AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Transfer əməliyyatlarında səhvlərə yol vermişik”

“Transfer əməliyyatlarında səhvlərə yol vermişik”

İdman
30 Oktyabr 2012, 17:08 1234
İtaliya mətbuatı "Yuventus" rəhbərliyini çoxdan heyətə yüksək səviyyəli hücumçu qata bilməməkdə qınayır. Doğrudan da turinlilər yay boyunca bu planda bir çox cəhdlərə əl atsa da, yalnız "Arsenal"a gərək olmayan Niklas Bendtneri icarə qaydasıyla Turinə gətirə bilmişdi.
O isə hələ ki ağ-qara formada qol hesabını aça bilməyib. "Kataniya" ilə son oyunda da Bendtnerin "dişsizliy"ini göstərməsi jurnalistləri Cüzeppe Marottaya üz tutmağa vadar edib. Klubun baş direktoru isə transfer məsələsinə cavabdeh olan şəxs kimi KİV nümayəndələrinə bir sıra etiraflarıyla diqqət çəkib: "Hə, bir sıra transfer əməliyyatlarında səhvlərə yol vermişik. Amma futbolçu alarkən səhv etmək normal sayılmalıdı. Bununla belə, transfer planında uğurlarımızdan da danışa bilərəm. Son vaxtlar heyəti əhəmiyyətli dərəcədə gəncləşdirmək qərarına gəlmişik. Son bir neçə il ərzində sıralarımıza qatdığımız 22 futbolçunun əksəri bizi heç də məyus etməyib. Unutmayın ki, Pirlo, Vidal və Poqba bizim böyük uğurlarımız sayılır. Bəzi oyunçuları alarkən 10 milyon avro ödəmişdiksə, indi digər klublar onları 30 milyon avroya transfer etməyə hazırdı. Yayda Pirlo ilə Vidala görə aldığımız təklifləri geri çevirmişdik. Ona görə ki, biz ən yaxşı oyunçularımızı satmırıq!"
Jurnalistlər avqustda "Fiorentina" ilə münasibətlərdə yaranan növbəti soyuqluğa aydınlıq gətirmək üçün cənab Marottadan açıqlama istəyib. Xatırladaq ki, İtaliya klubları MY-ni tərk edən Dimitar Berbatov uğrunda mübarizə aparmışdı. Amma bolqar futbolçu sonradan "Fulhem"dən gələn təklifi müsbət cavablamışdı. İtaliya mətbuatı bunun böyük ölçüdə "Yuventus"un müdaxiləsi sayəsində baş verdiyini iddia etmişdi. Lakin Marotta əsl həqiqətə belə aydınlıq gətirməyə çalışıb: "Hə, Berbatovla biz də təmas qurmuşduq. O, bizi "Fio"ya keçmək fikrində olmadığına əmin etmişdi. Dimitar sonda "Fulhem" variantına üstünlük verdi. Florensiyalılar buna görə bizi çox tənqid etmişdi. Amma əsl həqiqət budu ki, biz onların axmaq vəziyyətə düşməsinə mane olmuşduq!.."