• cümə, 29 Mart, 10:56
  • Baku Bakı 5°C

Turistlərin hüquqları - Hüquqşünas məsləhəti

29.07.14 09:18 5107
Turistlərin hüquqları - Hüquqşünas məsləhəti
Hazırda yay fəsli olduğundan əksər gənclərimiz ölkə ərazisində və ölkədən kənarda istirahət etmək üçün tez-tez turizm xidmətləri göstərən təşkilatlara müraciət edirlər. Turizm xidmətlərinin göstərilməsi də qanunvericiliklə tənzimlənir. Belə ki, turizm xidmətlərinin göstərilməsi müqavilə əsasında olmalıdır. Turizm xidmətləri göstərən təşkilatla vətəndaş arasında bağlanmış müqaviləyə əsasən turizm xidmətinin təşkilatçısı bu xidmətdən istifadə edən vətəndaşa məcmu halda turist xidmətləri göstərməyi, yəni turistin səfərini təşkil etməyi öhdəsinə götürür, bu xidmətlərdən istifadə edən turist isə təşkilatçıya əvvəlcədən qarşılıqlı razılıqla müəyyənləşdirilmiş məbləği ödəməyə borcludur.
Turizm xidmətlərinin göstərilməsi barədə müqavilədə təşkilatçı səfəri necə təşkil edəcəyini, hansı ərazilərə səfərin təşkil olunacağını və turistin başlanğıc yerinə qaytarılacağını göstərə bilər. Həmçinin turizm xidmətlərinin göstərilməsi yalnız turistin daşınmasından ibarət olmamalıdır. Belə ki turizm xidməti göstərən təşkilat daşıma xidmətlərindən əlavə? qidalanma, mehmanxanada yerləşdirmə və səfər çərçivəsində turistin mədəni tədbirlərdə iştirakını da təmin etməlidir.
Turist səfərlərinin təşkilatçısı səfərin keyfiyyətinə qarantiya verməli və buna görə məsuliyyət daşıyır. Belə ki, təşkilatçı müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun gələn şəraiti yaratmalıdır. Əks halda, dəymiş ziyana görə öz əmlakı ilə turist qarşısında məsuliyyət daşıyır. Belə ki, səyahət müddətində qüsurlar meydana çıxarsa, turist xidmətin təşkilatçısına məlumat verməlidir. Əgər təşkilatçı bu qüsurları dərhal aradan qaldırmazsa, turist xidmətin dəyərinin ağılabatan məbləğdə aşağı salınmasını tələb etmək, və ya meydana çıxmış qüsurlar müqavilə şərtlərində göstərilmiş şəraitə açıq-aşkar uyğun deyilsə və turistin verdiyi vaxt müddətində təşkilatçı qüsuru aradan qaldıra bilməmişsə, yaxud bundan imtina etmişsə, müqavilənin ləğv edilməsini tələb etmək hüququ var. Həmçinin ödənilmiş məbləğin geri qaytarılmasını, dəymiş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər.
Turizm xidmətinin göstərilməsi ilə bağlı müqavilədən səfər başlayanadək turist imtina edə bilər. Bu zaman turist xidmətinin təşkilatçısı həmin səfərin təşkili üçün çəkilmiş xərclərin əvəzi olaraq ağılabatan kompensasiya tələb edə bilər.
banner

Oxşar Xəbərlər