• çərşənbə axşamı, 19 mart, 06:14
  • Baku Bakı 8°C

Trampın yeni planı nədən xəbər verir?

29.01.20 18:30 3829
Trampın yeni planı nədən xəbər verir?
Ekspertlərin fikrincə, plan ölü doğulmuş uşağa bənzəyir və reallaşması mümkün deyil

İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı uzun illər ərzində müxtəlif həll planları təklif edilib. Lakin bu planları gah İsrail, gah da Fələstin qəbul etməyib.
Münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ABŞ isə son illərdə bir neçə dəfə buna cəhdlər edib. Lakin bu müddət ərzində heç bir ABŞ prezidenti nə Qüdsü İsrailin paytaxtı, nə də Suriyaya məxsus Colan təpələrini İsrail ərazisi kimi tanıyıb. Amma Donald Tramp ABŞ prezidenti olduğu dövrdə bunu "reallaşdırdı” və indi isə münaqişənin həlli ilə bağlı planını açıqlayıb. Belə ki, bu plana əsasən, Tramp tərəflərə İsrail və Fələstini iki ayrı dövlət, Şərqi Qüdsü isə Fələstinin paytaxtı kimi təqdim edir.
Ağ evdə İsrailin Baş Naziri Binyamin Netanyahu ilə birgə çıxış edən Tramp özünün 80 səhifəlik planına gələcək Fələstin dövlətinin xəritəsinin ətraflı şəkildə izahının daxil edildiyini və bu planının artıq Netanyahu və İsrail müxalifətinin lideri Benni Qansla razılaşdırıldığını bildirib.
Tramp öz planını təqdim edərkən deyib: "Bu gün İsrail sülhə doğru böyük addım atır”. O, uzunsürən münaqişənin nizamlanma planını "real” adlandırıb. Tramp bildirib ki, planın diqqətçəkən hissəsi Qüdsün İsrailin "bölünməyən paytaxtı” qismində qorunub saxlanmasıdır. Eləcə də 1967-ci ildə baş verən "altıgünlük müharibə” nəticəsində İsrail Administrasiyasının nəzarəti altına keçən ərazilərdə Tel-Əvivin yəhudi yaşayış məskənlərinə tam nəzarəti də planda əsas məsələlərdəndir. Tramp fələstinlilərin tabeliyində olan ərazinin azı iki dəfə artacağını vurğulayıb. Bununla yanaşı, plana müvafiq olaraq, gələcək Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdə yerləşəcək və ona daha əvvəllər yəhudilərin məskən saldıqları İordan çayının Qərb sahillərinin hissələri veriləcək. Plan çərçivəsində İsrail danışıqlar aparılanadək yeni yaşayış yerlərinin tikilməsi üçün dördillik moratoriumla razılaşacaq.
ABŞ prezidentinin bu planı artıq bir sıra dünya dövlətlərinin etirazı ilə qarşılanıb.
Plan açıqlanar-açıqlanmaz Fələstin lideri Mahmud Abbas bunun qəbul olunmayacağını bəyan edib.
Görəsən, Trampın bu planı nədən xəbər verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Trampın yeni planı separat zəmində hazırlanıb: "Söhbət Amerikanın vasitəçiliyindən gedirsə və Fələstin-İsrail münaqişəsinin həllini önə çıxarırsa, deməli, bu prosesdə münaqişə tərəflərinin ikisi də iştirak etməli idi. Ancaq bu baş vermədi və artıq plan detalları ilə açıqlanıb. Biz görürük ki, orada həqiqətən də bir tərəfin maraqları üstün tutulub, digər tərəfin maraqları isə kölgəyə salınıb. Bu cür vasitəçilik ancaq sıfır səviyyəsində nəticə verə bilər. Çünki ortada son dərəcə önəmli, strateji məqamlar var. Əlbəttə ki, Tramp təkbaşına bütün yükü öz üzərinə götürür, əvvəlcə Qüdsü İsrailin paytaxtı, sonra Colan yüksəkliklərini Suriyanın yox, İsrailin ərazisi kimi elan edir. Nəhayət, indi də guya fələstinlilərə iki dəfə artıq ərazi verməklə onların qeyrətini, milli mənliyini satın almağa cəhd göstərir. Əlbəttə, bu planın müqəddəratı əvvəlcədən bəllidir, çünki ölü doğulmuş uşaqdır. Çünki orada prinsipial məqamlar adekvat tərzdə həllini tapmayıb. Təəccüblü deyil ki, əksər ərəb ölkələri, Avropa İttifaqı, bölgə dövlətlərinin əksəriyyəti bu plana artıq "yox” dedi”.
T.Abbasov qeyd etdi ki, Fələstin-İsrail probleminin həllinə 4 tərəf məsuldur: "Söhbət BMT-dən, Avropa İttifaqından, ABŞ və Rusiyadan gedir. Biz burada görürük ki, Donald Tramp və Ağ Ev bütün məsuliyyəti öz üzərinə götürməklə son dərəcə gərgin bir vəziyyət yaradır. Əlbəttə ki, Tramp burada qarşıdan gələn seçki kampaniyasının işgüzar tərəfini rəhbər tutub. O, seçki ərəfəsində İsrailin, o cümlədən ABŞ-ın yəhudi lobbisinin dəstəyini qazanmaq istəyir. Ola bilsin ki, bu istək əsaslıdır, amma dəstək Fələstin xalqının strateji maraqlarının tapdanması əsasında həllini tapmamalıdır. Hesab edirəm ki, indi əksər dövlətlər, o cümlədən də adını qeyd etdiyim digər üç vasitəçi öz prinsipial mövqeyini bildirəcək. Artıq Avropa İttifaqının münasibəti bəllidir və onlar bu plana "yox” dedilər. Rusiya tərəfi hələlik məsələ ilə bağlı araşdırmasını aparır və biz yaxın vaxtlarda rəsmi Moskvanın münasibətini də görəcəyik”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Donald Trampın kürəkəni Kuşnerin vasitəsilə hazırladığı "Yaxın Şərq sülh planı” daha çox İsrailin maraqlarına xidmət edir. Plan Fələstin rəhbərliyi tərəfindən qəbul edilməsə də, Vaşinqton bəzi ərəb ölkələrindən dəstək gözləyir: "Yəni Ağ Ev mövcud planı hazırlayarkən, kimin necə reaksiya verəcəyini ehtimal etməli idi. Məsələn, Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə Vaşinqtonda haqqında danışılan planın detallarını açıqlayarkən zalda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omanın səfirləri də var idi. Halbuki, İsrailin bu ölkələrlə diplomatik münasibətləri yoxdur. Üstəgəl, Vaşinqtonun səyləri ilə son illərdə Səudiyyə Ərəbistanı ilə İsrail arasında da yaxınlaşma baş verir.
Əlbəttə, plan ziddiyyətlidir, ancaq planda Fələstin üçün bəzi şirnikləndirici təkliflər var. Birincisi, yeni plana görə Fələstinin ərazisi indikindən iki dəfə böyük olacaq. İkincisi, Fələstin bu planı qəbul edərsə, ora 50 milyard dollarlıq yatırım qoyulacaq, 1 milyon fələstinli üçün yeni iş yerləri açılacaq. Üçüncüsü, Şərqi Qüds Fələstin paytaxtı kimi qəbul ediləcək. Dördüncüsü, Qəzza bölgəsi Fələstinin digər hissəsi ilə tunellə birləşdiriləcək. Beşincisi, ABŞ Fələstinin müstəqilliyini qəbul edərək bu ölkədə səfirlik açacaq”.
E.Şahinoğlunun fikrincə, buna baxmayaraq, yeni planı Fələstin üçün alçaldıcı qiymətləndirənlər az deyil: "Bu necə sülh planıdır ki, İsrail həmin planı alqışlayır, Fələstin rəhbərliyi lənətləyir. Əgər bu sülh planı idisə, Ağ Evdə Trampın sağ tərəfində Benyamin Netahyahu dayanırdısa, sol tərəfində Fələstin lideri Mahmud Abbas dayanmalı idi. Mahmud Abbas eyni gündə plan haqqında tənqidi fikirlərini söyləyirdi. Türkiyə yeni planın əleyhinədir. Rusiya isə bir qədər gözləmə mövqeyindədir. Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl İsraildə idi. Ona görə də Kreml sahibi bəri başdan İsrailin bəyəndiyi planın əleyhinə çıxmağa lazım bilmədi. Ancaq Rusiya ərəb dünyası, o cümlədən Fələstinlə də münasibətləri korlamaq istəmir. Moskva balanslı yanaşma ortaya qoymağa çalışacaq. Netanyahu Vaşinqtondan sonra Moskvaya yola düşüb və çalışacaq Putini inandırsın ki, Kreml sahibi planı bəyənməsə də, heç olmasa əleyhinə də çıxmasın”.
Müstəqil jurnalist Kənan Rövşənoğlu bildirdi ki, Yaxın Şərq münaqişəsi başladığı vaxtdan bu yana ABŞ burada əsas aparıcı tərəflərdən biri kimi çıxış edir: "Ona görə də müxtəlif prezidentlərin dönəmində ABŞ rəhbərliyi bu münaqişənin həlli ilə bağlı planlarını ortaya qoyub. Çünki İsrail-Fələstin münaqişəsində əsas ittiham olunan tərəf də ABŞ-dır və bu mövzuda İsrailə dəstək verdiyinə görə ona qarşı qınaq çoxdur. Ona görə də ABŞ prezidentləri həmişə bu münaqişənin həllinə çalışıblar. Bundan əvvəl Corc Buş və Barak Obamanın dövründə də bu cəhdlər olub. Düzdür, ərəblər heç onların da mövqeyini qəbul etmirdilər. Lakin əvvəlki prezidentlərin dövründə münaqişənin həlli ilə bağlı yaxşı təklifləri var idi. Məsələn, Obama təklif edirdi ki, 1967-ci il sərhədlərində bu ərazidə iki dövlət yaradılaraq, BMT-nin qərarları icra olunsun. Əlbəttə ki, yəhudilər buna görə Obamanı sevmirdi. Amma indi Tramp tərəfindən irəli sürülən plan siyasi məqsəd daşıyır. Bu da ona əsaslanır ki, Trampın güclü müxalifəti var və o, yəhudilərdən dəstək almaq üçün İsrailin xeyrinə olan plan irəli sürür. Bilirik ki, Tramp 2017-ci ilin dekabrında Qüdsün İsrailin paytaxtı olması ilə bağlı qərar imzaladı. Hansı ki, bu qərarı son 37 ildə heç bir ABŞ prezidenti tanımamışdı. İsrail 1982-ci ildən Qüdsü öz paytaxtı elan edib, amma dünyanın heç bir dövləti, o cümlədən ABŞ bunu qəbul etməyib. Lakin Tramp əvvəlki prezidentlərdən fərqli olaraq bu addımı atdı. Bundan başqa, 2019-cu ilin marın 15-də Tramp növbəti qərarını verdi və bununla 1967-ci ildə işğal olunmuş Colan təpələri ərazisini İsrail torpaqları kimi tanıdı. ABŞ buna qədər BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, bu əraziləri İsrail ərazisi kimi tanımırdı. Tramp bu addımı ilə istəyir ki, indiki halda Netanyahu tərəfində olan və Qüdsün İsrailin paytaxtı olmasını istəyən yəhudi lobbisinin dəstəyini alsın. Bu, sırf seçkilərə yönəlmiş addımdır”.
K.Rövşənoğlu vurğuladı ki, Trampın açıqladığı planın icrası mümkün deyil: "Çünki dünya dövlətləri hələ 1967-ci ildə ikidövlətli həll təklif edib və hətta həmin planı belə müsəlman dünyası, ərəblər qəbul etməyib. Amma indi faktiki olaraq, Tramp İsrailin işğal etdiyi torpaqları öz əlində saxlamasını qanuniləşdirir, Fələstinə isə sadəcə bu ərazilər arasında tunel-yollar çəkilməsini təklif edirr. Bütün bunların qarşılığında isə 50 milyard dəyərində pul və bir milyon iş yerinin açılmasını təklif edir. Tramp məsələyə sırf kapitalistcəsinə yanaşır ki, fələstinliləri pulla ələ ala bilsinlər. Bu da çətin məsələdir, çünki Qüds sıradan bir şəhər deyil və dünyanın üç səmavi dininin mərkəzi hesab olunur. Ona görə də maddiyyat qarşılığında şəhərdən imtina çətin məsələdir. Hətta hökumətləri imtina etsə belə, ərəb xalqı, fələstinlilər ondan imtina etməyəcək. Onu qeyd edim ki, Trampdan əvvəl olan prezidentlər Corc Buş və Barak Obamanın təklifləri daha real və ədalətə yaxın idi ki, BMT-nin qərarından çıxış edərək burada iki dövlət yaradılsın və ərazilər bölüşdürülsün. İndiki Tramp planının icrası isə mümkün deyil və bölgədəki gərginliyi daha da artıracaq. Qeyd etdiyim kimi, bu plan Tramp və Netanyahunun seçki maraqlarına hesablanıb. Çünki planın qəbul olunması sağ siyasi düşərgəni daha da ruhlandıracaq və Netanyahu bununla seçkidə qələbə qazana biləcək”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər