• cümə axşamı, 28 mart, 23:50
  • Baku Bakı 13°C

Turizm sahəsində kadr potensialının, qazanılmış təcrübənin qorunması

01.07.20 16:18 3770
Turizm sahəsində kadr potensialının, qazanılmış təcrübənin qorunması
"Videokonfrans bir daha göstərdi ki, ölkə başçısı turizm sahəsini diqqətdə saxlayır və turizmçilərin yanındadır”

"Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Pandemiya dövründə turist axını təbii olaraq, çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq”. İyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans zamanı səslənən bu fikirlər bütün dünyanı cənginə alan pandemiyanın turizm sahəsinə gətirdiyi zərər, bundan sonra bu sahədə görüləcək işlər və s. məsələlərə həsr olunub. 2-3 aydır ki, bütün dünya sərhədlərinin bağlı olduğu qeyd edilib. Belə ki, 150-yə yaxın ölkənin sərhədləri hələ də açılmayıb: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub, nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmamışdı. İndi biz heç vaxt görmədiyimiz böhran içindəyik. Bu günə qədər ümumi itkilərin həcmi təqribən 1 trilyon 500 milyon dollara bərabərdir”- deyə bildirilib.

Ölkəmizə olan marağın göstəricisi

Ölkəmizin başçısı pandemiya dövründə dünya ölkələrinin çoxu kimi, Azərbaycanın da öz sərhədlərini bağladığını qeyd edib. Belə ki, indiyə qədər bağlı olan sərhədlərimiz yalnız ölkəmizə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Dövlət başçısı bunu ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatları ilə əlaqədar olduğu üçün həyata keçirildiyini bildirib: "Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq, hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir”. Prezident İlham Əliyev pandemiyadan öncə Azərbaycanın turizmində xeyli irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb. Belə ki, son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunub. Keçən il qeydə alınan rekord göstərici - 3 milyondan çox əcnəbi vətəndaşın Azərbaycana səfər etməsi ölkəmizə olan marağın nəticəsidir. Belə ki, faiz nisbəti ilə turist axını təqribən 15 faiz artıb: "Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”, - deyə Prezident qeyd edib. Ölkə başçısı vurğulayıb ki, bütün bunları nəzərə alaraq, biz bu sahəni itirə bilmərik. Bu baxımdan, dövlət turizm sahəsində kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıdır: "Buna görə dövlət bu sahəni dəstəkləyəcək”.
Ölkə başçısı qeyd edib ki, pandemiyanın turizm sektoruna gətirdiyi zərərə baxmayaraq, dövlət bu sektoru diqqətdən kənar saxlamayıb. Azərbaycanda turizm sahəsində sahibkarların kadr potensialını qoruyub saxlaması və işçilərin tələbatını təmin etmək üçün turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsi dövlət tərəfindən ödənilir: "Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə, mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Potensialı artırmaq çox çətin və məsul məsələdir. Azərbaycanda biz bu istiqamətdə çox fəal irəliləmişik. Əvvəlcə infrastruktur layihələrindən, ölkəmizin təqdimatı ilə bağlı layihələrdən, sərgilərdə iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən başladıq”.

Sərmayə qoyuluşu davam edəcək

Prezident qeyd edib ki, Azərbaycanda turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur. Xüsusən pandemiya dövründə daxili turizmə böyük diqqət yetirilib ki, bu da turizm infrastrukturunda yaranmış boşluğu doldura bilər: "Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının, hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz”. Ölkə başçısı qeyd edib ki, bu işlərin həyata keçirilməsi üçün yalnız məqsədyönlü iş və potensialın artırılması, o cümlədən ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Və bütün bunlar gündəlikdə olan məsələlərdir: "Biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcək və əlaqələrimizi davam etdirəcəyik”.
Ölkəmizin pandemiyadan əvvəl turizm sektorunda əldə etdiyi nailiyyətlər, pandemiya dövründə bu sahəyə diqqət və qayğısı, o cümlədən postpandemiya dövründə bu sahənin inkişafı ilə bağlı planlaşdırdığı işlər Azərbaycanın dünya turizmində layiqli yer tutmasını qaçılmaz edir. Təsadüfi deyil ki, ÜTT Baş katibi Zurab Pololikaşvili də Azərbaycanın son illərdə nail olduğu rəqəmlərə mümkün qədər tezliklə qayıtması üçün istifadə edilə biləcək bütün yaxşı nümunələri fəal şəkildə yayacaqlarını bildirib: "Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq”.

Turizmin inkişafına ümid işığı
Dövlət Turizm Agentliyi, o cümlədən turizmçilər dövlət başçısının videokonfransda səsləndirdiyi fikirləri ölkə turizminin gələcək inkişafına diqqət və qayğı kimi dəyərləndirirlər. Pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən birinin də turizm sahəsi olduğunu bildirən Dövlət Turizm Agentliyi hazırda dünya turizminin faktiki olaraq sıfır nöqtədə olduğunu, bu sahədə müşahidə edilən böhranın qlobal xarakter daşıdığını qeyd edir: "Belə ki, ölkəmizə səfər edən əcnəbi vətəndaşların cari ilin may ayı üzrə statistik göstəricilərini 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə 90 faiz azalmanın müşahidə olunduğunu görə bilərik”. Agentlik qeyd edir ki, ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turizmin payı 2,6 faizdən 1,7 faizə düşüb: "Ümumiyyətlə, turizm sahəsinin iqtisadiyyatın digər sahələrindən fərqli xüsusiyyəti bundan ibarətdir ki, dünyanın üzləşdiyi məlum problem səbəbindən bu sahədəki vəziyyəti yaxşıya doğru dəyişmək qısa zaman kəsiyində mümkün olmayacaq”. Turizm Agentliyi hesab edir ki, bütün bunları nəzərə alaraq turizmin bərpası dörd mərhələdən - hazırlıq, daxili turizmin bərpası, bir sıra ölkələrlə sərhədlərin açılması və bütün dünya ilə sərhədlərin açılması mərhələlərindən keçəcək. Həmçinin turizmin bərpası üçün ölkələri ziyarət edəcək insanların psixoloji durumu əsas götürülməlidir: "Burada əsas kriteriya o olmalıdır ki, insanların sağlamlığının qorunması əsas şərt kimi qəbul edilsin. Yəni insanlar yeni şərtlərə adaptasiya olunmalıdırlar”.
Ölkəmizdə turizm sahəsinin inkişafının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısında olduğunu qeyd edən Turizm Agentliyi qeyd edir ki, bu sahə neft və qaz sənayesindən sonra ölkə iqtisadiyyatına ən çox gəlir gətirən ikinci sahədir. Belə ki, turizm həm biznesdir, həm də ölkənin tanıdılmasıdır: "Hazırda turizmə dəstək olacaq təkliflər ondan ibarətdir ki, bundan əvvəlki kimi bu sahəyə dəstək davamlı olsun. Bu gün ümumi iqtisadiyyat subyektlərinə edilən yardım çərçivəsində turizmə və bu sahədə çalışan insanlara da yardım göstərilib. Bu yardımın məbləği təxminən 7 milyon 800 min manata yaxındır. Bunun 7 milyon 200 mini maaşların ödənilməsi üçün sərf edilib. Qalan məbləğ isə ötən il ödənilən vergilərin bir qisminin qaytarılmasını ehtiva edir”. Agentlik bildirir ki, Prezident İlham Əliyev bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü zamanı davamlı olaraq turizm sahəsinin ən çox ziyana uğramış sahələrdən biri olduğunu qeyd edir: " Dövlətimizin başçısı Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşü zamanı da turizm sahəsinə davamlı yardımın edilməsinin vacibliyini qeyd edib”.
Dövlət Turizm Agentliyi öz növbəsində bütün turizm sənayesi subyektlərinə iş yerlərini qorumaları üçün müraciət edib: "Turizm sahəsində insan resurslarından daha çox şey asılıdır. Burada itirilən insan potensialını bərpa etmək sonradan çətinliklər yarada bilər. İndiki mərhələdə əsas məsələ iş yerlərinin itirilməməsi məsələsidir. Bu istiqamətdə də təkliflər hazırlanır və müzakirə edilir”.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev bildirdi ki, ölkə başçısı son 10 il ərzində turizm sahəsini prioritet sahə elan edib və öz diqqətində saxlayır. Bu istiqamətdə də çox böyük işlər görüb. 2016-cı ildən başlayaraq fərmanlar, strateji yol xəritələrinin təsdiqi və s. sərəncamlar turizmin Azərbaycan iqtisadiyyatı üçün ən əhəmiyyətli sahə olduğunu təsdiqləyib: "Videokonfrans bir daha ölkə başçısının turizm sahəsini diqqətdə saxladığını, daim turizmçilərin yanında olduğunu göstərdi. Prezidentin bu sahənin inkişafı ilə bağlı imzaladığı digər sənədlər - kompensasiyalar, kreditləşmə, təşviq siyasətinin həyata keçirilməsi və s. sərəncamlar turizmin inkişafı məsələsinin gündəmdə olduğunun göstəricisidir. İnanırıq ki, postpandemiya dövründə yeni bir mərhələnin başlanğıcı olacaq. SAHMAN standartlarının tətbiq olunması, Azərbaycan turizm bazarının daha rəqabətə davamlı olması üçün təhlükəsizlik dəhlizlərinin yaradılması, daxili turizmin şaxəli inkişafı – sağlamlıq, aqro və ekoturzim imkanlarının dəyərləndirilməsi çox vacibdir. Bu videokonfransdakı fikirləri proqram xarakterli qəbul edirik və Prezidentin verdiyi tezislərdə də turizm sahəsi üçün ümid işığı yandı”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər