• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

Turistlərin marağı əmlak bazarına təsir edəcək səviyyədə deyil

23.05.17 13:00 1247
Turistlərin marağı əmlak bazarına təsir edəcək səviyyədə deyil
Turizmin inkişafı və turistlərin Bakıya axını bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da öz təsirini hiss etdirməyə başlayıb. Belə ki, ölkəmiz getdikcə turistlər üçün daha da cəlbedici olur. Hətta artıq bir çox turistin burada daşınmaz əmlak aldığına dair məlumatlar yayılıb. Bildirilir ki, əsasən mənzil, bağ evləri, kommersiya obyektlərinə maraq göstərən turistlər artıq bazarda müəyyən çəkiyə malikdirlər.
Bəs görəsən bu məlumatlar nə qədər əsaslıdır? Turistlərin bu marağı Azərbaycanda daşınmaz əmlak bazarına necə təsir göstərəcək?
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovdeyir ki, turistlərin daşınmaz əmlak alması barədə məlumatı yoxdur: "Hələ ki turistlərin mənzil alqı-satqısına rast gəlinməyib. Lakin istənilən halda, turistlərin burada mənzil, yaxud digər daşınmaz əmlaka marağının olması çox müsbət məqamdır və bu, bazara da yalnız müsbət təsir göstərə bilər. Amma hələlik bu təsir hiss olunmur. İndiki halda turistlər daha çox kirayə bazarına ciddi təsir göstərir. Belə ki, kirayə bazarında qiymətlər artıq stabilləşməyə doğru gedir. Uzun müddətdir istifadəsiz qalmış evlər tədricən dolur və son zamanlar aktivlik xeyli artıb. Bu baxımdan, turistlərin sayının artması çox vacibdir. Amma yenə də qeyd edim ki, hələlik alqı-satqı bazarında və digər əmlak seqmentlərində, yəni nə yaşayış, nə də qeyri-yaşayış əmlak bazarında bu, hiss olunmur”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da bizimlə söhbətində hələlik alqı-satqı bazarında ciddi canlanmanın müşahidə olunmadığını bildirdi: "Çünki turistlərin Azərbaycandan daşınmaz əmlak alması kütləvi xarakter daşımır. Amma turistlər az da olsa, bazardakı dinamikaya müsbət təsir göstərir. Bütövlükdə götürsək, Azərbaycana gələn turistlərin ümumi mənzil bazarındakı payı 10 faiz həcmində olarsa, bazara əhəmiyyətli təsiri olar və ciddi dinamika formalaşa bilər. Hələlik bu pay 1-2 faiz həcmindədirsə, hesab etmirəm ki, bu, mənzil bazarında qiymət artımına gətirib çıxarsın, yaxud da bazarda ümumi vəziyyətə təsir göstərsin. Hələlik turistlərin Azərbaycana olan marağı iqtisadi baxımdan əhəmiyyətli dəyişiklik yarada biləcək həddə deyil. Düzdür, buradakı daşınmaz əmlakla maraqlanan turistlər var. Elə Azərbaycan vətəndaşları da turist qismində hansısa ölkəyə gedəndə, oradakı mənzil bazarı ilə maraqlanır və bəzən alıcı qismində də çıxış edirlər. Lakin bu, bazara ciddi təsir göstərmir. Ölkəyə gələn turistlər Azərbaycanda bugünkü yaşayış imkanlarını dəyərələndirir və Avropa və MDB ölkələri ilə müqayisə edirlər. Onlar burada olan yaşayış imkanlarının daha sərfəli olduğunu görürlər. Ona görə də Azərbaycana maraq göstərənlərin sayının gələcəkdə daha da artacağı istisna edilmir. Turizm inkişaf etdikcə, bu özünü bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da göstərəcək”.
"Qaya Real Estate Daşınmaz Əmalak” şirkətinin satış direktoru Akif Əliyevdə deyir ki, müəyyən tələbat olsa da, bazara təsir edəcək səviyyədə deyil: "Düzdür, körfəz ölkələrinin turistlərinin ölkəmizdə yaşayış və qeyri-yaşayış obyektlərinə maraq göstərdiyi haqda məlumatı yayılıb. Ancaq hələlik satışın olub-olmamasına dair rəsmi məlumat yoxdur. Müəyyən marağın olması təbii ki, istisna deyil. Turistlərin burada daşınmaz əmlak almaq istəməsi çox müsbət hal kimi qiymətləndirilməlidir. Çünki bu hər şeydən əvvəl ölkəyə xeyli miqdarda valyuta gətirir. Vaxtilə qardaş ölkə Türkiyədə daşınmaz əmlakın alınması ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı. Bunun nəticəsində Türkiyəyə xeyli investisiya qoyuldu. Bizdə də belə bir şeyin olması çox müsbət haldır. Ancaq bazarda alqı-satqı payının hansı həcmdə olması haqda fikir bildirmək üçün hələlik çox tezdir. Qeyri-neft sektorunun inkişafına dair starteji yol xəritələri təsdiq edildikdən sonra Azərbaycan bazarına maraq xeyli artıb. Xüsusilə Abşeron və bəzi kurort bölgələrində bu maraq daha da artdı. Lakin Şərq ölkələrinin turistləri Amerika və Avropa turistlərindən bir qədər fərqlənirlər. Onların bazarı araşdırmaları daha çox zaman alır. Onların burada nəinki pərakəndə əmlak alqı-satqısı, hətta müəyyən böyük layihələrdə də iştirak etmə ehtimalları var. Böyük investorlar Azərbaycanda bəzi layihələr həyata keçirmək istəyirlər. Bu layihələrin həyata keçməsi isə bizim üçün çox faydalıdır. Pərakəndə daşınmaz əmlak alqı-satqısına gəlincə isə, deyə bilərəm ki, müəyyən adamlar buradan özünə mənzil, yaxud kommersiya obyekti ala bilərlər. Amma bu hələ ki bazara təsir göstərəcək qədər deyil”.
Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevdə bildirdi ki, müəyən tələbat var, lakin turistlər daha çox kirayə bazarında aktivlik nümayiş etdirirlər: "Əmlak alqı-satqısında hələlik elə bir ciddi irəliləyiş yoxdur. Çünki bunun üçün çox tezdir. Turistlərin Azərbaycandan daşınmaz əmlak alması üçün bir müddət vaxt lazımdır. Digər tərəfdən götürdükdə isə, turistlər aktiv alıcı hesab olunmur. Turistlər hər il müxtəlif ölkələrə səyahət edirlər. O insanlar daşınmaz əmlak almaqda maraqlıdırlar ki, hər il istirahətə eyni ölkəyə getsinlər. Bizdə isə bu ənənə hələlik formalaşmayıb. Düşünürəm ki, turizmnin inkişafı bu tempdə davam edərsə, gələcəkdə bizdə də belə ənənə yarana bilər. Uzun illər Azərbaycana gələn və buradakı əmlak bazarı ilə tanış olan turistlər buradan mənzil ala bilərlər. Turistlər həm də daşınmaz əmlaka qoyduğu kapitalın batmayacağına əmin olmaq istəyirlər. Bu baxımdan, hələlik əmlak bazarında ciddi canlanma müşahidə olunmur. Kirayə bazarına isə turistlər haradasa təsir edə biliblər. Hələlik tam statistika məlum olmasa da, bazarda tələbatın artdığı açıq-aşkar hiss olunur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər