• cümə axşamı, 28 mart, 17:14
  • Baku Bakı 16°C

Turistlərin bölgə seçiminə təsir edən şərtlər

27.07.17 11:30 885
Turistlərin bölgə seçiminə təsir edən şərtlər
Dünyada turizm hər bir ölkə üçün ən dinamik inkişaf edən sahələrdən biri sayılır. Azərbaycanda da turizm sahəsi yeni mərhələyə qədəm qoyub. Son dövrlər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli oyunlar turist axınında əhəmiyyətli rol oynayır. Avropa, Asiya və Afrika ölkələrindən minlərlə turist gəlir. Turist axınının bu qədər genişlənməsi ölkəmiz üçün iqtisadi baxımdan çox vacibdir. Turistlərin bu qədər çox axın etməsi qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərir.
Hazırda Azərbaycana gələnlər arasında ərəb ölkələrindən olan turistlər ilk yeri tutur. Ərəblərin Azərbaycana olan marağı günü-gündən artır. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, sonrakı yerləri Rusiya, İran və Avropa turistləri tutur.
Assosiasiya sədri əlavə edib ki, turistlərin ən çox səfər etdiyi bölgələr Quba, Qəbələ və Şamaxıdır. N.Bağırov hazırda Azərbaycanda hotel yerlərinin dolma göstəricisinin də yüksək olduğunu, adıçəkilən bölgələrdə isə yer çatışmazlığının müşahidə edildiyini açıqlayıb: "Məsələn, bu gün Qəbələdə, Qubada demək olar ki, bütün hotellərdə yerlər tam dolub. Ancaq buna baxmayaraq, yer tapa bilməyən qonaqların bir yerdən digər yerə səfər etməsinə kömək edirik, onları yeni istiqamətlərə - başqa rayonlara göndəririk”.
O, həmçinin qeyd edib ki, hazırda bu problemin aradan qaldırılması üçün adıçəkilən bölgələrdə yeni hotellərin tikintisi istiqamətində işlər aparılır.
Maraqlıdır, niyə Azərbaycanın başqa bölgələrinə turistlər səfər etmir. Axı ölkəmiz sadəcə bu üç - Quba, Qəbələ, Şamaxı rayonlarından ibarət deyil. Başqa dilbər, səfalı guşələrimiz də var. Hər bir bölgəmiz, şəhərimiz öz spesifikliyi, özünəməxsusluğu ilə digərindən seçilir. 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması onun ən böyük üstünlüklərindən biridir. Nəyə görə digər şəhərlərimiz turist cəlb etmək üçün çalışmır?
"Luna Travel” Turizm Agentliyinin direktoru, hüquqşünasRəhman Quliyev deyir ki, əslində bu, turistin öz seçimindən asılıdır: "Turistin seçimi birbaşa olaraq bölgənin infrastrukturundan asılıdır. Bu gün Masallı, Lənkəran zonasına turist axını azdırsa, bunun günahı nə turistdədir, nə də turizm şirkətində. Çünki hazırki vəziyyətdə oradakı hava şəraitini Qubada, Qəbələdə olan hava şəraiti ilə müqayisə etmək düzgün deyil. Orada hava hazırda çox sıxıcıdır. Bir dəfə gedən turist artıq ikinci dəfə ora getmir. Payız aylarında ora gedən turistlər bir qədər çoxalır. Ona görə ki, həmin yerlərin payızı daha gözəl olur”.
Müsahibimiz qeyd edir ki, indi açıq bazardır. İş adamları da otel tikəndə, tələbata uyğun tikirlər: "Bu, dünya praktikasında da belədir. Nümunə olaraq qonşu, qardaş ölkə Türkiyəni göstərə bilərəm. Nə Türkiyənin paytaxtı Ankarada, nə də onun ətraf ərazilərində turistik otellər tikilir. Çünki həmin zonada turistlərin əylənə, gedə biləcəkləri bir yer yoxdur. Bu kimi yerlərdə turistlər üçün çox sayda otel tikilmir, o səbəbdən ki, tələbat yoxdur. Bir növ tələb-təklif məsələsidir. Tutaq ki, İmişlidə otellər tikdik. Orada cəmi bir otel işləyə, ya işləməyə. Bunu görən sahibkar da həmin ərazidə otel tikməyə maraqlı olmur. Çünki görür ki, qoyduğu məbləği götürə bilməyəcək. Yəni bu məsələdə bir az da iqtisadi tərəfləri düşünmək lazımdır. Siz Kürdəmirə, Sabirabada istirahət üçün gedərsiniz? Əlbəttə, yox. Orada yaşayan əhali istirahət üçün başqa yerə gedir. Turist niyə getsin ora? Gələn turist də istəyir ki, istirahət etmək üçün daha rahat, hava şəraiti normal olan yerə getsin”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovisə düşünür ki, digər bölgələrə turist axınını çoxaltmaq üçün nəqliyyatın rolu böyükdür: "Təbii ki, turizm infrastrukturu üç bölgədən ibarət olmalı deyil. Qərb zonası var - Şəmkir, Qazax, Gəncə, bundan başqa, Qarabağ zonası. Bunlar da digər bölgələrimiz kimi münbit şəraitə malikdir. Həmçinin şimal-şərq, şimal-qərb, cənub zonası, daha doğrusu, Şamaxıdan tutmuş Zaqatalayadək, Şabrandan tutmuş Quba, Qusaradək, aşağıda Lənkəran, Masallı, Lerik zonaları şərait baxımından yaxşıdır, əlverişlidir. Siz düzgün vurğuladınız ki, Qəbələyə, Şamaxıya daha çoxdur axın. Amma digər ərazilər də turistlər üçün məşhur olan yerlərdən geri qalan deyil. Tutaq ki, Gəncə, Şəki. Orada da gəzib-görməli, kəşf etməli yerlər çoxdur. Turist axınını artırmaq üçün ilk növbədə nəqliyyat sistemini inkişaf etdirmək lazımdır. Məsələn, sürət qatarları Gəncə, Şəmkir, Qazax zonasına yaxşı işləyərsə, turistlər də oralara gedib çıxa bilər. İndi qatar turizmi də artıq fəaliyyətə başlayıb. Düşünürəm ki, turist axınına bunun da öz təsiri olacaq. Yəni bu bölgələri əlçatan etmək lazımdır. Gələn turistlər üçün maraqlı ekskursiya marşrutları hazırlamaq, onların diqqətini çəkmək lazımdır. Bunu biz etməliyik ki, turistdə maraq yaransın və növbəti dəfə bir də ora getsin. Yəni bu məsələdə biz də maraqlı olmalıyıq. Turistləri bir az da biz yönləndirməliyik. Belə olan təqdirdə, bütün bölgələrə turist səfərləri baş tutacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər