• cümə, 19 Aprel, 07:14
  • Baku Bakı 13°C

Tovuzdakı döyüşlərə beynəlxalq təşkilatların birmənalı mövqeyi

16.07.20 19:34 806
Tovuzdakı döyüşlərə beynəlxalq təşkilatların birmənalı mövqeyi
Deputatların fikrincə, bəzi təşkilatların birmənalı mövqe ifadə etməsi məsələlərə beynəlxalq hüquq prizmasından yanaşmasından irəli gəlir

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin törətdikləri təxribatlar dünya ictimaiyyətinin diqqətindədir. Lakin bir sıra qurumlar işğalçı Ermənistana qarşı sərt mövqe sərgiləmir, ancaq tərəfləri atəşkəsə riayət etməyə çağırırlar. Buna baxmayaraq, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi təşkilatlar Tovuzda baş verənlərə beynəlxalq hüquq prizmasından yanaşaraq, birmənalı mövqe sərgiləyiblər və bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər.
Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qardaş Türkiyəyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi dəstəyə görə dərin təşəkkürünü bildirib: "Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm.
Bizim digər dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Fürsətdən istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək. Qeyd etdiyim kimi, digər ölkələr, bəzi Avropa ölkələri öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdilər. İndi baxın, görün Ermənistana kim dəstək göstərdi? Görməmişəm. Burada da təcrid vəziyyətindədir. Çünki hamı bilir ki, Azərbaycan haqlıdır. Bir çoxları bizim fəaliyyətimiz nəticəsində biliblər ki, bu çirkin təxribatı Ermənistan törətmişdir”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, GUAM, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi beynəlxalq qurumlar işğalçıya dəstək vermirlər: "Diqqət etsək görərik ki, bu və digər normal dövlətlər də Ermənistana dəstək vermir. Amma öz ərazilərinin işğal olunduğunu iddia edən, tutaq ki, Gürcüstan bu məsələdə ərazi işğalı ilə bağlı bir cümlə işlətmir. Ukrayna isə işlədir. Yaxud da, Tovuzda baş verən erməni təxribatı ilə bağlı Türkiyə dəstək verir. Bütün bunlar o deməkdir ki, dövlətlərin özləri də beynəlxalq hüquqa bir çox hallarda o qədər də sayğılı münasibət göstərmirlər”.
F.Mustafa qeyd etdi ki, GUAM, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi təşkilatların da mövqe ifadə etməsi məsələlərə sırf beynəlxalq hüquq prizmasından yanaşmalarını göstərir: "Amma digər qurumlarda beynəlxalq hüquq yoxdur, sadəcə standartlar mövcuddur. O standartlar da isə erməniyə güzəşt var, lakin digərinə yoxdur. Avropa qurumları olan ATƏT, Avropa Şurası kimi qurumlar da eyni xətti əsas götürüblər. Ona görə də Tovuzda baş verən hadisələrlə bağlı belə mövqe sərgiləyən dövlətlər onu göstərirlər ki, guya Ermənistanın təcavüzkar siyasətinə açıq dəstək ifadə edən beynəlxalq təşkilat ortada yoxdur. Amma onlar gizli formada erməniləri Azərbaycana qarşı təhrik edirlər, stimullaşdırırlar. Lakin GUAM, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi birmənalı mövqe bildirən qurumlar da var və onlara da dəstəyinə görə Azərbaycan xalqı təşəkkürünü bildirir. Çünki onlar baş verənlərə prinsipial beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşırlar”.
Millət vəkili Eldəniz Səlimov bildirdi ki, bizim başlıca hədəflərimiz ərazi, torpaq bütövlüyümüzün təmin edilməsi, Qarabağımızın erməni işğalından azad olunmasıdır: "Bu müqəddəs yolda hamımız xalq olaraq həmrəyik və bu birlik davamlı olacaq. Dövlətimizlə, ordumuzla, Ali Baş Komandanımızla çiyin-çiyinəyik və onun əmrlərini gözləyirik, hamımız döyüşməyə, vuruşmağa, torpaqlarımızı qorumağa, işğaldan azad etməyə hazırıq. Çünki bu vətən, bu dövlət, bu torpaq bizimdir.
Eyni zamanda, bu haqq savaşında, Qarabağ mübarizəsində bizimlə birgə olanları, həmrəylik nümayiş etdirənləri, dəstək göstərənləri də qiymətləndirməliyik. Xüsusilə də qardaş və dost Türkiyənin, onun rəsmilərinin bu haqq işində bizimlə birgə, bizim yanımızda olmalarından məmnunluq duyuruq. Biz iki dövlət, bir millətik, qanımız da, canımız da, ruhumuz da birdir”.
E.Səlimov vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir olub, bundan sonra da bir olacağıq və birlikdə bütün düşmənlərimizin kürəyini yerə vuracağıq: "Odur ki, Türkiyə dövlətinə, bu ölkənin Xarici İşlər Nazirliyinə, Prezident Rəcəb Tayyib Ərdoğana, Mövlud Çavuşoğluna, müdafiə naziri Hülusi Akara dəstəklərinə görə minnətdarlığımızı, təşəkkürlərimizi bildiririk. Bunları heç zaman unutmayacağıq. Hər zaman Azərbaycanın yanında olublar, dəstək veriblər və bu, daim belə olacaq, həm də qarşılıqlı şəkildə. Eyni zamanda, dost və strateji müttəfiqlərimiz olan Pakistana və Ukraynaya birmənalı mövqelərinə, Azərbaycanla növbəti dəfə həmrəylik göstərdiklərinə görə, minnətdarlığımızı ifadə edirik. Əlaqələrimiz, münasibətlərimiz, dostluğumuz bundan sonra da yüksək səviyyədə inkişaf və davam edəcək. Onu da qeyd edim ki, qələbə, zəfər uzaqda deyil. Düşmən Ermənistan və onun havadarları cavablarını çox ağır şəkildə alıblar və bundan sonra da alacaqlar. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər