• cümə, 19 Aprel, 15:14
  • Baku Bakı 25°C

Tsarukyan mitinqi niyə təxirə saldı?

21.02.15 11:10 505
Tsarukyan mitinqi niyə təxirə saldı?

“Agos”un “qəribə siyasi duel” adlandırdığıqarşıdurma Ermənistanı məhvə sürükləyir
Ermənistan müxalifətinin lideri olmağa iddialı Qaqik Tsarukyanın fevralın 20-nə planlaşdırdığı aksiyanı təxirə salmaq qərarı siyasi dairələrdə birmənalı qarşılanmır. Gəlinən qənaət budur ki, prezident Serj Sarkisyan “Çiçəklənən Ermənistan”ın lideri ilə görüşdükdən sonra müəyyən razılıq əldə olunub. Lakin bu razılığın detallarının nədən ibarət olduğu açıqlanmır. Çox güman ki, Tsarukyan hansısa bir yüksək vəzifə və yaxud əksinə, hədə-qorxu müqabilində bu addımı atıb.
Tsarukyanın aksiyanı təxirə salmaq barədə qərarını isə heç də bütün tərəfdarları dəstəkləmir. Partiyanın nüfuzlu üzvləri hesab edir ki, aksiya keçirilməli və Sarkisyanın istefası tələbi qoyulmalıdır. Yeri gəlmişkən, erməni mətbuatı Ermənistan prezidenti Serj Sarkisyanla ölkənin “Çiçəklənən Ermənistan” müxalif partiyasının lideri Qaqik Tsarukyanın görüşməsini rəsmi şəkildə təsdiq edib. Bu ölkənin parlamentinin vitse-spikeri Ermine Naqdalyan da Sarkisyan-Tsarukyan görüşü barədə danışıb. Parlament rəsmisi deyib ki, görüşdə müvafiq razılaşmalar ələ edilib. Ermine Naqdalyan bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan rəqibi Qaqik Tsarukyanla ölkədə yaranmış hazırkı siyasi situasiyanı müzakirə edib. Xatırladaq ki, Serj Sarkisyan hakim Respublika Partiyasının şura iclasında çıxışı zamanı Qaqik Tsarukyanı “siyasətdən başı çıxmayan başıboş” kimi xarakterizə edib. Paralel olaraq ölkə başçısının fərmanı ilə müxalifət liderinin Təhlükəsizlik Şurasının üzvlüyündən xaric edilməsi Ermənistandasiyasi gərginlik yaradıb. Qaqik Tsarukyanın isə ölkə başçısına cavabı gecikməyib və o, Sarkisyanı bacarıqsızlıq və səviyyəsizlikdə günahlandırıb.
Hakimiyyətlə müxalifət lideri arasında yaranan qarşıdurma Qaqik Tsarukyan və onun partiyasından olan bir neçənəfərin deputat mandatını itirmə ehtimalını da gündəmə gətirib.
Onu da qeyd edək ki, Sarkisyan-Tsarukyan qarşıdurmasına Türkiyədə nəşr olunan “Agos” qəzetində də yer ayrılıb. Qəzetdə Ermənistan prezidenti Sarkisyan və Tsarukyan arasında davam edən siyasi çəkişmə haqqında “Qəribə siyasi duel” başlıqlı məqalə yayımlanıb. Məqaləyə görə, Sarkisyan qarşıdan gələn prezident seçkilərində ona rəqib olmaq istəyən partiya lideri və millət vəkili Qaqik Tsarukyan haqqında ədəbsiz ifadələr işlədib. Tsarukyanı axmaq adlandıran Sarkisyan onu Ermənistan üçün ən böyük bəla hesab etdiyini deyib. Sarkisyan vaxtilə Tsarukyana kömək etdiyi üçün peşman olduğunu bildirib. Onun sözlərinə görə, erməni xalqı Tsarukyanı “Dodi Qaqo”, yəni “Axmaq Qaqo” adlandırmaqda haqlı imiş. Ermənistan prezidentinin təhqiramiz ittihamlarına cavab verən Qaqik Tsarukyan isə Sarkisyanı acizlikdə və səriştəsizlikdə günahlandırıb. Tsarukyanın sözlərinə görə, məhz Sarkisyanın dövründə Azərbaycan Ermənistan üzərində əzici üstünlük qazanıb: “Ermənistanın indiki vəziyyətinə baxdığımız zaman ticarətin tamamilə mafiya tərəfindən idarə olunduğunu, ölkə əhalisinin kütləvi şəkildə xaricə köçünün isə kulminasiya nöqtəsinə çatdığını görərik. Türkiyə və Azərbaycan bizim bu vəziyyətimizədaim rişxənd edirlər. Mən sual vermək istəyirəm: ölkəmizdə qumarxanaların sayı niyə gündən-günə artır? Qarabağ və Ermənistan sərhədindən niyə hər gün ölüm xəbərləri gəlir? Biz nə qədər ki, bu hökumətdən qurtulmamışıq, rifah üzü görməyəcəyik”. Qeyd edilir ki, Ermənistan prezidentinin müxaliflərin lideri, oliqarx Qaqik Tsarukyana “siyasətdən çəkil, yalnız bizneslə məşğul ol” deməsi, bununla da müxalifətə susmaq və hakimiyyəti tənqid etməmək barədə işarə verməsi Ermənistan cəmiyyətində səs-küy yaratmışdı. Erməni eksperti, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryanın sözlərinə görə, Ermənistanda inqilaba ehtiyac var: “Çünki siyasət bir bazardır, əgər bazarda tələb varsa, təklif də var. İndiki halda erməni müxalifəti zəifdir, elə Sarkisyan hakimiyyəti də həmçinin, deməli, radikal elektoratın formalaşması və inqilab etməsi ehtimalı böyükdür”. Söhbət ondan gedir ki, Ermənistanda siyasi vəziyyət kifayət qədər gərginləşib və faktiki olaraq İrəvandakı hakim klan daxilində parçalanma baş verib. Belə ki, Qaqik Tsarukyan ölkə ictimaiyyətini prezident Serj Sarkisyanı istefaya göndərmək üçün mitinqlərə səsləyib.
Hakim partiyaya kifayət qədər loyal olan, hətta hakimiyyətin bir hissəsi hesab edilən Milli Təhlükəsizlik Şurasının üzvü, Milli Olimpiya Komitəsinin rəhbəri və hamisi, ölkənin bir nömrəli oliqarxı Tsarukyanın müxalifətə keçməsi Sarkisyan üçün ciddi siqnaldır.
Erməni ailəsini qətlə yetirən rus əsgəri Permyakovun Ermənistana verilməməsi, hakimiyyətin yeni islahatlar keçirmək niyyəti, Rusiyadakı iqtisadi vəziyyətlə əlaqədar Ermənistan əhalisinin sosial vəziyyətinin daha da ağırlaşması və nəhayət, cəbhə xəttində qətlə yetirilən erməni hərbçilərinin meyitlərinin artması ölkə ictimaiyyətində mövcud hakimiyyətə qarşı ciddi narazılıq yaradıb. Belə vəziyyətdə Qaqik Tsarukyan müxalif düşərgəyə keçməklə çox uğurlu addım atıb və Tsarukyanla Ter-Petrosyanın və Ovanesyanın öz qüvvələrini birləşdirməsi Sarkisyan hakimiyyətinin sonunun başlandığını deməyə əsas verir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Tsarukyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tərəfdaşı hesab olunur və eyni komandanın üzvüdürlər. Ümumiyyətlə, artır hamı qəbul edir ki, Ermənistanda siyasi gərginlik pik həddədir. Aksiyaların ardı-arası kəsilmir. Məsələn, dünən iki aksiya baş tutub. Məlumata əsasən, “Nairit” kauçuk zavodunun işdən qovulmuş əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar da maaşlarının ödənilməsini tələb ediblər. Bir neçə gün əvvəl hökumət işçilərə maaşlarının ödəniləcəyinə dair söz versə də, bu vədini yerinə yetirməyib. Qeyd edək ki, işçilər artıq 18 aydır ki, maaş ala bilmirlər. Zavod rəhbərliyinin onlara 15 milyon dollar borcu var. İşçilər pullarını almaq üçün dəfələrlə hökumət binasının və prezident iqamətgahının önündə aksiya keçiriblər. Eləcə də İrəvanda ölmüş erməni hərbçilərinin valideynləri növbəti dəfə prezident Serj Sarkisyanın iqamətgahı qarşısında piket keçiriblər. Əllərində ölmüş əsgərlərin şəkilləri həkk olunmuş plakatlar tutan aksiya iştirakçıları Sarkisyanın iqamətgahına doğru irəliləməyə cəhd göstəriblər. Polislər isə onların qarşısını kəsərək buna mane olublar. Aksiya iştirakçısı deputat Aram Manukyan polisləri ölən əsgər valideynlərinə qarşı zor tətbiq etməkdən çəkinməyə çağırıb. “Sabah Serj Sarkisyan ölkədə olmayacaq, siz isə burada yaşayacaqsınız. Sən bu gün elədiklərinə görə nə cavab verəcəksən? Sabah sizi bu kadrlara görə hakim qarşısına çıxaracaqlar” - deyə erməni deputat bildirib. Bundan sonra etirazçılar İrəvanın Azadlıq meydanında aksiyanı davam etdiriblər. Bir neçə gün əvvəl Sarkisyanın iqamətgahı qarşısında keçirilən aksiya zamanı polis hərbçilərin valideynlərinə qarşı zor tətbiq etmişdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər