xidmətinin müqabilində aldıqları puldan gəlir əldə edirlər.

Onu da deyək ki, digər ölkələrdə turizm şirkətləri yerləşdirmə və bilet satışı ilə bərabər, transfer, gid-tərcüməçi, şəxsi mənzillərin icarəyə verilməsi, çadır, avtomobilə qoşulan qoşqu evləri, turistin qidalanmasının təmin edilməsi üzrə restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s. xidmətlər, turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri - qatar, dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və. s və hərəkəti üzrə, eyni zamanda turistlərin mənəvi tələbatlarının -teatr, kino, konsert zalları, muzey, sərgi, rəsm qalereyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi üzrə göstərilən xidmətlər və s. daxildir.
Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Fərid Muqimzadə də bizimlə söhbətində bildirdi ki, aviaşirkətlərin bilet satışına görə ödədiyi komissiya haqlarını ləğv etməsi kiçik turizm şirkətlərinin bağlanmasına gətirib çıxaracaq: “Çünki belə olan halda kiçik turizm şirkətləri rəqabətə davam gətirə bilməyəcək, bazarda yalnız bir neçə iri turizm şirkəti qalacaq”.
F.Muqimzadə niyə məhz digər aviaşirkətləri deyil, “Türkiyə Hava Yolları”nı “boykot” etmələrinin səbəbini də izah etdi: “Çünki komissiya haqlarını ilk olaraq THY ləğv etdi. Onun ardınca digər aviaşirkətləri işə keçdi”.

Lalə Musaqızı