• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Troya qadınları-Müharibə hamı üçün eynidir...

13.11.17 10:51 18490
Troya qadınları-Müharibə hamı üçün eynidir...
Müharibə bir tərəfin digər tərəfə öz mövqeyini zorla, həm də qan tökərək qəbul etdirmək cəhdidir. Və müharibə elə bir acımasız hadisədir ki, istər eramızdan əvvəl olsun, istər bu gün törətdiyi fəsadlar ölənlərdən çox qalanları incidib, yaralarını sızladar. Kimini atasız, kimini anasız, kimini balasız, kimini də həyat yoldaşsız tənha qoyar, sevdiklərinin ölümünə heç bir vəchlə mane ola bilməmək sağ qalanları üzər. Sadəcə yerdə qalmış dağılmış yurdun, yanmış evin, öldürülmüş əzizlərinin önündə diz çöküb göz yaşları içərisində tək-tənha üsyan edərsən taleyinə...
Artıq noyabrın ilk günündən YARAT Müasir İncəsənət Məkanında start götürən "M.A.P” Bakı İncəsənət Festivalı çərçivəsində təqdim olunan teatr tamaşalarından biri də Gürcüstandan gələn "Royal District” teatrının təqdimatında baş tutdu. Qonaq teatr David Qabunianın səhnələşdirdiyi, rejissor Data Tavadzenin quruluş verdiyi "Troya zövcələri” adlı tamaşa ilə noyabrın 2-də teatrsevərlərin görüşünə gəldi.
Əslində Evripidin "Troya qadınları” faciəsi əsasında hazırlanan tamaşaya bir qədər fərqli yozum qatmaqla rejissor ümumilikdə müharibənin qurbanları, onun törətdiyi fasadlar, ölənlərin yox, sağ qalanların faciəsindən danışırdı. Salona daxil olduğumuzda hər zaman rastlaşdığımız nə bağlı pərdə vardı, nə də sakitlik... İşıqlı salon, salonda bir-birindən az məsafədə aralı qoyulmuş stullarda əyləşən beş gülərüz qadın... Tamaşa bir növ burdan başlamışdı, onlar sakitcə əyləşib və gələnlərin yerlərində oturmasını gözləyirlər. Üzlərindəki təbəssüm, ətrafda güllər və bir də gələn o quşların civilti səsi bir hüzur verirdi adamın ruhuna... Sanki biz yox, onlar bizi izləyirlər. Ətraf tamamən sakitləşsə də, bir neçə dəqiqə bu proses davam edir, elə bil onlar hələ də nə isə gözləyirlər.
Onların gözlədiyi ovqat tam hazır olduqdan sonra aktrisalar asta-asta danışmağa başlayır. İlk sual həm ağır, həm uzun çəkir - Hüzn haqda necə danışmaq olar? Və budur, bu sualdan sonra hamısının dərdləri yenidən təzələnir. Bu qəhrəmanlar gah Troya qadınlarına dönürlər, gah da Qafqazda müharibənin qurbanları olan bədbəxt qadınlara... Kimi ərinin gözü qarşısında zorlanmasından utanaraq danışır, kimi qoca nənənin əlliiki il öncə övladının yediyi son naharı necə gizlətdiyinə acıyır, kimi anasının yas günündə türk tualetlərində yıxılıb özünü necə batırdığından və buna durmadan güldüyündən, ancaq həmin gün anasının yasından bixəbər olduğundan, kimi qurd xəstəliyinə tutulmuş qardaşının qəfildən burnundan qurdların gəlməsindən, o balaca uşağın isə son anda necə qoyun əti yemək arzusundan, kimi də pəncərədən gözləri önündə ata-anasının atılan bombadan al-qana necə qərq olduqlarını acı-acı ağlayaraq danışır.
Onlar müharibənin hər cür murdar üzünü görmüş bədbəxt qadınlardır. Bir anda Evripidin faciəsindəki Andromaxa, Hekuba, Kassandra zamanın çarxını fırladıb müasir dövrə gəlir və yenə də dəyişilməyən bir sözlə üzləşirlər-MÜHARİBƏ. Buradakı ölüm hadisələri də iki dövr arasında sanki körpü kimi uzlaşdırılmışdı - bir tərəfdən Andromaxanın oğlunu əlindən alıb edam edirlər, digər tərəfdən günümüzə qayıdan müharibədən... ağacdan asılmış bacının ayağından ayaqqabısının düşməsini aktrisa elə xırdalıqlarla danışır ki, sanki bomboş səhnədə bir anın içində iki ayrı tamaşa göstərilir, özü də dekorlarla. Amma bütün bunlar yalnız aktrisaların gürcü dilində danışması və onların arxasında seyrçilərə azəri dilində subtitr tərcümələrin verilməsi ilə təsvirlənir. Hətta tamaşadan çox bəzən film xarakteri danışyan səhnələr də səni bəzən həmin hadisələrin bir parçasına çevirirdi. Bu qədər faciənin, əzabın içində ani bir dəyişiklik edən beş xanım ərköyün qız uşağı kimi rəngtapdı oyunu oynayırlar. Şərt isə sadədir, rəngi deyir və o biri qızların dalınca qaçır, o vaxta qədər həmin rəngi tapa bilmədinsə sənə toxunan an öləcəksən, donacaqsan. Burda da ölümün bir parçasını özləri ilə daşıyırlar. Rəngi axtarma anı isə bütün seyrçiləri oyuna daha da cəlb edirlər. Deyilən rənglər oturanlar içərisində kimdə varsa həməncə qaçıb istər geyiminə, istərsə də ayaqqabısına toxunurlar, yetər ki, sağ qalsınlar. Bu zarafatyana oyunun özündə belə bir həyat-yaşam çarpışması var, nə vəchlə olur-olsun sağ qalmaq. Bəzənsə oyundan uzaqlaşıb yenə tənha qadına çevrilən aktrisalar səhnədə bir küncdə qoyulmuş çiçəkləri səhnə boyu dağıdıb yas güllərinə çevirirlər. Və bütün bu hadisələr bir an belə olsun durmadan danışılan əhvalatlar fonunda baş verir. Yorulduqda sakitcə yeni bir oyun düşünən qızlar bu dəfə də biri-birini səhnədəcə yerlə bir uzadıb, ayaqlarından ehmalca sürüyüb bir köşəyə uzadırlar. Sona qalan oyunçu ölü kimi uzanmış qızlara baxıb öz faciəsini xatırlayır və havalanmış bir halda salonu tərk edir...
Bu qədər oyun, yaxud faciənin danışılması, bir daha yaşanılması, əslində bitməyən müharibələr, onların qurbanları bu beş qadının timsalında həm zərif uşaq tək, həm qəddar qadın tək gülərək və ağlayaraq seyrçilərə danışılır....Lakin sonda əvvəldəki sükut, hərə öz stulunu götürüb yerinə keçib sakitcə oturur... amma qadınlardan biri irəli gəlib yenidən əvvəldə olan, o ruha dinclik verən hüzuru, quşların səsini istəyir.... "yenidən o səsi verin” deyir... və sanki iştirakçılar bir şeyi seyrçilərə çatdırmaq istəyir - yenidən üzümüzdə o gülüş, yenidən sakitlik, yenidən quşların səsi, bütün bu harmoniya həmin xoşbəxtliyi geri qaytara biləcəkmi?
Tamaşanın ideyası da elə bu idi, Evripiddən gələn ideya - Müharibə faciədir, Müharibə əzabdır, Müharibə insanlığa xəyanətdir...


Nigar Pirimova
Teatrşünas

banner

Oxşar Xəbərlər