Transxəzərin həllini gözləyən problemləri
"Atlantic Council” nəşri yazır ki, layihənin reallaşması üçün siyasi
və iqtisadi maneələr var
Azər NURİYEV
Avropaya qazın yeni marşrutla nəqlini nəzərdə tutan Cənubi Qaz
Dəhlizi ilə bağlı işlərin başa çatması yenidən Transxəzər boru xəttinə marağı
artırıb. Layihə Avropanın enerji təhlükəsizliyinin artırılması baxımından mühüm
hesab edilir, eləcə də, Avropanı Mərkəzi Asiya və Xəzərlə bağlayan xətt kimi
nəzərdən keçirilir. Qərbin nüfuzlu "Atlantic
Council” nəşrində dərc olunan məqalədə bildirilir ki, "çox tezliklə Cənub Qaz
Dəhlizi hazır olacaq və Azərbaycanın "Şahdəniz” qaz yatağından il ərzində 10
mlrd. kubmetrlik qazı Avropanın cənub-şərq hissəsinə çatdıracaq”. Cənub Qaz
Dəhlizi qazın nəqlinin diversifikasiyasına dəstək məqsədi daşısa da, onun
təsiri az həcmdə qazla məhdudlaşdırılacaq: cəmi 10 mlrd. kub metr qazı Avropa
bazarına çatdıracaq. Onun tələbatı isə il ərzində 450-500 mlrd. kubmetr qaza
hesablanıb. Məhz bu səbəbdəndir ki, ABŞ və Avropa İttifaqı uzun müddətdir ki, Transxəzər
boru xətti konsepsiyasının üzərində dayanırlar. Burada il ərzində 30 mlrd. kubmetr
qazın nəqli nəzərdə tutulub. Türkmənistanın zəngin qaz yataqlarından hasil
edilən qazın da layihəyə daxil edilməsi nəzərdə tutulub. Transmilli boru
xəttinin inkişafı üçün nə lazımdır? Son 25 ildə Xəzər regionunda neft və qaz
boru xətlərinin inkişafı ilə bağlı çoxsaylı variantlar təklif olunub.
Bakı-Tbilisi-Ceyhan və bu kimi layihələr nədən uğurlu olub, digərləri isə
uğursuz olub? CSIS - Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hesabatında
qeyd olunur ki, transmilli boru xətlərinin uğurlu olmasının dörd vacib elementi
var: neft və qaz mənbəyi, nüfuzlu kommersiya lideri, əlverişli iqtisadiyyat və
siyasi dəstək.
Transxəzər boru xətti layihəsi bu kriteriyalara uyğun gəlirmi?
Birincisi, müəyyən qaz mənbəyi mövcud deyil. Türkmənistan iri qaz yataqlarına
malikdir. Lakin onun yeni qaz yataqları olsa da, böyük əksəriyyətin istismarı
uzunmüddətli müqavilələrlə Çinin əlindədir. Rusiyanın neftlə təchiz etdiyi
köhnə yataqlarla bağlı vəziyyət isə bəlli deyil. Bu səbəbdən də Transxəzər boru
xətti üçün yeni qaz yatağı gərəkdir. İkincisi, hazırda heç kim kommersiya
lideri qismində çıxış etmək istəmir. Əgər beynəlxalq neft şirkətinə Türkmənistanda
qazın nəqli ilə bağlı pay təqdim edilərsə, o zaman o öz resurs bazasını boru
xəttinin dolması üçün inkişaf etdirə və kommersiya lideri kimi çıxış edə
bilərdi. Lakin türkmən hökuməti xarici investisiyanı quruda qaz nəqlinə cəlb
etməkdən boyun qaçırır. Podratçı şirkət boru xətlərinin kommersiya lideri
rolunda çıxış edə bilər. 90-cı illərdə Transxəzər boru xəttinə ilkin dəstəyi
PSG şirkəti göstərmişdi. Lakin bu cəhd uğursuz oldu. Ötən 20 il ərzində heç bir
boru xətti şirkəti Transxəzər boru xətti layihəsinə maraq göstərməyib. Bu,
təəccüblü deyil. Maliyə resurslarına malik olan nə Qərb, nə də Avropa
transmilli boru xətləri şirkətlərindən heç biri bu layihədə iştiraka maraq
göstərməyib. Resurs bazası və nüfuzlu kommersiya lideri olacağı təqdirdə belə
türkmən qazının Avropaya nəqlinin gəlirli olacağı az ehtimal edilir. Qazın
emalının yüksək qiyməti qalır. Türkmən qazının tərkibində kükürd çoxdur,
daşınma şəbəkəsi də bahalıdır. Düzdür, Türkmənistan Xəzər dənizində iri qaz
yataqları ilə birləşdirən "Şərq-Qərb” boru xəttini inşa edib. Lakin 30 mlrd.
kubmetr qazı nəql etmək üçün zəruri kompressorlar quraşdırmayıb. Bura Xəzər
dənizinin dibindən keçib gedəcək Transxəzər boru xəttinin qiymətini də daxil
etmək gərəkdir. Qazı Avropaya çatdırmaq üçün boru xətlərini genişləndirmək də
olar. Lakin 15 mlrd. kubmetrdən çox olmamaq şərtilə. Yəni, yeni infrastruktura
əlavə investisiyalar gərəkdir. Sonuncu iqtisadi problem ondadır ki, türkmən
qazı özündə "Şahdəniz” qazından fərqli olaraq yüngül kondensant birləşdirir.
Mahiyyət etibarilə "Şahdəniz” yatağından olan kondensant isə istifadə olunan
qazdır. Türkmən qazının iqtisadi tərəfi ilə bağlı bu cür qiymət 2018-ci ildə
Oksford Universitetinin enerji tədqiqatları ilə bağlı təqdim etdiyi hesabatda
əks olunub. Əsas nəticə odur ki, türkmən qazı Avropada rəqabətədavamlı deyil.
Hələ ki, Avropanın qaza olan tələb koronavirus pandemiyası və digər aspektlər
üzündən sual altındadır. Avropa İttifaqının enerji siyasətində qazın roluna
gəldikdə avropalı alıcıların türkmən qazını uzunmüddətli və perspektivdə
almasını çətin təsəvvür etmək olar. Beləliklə, əgər layihə subsidiya alsa belə,
Avropanı rəqabətədavamlı qazla təmin etmək məsələsində hədəfə çata bilməz.
Boru
xətti üçün üç əsas əhəmiyyətli məsələ olmadan layihənin uğur qazanması çətin
olar. Bəs Transxəzərin inşası ilə bağlı siyasi dəstək necə, varmı? Sözsüz ki,
layihə Azərbaycan və Türkmənistanın güclü dəstəyinə malikdir. ABŞ və Avropa
İttifaqı da dəfələrlə layihəyə dəstək ifadə ediblər. Lakin təcrübə göstərir ki,
siyasi dəstək zəruri olsa da, uğur əldə etmək üçün kifayət etmir. Uğurun əldə
edilməsi üçün kommersiya və iqtisadi əsaslar zəruridir. Transxəzər boru
xəttinin yeni istehsalçılarının ortaya çıxması və gələcəkdə Avropada qaz
qiymətlərinin dəyişəcəyini gözləmək də şübhə doğurur. Bu iqtisadi və kommersiya
reallıqları qalır - hətta əgər sabah Türkmənistan öz siyasətini dəyişə və
beynəlxalq neft şirkətlərini öz ərazində kəşfiyyat işləri aparmağa çağırsa
belə. O ki qaldı Rusiyanın mövqeyinə, qonşumuz lap əvvəldən siyasi səviyyədə
Transxəzər boru kəmərinə qarşı çıxıb. Formal olaraq əsas problem kimi Xəzərin
statusunun müəyyən olunmaması göstərilirdi. Dənizin hüquqi statusuna dair saziş
imzalanandan sonra həm bölgədə, həm də beynəlxalq səviyyədə ilk təəssürat bu
oldu ki, artıq Transxəzər layihəsinin reallaşdırılması üçün əngəllər aradan
qaxıb. Çünki Konvensiyanın 14-cü maddəsinin 1-ci hissəsində aydın yazılıb ki,
tərəflər dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilər. Lakin bu dəfə İran və Rusiya dənizin dibi ilə
boru xəttinin inşasının ekoloji problemlərə gətirib çıxaracağını irəli sürməyə
başladı. Bir sözlə, Transxəzər layihəsinin həyata keçirilməsi üçün geosiyasi
konsensus tələb olunur. Bu mövzu çoxdan siyasiləşib və layihənin taleyi Avropa İttifaqı
ilə Rusiya (həmçinin İran) arasındakı dialoqdan asılı vəziyyətdədir.
Azər NURİYEV