• çərşənbə axşamı, 19 mart, 11:07
  • Baku Bakı 8°C

Trampdan müsəlman dünyasına çağırış

23.05.17 10:00 1158
Trampdan müsəlman dünyasına çağırış
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammiti dünya mediasının və ekspertlərin əsas müzakirə mövzusuna çevrilib. "Birlikdə güclüyük” devizi altında ilk dəfə keçirilən sammitdə qlobal təhlükəsizlik, sabitliyin təmin edilməsi, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizə və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır. Ən önəmlisi isə şübhəsiz ki, tədbirdə ABŞ prezidenti Donald Trampın iştirak etməsi olub. İlk xarici səfərini Səudiyyə Ərəbistanına edən Birləşmiş Ştatlar prezidenti Trampın burada keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər dünya mediasının və siyasilərinin ən çox müzakirə etdiyi məsələlər sırasındadır. Bəlli olduğu kimi, prezident kampaniyası dövründə müsəlmanlara qarşı çıxışlarıyla diqqət çəkən Tramp hətta 7 müsəlman ölkəsindən (Səudiyyədən başqa - müəl) gələnlərin ölkəsinə girişinə müvəqqəti qadağa qoymağa çalışsa da, bu cəhdi alınmayıb.
Ekspertlər hesab edir ki, Trampın ilk olaraq Səudiyyə Ərəbistanına getməsi presedenti olmayan bir hadisədir. Ən maraqlısı odur ki, Tramp çıxışında müsəlman dünyasını radikallığa qarşı mübarizədə birliyə çağırıb. ABŞ prezidentiYaxın Şərqdə ekstremizmin kökünün kəsilməsindən ötrü "millətlərin koalisiyası”nı qurmağa çağırıb. Nitqində "radikal islamçı terror” sözlərini işlətməkdən çəkinən ABŞ prezidenti daha çox "terrorçu” kəlməsini işlədib. Yeri gəlmişkən, əksəriyyət gözləyirdi ki, ABŞ prezidenti əsas diqqəti İŞİD-ə yönəldəcək. Lakin Tramp çıxışında diqqəti daha çox İranın üzərində quraraq, Tehranı regionda qeyri-sabitlikdə rol oynamaqda ittiham edib. O az qalıb ki, hətta İranda hakimiyyət dəyişikliyinə də çağırsın. "Livandan İraqa və Yəmənə qədər İran regionda dağıntılar və qarışıqlıq yaradan terrorçuları, yaraqlıları və ekstremist qrupları silahlandırır və onlara təlim verir”, - deyə Tramp bildirib. O, Əl-Riyada toplaşmış 55 müsəlman liderini öz ölkələrindəki terrorçuluğun kökünü kəsməyə çağırıb. ABŞ prezidenti deyib ki, "terrorizmə qarşı mübarizə günahsız müsəlmanların öldürülməsi, qadınların əsarəti, yəhudilərin təqibləri və xristianların qətllərinə qarşı birgə dayanmaq deməkdir. Dini liderlər bunu tam aydın etməlidirlər: vəhşilik sizə şöhrət gətirməyəcək, şər qüvvəyə baş əymək sizə şərəf gətirməyəcək”. O daha sonra nitqində deyib: "Amerika suveren bir ölkədir və bizim bir nömrəli prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyidir. Biz mühazirə oxumaq üçün, başqalarına necə yaşamalı, nə etməli olduqlarını, nəyə ibadət etməli olduqlarını demək üçün burada deyilik. Bunun əvəzinə, biz hamımız üçün daha yaxşı gələcək naminə bölüşdüyümüz birgə maraqlar və dəyərlərə əsaslanan tərəfdaşlıq üçün buradayıq. Hər dəfə bir terrorçu günahsız insanı öldürəndə və yalandan Allahın adını çəkəndə bu, hər bir mömin üçün təhqir olmalıdır”. Tramp bildirib ki, hazırda terrorizm bütün dünyada yayılıb. "Sülhə aparan yol burada, bu qədim torpaqda, bu müqəddəs torpaqda başlayır” - deyə o əlavə edib. ABŞ prezidenti deyib ki, Amerika birgə maraqların və ümumi təhlükəsizliyin təmin edilməsində müsəlman ölkələri ilə çiyin-çiyinə dayanmağa hazırdır.
Yeri gəlmişkən, sammitdə səudiyyə kralı Salmanla yanaşı,50-dən çox lider iştirak edir. Qeyd edilməlidir ki, Azərbaycan prezidentiİlham Əliyev də sammitdə iştirak edib. İlk dəfədir təşkil edilən bu tədbirdə ölkəmizin iştirakı mühüm əhəmiyyət kəsb edir. Türkiyəni isə xarici işlər naziri Mövlud Çavuşoğlu təmsil edib.
Beləliklə, əksəriyyətin qənaətincə, Trampın Səudiyyə Ərəbistanına səfərini uğurlu hesab etmək olar. Birincisi, Tramp Ər-Riyadda dünya tarixində bənzəri olmayan böyük silah anlaşmasına imza atdı. Bu anlaşmaya görə, Amerika 10 il ərzində Səudiyyə Ərəbistanına astronomik məbləğdə – 350 milyard dollar civarında silah və müxtəlif hərbi avadanlıqlar satacaq. Bu anlaşma Səudiyyə Ərəbistanının hərbi imkanlarını dəfələrlə artırmağa və Fars körfəzində əsas gücə çevrilməsinə şərait yaradacaq. Tramp üçün isə bu anlaşma onun xarici və daxili siyasətdə ilk böyük uğuru sayıla bilər. Çünki, bu anlaşma hesabına Amerikanın gəlirləri artıracaq və on minlərlə yeni iş yeri açılacaq. "Vaşinqton Post” yazır ki, Trampın Səudiyyə Ərəbistanına səfərinin ikinci hissəsi Ərəb-İslam-Amerika Sammitində iştirak idi. Reallıqda isə söhbət Ər-Riyadda "İslam NATO”su deyilən qurumun yaradılmasının təməlinin atılmasından gedirdi. Bu ideya ABŞ-ın keçmiş prezidenti Barak Obamaya məxsusdur. Qərb mətbuatı Trampın yeni planını bir vaxtlar Birləşmiş Ştatların Avropa dövlətlərinə qarşı həyata keçirdiyi "Marşall planı”na bənzədiblər. O zaman həmin plan çərçivəsində Qərbi Avropa ölkələri indiki kursla 130 mlrd. dollar yardım almışdılar. Belə bir fikir də var ki, ABŞ Səudiyyəni gücləndirməklə, onu İrana qarşı qoymağa çalışır. Yeni silah anlaşması Səudiyyənin hərbi qüdrətinin artırmış olacaq.
Azər
banner

Oxşar Xəbərlər