• çərşənbə axşamı, 16 aprel, 10:53
  • Baku Bakı 14°C

Turistin yol yoldaşı

05.07.16 13:06 2039
Turistin yol yoldaşı
Xaricə gedən insanın öz həyat və sağlamlığını sığortaladığı xüsusi sığorta proqramı – Səyahət sığortası haqda nə qədər məlumatlıyıq? Ayrı-ayrı sığorta şirkətlərinin, turizm agentliklərinin açıqlamaları ilə tanış olduqca, bu sənədin hələ bizdə nə təkmil variantının olmasına, nə də insanların bununla bağlı mükəmməl bilgiyə malik olmasına rast gəlinir. Əslində əcnəbilərin özlərinə yol yoldaşı bildiyi, bizim isə könüllü yanaşdığımız bu sənəd xarici ölkələrə səyahət zamanı sağlamlıqla bağlı ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır. Hazırda dünyanın bir çox ölkəsi Səyahət sığortası olmayan şəxslərin öz ölkələrinə daxil olmasına icazə vermir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində xoşagəlməz hadisə nəticəsində sığorta olunmuş şəxsin tibbi daşınma, hüquqi yardım, səyahətin ləngiməsi, baqajın itməsi ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir. İşgüzar və ya turistik səfərlər zamanı səyahətlərinin zəmanət altına alınmasını istəyənlər gözlənilmədən baş verən hadisələr və qəfil xəstəliklərdən sığortalanmaq məqsədilə təhlükəni öncədən qabaqlamağa üstünlük verirlər. Hər 10 saniyədə dünyada bir sığorta hadisəsi baş verməsi ilə bağlı statistik məlumatları nəzərə alsaq, onda Səyahət sığortasından yararlanmağın nə qədər vacib olduğunu düşünmək çətin deyil. Ancaq hər şeyin mükəmməl təşkil olunacağı şəraitdə...
Bizim turizm şirkətlərindən tur paket alarkən səfər sığortası ilə bağlı 7-12 AZN pul ödəməli oluruq. Səyahət sığortasının turistlər üçün şirkət tərəfindən bonus kimi yazıldığı turizm agentlikləri də var: "Hər hansı xəstəlik baş verdikdə Moskva və İstanbuldakı göstərilən telefon nömrələrinə zəng vurarsınız”- deyə şirkətlərdə məsləhət də verilir. Amma Allah eləməmiş, insanın başına bir iş gələcəyi təqdirdə, həmin nömrələrdən kömək ummağın nə qədər etibarlı olub-olmadığını heç kəs bilmir. Ümumiyyətlə, Səyahət sığortası səfərə çıxanı nələrdən sığortalayır? Terrorun insanların həyatını təhdid etdiyi bir zamanda hər hansı xarici ölkəyə səfər edən insana sağ qalması üçün və ya dəyəcəyi ziyan üçün təminat verirmi?
Səyahət sığortası icbari olarsa
Turistin xaricdə hər hansı bədbəxt hadisə ilə üzləşəcəyi təqdirdə xərcləyəcəyi pulun qəbzlərini yerli sığorta şirkətindən və ya turizm agentliyindən ala biləcəyi nə qədər realdır?
Səyahət sığortasının turizm şirkətləri tərəfindən könüllü həyata keçirildiyini təəssüflə deyən Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov dünyada baş verən hadisələr, qeyri-müəyyənliklə bağlı olaraq bu tip sığortanın icbari olmasının tərəfdarıdır. Belə ki, bu, insanları xaricdə başlarına gələn hadisələrdən sığortalaya bilər: "Amma Səyahət sığortası verilən vaxt müqavilə ilə bağlansın və sığorta haqqının nəyə görə alınması sənəddə dəqiq göstərilsin. Yəni bilinsin ki, Səyahət sığortası nədən sığortalayır. Məsələn, hər hansı fors-major vəziyyət yarana, terror aktı ola bilər. Çünki turist pulu nəyə görə verdiyini və nədən sığortalandığını bilməlidir. Sığorta şirkətinin də borcudur ki, turistə təklif etdiyi şərtləri müqavilədə göstərsin. Turist də turizm şirkəti ilə müqavilə əsasında tur paket əldə etdiyini bilməlidir. Yəni o xəstələnsə, başına hər hansı bir qəza gəlsə və yaxud dünyasını dəyişən zaman cənazəsinin xaricdən gətirilməsi üçün xərc ödənilməsi məsələləri və s. sənəddə yer alsın”. M.Ağakərimov hesab edir ki, xüsusən dünyada baş verən bugünkü hadisələr fonunda hər bir insan sığortalanmalıdır: "Turizm haqqında” qanunda bu müddəa həllini tapsaydı yaxşı olardı! Yəni məcburi sığorta hər bir turistin xeyrinədir. Müqavilədə bu nüanslar dəqiqliklə öz əksini tapmalıdır”.
M.Kərimovun sözlərinə görə, turist səfərə yola düşərkən turizm agentliklərində onlara deyilən «Başınıza bir hadisə gələn zaman filan nömrələrə zəng edin» sözləri müqavilə əsasında tənzimlənmədiyi üçün o qədər etibarlı sayılmır. Çünki müqavilə olmayacağı təqdirdə hansısa xərcləri tələb etmək o qədər asan deyil. Müqavilə möhürü əsasında isə müştəri həmin şirkəti məhkəməyə verə bilər. Bu baxımdan, hüquq müstəvisində tərəflər arasında müqavilə olmalıdır: "Səyahət sığortası icbari olarsa müqavilənin bağlanması da mütləqdir. Elə sığortalar var ki, fors-major vəziyyət, terror aktı və digər məsələlərdə sığortanı boynuna götürmür. Hansı hadisəyə zəmanət verməsi də sığorta şirkətindən asılıdır. O zaman sığortanın da qiyməti artıq olur. Ona görə hər bir sığorta şirkətinin turistlə müqaviləsi olmalıdır ki, müştəri gedəcəyi ölkədə başına bir iş gələcəyi təqdirdə hansı xidmətlərdən istifadə edə biləcəyini bilsin. Xəstəliklərin də növləri müxtəlif ola bilər. Elə xəstəlik var ki, məsələn, 40 gün müalicə olmalısan. Bu baxımdan, xəstəliklərin növləri də göstərilməlidir. Əgər göstərilmirsə, məsələn, sabah sığorta şirkəti «Mən qrip xəstəliyini nəzərdə tutmuşdum» - deyə bilər. Turizm şirkətləri də düzgün işləməli, vətəndaşlar da öz hüquqlarını bilməlidir».
Yol yoldaşı
Əlbəttə, elə müştərilər ola bilər ki, hadisə baş verən zaman getdiyi ölkədə lazım olacaq vəsaitə malik olmasın. Belə olan halda, o, nə etməlidir? Hər bir turizm şirkətində xidmətlərin həyata keçirilməsi zamanı maarifləndirmənin çox güclü amil olduğunu hesab edən «Millenium Turizm” şirkətinin rəhbəri Ruslan Quliyevin fikrincə, sığorta şirkəti öz müştərisi üçün lazım olan bütün addımları atmaq məsuliyyəti daşıyır. İlk növbədə hadisə ilə bağlı məlumat Call center-ə yönləndirilməlidir. Hətta, yaxında ilkin yardım göstərən bir müəssisə yoxdursa, təcili müdaxilə lazımdırsa, məlumat verildikdən sonra ona yerli müəssisələrə gedib öz pulları ilə bütün müalicələri həyata keçirə bilərlər. Və bundan sonra bütün ödəmə sənədləri aktlaşdırılıb yerli turizm şirkətinə və ya onun işlədiyi sığorta şirkətinə təqdim olunur. R.Quliyev hesab edir ki, Səyahət sığortası səfərə çıxan hər bir kəsin yol yoldaşı olmalıdır: "Xaricdə bir insan səfərə getməmişdən öncə hansı şirkət tərəfindən sığortalanacağı haqqında düşünür, həmçinin turizm şirkətinin hansı sığorta şirkəti ilə işləməsi də önəmli məsələdir. Əsas odur ki, insanlar Səyahət sığortasını özlərinə yol yoldaşı hesab edir. Bəzi insanlara «Bədbəxt hadisələrdən də sığortalanırsınız» deyəndə «yazmayın, bunun düşər-düşməzi olar»- deyə fikirləşirlər. Önəmli olan odur ki, sığortanı yazan mütəxəssis müştəriyə bütün nüansları ətraflı izah etsin”. Şirkət rəhbərinin sözlərinə görə, bəzən səfər zamanı baş verən hadisə barədə turist turizm şirkətinə və ya sığortanı hazırlayan şirkətə heç bir məlumat vermir: "Gələndən sonra hadisə haqqında məlumat verəndə isə heç bir sığorta ödənişi təmin olunmur. Onda da insanlar sığorta məsələlərinə inamsızlığı ifadə edirlər”. R.Quliyev bildirir ki, səyahət zamanı sınıq, çıxıq, zəhərlənmə, günvurma və s. kimi hadisələr baş verərsə, sığorta mütəxəssisinə və ya turizm şirkətinin nümayəndəsinə məlumat verilməlidir. Həmçinin sığorta polisinə və ya bölgədə mövcud olan beynəlxalq Call center-ə zəng vurub məlumat verilməli, sığorta müəssisəsinin həmin ölkədə xəstəxanası və ya hospitalı varsa, xəstə ilkin halda ora yönəldilməlidir. Həmçinin aptekdən alınan bütün dərmanların və göstərilən tibbi xidmətin ödənişi ilə bağlı sənədlər və qəbzlər götürülməli və dönüşdə sığorta şirkətinə təqdim olunmalıdır. Yalnız bu şərt daxilində sığorta ödənişi təqdim oluna bilər. R.Quliyevin sözlərinə görə, sığorta haqqı hansısa ağır xəstəliklərlə bağlı təmin olunmur. Həmçinin şirkət sığorta əldə edən turistin hansısa ölkədə əməliyyat olunmaq məsuliyyətini daşımır: "Sığorta mütəxəssisi müştəriyə nüanslar barədə ətraflı məlumat verməlidir ki, hadisə baş verən zaman o hansı addımı atacağını bilsin”.
Xəstəliklər qeyd olunmur
«Atəşgah» Sığorta Şirkətinin əməkdaşı Cəfər Tağıyevin sözlərinə görə, sığortanın qiyməti turistin getdiyin ölkənin səfirliyindən, həmin ölkədə qalacağı müddətdən asılıdır. Xüsusi risk qrupuna aid olanlar üçün - yəni idmançılar, yaşı 70-dən yuxarı olanlar və xroniki xəstəlik daşıyıcılarına görə isə qiymətlər bir qədər yüksəkdir.
Səyahət sığortasına gəlincə, siyahıya qeyri-xroniki xəstəliklər, səfərin ləğvi və baqajın qaytarılması daxildir. Ancaq sığortanın hansı xəstəliklər üzrə olması sənəddə qeyd olunmur: «Xəstəliklər çoxdur, elə bir xəstəlik var ki, adını yazarıq, ancaq siz onun hansı xəstəlik olduğunu bilməyəcəksiniz. Bu Avropa Sığorta Assosiasiyasının qanunudur və xəstəliklər siyahısına nə daxildirsə, onlar qeyd olunur. Həmçinin çamadan itən zaman onun dəyərinin bir neçə faizi müştəriyə qaytarılır”.
Azərbaycan Sığorta Assosiasiyasına mövzu ilə bağlı açdığımız telefon zəngi isə cavabsız qaldı. Qurumdan Səyahət sığortası ilə bağlı sualların sığorta şirkətlərinə ünvanlanmasını məsləhət gördülər: «Bu cür suallara biz cavab vermirik, şirkətlərlə əlaqə saxlayın».
Səyahət sığortasının insan həyatının sığortalanması ilə bağlı vacibliyini vətəndaşa anlatmaq üçün təbii ki, ilk növbədə xidməti təklif edənlərin öz vəzifələrini düzgün bilmələri və yerinə yetirmələri vacibdir. Yazı boyunca əlaqə saxladığım qurum nümayəndələri isə elə dolayısı ilə Səyahət sığortasının hələ təkmil olmadığını anlatdılar. İş təkcə vətəndaşın özünün ayıq-sayıq olmasına qalır. Yəni sığorta xidməti mükəmməl deyilsə, bizi xoşagəlməzliklərdən yalnız Tanrı qorusun...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər