• cümə, 29 Mart, 00:20
  • Baku Bakı 7°C

Toylara xərclənən pullar… - Polemika

03.08.15 10:16 3705
Toylara xərclənən pullar… - Polemika
Azərbaycan mədəniyyətinin tərkib hissəsindən biri də toylarımızdır. Ölkəmizin toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir edib, həm də digər xalqların mədəniyyətindən müəyyən elementlər götürüb. Xüsusilə son dövürlərdə toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildəndir. Lakin ən böyük problem toylara məşhur müğənnilərin dəvət edilməsi zamanı yaranır. Yarım saat oxumağın qarşılığında 7-8 min manat pul alan müğənnilər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəs gənclər nə düşünür? Toylarımızdakı bu qaydalar israfçılıqdır, yoxsa vacibdir?
“Filankəsdən ayıbdır” kimi fikirlər bizim ən böyük bəlamızdır”
Sona Məmmədova, tələbə
Sona deyir ki, bizim cəmiyyət reklama meyillidir. Yəni hamı çalışır ki, yaxınlarına, dostlarına nələrisə sübut etsin. Müsahibimizin sözlərinə görə, belə hallar xüsusilə toy vaxtı daha güclü şəkildə özünü büruzə verir: “Təbii ki, bu “reklam kampaniyası” heç də ucuz başa gəlmir. Toy zamanı xərclənən pulların əksər miqdarı lazımsız yerə gedir və ailə quran cütlüklərə heç bir xeyri olmur. Həmin miqdar pula əslində ailə quran şəxslər bir çox problemini həll edə bilər. Hər şeydən əvvəl valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Düşünməlidirlər ki, bu gün xərc töküb əziyyət çəkdiyi bu toyun səhər övladlarına bir faydası olacaqmı? Yoxsa “qonşudan geri qalma” prinsipi ilə hamı ən bahalı restoranda toy edir, müğənnilərə, musiqiçilərə bir ətək pul tökür, axırda da borc-xərci kreditlə ödəyirlər. Hətta bir neçə dəfə olub ki, heç toyun sonunda restoranın kirayə haqqını belə ödəməyə pul qalmayıb. Adama deyərlər bütün bunlar nə qədər vacibdir ki, sən kiməsə xoş görünmək üçün bu qədər əziyyət çəkəsən? Bu məsələdə gəncləri günahlandırmaq lazım deyil. Valideynlər, yaşlı nəslin nümayəndələri bu məsələdə daha maraqlıdırlar”. Sona deyir ki, son zamanlar bal ayına xaricə getmək gənc ailələr arasında mühüm məsələyə çevrilib. Belə ki, bal ayına getməyən ailələrdə ciddi problemlər yaranır: “Dəbə yeni bir adət də düşüb. Hər kəs bal ayına mütləq xaricə getməlidir. Aylıq maaşla dolanan insan üçün bu nə dərəcədə vacibdir?. Bizdə əksər insanlar özlərindən daha çox kənardan verilən reaksiyaya önəm verirlər. Heç kim öz cibinə uyğun hərəkət etmir və etmək istəmir. “Filankəsdən ayıbdır”, “mənim qızım filankəsdən əksikdir ki, onun toyunda filan müğənni olmasın” kimi fikirlər bizim ən böyük bəlamızdır. Onun imkanı ona çatıb elə edib, mənim imkanım da ancaq buna çatıb. Burda utanılacaq və sıxılacaq heç nə yoxdur. Göstəriş xatirinə olan toyun problemləri də sonradan ailədə müxtəlif problemlər yaratmağa başlayır. Yeni ailənin hər iki üzvü artıq özləri də valideyinləri kimi davranmağa başlayır. Beləcə, bu problemlərin də sayı durmadan artır”.
“Məşhur müğənninin yarım saat toyumda oxuması mənə nə verəcək?”
Əsəd İsmayılov, tələbə
Əsəd də Sona ilə həmfikirdir. O, toylarda xərclənən bu qədər məsrəfin artıq olduğunu düşünür. Müsahibimizin sözlərinə görə, bu qədər məsrəfin nə valideynlərə, nə də gənc ailəyə heç bir xeyri var: “İsrafçılığı birmənalı olaraq müsbət qarşılamıram. Məncə, israfçılıq edən insanların əksəriyyəti də mənim kimi düşünür, sadəcə, “o da olsun”, “bu da olsun” fikirlərinə o qədər qapılırlar ki, israfçılıq etdiklərinin fərqinə varmırlar. Hazırda günümüzdə israfçılığın başında duran əsas səbəb “digərlərindən geri qalacağam” kimi əsassız fikirlərin olmasıdır. Belə fikirlərin yaranmasına səbəb şöhrətpərəstlikdir. Belə şöhrətpərəstlik həmin ailəyə başucalığı, yeni ailə quran cütlüklərə isə xoşbəxtlik gətirmir”. Əsəd düşünür ki, bu məsələdə məsuliyyətin bir hissəsi də şadlıq evləri və restoran sahiblərinin üzərinə düşür: “Toy mərasimlərində olan israfçılıq mental dəyərlərimizə də uyğun deyil. Çünki ailəmdəki böyüklərdən öyrəndiyimə görə, milli toylarımızda bu cür hallar olmayıb. Toya bir müğənni gəlib normal toyu aparıb. Hansısa məşhur müğənninin yarım saat toyumda oxuması mənə nə verəcək? Biz israfçılığı sadəcə, məişət problemi kimi, dünyəvi bir problem kimi görməliyik. Bu fikrimə aydınlıq gətirim: bir tərəfdə israfçılığın olması digər tərəfdə insanların aclıqdan əziyyət çəkməsinə səbəb olur. Məsələyə dini aspektdən yanaşsaq, müqəddəs kitabımız olan Qurani-Kərimdə Allah bizə israfçılıq etməməyi dəfələrlə buyurur. Övladlarına toy etmək istəyən ailələrə tövsiyəm ondan ibarətdir ki, mərasimləri daha sadə bir şəkildə qeyd etsinlər. Məncə, belə olan halda mərasim ora təşrif buyuran qonaqların daha çox zövqünü oxşayacaq. Həmin lüzumsuz xərcləri isə xeyirli işlərə sərf etsələr, daha gözəl olar”.
“Kim oxuyacaq, mən oxuyacam?”
Gülgün İsmayılova, tələbə
Gülgün, digərlərindən fərqli olaraq, düşünür ki, toy insan həyatında ən vacib günlərdən biridir. Odur ki, burada hər şey yüksək səviyyədə və lazımınca olmalıdır. Müsahibimiz burada xərclənən pulları israfçılıq hesab etmir və düşünür ki, hal-hazırda zamanın tələbi belədirsə, niyə görə də etməyək: “Valideynlərimiz ömrü boyu işləyib əziyyət çəkir ki, övladlarının toyunda arzularına çatsın. Onlar bizim ən çətin, ən pis günlərimizdə yanımızda olublarsa, bizim onlara bu xoşbəxtliyi çox görməyə haqqımız yoxdur. Artıq dövr o dövr deyil ki mağar toyu edəsən. Heç bunaa indiki dövrdə şərait də yoxdur. Kim özünə əziyyət verib gecədən o qədər yemək hazırlayar, o qədər zəhmətli işlərin məsuliyyətini çiyninə alar? Bayaq dediyim kimi, artıq zaman dəyişib, əvvəl xalçanın üstünə pambıqla “Xoşbəxt olsunlar” yazırdın məsələ həll olunurdu. İndi də elədirmi? Əlbəttə yox. Təbii ki, bunun şarı var, zəri var, dekorasiyası, videoçəkilişi, fotoqrafı var. Mağar toyu da etməli olsan, bu zəhmətləri çəkəcəksən. Elə ən yaxşısı bir azca puluna xəsislik etməsən, hər şeyi sənin əvəzinə yüksək səviyyədə həll edəcəklər. Sənin etməli olduğun tək şey isə bəzənib toya gəlməkdir”.
Həmsöhbətimiz deyir ki, hər şeydən əvvəl insan öz adına uyğun hərəkət etməlidir: “Hər birimiz dəfələrlə toylarda iştirak etmişik və yəqin ki, hamı nəyin nə olduğunu çox gözəl bilir. Bizdə hər zaman prioritet mövzu yeməklər olub. Düzdür, yeməklərin israfına qarşıyam. Çünki nemətləri heyif etmək, zibilliyə atmaq günahdır. Düşünürəm ki, bu, toydan əvvəl yüz ölçülüb bir biçilməli məsələdir. Lakin toya müğənnilərin dəvəti, atəşfəşanlıq və s. kimi digər xərcləri israfçılıq hesab etmirəm. Təsəvvür edin ki, toya müğənni dəvət olunmur. Yaxşı, bəs toyda kim oxumalıdır? “Bəxtiyar” filmində deyildiyi kimi: “Kim oxuyacaq, mən oxuyacam?” Odur ki, xəsisliyin daşını bir kənara atmaq lazımdır. Toy insanın ən yaddaqalan günüdür. Düzdür, gələcəkdə övladların doğulması, yeriməsi, ilk dəfə “ata”, “ana” kəlməsi deyən günlər də insan xoşbəxt olacaq. Lakin toy tamamilə fərqli bir gündür. Odur ki, burada hər şey istədiyimiz kimi olmalıdır. Bir ömür boyu da bunun üçün çalışıb əziyyət çəkmirikmi?”
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər