• cümə, 19 Aprel, 18:28
  • Baku Bakı 24°C

Turistlər teatrlarımızdan razı qalıblar

24.05.17 09:30 1696
Turistlər teatrlarımızdan razı qalıblar
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatdı.Mayın 11-dən 22-nə qədər 56 ölkənin iştirakı ilə keçirilən yarışlarda idmançılarımız birincilik əldə etdilər. Bütün müsəlman ölkələri üçün idman bayramı hesab olunan bu 10 gün ərzində mədəniyyət ocaqlarımız da Azərbaycan mədəniyyətini, musiqisini, teatrını təbliğ etmək və ölkəmizdə olan turistləri bilgiləndirmək üçün əllərindən gələni ediblər.

İslamiada bitdikdən sonra mədəniyyət ocaqlarımızdan oyunlar zamanı turistlərin həmin məkanlara olan marağını xəbər aldıq. Araşdırmamız zamanı aydın oldu ki, 10 gün ərzində mədəniyyət ocaqlarımız öncədən tərtib olunmuş repertuara əsasən turistlərə xidmət ediblər.
Heydər Əliyev Sarayının konsert proqramları davam edir
Heydər Əliyev Sarayının mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, İslam Oyunları ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir sıra mədəni proqramlar yüksək səviyyədə təqdim edilib. Yarış günlərində Heydər Əliyev Sarayında qonaqlara və turistlərə İslam mədəniyyəti, Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini nümayiş etdirən müxtəlif tədbirlər və konsert proqramları təşkil olunub.
Mayın 20-də Sarayda obrazları, rəngarəngliyi və ifaları ilə böyük maraqla qarşılanan, qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım” konsert proqramı və "Koroğlu” bir pərdəli baletinin nümayişi baş tutub. Konsert proqramı ölkəmizdə qonaq olan xarici turistlər tərəfindən də maraqla qarşılanıb.
Mayın 21-də Heydər Əliyev Sarayında əməkdar artist, xanəndə Fərqanə Qasımova solo konsert proqramı ilə çıxış edib. Xalq artisti Alim Qasımovun 60 illik yubileyinə həsr olunan "Mənə dünyanı verdin” adlı konsertə bir çox məşhur simalar təşrif buyurmuşdu.

Bundan əlavə, may ayının 12-13-də Sarayda "Ginnesin rekordlar kitabı”na iki dəfə düşmüş, dünyada üç ən böyük rəqs qruplarından biri, 90-dan çox ölkədə ən məşhur səhnələrdə 35 milyona yaxın tamaşaçı qarşısında çıxış etmiş"Anadolu Atəşi”rəqs ansamblı"İpək Yolu” adlı yeni möhtəşəm proqramını təqdim edib.

Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq İslam Oyunlarının başlanması ərəfəsində sarayın mobil tətbiqini istifadəyə verib. Bu layihəni reallaşdırmaqda əsas məqsəd isə turistlərə və yerli tamaşaçılara beynəlxalq standartlara uyğun, yüksək səviyyəli xidmət göstərməkdən ibarətdir. IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini "App Store” və "Google play” mağazalarından yükləyə bilərlər. Bu tətbiq vasitəsilə Heydər Əliyev Sarayı və keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya almaq mümkündür. İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının "Facebook”, "İnstagram”, "Youtube” səhifələrini və sarayın saytını izləmək imkanı da qazanır.
Xarici qonaqlar tamaşaları subtitrlərlə izləyiblər
Akademik Milli Dram TeatrıIV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə hazırlaşmışdı. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, ana teatrımız İslamiada ilə bağlı xüsusi proqram və repertuar siyasəti tərtib edərək tamaşaçılara istər dünya, istərsə də Azərbaycan dramaturgiyasından seçilən maraqlı səhnə əsərləri təqdim edib. Dram Teatrının səhnəsində tamaşalar rus və ingilis dillərində subtitrlərlə nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təqdim edilən səhnə əsərlərinin tərcümə edilməsinə və müvafiq xarici dillərdə nümayişinə xüsusi şərait yaradılıb.

Teatrdan aldığımız məlumata görə, tamaşaların subtitrlərlə nümayişinə may ayının əvvəlindən başlanılıb. Bu mədəni siyasət Bakıda keçirilən Şoppinq Festivalı, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və təbii ki, İslam Oyunlarına hesablanmışdı: "Subtitrlər səhnənin hər iki tərəfində tamaşaçıların bütün istiqamətlərdən görə biləcəyi şriftlərlə əks olunmuşdu. Bu da imkan verib ki, əcnəbi tamaşaçılar, şəhərimizin qonaqları tamaşadakı obrazların dialoqlarını rahat oxuya bilsinlər. Repertuara həm klassik, həm də müasir Azərbaycan dramaturgiyasının nümunələri əsasında hazırlanan səhnə əsərləri daxil edilmişdi. Məqsəd İslamiada zamanı ölkəmizə təşrif gətirən turistlər və yarış iştirakçılarında çağdaş Azərbaycan teatrı və dramaturgiyası haqqında zəngin təəssürat yaratmaq idi”. Aydın oldu ki, bu oyunlar ərəfəsində teatrda C.Cabbarlının "Almaz”, C.Məmmədquluzadənin "Ölülər”, İ.Əfəndiyevin "Boy çiçəyi”, H.Mirələmovun "Vəsiyyət”, N.V.Qoqolun "Müfəttiş”, E.De.Filipponun "Silindr”, B.Nuşiçin "Nazirin xanımı”, A.Saqarelinin "Xanuma” tamaşalarını xarici qonaqlar subtitrlərlə izləyiblər.
Mayın 10-dan 22-nədək 14 tamaşa təqdim edilib
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov bizimlə söhbətində bildirdi ki, teatr IV İslam Həmrəyliyi Oyunları başlamamışdan öncədən turistləri qarşılamağa hazır olub: "İslamiadanın başlamasına 10 gün qalmış artıq biz bütün işlərimizi yekunlaşdırmışdıq. Mayın 10-dan 22-nə qədər teatrımızda həm uşaqlar, həm də böyüklər üçün 14 tamaşa təqdim etdik. Tamaşaları nümayiş etdirərkən şəhərimizdə olan turistləri və oyunların azarkeşlərini nəzərə alaraq 8 axşam tamaşalarını ingilis və rus dillərinə subtitrlərlə təqdim etdik. Daha çox Azərbaycanın klassik dramaturqlarının əsərlərinə müraciət etdik. Belə ki, Azərbaycan dramaturgiyasından da ən gözəl seçmələri - M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah”, Ə.Haqverdiyevin "Pəri Cadu”, H.Cavidin "Şeyx Sənan”, eləcə də M.Makdonaxın "Yalqız Qərb”, "Gözəllik kraliçası”, "Konnemarada bir kəllə”, L.Nurenin "Mən gəldim, qızlar” ("Müharibə”), U.Şekspirin "Romeo və Cülyetta” tamaşalarını nümayiş etdirdik”.
M.Həmidov oyunlar keçirilən günlərdə teatra gələn turistlərdən də danışdı: "Teatrımızda nümayiş olunan ayrı-ayrı tamaşalarda şahidi oldum ki, salonda daha çox İran İslam Respublikasından, Böyük Britaniyadan, Türkiyədən, digər İslam ölkələrindən tamaşaçılarımız var idi. Hətta bəzi gündüz uşaq tamaşalarını əcnəbilərin ailələri ilə birlikdə seyr etməyinin şahidi oldum”.
Teatrın direktoru kollektivin üzvlərinin IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışları məhz meydançalardan izlədiyini də dedi: "Kollektivimizin yaradıcı heyəti oyunları məhz arenadan izləməyə üstünlük verdi. İslamiada Azərbaycanın nəyə qadir olduğunu göstərdi. Ölkəmiz bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Şahidi olduğunuz kimi, IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimi oldu. Bu olduqca qürurverici idi. Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etmək üzrə kifayət qədər təcrübəsi var. İnanıram ki, gələcəkdə ölkəmiz bu tipli daha çox yarışlara ev sahibliyi edəcək”.
Musiqili Teatrın əsas qonaqları ərəblər olub
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bizimlə söhbətində bildirdi ki, İslam Həmrəyliyi Oyunları üçün teatrda əvvəlldən xüsusi tədbirlər planı hazırlanmışdı: "Mayın 5-dən 30-na kimi demək olar ki, hər gün 2 tamaşa ilə tamaşaçılara – qonaqlara, turistlərə, yarış iştirakçılarına maraqlı repertuar təqdim olundu. Səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxil idi. Oyunlar ərəfəsində repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri daxil etmişdik. Biz həmin tamaşaları paytaxtımızın tamaşaçılarına və ölkəmizə təşrif buyuran turistlərə təqdim etdik. Belə ki, oyunlar ərəfəsində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Ər və arvad”, Ə.Haqverdiyevin "Kimdir müqəssir?”, O.Kazimi və R.Heydərin "Qızıl toy”, R.Hacıyevin "Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuarımızdakı əsərlərin tərcümə edilməsi tamaşalarımızın xarici dillərdə nümayişinə xüsusi şərait yaradır. Biz artıq bu təcrübədən istifadə etmişik və kifayət qədər də uğurlu nəticələr əldə olunub”.

Teatrdan aldığımız məlumata görə, oyunlar ərəfəsində teatra daha çox ərəblər və digər İslam dövlətlərinin nümayəndələri tamaşaçı qismində baş çəkib. Onlar hər dəfə teatrdan ayrılanda izlədikləri tamaşalardan böyük zövq aldıqlarını, razı qaldıqlarını bildiriblər.
Qonaq-qaralı teatr
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə "Kaspi”-yə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə beynəlxalq tədbirlər, konfranslar, sərgilər, irimiqyaslı layihələr reallaşdırılır. Bununla bərabər, ölkəmizdə bir neçə ildir ki, müxtəlif formatlı idman yarışları keçirilir. Bu yarışlar ölkəmizin idman potensialını təqdim etmək və iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, həm də mədəniyyətimizi göstərmiş olur: "Mədəniyyətin bir qolu da teatrdır. Biz hər zaman belə tədbirlərdə Azərbaycan mədəniyyəti və incəsənətinin özünəməxsus şəkildə təqdimatına çalışırıq. Azərbaycan Kukla Teatrı da bu tip oyunlara ölkəmizin ev sahibliyi etməsini yüksək səviyyədə qarşılayır. Bunu dəstəkləyirik, ölkəmizin təbliğatında bir vasitə kimi yüksək qiymətləndiririk. Bundan sonra da tədbirlərdə ölkəmizin mədəniyyətini layiqincə təmsil edəcəyik. Fürsətdən istifadə edib, yarışlarda uğur qazanan idmançılarımızı təbrik edirik. Yarışlar müddətində gələn qonaqlara mədəniyyətimizi, teatrımızı ən yüksək səviyyədə təqdim etməyə çalışdıq. Bu bizim üçün çox xoş idi. Ölkəmizə gələn hər bir qonağa nə qədər dolğun, əhatəli informasiya versək, getdikləri vətənlərində və digər ölkələrdə ölkəmiz haqqında bir o qədər müsbət fikir formalaşdırmış olacaqlar”.

Teatrın direktoru söhbət zamanı IV İslam Həmrəyliyi Oyunları zamanı kifayət qədər əcnəbi tamaşaçı qəbul etdiklərini bildirdi: "Diqqətinizə çatdırım ki, Kukla Teatrı istər memarlığı, istər yerləşdiyi mövqeyinə, istərsə də öz profilinə görə hər zaman qonaq-qaralı olub. Kukla Teatrı olmasına baxmayaraq, hər zaman yaş kateqoriyasından asılı olmayaraq gələn qonaqların diqqətini cəlb edib. Bu özünü elə İslam Oyunlarında da büruzə verdi. Belə ki, yarış günlərində turistlər bizim teatra müraciət etdilər. Müşahidələrimiz nəticəsində deyə bilərik ki, bu oyunlar ərəfəsində əsasən Ərəbistandan, İrandan qonaqlarımız daha çox oldu. Onlar öz ailə üzvləri ilə bizim teatra gəlir, tamaşalarımıza baxırdılar. Bilirsiniz ki, Kukla Teatrının yerləşdiyi binanın daxilində və qarşısında müxtəlif ölçülü kuklalar var. Bu kuklalar turistlər əsas maraq obyektlərindən birinə çevrilmişdi”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər