“Tüpürüm sizin partiyanıza”

“Tüpürüm sizin partiyanıza”

Siyasət
07 Oktyabr 2019, 18:59 1648
Demokratiya libasına bürünən AXCP sədri Əli Kərimlinin təşkilatdaxili idarəetmədə özünü tiran kimi aparması, proseslərə yanşamada diktatorluq nümayiş etdirməsi, əks fikrə, fərqli düşüncəyə qənim kəsilməsi partiya üzvlərini məyus edib, cəbhəçilərin ümidlərini boğub. Belə vəziyyətlə barışmayan partiya üzvlərinin bəzisi çarəni AXCP ilə yollarını ayırmaqda görür, bir qismi də bəyanatlar səsləndirərək Ə.Kərimlinin ifşası ilə məşğul olurlar. 1988-ci ildən xalq hərəkatının fəal üzvü, AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyevin bir neçə gündür sosial şəbəkə üzərindən yaydığı video-müraciətlər, AXCP sədrinin əsl simasını açan fikirlər buna misaldır. Barəsində səsləndirilən faktlar qarşısında çıxılmaz duruma düşən Ə.Kərimli şəxsi nəzarətində olan söyüş ordusu vasitəsilə A.Əliyevi mənəvi terrora məruz qoyub susdurmaq istəsə də, qarşı tərəfi haqlı əməlindən çəkindirə bilməyib. 

Bu yaxınlarda daha bir cəbhəçi AXCP daxilində baş verənləri ictimailəşdirərək Ə.Kərimlinin əsl kimliyini ortaya qoyub. Cəbhəçi Dilarə Miriyeva partiyadakı ədalətsizliyə üsyan edib, tüpürərək AXCP-dən getdiyini vurğulayıb. Belə ki, AXCP üzvü Dilarə Miriyevanın sosial şəbəkələrdə səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, D.Miriyeva partiya daxilində edilən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir, ağlayaraq Ə.Kərimliyə kəskin narazılığını bildirir: "Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda, Türkan orda, Fatimə orda, hamı orda, hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz. Hakimiyyətə gəlsəniz məni kimisini, məni şəxsən ortada "tryapka” kimi istifadə edib atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə, Dilarə xanımın da harda canı çıxır çıxsın. İndiyə qədər nətər idisə, elə də sürünsün. Demək məndən istifadə edin yalandan hakimiyyətə gəlmək üçün sonra da məni atın, belə çıxır da. Çox təsir edib mənə, inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamının gətirib üst başa keçirdir, Emil Səlimovdur bunun hamısını edən”.

D.Miriyeva AXCp uğuruna hər şeyini qurban etdiyini, lakin qarşılıq görmədiyini dilə gətirib: "Hər şeyimi qurban etmişəm bu yolda. Məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə onunla davadayıq buna görə. Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan hərəsi bir təlimat verir Dilarə xanım belə elə, elə elə. Həmən Dilarədir də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə də, sizin partiyanıza da, hər şeyə də. Mən ümumiyyətlə partiyadan çıxıram, mənə lazım deyil bu partiya”.

Yayılmış səs yazısı AXCP daxilində iyrənc idarəçilik üsulunu, Ə.Kərimlinin tiranlığını, cəbhəçiləri istismar etdiyini, onlara qarşı mənəvi terror həyata keçirdiyini növbəti dəfə ortaya qoyub.
 
Alpər TURAN