• cümə axşamı, 28 mart, 22:27
  • Baku Bakı 13°C

Turizm - mənim gələcək peşəm

08.07.17 12:00 4653
Turizm - mənim gələcək peşəm
Turizm sektoru dünyada ən sürətlə inkişaf edən və perspektivli sahələrdən hesab olunur. Bu isə turizmi özünə peşə seçən insanın heç vaxt və heç yerdə «uduzmayacağı» deməkdir. Azərbaycanda da turizm neft sektorundan sonra əsas prioritet sahələrdən hesab olunur.Belə ki, son illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulan məqsədlərin reallaşdırılması nəticəsində ilk peşə-ixtisas təhsilinin rolu artıb. Əgər əvvəllər bu biznesə təsadüfi adamlar gəlirdisə, indi turizm sənayesinə bütün dünyada, həmçinin bizdə də peşəkar kadrlar tələb olunur.
Peşəkar kadrların yetişdirilməsi üçün prezident İlham Əliyev 2006-ci ildə Azərbaycan Turizm İnstitutu, sonradan isə onun bazasında Turizm və Menecment Universitetinin (ATMU) yaradılması haqqında sərəncam, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman və digər mühüm sənədlər, o cümlədən 2016-cı ilin dekabr ayında «Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi»nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənəddə peşə təhsilinin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ölkədə turizm sahəsində təhsilin formalaşdırılması, peşə məktəblərinin açılması məsələsinə dair səsləndirdiyi fikirlər də bu sahədəki problemlərdən qaynaqlanır: "Turizm təhsili inkişaf etdirilməlidir. Bu sahədə problemlər mövcuddur”.
İstirahətinizi kim maraqlı edəcək?
Bu sahədə ilk və ən vacib məsələ qonaqpərvərliyi öyrənməkdir. Sonra isə ixtisasa uyğun - gələcək xadimələrin təmizlik işlərinə nədən başlamağı, yatağı necə səliqəyə salmagı, gələcək administratorun ideal təmiz yığışdırılmış nömrənin necə olmalı olduğunu, barmenin hansı içkini hansı ilə qarışdırmaq və hansi bokalda təqdim etməyi, ofisiantın necə qulluq etməyi və s. öyrənməsi vacibdir. Bu arada, həmcinin qonaqların yerləşdirilməsi (mehmanxana, motel, otel, pansionat, sanatoriya və s.) və onların qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar və s.) xidmətlər, turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri (qatar, dəniz və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və s.) və hərəkəti, habelə qonağın mənəvi tələbatlarının ödənilməsi (teatr, kino, konsert zalları, muzey, sərgi, rəsm qalereyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər təəssürat baxımından cox önəmlidir.
Tanışlıq, qohumluq prinsipinə əsaslananda
Təəssüf ki, Azərbaycanda hələ ki turizm sektoru üzrə yerli kadrların fəaliyyəti ürəkacan deyil. Turizm kimi inkişaf etməkdə olan sahəyə əmək resurslarının cəlb olunmasına və şəraitin yaradılmasına baxmayaraq, bu sahədə hələ də problemlər mövcuddur. Turizmin inkişafına hələ də mane olan səbəblərdən biri ele kadr çatışmazlığıdır ki, onun da «sayəsində» xidmət səviyyəsi qeyri-qənaətbəxşdir. Belə ki, 5 ulduzlu oteldə əgər turizm xidməti sahəsində bosluqlar mövcuddursa (nömrədə yataq dəstinin və ya hamam əşyalarının cirkli olması, axsam saat 11-dən sonra maraqlı vaxt keçirmək ücün nəinki animator, adi əyləncənin belə tapılmaması, ad günü qeyd etmək üçün ofisiant və ya administratorun tort üzərinə qoymağa bir şam belə tapıb təşkil edə bilməməsi və s.), qiymətləri hec də ucuz olmayan istirahət mərkəzlərində ümümi xidmət orta səviyyədən aşagıdırsa (elə bu səbəbdən əksəriyyət həmin pula Gürcüstan, Rusiya, Ukraynaya gedib rahat dincəlməyə üstünlük verir), onda qalan digər məkanların xidmət səviyyəsindən və bunun sayəsində aztəminatlı insanların animator kimi peşənin varlıgından xəbərsiz olduğu barədə danışmaga gərək yoxdur.
Turizm təhsilinin cəmi 11 yaşı olduğunu deyən Azərbaycan Turizm və Menecment Universitetininrektor əvəzi Eldar Aslanov əvvəlki dövrdə ölkədə nə turizm üzrə ixtisasın olduğunu, nə də böyük peşəkar kadr hazırlığı aparıldığını deyir. Hazırda isə 10 ali məktəbdə 6 turizm ixtisası üzrə kadrlar hazırlanır. Əsas iş isə Azərbaycan Turizm və Menecment Universitetinin və onun Bakı Turizm Peşə Məktəbinin üzərinə düşür: "Bugünədək universitet məzunlarımızın sayı 2 mini kecib. Onların bir qismi təhsilini davam etdirir, digərləri basqa sahədə işləyir, amma böyük qismi turizm sektorunda çalışır. İnsaf naminə demək lazımdır ki, son 10 ildə məhz aparılan işlər sayəsində turizm sektorunda xidmət keyfiyyətinin artımı müşahidə olunur. Amma mövcud vəziyyət məni də bir vətəndaş kimi qane etmir. Mən də düşünürəm ki, bundan qat-qat yaxsı ola bilər. Bu məqsədlə müəyyən işlər planlaşdırılır”.
E.Aslanovun dediyinə görə, bu ilin sentyabr ayında Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyətə başlayacaq. Bu, "Şahdağ Resort” oteli ilə birgə Azərbaycan Turizm və Menecment Universitetinin növbəti peşə məktəbi olacaq: "Buraya məhz o zonadakı yeniyetmələr cəlb olunacaq, peşə təhsili təşkil ediləcək. Növbəti illərdə Masallı, Şəmkir, İsmayıllı, Şamaxı, Zaqatala istiqaməti üzrə regional peşə məktəblərinin acılması planlaşdırılır ki, bu da yüksək personalın hazırlanmasına töhfə olacaq”. E.Aslanov hesab edir ki, bu işi yalnız universitetin və dövlətin büdcə vəsaitlərinin üzərinə atmaq olmaz. Burda özəl sektor da maraqlı olmalıdır: "Dünyanın əksər inkişaf etmiş turizm ölkələrinə baxsaq, orada özəl sektor, otellər, ayrı-ayrı turizm agentlikləri müxtəlif təlimləri, bir sıra universitetlərlə birgə proqramları dəstəkləməklə bu təhsil prosesinə öz töhfələrini verirlər. Məsələn, bir şirkət ali məktəbə və ya peşə məktəbinə bir cıxarış verir ki, mənə növbəti ilə 5 bələdçi və ya 2 aşbaz hazırlayın, onun təhsil haqqını mən ödəyəcəyəm. Və ya bəzi şirkətlər öz işçilərinin təcrübələrinin artırılması üçün yerli və xarici mütəxəssisləri dəvət etməklə öz daxili korporativ təlimlərini kecirirlər. Amma bu gün Azərbaycanda təəssüf ki, barmaqla sayılacaq qədər turizm şirkəti var ki, bu işi görür. Adətən 5 ulduzlu otellər bu işi görür – daxili korporativ və ya universitetlə birgə təlimlərini verirlər. Paşa Travel şirkətinin bələdçi hazırlığı ilə bağlı müsbət işini qeyd etmək lazımdır. Universitetlə müqavilə əsasında Paşa Travel 20 nəfəri secdi, göndərdi, özü prosesə nəzarət etdi, onların təhsil haqlarını ödədi. Bu yaxınlarda onlar attestasiya olundu, əksəriyyəti də kecdi. Attestasiyadan kecməyənlər isə sentyabr ayında təkrarən sınanacaqlar. Yaxşı olardı ki, bütün şirkətlər bu tip yanaşma ilə öz əməkdaşlarının peşə bacarıqlarını artırsınlar. Təbii ki, universitet olaraq biz öz işimizi davam etdirəciyik, sektor üçün peşə təhsili formasında tələbə və şagirdlər hazırlayacağıq. Amma bizim hər il 300-350 məzunumuzla bu sektorda işləyənlərin tam bilik və bacarıqlarını o səviyyəyə qaldırmaq mümkün olmayacaq. Buna görə, sənaye özü öz işçilərinin peşəkarlığının artırılmasında maraqlı olmalıdır. O mənada ki, məhz ixtisaslı işciləri işə qəbul etsinlər. Amma vəziyyət fərqlidir: ixtisaslı işçilər ola-ola, tanışlıq, qohumluq prinsipinə əsaslanaraq qeyri-peşəkarları işə götürürlər. Həmin ixtisas üzrə təcrübəsi olan kadrları işə götürməmək ücün müxtəlif bəhanələr gətirirlər. Nəticə etibarilə isə gündəmdə turistlərin məmnunluğu məsələsi durur ki, bu da ümummilli məsələdir».
Keyfiyyət göstəricilərinə üstünlük verilməlidir
Azərbaycanda turizm sahəsində peşəkar kadrların yetişdirilməsi üçün xarici ölkələrdən universitetə təcrübəli mütəxəsssilər dəvət edilməsinə, eləcə də bu sahə üzrə oxuyan tələbələrin xarici ölkələrə - əsasən, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstana təcrübəyə göndərilməsinə baxmayaraq, bu sahə lazımi qədər inkişaf etməyib. Bununla belə, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, vəziyyət keçən illərlə müqayisədə xeyli yaxşılaşıb: «Çünki əvvəllər Azərbaycanda turizm peşə təhsilinə o qədər də diqqət yetirilmirdi. Son illər nəinki Bakıda, eləcə də Qəbələdə, İsmayıllıda, Mingəçevirdə turizm kollecləri fəaliyyət göstərir. Eyni zamanda, Qusarda, Şəkidə turizm üzrə peşə məktəblərində dərslər keçirilir. Lakin indi biz kəmiyyət deyil, keyfiyyət göstəricilərinə üstünlük verməliyik. Sual yaranır ki, «turizm peşə məktəblərində hazırlanan kadrlar müasir tələblərə cavab verir, ya yox? Əlbəttə, diqqətlə müşahidə etsək, görərik ki, istədiyimiz səviyyədə cavab vermir. Bunun üçün ilk növbədə peşə məktəblərinin proqramlarına bir daha baxılmalı, xüsusən təcrübələrə diqqət yetirilməlidir”.
Ekspertin fikrincə, turizm üzrə peşə məktəbində xarici dil bilikləri də tədris olunmalıdır. Çünki turizm elə sahədir ki, dil bilmədən ünsiyyət qurmaq qeyri-mümkündür: "İlk növbədə xarici dil kursları proqramları hazırlanmalıdır ki, burada oxuyan uşaqlar heç olmasa müəyyən səviyyədə danışıq qabiliyyətinə malik olsunlar. Buradakı şagirdlər əgər otelcilik, turizm agenti, turoperator üzrə oxuyurlarsa, mütləq şəkildə turizm şirkətlərində, otellərdə təcrübə mübadilləsində iştirak etməli və bu, formal xarakter daşımamalıdır”. Ekspertin sözlərinə görə, otelçilik üzrə qeydiyyatçı, inzibatçı, aşbaz, ofisiant, barmen və s. hazırlayan pesə məktəbinin müvafiq şəraiti yoxdursa, onların təcrübəsi üçün müəyyən otellər ayrılmalıdır: "Xaricdə belə bir təcrübə var – «Treninq otellər». Misal üçün, Türkiyənin Kəmər şəhərində mövcud olan otelə həm müştəri qəbulu var, həm də tələbə və şagirdlər üçün təcrübə mübadiləsi keçirilir. Həmin "treninq otel”dən hal-hazırda Azərbaycanda yoxdur və düşünürəm ki, olsa müsbət irəliləyiş olardı. Biz isə hazırda nəzəri biliklərə yiyələnməyə çalışırıq. Amma indiki müasır zamanda nəzəri bilik o qədər də önəmli deyil. Nəzəri biliklərə az, təcrübəyə isə çox vaxt ayrılmalıdır”.
İsveçrə, Almaniya və digər ölkələrin təcrübəsindən danışan M.Ağakərimov həmin ölkələrdə təcrübi biliklərə ayrılan saatların nəzəriyyədən üç dəfə çox olduğunu bildirir. Yəni, bizim bu sahədəki təhsil proqramlarımıza yenidən baxılmalıdır: "Eyni zamanda, əgər məktəb turoperator, tur agenti buraxırsa, "Amadeus” sistemini orada öyrətməlidir. Axı tələbə, şagird məktəbi bitirib, əlində diplomla işə düzəlməyə gedərkən, sahibkar "sən "Amadeus”, "Tridleo”, "Otra” sistemini bilirsən?” – deyə soruşduqda, «yox» deyəcək. «3 səviyyəsində xarici dil bilirsən?» – sualına yenə «yox» cavabı... Bu halda onu necə işə götürsünlər? Bunun ücün mütləq otel, müəssisə ilə təhsil ocaqları arasında müqavilə imzalanmalıdır. Bunların sıx anlaşması, mübadiləsi, iş birliyi olmalıdır. Otellər, iri müəssisələr həmin turizm peşə məktəblərinə müəyyən köməklik də edə bilər, çünki turizm peşə məktəblərinin imkanları məhduddur”.
Görundüyü kimi, turizm peşəsi üzrə kadrlara böyük önəm verilir və bu sahənin inkişafı üçün işlər aparılır. Xüsusən ölkəmizin turizm məkanı kimi hədəf seçildiyi bir vaxtda buna daha çox ehtiyac var. Lakin ümümi vəziyyət - iş bir komanda şəklində görüləndə dəyişəcək.
İlhamə Rəşidova
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
banner

Oxşar Xəbərlər