• cümə axşamı, 25 aprel, 02:03
  • Baku Bakı 19°C

Turizm qeyri-neft sektorunun əsas sahələrindən biridir

24.01.14 09:24 1811
Turizm qeyri-neft sektorunun əsas sahələrindən biridir
Azərbaycan növbəti illər üçün iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirib. Qeyri-neft sektoru əsas prioritet olacaq. Bunu ölkə prezidenti də bəyan edib. Artıq qeyri-neft sektorunun əsas prioritet sahəsi olan kənd təsərrüfatı ilə bağlı prezident sərəncamı imzalanıb. Qeyd edək ki, bu barədə ötən saylarımızda yazmışıq. Ölkə iqtisadiyyatında mühüm yer tutan turizm də qeyri-neft sektorunun vacib sahələrindəndir.
Turizmin inkişafı ilə bağlı son illər xeyli işlər görülüb, proqramlar reallaşdırılıb. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verirlər. Lakin rəqəmlər və müşahidələr göstərir ki, hələ görüləsi işlər çoxdur. Bunu nəzərə alaraq yeni standartlar qəbul olunur, qaydalar müəyyənləşdirilir, yeni layihələr hazırlanır. Turizm müəssisələrindən insanları narazı salan məqamlardan biri də xidmətin səviyyəsidir. Yanvarın 15-dən etibarən qüvvəyə minən “Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər” üzrə Dövlət Standartı məhz bu məsələni tənzimləyir. Sənəd “Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri” Texniki Komitəsi tərəfindən hazırlanıb və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib. Dövlət Standartının əsas məqsədləri mehmanxanalara və mehmanxana tipli obyektlərdə turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, burada çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir. Sənəddə göstərilən meyarlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinqlərin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, bu standartlar lisenziya qaydalarında da müəyyən dəyişiklik etməyə imkan verir: “Nazirlik lisenziya qaydalarını dəyişdirməyi nəzərdə tutur. Bu dəyişikliklərdən biri də ondan ibarətdir ki, lisenziya almaq üçün müraciət edən yerləşdirmə obyektlərinin bu standartlara uyğun gəlib-gəlməməsi məsələsi yoxlanılsın. Yalnız obyekt standartlara cavab verdiyi təqdirdə, lisenziya verilməsi məsələsinə baxılacaq”.
Diqqət qərb bölgəsinə və Naxçıvana

Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə Azərbaycanın ənənəvi turizm bölgələrindən daha çox indiyədək o qədər kütləvilik olmayan bölgələrimizi tanıtmaq, dirçəltmək bu sahədə reallaşdırılması vacib olan digər bir məsələdir. Məsələn, qərb bölgəsi ölkənin ən böyük və uzun turistik zonasıdır. Bu əraziyə qərb maşrutuna daxil olan Hacıqabul, Kürdəmir, Yevlax, Tərtər, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax aiddir. Coğrafi cəhətdən fərqli olmaqla bərabər, qərb nəqliyyat yolu üzərində olan bölgə fərqli turizm növlərini təklif etmə xüsusiyyətinə malikdir. Gürcüstan sərhədinə qədər uzanan bu zonanın əsas xüsusiyyətlərindən biri transsərhəd əməkdaşlığına münasib olmasıdır. Bölgənin zəngin tarixi, mədəniyyət və təbiət abidələri var. Şirvan bölgəsində xalçaçılıq (əl xalçaları toxumaq ənənəsi ilə) diqqət cəlb edir. Bölgənin flora və faunası da rəngarəngdir. Zonada çoxlu sayda qorunan ərazilər (milli park, qoruq və yasaqlıq) var. Bakı-Qazax yolu boyunca çoxlu sayda restoranlar, yeməkxanalar və motellər diqqət cəlb edir. Xüsusilə Naftalanda müalicəvi turizm potensialı mövcuddur. Buradakı sanatoriyaya ildə çoxlu yerli və xarici turist gəlir.
Gəncə şəhəri bölgənin əsas mərkəzi olmaqla xüsusi diqqət cəlb edir. Buraya hər gün hava, dəmir və şosse yolu ilə nəqliyyat işləyir. Gəncə müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir. Hazırda Gəncənin yaxınlığında Hacıkənd kurort zonası və məşhur Göygöl yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir. “Göygöl” dövlət qoruğu Azərbaycanda ilk qoruq olub və hal-hazırda milli park statusundadır.
Bölgənin çatışmazlığı digərlərindən fərqlənmir. İlk diqqəti cəlb edən cəhət xidmət keyfiyyətinin lazımi səviyyədə olmaması, yerləşdirmə yerlərinin yetərincə və bütün sosial təbəqələrə xidmət etməməsidir. Baxmayaraq ki, nəqliyyat yolları üzrə çoxlu sayda restoranlar var, onların əksəriyyətinin gigiyenik səviyyəsi, xidmət keyfiyyəti və müştəri ilə işləmə üsulu dünya standartlarına uyğun deyil.
Bundan əlavə, Naxçıvan turizm bölgəsi də eyni potensiala malik zona hesab edilir. Eyni adlı marşrutun üzərində yerləşməklə Azərbaycanın cənub-qərbində, Araz çayının şimalında Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşir. Ermənistanın apardığı işğal siyasəti nəticəsində blokada şəraitində yaşayan bu turizm zonası zəngin flora və faunası ilə yanaşı, qeyd etdiyimiz kimi, nadir tarixi, mədəniyyət və təbiət abidələri ilə diqqətə layiqdir. Bölgəyə hər il İran və Türkiyədən çoxlu sayda biznes turizm nümayəndələri gəlir. Son on ildə bölgədə yerləşdirmə sahəsində irəliləyiş əldə edilib. Amma digər bölgələrdəki kimi, keyfiyyətli xidmət çatışmazlığı var. Ən böyük problem isə blokada səbəbindən ölkənin digər bölgələri ilə yalnız hava əlaqəsinin olmasıdır. “Üzən adaları” olan dünya gözəli Batabat gölü turistlərin diqqətini cəlb edən ciddi məkandır. Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalıb.
Bütün bunları nəzərə alaraq mütəxəssislər qərb bölgəsinə və Naxçıvana xüsusi diqqətin olmasını vacib hesab edirlər.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər