AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Törədilməmiş cinayətin qurbanı

Törədilməmiş cinayətin qurbanı

Kriminal
13 Oktyabr 2012, 11:19 1464
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Əhəd Əliyev cavab verib. Təqsirləndirilən şəxs həmyerlisi Zöhrab Allahverdiyevi qətlə yetirməkdə təqsirləndirilib. Məhkəmə yolu ilə müəyyən edilib ki, Ə.Əliyev uzun illər bundan əvvəl həmyerlilərinə qoşularaq Rusiyaya üz tutub. Xeyli müddət Sankt-Peterburqda yaşayıb və ilk vaxtlar alverlə məşğul olub. Bir qədər sonra Əhədin işləri tədricən qaydasına düşüb. Bu hal 2000-ci ilin əvvəllərinə qədər davam edib və həmin vaxt Əhəd narkotik vasitələrin alverinə görə həbs edilib. 2006-cı ildə həbsxana həyatını başa vurandan sonra Salyana qayıdıb. Ancaq doğulduğu rayonda çox az azadlıqda yaşaya bilib. Əhədin növbəti dəfə məhkum olunmasına səbəb isə qətlə yetirilmiş qardaşı Niyaməddinin qisasını alması olub.
Belə ki, 2009-cu ilin fevral ayında Niyaməddinin qətlə yetirilməsi xəbəri yayılanda Əhəd qohumlarıyla birlikdə hadisə yerinə yollanır. Qan gölməçəsində olan 22 yaşlı qardaşının meyiti qarşısında and içir ki, tezliklə onun qatillərini tapıb bu qanın qisasını alacaq. Hadisə ilə əlaqədar Niyaməddinlə şərikli çayxana işlədən Eldar Səfərov şübhəli şəxs qismində həbs edilib. Lakin hadisədən bir müddət sonra Əhəd qardaşının qətlində Eldardan yox, qonşuluqlarında yaşayan Zöhrab adlı gəncdən şübhələnir. Buna görə də sonuncu ilə haqq-hesab çəkməyi qərara alır. Bu arada Əhəd təsadüfən eşidir ki, Zöhrab özünə iş axtarır. Zöhrabgilə gələrək ona Bakıda iş tapdığını bildirir. Əhədin planından xəbərsiz olan Zöhrab sentyabrın 26-da ona qoşularaq Bakıya gəlir.

«Sənin başın xarabdır, qardaşını öldürən çoxdan tutulub»

Məhkəmədə ifadə verən təqsirləndirilən Ə.Əliyev bildirib ki, Zöhrabı Bakıya gətirməmişdən əvvəl Bakıya gələrək Biləcəridə ev kirayələyib. Zöhrabla Bakıya gələndə də yolda ona təklif edib ki, bir müddət kirayələdiyi evdə onunla birgə qala bilər. İşi düzələndən sonra isə Zöhrab özünə ev tutub oraya köçə biləcək. Zöhrab da buna görə Əhədə təşəkkürünü bildirib. Danışdıqları kimi də olub. Zöhrab Bakıda Əhədin kirayələdiyi evdə onunla birlikdə qalıb. Bir neçə gün belə keçib. Sonra Zöhrab maraqlanıb ki, tikintidəki iş nə yerdə qalıb. Əhəd isə bildirib ki, darıxmasın hər şey düzələcək. Əslində isə Əhəd ondan hansı yolla qisas almaq barədə fikirləşirmiş.

Oktyabrın 9-da isə onlar yenə də birlikdə evdən çıxıb və şəhərə gələrək xeyli gəzib dolaşıblar. Əhəd onu aldadıb ki, tikintidə iş söz verən adamla görüşməlidirlər. Onlar axşama qədər birlikdə şəhərdə gəzib-dolaşırlar. Onlar həmin gün axşam saat 20 radələrində 8-ci mikrorayon ərazisindəki kafelərdən birinə gəliblər. Şam edərkən birlikdə araq da içiblər. Onlar iki saata yaxın kafedə yeyib-içəndən sonra hesabı ödəyib küçəyə çıxıblar. Kafedən çıxanda artıq hava qaralıb və yağış yağırmış. Kafedən bir qədər aralandıqdan sonra Əhəd birbaşa mətləbə keçib. O, sakitcə Zöhrabdan soruşur ki, "Zöhrab, kişi kimi düzünü de, qardaşımı niyə öldürdün?". Əhədin qəfil sualından Zöhrab karıxır: «Qəfil sualımdan Zöhrab karıxdı, dedi ki, başa düşmədim, nə dedin? Mən sualımı bir də təkrarladım. Zöhrab dedi ki, "sənin başın xarabdır, qardaşını öldürən çoxdan tutulub, bu gün - sabah da məhkəməsi olacaq". Mən ondan bir daha soruşdum ki, qardaşımı niyə öldürmüsən? Sənə borcu var idi? Nəyi bölüşdürə bilmədiniz ki? Zöhrab yenə and-aman elədi ki, "Niyaməddini mən öldürməmişəm, bunu arvadlar özlərindən uydurub yas məclisində danışıblar. Anam da eşitmişdi, gəlib evdə mənə dedi ki, arvadlar danışır ki, guya Niyaməddini Zöhrab öldürüb. Ancaq sən buna inanma».

«Səhərisi gün polislər evimizə gəlib məni həbs etdilər»

Artıq hövsələsi daralan Əhəd düşündüyü planı reallaşdırmaq istəyir: «Başa düşdüm ki, onsuz da Zöhrab boynuna almayacaq. Cibimdən bıçağı çıxarıb sinəsinə bir dəfə zərbə vurdum. Zöhrab sinəsini tutub yerə yıxıldı. Mən oradan uzaqlaşdım. Gecəylə yol maşınına minib Salyana qayıtdım. Evdəkilərə heç nə demədim. Səhərisi gün polislər evimizə gəlib məni həbs etdilər. Polis şöbəsində bildim ki, Zöhrab keçinib».

Məhkəmədə zərərçəkmiş qismində Zöhrab Allahverdiyevin atası Qurban Allahverdiyev dindirilib. O ifadəsində göstərib ki, Əhəd Əliyevlə qonşudurlar. Oğlu Zöhrab Əhədin qardaşı Niyaməddinlə dostluq edib. Niyammədinin ölümü Zöhraba da pis təsir edib. Qətldən bir gün sonra Eldar Səfərov həbs edilib. Bir müddət sonra Əhəd Zöhraba Bakıda iş tapdığını bildirib. Onlar sentyabr ayının sonunda birlikdə Bakıya yola düşüblər. Lakin bir neçə gün sonra məlum olub ki, Əhəd Zöhrabı Bakıda qətlə yetirib.

Onu da bildirək ki, Niyaməddinin ölümündə təqsirləndirilən Eldar Səfərovun da məhkəməsi keçirilib və Eldar Səfərov qətl törətdiyini etiraf edib. Səbəb kimi isə onu göstərib ki, Niyaməddinlə şərik çayxana işlədirlərmiş və son vaxtlar Niyaməddinin şərikli qazandıqları pulları mənimsədiyini başa düşüb. Bir neçə dəfə Niyaməddinə xəbərdarlıq etsə də faydası olmayıb. Bu səpgidə aralarında mübahisə baş verib və Niyaməddin Eldarın valideynlərinin ünvanına söyüşlər söyüb. Bundan qəzəblənən Eldar da Niyaməddini qətlə yetirib. Beləliklə də, Zöhrab Allahverdiyev törətmədiyi cinayətin qurbanına çevrilib.

Məhkəmənin hökmü ilə Əhəd Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.