• şənbə, 20 Aprel, 04:29
  • Baku Bakı 15°C

ÜTT-yə üzv olmaq vacibdir, amma...

27.08.16 10:54 2016
ÜTT-yə üzv olmaq vacibdir, amma...
İyulda Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə işçi qrupunun iclası keçirilib. APA-nın məlumatına görə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlamasında bildirib ki, iclasda Azərbaycanın xarici ticarət rejimi müzakirə olunub.

M.Məmmədquliyevin sözlərinə görə, artıq bizim hansı öhdəlikləri üzərimizə götürməli olduğumuz məsələlər üzrə sənədlərin hazırlanması prosesi gedir: "İclas kifayət qədər aktiv keçdi. Həm ABŞ, həm də Aİ tərəfdən çoxsaylı suallar var idi. Hələlik onların suallarını məktub şəklində gözləyirik. Danışıqların növbəti mərhələsi müvafiq agentliklərin həmin suallara nə zaman cavab verməsindən asılıdır, biz də öz düzəlişlərimizi edəcəyik. Düşünürəm ki, növbəti işçi qrupunun görüşünə gələn ilin ortasından tez hazır olmayacağıq".

Nazir müavini ikinci ciddi məsələ olaraq kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqları qeyd edib: "Biz onlara 2013-2015-ci illəri əhatə edən yeni cədvəl təqdim etmişik. Cədvəllə bağlı xüsusi müzakirələr olmayıb. Suallar daha çox bizim kənd təsərrüfatına dəstəklə bağlı təkliflərimizə aiddir. Biz hesab edirik ki, ÜDM-in 10 faizini kənd təsərrüfatına istifadə edə bilərik. ÜTT yalnız 5 faizinə razıdır. Qazaxıstana isə onlar 8,5 faiz veriblər. Lakin biz bu istiqamətdə təkid etməyə davam edəcəyik. Biz indi onlardan kənd təsərrüfatının dəstəklənməsi üçün 1 milyard, işğalın başa çatmasından sonra həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün də daha 1 milyard avro istəyirik. Qazaxıstanla da ikitərəfli görüşlər keçirilib. Rusiya və Səudiyyə Ərəbistanı ilə isə əvvəl aparılan danışıqların davamı olaraq müzakirələr başlayıb".

ÜTT-yə üzv olmaq vacibdir, amma...

Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, ölkəmizin bu təşkilata üzlüyü vacib məqamdır. Bununla bağlı işlər də sürətləndirilib: "Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı ölkə başçısının sərəncamı var. Bu məsələ ilə bağlı xüsusi komissiya işləyir. Bu təşkilata üzv olmaq Azərbaycan üçün çox vacibdir. Azərbaycanda məhsulun idxal və ixracında müəyyən qədər problemlər ola bilər. Amma ÜTT-nin qaydalarına uyğun olaraq üzv olan dövlətlər hazırlıq prosesi üçün müəyyən bir müddət götürürlər ki, öz gömrük rüsumlarını tətbiq edə bilsinlər. ÜTT-yə daxil olduqdan sonra Azərbaycan ərazisinə istənilən mal buraxılmalıdır. Gömrük rüsumundan asılı olmayaraq, malı geri qaytara bilməzsən. Burada kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar bir az narahatçılıqlar var. Ona görə də yəqin ki, o rüsumlar razılaşdırılacaq. Amma ümumilikdə ÜTT-yə üzvlük ölkədə qiymətlərin aşağı düşməsi, monopoliyanın aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə məsələlərində də müəyyən qədər yardımçı olur. Bu təşkilata üzv olmaq vacibdir, amma tələsmək də lazım deyil. Elə etmək lazımdır ki, üzv olduğumuz zaman daxili bazarda problemlər yaranmasın”.

Yerli şirkətlərin, kapitalın xarici şirkətlər və kapitalla rəqabəti...

İqtisadçı alim Vüqar Bayramov deyir ki, ÜTT-yə üzvlük xüsusilə neftin dünya bazarında qiymətinin aşağı düşməsi kontekstində daha da aktuallaşır: "Neftin dünya bazarında qiyməti aşağı düşdükdən sonra Qazaxıstan ÜTT ilə danışıqları sürətləndirdi və qısa zamanda ÜTT-yə üzv oldu. MDB neft ölkələrindən yalnız Qazaxıstan deyil, eyni zamanda, bir neçə il öncə Rusiya da ÜTT-yə üzvlüyünü artıq rəsmiləşdirmişdi. MDB-nin Qərbdə yerləşən respublikalarından yalnız Azərbaycan və Belarus ÜTT-yə üzv deyil. Rusiya, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan isə üzv olublar. Artıq Azərbaycanda da ÜTT-yə üzv olma məsələsinin sürətləndirilməsi vacibdir. Azərbaycan 1997-ci ildə üzv olmaqla bağlı müraciət edib. Amma üzvlüklə bağlı aktiv müzakirələr 2003-cü ildən başlayaraq aparılıb”.

İqtisadçı deyir ki, ÜTT-yə üzvlüyün neqativ təsirləri adlandırılan məqamlar var: "Ehtiyatlı olmağın səbəblərindən biri ondan ibarətdir ki, ÜTT xarici ticarətin liberallaşdırılmasını tələb edir. ÜTT-yə üzv olduqdan sonra Azərbaycanda gömrük tarifləri mərhələli şəkildə aşağı salınmalı, xarici kapitalın ölkəyə daxil olması liberallaşdırılmalıdır. Ən böyük narahatçılıq ondan ibarətdir ki, yerli şirkətlərin, kapitalın xarici şirkətlər və kapitallarla rəqabət aparmaq imkanları məhdudlaşa bilər. Nəticədə isə yerli kapitalın sıradan çıxması prosesi baş verə bilər. Xüsusilə, bank və maliyyə sektoru ilə bağlı bu tip ehtiyatlılıqlar var. ÜTT-yə üzv olduqdan sonra bəzi ölkələrdə, o cümlədən, Estoniyada demək olar ki, yerli bankların əksəriyyəti müflis oldu, Polşada bank aktivlərinin 70 faizi xarici kapitalın nəzarətinə keçdi. Xüsusilə bank və maliyyə sektorunda yerli şirkətlərin müflis olması prosesi müşahidə olunur. Yerli şirkətlər bu kontekstdə rəqabətə tab gətirə bilmirlər.

Digər məqam aqrar sektorla bağlıdır. Aqrar sektorda Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi daxil olmaq istəyir. Amma ÜTT Azərbaycana inkişaf etmiş ölkə statusu təklif edir. Bu o deməkdir ki, Azərbaycan indiki məqamda istehsal olunan aqrar məhsulların 10 faizi həcmində subsidiya limiti istəyir. Amma ÜTT 5 faiz təklif edir. Bu da müzakirələrin sürətinə təsir edir. Azərbaycan daha çox subsidiya əldə etməyə çalışır ki, aqrar sektorda fermerlərin rəqabət qabiliyyətini qoruyub saxlamaq mümkün olsun. Bu baxımdan, yerli kapitalın rəqabətdə uduzması, aqrar sektorda subsidiyalar və ticarətin liberallaşması baxımından xarici kapitalla rəqabət aparma imkanlarının məhdudluğu ÜTT-nin inkişaf etməkdə olan ölkələrə neqativ təsirləri kimi qiymətləndirilir”.

Ermənistan ÜTT-yə üzvlüyümüzə mane ola bilməz

V.Bayramov deyir ki, ÜTT-in kifayət qədər müsbət təsirləri də var: "Əvvəla ÜTT yalnız ölkənin xarici kapitala üzünün açılması yox, eyni zamanda, Azərbaycan sahibkarlarının üzünə digər ölkələrin sərhədlərinin açılması deməkdir. Bu, Azərbaycanın qeyri-neft ixrac potensialının artırılması baxımından vacibdir. Çünki ÜTT şərtləri üzv olan ölkələrə tətbiq olunur. Bu, Azərbaycan məhsullarının daha geniş coğrafiyaya daxil olmasına imkan verəcək. İkincisi, ÜTT ölkəyə olan inamın artırılması baxımından vacibdir. Ölkəyə olan inamın artırılması, xüsusilə, xarici investisiyanın cəlb edilməsi baxımından önəmlidir. ÜTT bir institutdur, ora üzvlük bir öhdəlikdir. Nəticədə bu xarici investisiyanın cəlb edilməsinə müsbət təsir göstərir. Digər tərəfdən, ÜTT rəqabəti gücləndirir. Yerli şirkətlərin rəqabət qabiliyyəti zəifləsə belə, ÜTT nəticə etibarilə rəqabətli iqtisadiyyatın formalaşmasına imkan verir. Qiymətlərin aşağı salınması baxımından da, bu üzvlük vacibdir. O baxımdan, Azərbaycanın ölkəmizə məqbul və sərfəli şərtlərlə ÜTT-yə daxil olması olduqca vacibdir”.

İqtisadçı ÜTT-yə üzv olan Ermənistanın Azərbaycanın üzvlüyünün qəbul edilməsində maneə olacağı, yaxud bu üzvlüyün məcburi Ermənistan-Azərbaycan ticari əlaqəsini yaradacağı ilə bağlı ortaya çıxan suallara da cavab verdi. Bildirdi ki, ÜTT qaydalarına əsasən, ölkələrin üzvlüklərinin rəsmiləşdirilməsi ilə bağlı üzv ölkələrin hər birinin buna razı olması vacibdir. Ermənistan da ÜTT-yə üzvdür. Amma ÜTT qanunvericiliyinə görə, ÜTT şərtləri konflikti olan ölkələrə tətbiq olunmur. Ermənistan ÜTT-yə üzv olan zaman Türkiyə qarşısında öhdəlik götürmüşdü ki, Ermənistanın üzvlüyünü dəstəkləyir, problem yaratmır. Ermənistan da Azərbaycanın ÜTT-yə üzvlüyü zamanı hər hansı problem yaratmayacaq. Ermənistan səsvermədə iştirak etməyəcək.

ÜTT şərtləri konflikt olan ölkələri tətbiq olunmadığı üçün Azərbaycan üzv qəbul olunduqdan sonra Ermənistanla iqtisadi münasibətləri bərpa etmək məcburiyyətində qalmayacaq. Ermənistanla konflikt Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı hər hansı problem yaratmayacaq. Düşünürəm ki, texniki əngəllər yoxdur. Xüsusilə, 2015-ci ilin ortalarından başlayan iqtisadiyyatın liberallaşması istiqamətində aparılan islahatların da mahiyyəti ondan ibarətdir ki, qeyri-neft sektorunun ixrac qabiliyyəti, iqtisadi diverfikasiyası sürətlənsin. Bu baxımdan mövcud islahatın prioritet istiqamətlərinə uyğun olaraq Azərbaycan ÜTT-yə üzvlüyünü sürətləndirməlidir”.

V.Bayramov onu da qeyd etdi ki, ÜTT-nin yaxşı, ya pis olduğu soruşulmur. Ölkə iqtisadiyyatına müəyyən təsirlər göstərsə belə, ÜTT-yə üzvlük alternativsizdir: "Bu gün dünya ticarətinin 98 faizindən artığı ÜTT-yə üzv olunan ölkələr tərəfindən idarə olunur. Azərbaycan gec-tez ÜTT-yə üzv olmalıdır. Bank sektorunda olan bankların hamısının buna hazır olduğunu güman etmirəm. Amma nəzərə almaq lazımdır ki, ÜTT-yə yeni üzv olan ölkələrə güzəşt müddəti verilir. Rusiyaya bu müddət 7 il idi. Bəzi ölkələrdə bu 5 il oldu. Bu müddət üzv ölkəyə yerli müəssisələrini, o cümlədən banklarını rəqabətə hazırlaya bilmələri üçün verilir. Azərbaycana da 5 il güzəşt müddəti veriləcəyi gözlənilir. Həmin müddətdən sonra ÜTT şərtləri tətbiq olunmağa başlayacaq. Əgər 5 il müddətində kommersiya bankı xarici bankla rəqabət aparmağa hazır ola bilməyəcəksə, o bankın fəaliyyət göstərməsinin bank sektorlarına müsbət təsiri olacağını hesab etmirəm”.

"Bazarda rəqabət aparan müəssisələr meydana gələcək”

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev də hesab edir ki, ÜTT-yə üzvlük ölkədə sahibkarlığın, investisiya mühitinin, xüsusilə ticarətin inkişafına böyük dəstək olur: "ÜTT-yə daxil olan 180-dən çox ölkə arasında ticarət münasibətləri qarşılıqlı olaraq eyni prinsip əsasında tənzimlənir. Ölkələr arasında mütəmadi danışıqlar gedir. O danışıqlar əsasında əmtəə və xidmət üzrə ticarətin daha da sürətlənməsi istiqamətində qərarlar verirlər. ÜTT-nin birbaşa olaraq hansısa ölkəyə təsiredici funksiyası yoxdur. Bu təşkilat sadəcə bir müstəvidir. Azərbaycanın ÜTT-yə daxil olması ölkədə rəqabət mühitinin daha da inkişaf etməsinə gətirib çıxara bilər. Bəzən deyirlər ki ÜTT-yə daxil olmaq ölkəmizə xarici kapitalın, xarici iş adamlarının sürətlə gəlməsinə səbəb ola bilər. Bu zaman isə yerli şirkətlər rəqabətə tab gətirə bilməz. Bu kimi fikirlər var. Amma ÜTT-yə daxil olmaq açıq bazarın, rəqabətli şəraitin yaranmasına gətirib çıxarır. Belə məqamda rəqabətə tab gətirməyən sahibkarlıq subyekti aradan çıxsa da, onun əvəzində daha rəqabətə davamlı, biznes qaydalarına riayət edən, həm daxili, həm beynəlxalq bazarda rəqabət aparan müəssisələr meydana gələcək. Bu o demək deyil ki, biz sabah ÜTT-yə üzv olsaq, birisi gün bütün üzv ölkələr bizə məhsul satacaq, yaxud Azərbaycana gələcəklər. Azərbaycanla ticari əlaqə qurmaqda maraqlı olan ölkələr var. Onlar ölkəmizdə fəaliyyət göstərməyə başlayacaqlar”.

R.Atakişiyev dedi ki, ÜTT-yə üzvlüyün qəbul müddəti fərqli olur. Azərbaycanda bu proses çox uzun çəkir: "Elə ölkələr var ki, müraciət etdikdən bir neçə ay sonra üzvlükləri qəbul edilib, elələri də var bir neçə il. 10-15 il çəkənlər də olur. Azərbaycanın müraciət müddəti isə ən çox çəkənlərdəndir. Bu gün bu prosesi sürətləndirmək də olar”.

"Azərbaycan hökumətinin ÜTT-yə üzvlüklə bağlı mövqeyi tamamilə doğru mövqedir”

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədriFikrət Yusifov deyir ki, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı illərdir müxtəlif səviyyələrdə müzakirələr aparılır: "Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı Azərbaycan hökuməti hələ 23 iyun 1997-ci il tarixdə müraciət etmişdi. Bu illər ərzində Azərbaycanın ÜTT-yə üzv olması ilə bağlı çoxtərəfli danışıqlar davam etdirilir. Azərbaycan üzrə ÜTT katibliyində yaradılmış İşçi Qrupun 2004-cü ildən başlayaraq ardıcıl olaraq toplantıları keçirilir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı sonuncu, 13-cü iclas 22 iyul 2016-cı il tarixdə Cenevrə şəhərində keçirilib. Bu illər ərzində Azərbaycanın ÜTT-yə üzv olması məqsədilə 21 dövlətlə ikitərəfli danışıqlar aparılır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür”.

F.Yusifov hesab edir ki, danışıqlar prosesi bizi bu ümumdünya təşkilatına nə qədər yaxınlaşdırsa da, hələ ki bu təşkilata tamhüquqlu üzv olmağın zamanı çatmayıb: "Biz Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını lazım ola biləcək səviyyəyə qədər inkişaf etdirdikdən sonra bu təşkilata üzv olarıqsa, bu, daha yaxşı olar. Bu gün bizim əsas vəzifəmiz yerli istehsalı xarici bazarların təsirindən qorumaqla onun sürətli inkişafını təmin etməkdən ibarətdir. Real sektorun inkişafının indiki məsuliyyətli mərhələsində Azərbaycan hökumətinin ÜTT-yə üzvlüklə bağlı tutduğu mövqe tamamilə doğru bir mövqedir. Bu məsələdə tələsmək olmaz. Belə bir təşkilata üzv olmaqdan tam bəhrələnməyə qədər hazır olmalıyıq və yalnız bundan sonra üzvlük baş tuta bilər”.


Aygün Asimqızı

banner

Oxşar Xəbərlər