• cümə, 26 Aprel, 01:50
  • Baku Bakı 16°C

Turizm sahəsinə hansı vergi güzəştləri tətbiq edilə bilər?

19.06.13 09:45 4059
Turizm sahəsinə hansı vergi güzəştləri tətbiq edilə bilər?
Gələcəkdə turizm sektorunda vergi güzəştləri tətbiq edilə bilər. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda turizmin inkişafı üçün lazım olan bütün şərait mövcuddur: “Hazırda turizm sektoru o qədər də ağır vergi yükü ilə yüklənməyib, çox güzəştli və normal vergi şəraiti mövcuddur. Bununla belə, gələcəkdə bu məsələyə baxıla bilər”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, onlar hələ bir müddət öncə turizmlə bağlı təkliflər paketi hazırlayaraq müvafiq orqanlara təqdim ediblər. Təkliflər paketində məhz turizm sektoruna vergi güzəştləri də əksini tapıb: “Sənəddə Azərbaycan turizminin indiki səviyyəsi qiymətləndirilib. Söhbət turizmin inkişafına kompleks yanaşmadan gedir və bir sıra təkliflərimiz əksini tapıb. Biz
Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, Azərbaycanın turizm sektoruna vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Məsələn, Rumıniyada əlavə dəyər vergisi (ƏDV) 16 faizdir. Amma turizm şirkətləri bu vergini 50 faiz güzəştlə, yəni 7 faiz ödəyir. Qonşu Gürcüstanda isə turizmlə məşğul olan şirkətlər 15 illik müddətinə ƏDV-dən azad edilib. Azərbaycanda da buna ehtiyac var. Çünki vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır. Bundan başqa, turizm sektorunda elektron hökumət sisteminin elementlərinin tətbiqini təklif edirik. Yəni “on-line” qaydada sifariş imkanları olmalıdır. Nəzərə almaq lazımdır ki, xaricdə olan turistlərin əksəriyyəti məhz internet vasitəsilə hotellər, onların xidmətləri və qiymətləri barədə məlumat əldə edir. Təəssüf ki, Azərbaycanda elektron turizm yox səviyyəsindədir və turistlərin mehmanxanalar barədə məlumat almaq, seçim etmək imkanları yoxdur. Biz, həmçinin elektron turizm xidməti göstərən şirkətlərin ƏDV-dən azad edilməsini təklif edirik. Başqa ölkələrdə belə bir təcrübə var”.
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov turizmin inkişafının əsas prioritetlərdən olduğunu qeyd etməklə yanaşı, bu məsələdə yalnız bazarın öz qanunauyğunluqlarına buraxılarsa arzuolunan sürətli inkişafa nail olmağın qeyri-mümkün olduğunu bildirdi. Onun sözlərinə görə, ölkə gündən-günə inkişaf edir, keçirilən beynəlxalq tədbirlərin sayı artır: “Bildiyiniz kimi, 2015-ci il Avropa yay olimpiya oyunları Azərbaycanda keçiriləcək, 2020-ci il Avropa çempionatına iddialıyıq. Bunlar çox böyük tədbirlərdir ki, çox sayda insanların gəlişi gözlənilir. Ona görə də turizm sahəsində inkişaf da bu böyük hədəflərə uyğun aparılmalıdır. Bu hədəflərə çatmaq üçün də hökumətin təşviq siyasəti çox vacibdir. Bilirsiniz ki, bu istiqamətdə də böyük addımlar atılıb. Hökumət turizm sahəsinin inkişafına ciddi dəstək verir. Lakin bir sıra iqtisadi alətlərdən də istifadə oluna bilər ki, inkişaf daha da kütləvi xarakter alsın, turizm potensialı olan bütün regionlarda müxtəlif ulduz dərəcələrinə malik olan yerləşdirmə yerləri, ictimai-iaşə obyektləri açılsın. Buna ciddi ehiyac var. Ölkədə turizm qiymətlərinin baha olmasının əsas səbəblərindən biri yerləşdirmə yerlərinin lazımı sayda olmamasıdır. Cəmi 31-32 min yataq yeri var. Bu, dünyada tanınmış turizm qəsəbələrində olan yataq yerindən də azdır. Bu gün Azərbaycana bir həftə ərzində 50 min turist gəlsə, bunun 20 minə yaxını standartlara uyğun, ulduz almış oteldə deyil, şəxsi evlərdə, kirayələrdə qalmalı olacaq. Bu isə bizim hədəflərimizə uyğun deyil”.
Prorektorun sözlərinə görə, turizmin inkişafına dəstək məqsədilə istifadə oluna biləcək iqtisadi alətlər rəngarəngdir: “Dövlət təmənnasız torpaq sahəsi verə bilər, vergi güzəştləri oluna bilər, ölkəyə turizm sahəsində mütəxəssislərin cəlb olunmasında güzəştlər tətbiq oluna bilər, yeni turizm obyektləri üçün xaricdən gətirilən avadanlıqlara tətbiq olunan aksiz dərəcələrində güzəştlər ola bilər. Bundan başqa, potensialı olan regionlarımız var ki, onlara az investisiya yatırılır. Həmin regionlarda turizmlə məşğul olan sahibkarlara vergi güzəştləri edilə, hətta bir neçə illik gəlir vergisindən azad oluna bilərlər”.
Yeni “Turizm haqqında” qanun layihəsinin yaxınlarda parlamentdə müzakirə olunacağını deyən E.Aslanov bildirdi ki, 1999-cu ildə qəbul edilən eyni adda qanun müasir Azərbaycan turizminin inkişaf tələblərinə cavab vermək üçün dəyişdirilib və yeni qanun layihəsi Ümumdünya Turizm Təşkilatının rəyini alıb: “Payız sessiyasında Milli Məclis bu layihəni müzakirəyə çıxaracaq. Orada da çox ciddi iqtisadi vasitələr müəyyən edilib ki, ölkəmizdə turizm bazarının genişlənməsi, inkişafı üçün tətbiq edilsin. Konkret vergi güzəştləri haqda danışmalı olsaq, məncə, bununla əsasən yeni başlayan turizm şirkəti və ya müəssisəsi, xüsusilə aşağı ulduzlu otellər təşviq olunmalıdır. Bu zaman kənd rayonlarımızda yeni turizm müəssisələri tikənlərə dövlət torpaqları hesabına müəyyən müddətə təmənnasız torpaq ayrıla bilər. Həmçinin, onlar müəyyən müddət gəlir vergisi ödəməkdən azad edilə bilər. Bunlar turizm sahəsində daha ciddi inkişafa nail olmaq üçün vacib amillərdir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər