• şənbə, 20 Aprel, 05:40
  • Baku Bakı 15°C

Transmilli şirkətlərdə həmkarlar ittifaqı problemi

27.11.15 14:08 1279
Transmilli şirkətlərdə həmkarlar ittifaqı problemi
Bəzi şirkətlərin rəhbərləri həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına hər vasitə ilə əngəl törədirlər
“Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlıq məsələlərinə diqqəti artırmalı, əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və tətbiq etməlidir”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyinə həsr olunmuş tədbirdə söylədiyi bu fikirlər həmçinin vətəndaşların sosial problemlərinin həlli və əmək hüquqlarının qorunması istiqamətində çağırış kimi səslənib.
Ə.Həsənov qeyd edib ki, AHİK əmək prosesinə cəlb olunmuş vətəndaşların iş şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl tədbirləri davam etdirməlidir: “2003-cü ildən bu günə kimi Azərbaycanda minlərlə istehsal müəssisəsi yaradılıb, 1,4 milyon yeni iş yeri açılıb. Yeni yaradılmış iş yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Hesab edirəm ki, bütün bu reallıqları nəzərə alaraq, AHİK əmək prosesinə cəlb olunmuş vətəndaşların iş şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməlidir”.
AHİK-in hazırda transmilli şirkətlərlə əməkdaşlığının hansı istiqamətlərdə davam etməsi ilə bağlı sualımızı cavablandıran qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov bildirdi ki, Azərbaycan həmkarlar ittifaqları transmilli şirkətlərdə işçilərin həmkarlar ittifaqına cəlb edilməsi sahəsindəmüəyyən təcrübə toplayıb. Belə ki,konfederasiyanın III və IV qurultaylarının proqram sənədlərində transmilli şirkətlərdə təşkilati-motivasiya işinin gücləndirilməsi barədə üzv təşkilatlar qarşısında vəzifələr qoyulub: “Hazırda ölkəmizdəki transmilli şirkətlərdə 68-dən çox həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Bu, neft-qaz sektoru, avtonəqliyyat, kənd təsərrüfatı və qida sənayesi, səhiyyə, inşaat və digər istehsal sahələridir. Xüsusilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi transmilli şirkətlərdə çalışan yerli işçilərin həmkarlar ittifaqı yaratmaq təşəbbüslərini daima dəstəkləyir”. N.Ağamirovun bildirdiyinə görə, özəl sektorda, xidmət sferasında, kiçik və orta biznes sahəsində həmkarlar ittifaqı üzvlüyünə cəlb edilmə ilə bağlı problemlər də mövcuddur: “Bəzi şirkətlərin rəhbərləri həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına hər vasitə ilə əngəl törədirlər. “Bizim həmkarlar ittifaqı təşkilatlarına ehtiyacımız yoxdur. İşçilərimizin sosial problemləri ilə bağlı bütün məsələləri özümüz həll edirik” - deyə bildirirlər. Təbii ki, bu da həmkarlar ittifaqı olmayan müəssisələrdə yerli işçilərin hüquqlarının həmkarlar ittifaqı tərəfindən qorunması yolunda əngəl yaradır”. N.Ağamirovun bildirdiyinə görə, vəziyyətdən çıxış yolu kimi AHİK və onun üzv təşkilatları həmkarlar ittifaqlarına üzvlüyün əsas səbəblərinin şərh edilməsi işinin genişləndirilməsi və həmkarlar ittifaqı üzvlərinin sayının artırılması üzrə proqramlar işləyib hazırlayıb və onları təcrübədə həyata keçirirlər: “Əgər hər hansı bir şirkətdə həmkarlar ittifaqı yaranıbsa, bu, həmin şirkətlə konfederasiya arasında əməkdaşlığın göstəricisidir”.
Ekspertlər də transmilli şirkətlərlə AHİK arasında əməkdaşlığın çox vacib olduğunu bildirirlər.Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirdi ki, transmilli şirkətlərlə konfederasiyanın əməkdaşlığında həmişə problemlər müşahidə olunub. Belə ki, transmilli şirkətlərin ən böyük məqsədi işçilərin həmkarlar təşkilatında birləşməsinə mane olmaqdır: “Onların əksəriyyəti həmişə işçilərin təşəbbüsünə, həmkarlara qarşı əks mövqedə olublar. Kim ki həmkarlar təşkilatlarında birləşmək istəyirdi, onları “qara siyahı”ya salırdılar. İşdən çıxardıqda onları artıq başqa yerdə işə götürmürdülər. Elə hazırda bizdə də transmilli şirkətlər həmkarlar ittifaqlarını o qədər yaxın buraxmaq istəmir. Konfederasiya əməkdaşlıq üçün səy göstərir”. Liqa sədrinin sözlərinə görə, bəzi təşkilatlarda həmkarlar təşkilatlarının yaranmasına nail olunub: “Amma bəzi şirkətlər bütövlükdə Həmkarlar Konfederasiyası ilə razılaşma bağlamır. Onlar həmkarlar ittifaqlarını de-fakto və de-yure qəbul etmək istəmirlər”. BMT-nin transmilli şirkətlərlə bağlı qətnaməsinin olduğunu bildirən ekspertin sözlərinə görə, əgər şirkətlər qanunu kobud surətdə pozurlarsa, həmkarlar ittifaqlarının yaranmasına əngəllər törədirlərsə, qanunvericilikdə buna görə məsuliyyət nəzərdə tutulur.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər