• cümə, 19 Aprel, 23:14
  • Baku Bakı 24°C

Turistlərə olan diqqət, qayğı və hörmət

23.02.17 10:30 1056
Turistlərə olan diqqət, qayğı və hörmət
Bu günlərdə prezident İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasənDövlət Gömrük Komitəsi vəDövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib, bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat verməlidir. Xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etməli, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək, əlaqələndirmə işlərini daha da təkmilləşdirməlidirlər. Ekspertlərdən sərəncamın əhəmiyyəti və turizmin inkişafına hansı faydaları olacağı barədə soruşduq.
"Turizm elə bir sahədir ki, bir yerdə dayanmaq olmaz”
Turizm Assosiasiyasının sədrinin müşaviriMüzəffər Ağakərimov deyir ki, sərəncamın imzalanmasında əsas məqsəd ölkəyə daha çox turist cəlb etməkdir: "Əsas məsələlərdən biri də sadələşdirilmiş viza qaydalarıdır ki, onların bir qismi artıq həyata keçirilib. Digər bir qismi isə yaxın zamanda həyata keçiriləcək. Qeyd edim ki, 80-dən çox dövlətlə bu məsələlər həll olunub. İkinci bir məsələ isə infrastruktur məsələsidir. Hesab edirəm ki, həm Bakı şəhərində, həm də regionlarda bu məsələ öz həllini tapmalıdır. Elə yerlər var ki, oranın da infrastrukturu turizmə yararlı deyil. Həmin ərazilər də mütləq müasir dövrün tələblərinə cavab verməlidir. Bu mərhələdən sonra isə Xəzər dənizinin potensialından tam istifadə edə bilmək üçün bəzi məsələlər öz həlini tapmalıdır. Xüsusən sahil zolağı, Abşeron yarımadası və Nabran-Yalama zonasının infrastrukturu yenilənməldir”.
M.Ağakərimovun sözlərinə görə, sərəncamdan irəli gələn əsas məsələlərdən biri də turizm şəbəkələrinə, hotellərə yeni və əlavə xidmətlər təklif etməkdir: "Yol xəritəsində də shopping festivalların vacibliyi qeyd olunur. Lakin bununla yanaşı digər turizm xidmətlərini təklif etmək, turizm qurumlarının vacib məsələlərindəndir. Turizm elə bir sahədir ki, bir yerdə dayanmaq olmaz. Daim inkişaf etməlisən. Sərəncam onu göstərir ki, Azərbaycana kütləvi turizmin inkişafı üçün bütün şərait yaradılır. Kütləvi turizm inkişaf edərsə, turist axını da təbii olaraq artacaq. Bir neçə il bundan öncə qış turizmi ümumiyyətlə yox idi. İndi isə qəbul edilən qərarlar nəticəsində bu sahədə xeyli irəliləyişlər əldə olunub. Sərəncam isə bu sahənin inkişafı üçün münbit mühit yaratmaq məqsədi daşıyır . Yəni belə demək olarsa, sərəncam turistlərə olan diqqət, qayğı və hörmətin göstəricisidir. Bu baxımdan hesab edirəm ki, sərəncamdan irəli gələn vəzifələri mütləq həyata keçirmək lazımdır”.
"Azərbaycana turist axınında ciddi artım var”
Azərbaycan Turizm və MenecmentUniversitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov əsas məqsədin son nəticədə ölkəyə turist axınını artırmaq olduğunu bildirdi: "Azərbaycan ümumiyyətlə, son bir ildə bu tipli müxtəlif vacib sənədlərə imza atıb. Son sərəncamın əsas mahiyyəti isə viza sadələşdirilməsi ilə bağlıdır. Yəni əvvəllər vizalar hava limanında verilirdisə, indi İran, Rusiya, Gürcüstandan gələcək turistlər üçün artıq hər bir yerdə vizaların verilməsi nəzərdə tutulur. Eyni zamanda, sərəncam asan ödəniş terminalları və asan viza sistemi ilə turistlərin rahat şəkildə Azərbaycana gəlişini təmin edəcək. Giriş-çıxış və qeydiyyatların avtomatlaşmasına və eyni zamanda turistlərin daha rahat hərəkəti təmin olunacaq. Hətta bu sərəncamda vizaların operativ şəkildə verilməsini təmin etmək üçün qanunvericiliyin təkmilləşdirilməsi də nəzərdə tutulub. Görülən tədbirlər turistləri məmnun etmək və turist axınının gücləndirilməsi məqsədi daşıyır”.
Müsahibim bəzi vacib məqamlara da diqqət çəkdi: "Bununla yanaşı, sərəncamda Xəzər sahili ölkələrlə turist səfərlərinin gücləndirilməsi nəzərdə tutulub. Nəzərdə tutulan amil gəmi turlarının təşkilidir. Son iki ildə atılan addımlar və imzalanan sərəncamlar Azərbaycanda ciddi artıma səbəb olub. Məhz bunun nəticəsidir ki, bu il Novruz bayramı ərəfəsində demək olar ki, yerlərin təxminən 90-95 faizi artıq tutulub. Həm İran, həm İslam ölkələrindən, həm də digər region dövlətlərdən Azərbaycana turist axınında ciddi artım var. May ayında İslam Oyunları ərəfəsində də İslam ölkələrindən turist axınının artacağı istisna deyil. Bütün bu addımlar turizmin inkişafına təkan və son nəticədə ölkənin iqtisadi və sosial durumuna öz töhfəsini verəcək”.
"Bütün vacib məsələlər öz həllini tapacaq”
«Luna travell» Turizm Agentliyinin direktoru Rəhman Quliyevin sözlərinə görə, sözügedən sərəncam müəyyən müddət sonra öz bəhrəsini verəcək. R.Quliyev deyir ki, ayrılan yaşıl zolaqlar sürətli keçid xidmətini təmin edəcək: "İndiyə qədər sürətli keçid ödənişli idisə, bundan sonra xarici vətəndaşlar üçün bu, ödənişsiz olacaq. Həmçinin artıq turistlər ləngiməyəcək. Azərbaycan ərazisində təyyarədən enən turist 10 dəqiqə sonra rahat şəkildə qeydiyyatdan keçə biləcək. Ümumilikdə bu sərəncamdan sonra viza problemindən tutmuş bütün vacib məsələlər öz həllini tapacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər