• cümə, 19 Aprel, 11:13
  • Baku Bakı 13°C

Tovmosyanı zərərsizləşdirmək Paşinyana kömək edəcək?

23.06.20 18:23 734
Tovmosyanı zərərsizləşdirmək Paşinyana kömək edəcək?
Rusiyalı ekspertlər hesab edir ki, baş nazirin hakimiyyətdən uzaqlaşdırılması mexanizmi işə düşüb

Apellyasiya Məhkəməsi bu günlərdə həbsdə olan Robert Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etdikdən sonra hakimiyyət orqanları sürətlə konstitusiyaya dəyişikliklər məsələsini gündəmə gətirdilər. Ötən gün parlament böyük səs çoxluğu ilə "Mənim addımım” fraksiyasının təşəbbüsü ilə ortaya atılan konstitusiya düzəlişləri barədə qanun layihəsini qəbul edib. Müxalif "İşıqlı Ermənistan” və "Çiçəklənən Ermənistan” səsvermədə iştirak etməkdən imtina edərək, bildiriblər ki, Nikol Paşinyan konstitusiya quruluşunu rədd etməklə yanaşı, hakimiyyəti qəsb edir. Konstitusiya dəyişikliklərinin sürətləndirilməsi məsələsi isə ölkədəki siyasi repressiyalarla bağlıdır. Konstitusiya düzəlişləri, 12 ildən artıqdır ki, hakimlik edən Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinin dayandırılmasını nəzərdə tutur. Ən əsası, dəyişikliklər hakimiyyət üçün əsas maneə olan KM sədri Qrayr Tovmosyanın fəaliyyətinə xitam verir. Əvvəlki hakimiyyətin sonuncu dayağı olan Tovmosyan bu düzəlişlər olmadan postundan gedə bilməz. Dekabrın sonunda Tovmosyanın sədrliyi ilə keçən məhkəmə prosesində Paşinyanın əsas rəqibi Koçaryanın həbsdə saxlanılması qanunsuz elan edilmişdi. Bundan sonra hakimiyyət Tovmosyanı dövlət çevrilişi cəhdində ittiham etməyə başladı. Konstitusiyaya dəyişikliklər aprelin 5-də keçiriləcək referendumla müəyyən olunmalı idi. Lakin pandemiya səbəbindən qeyr-müəyyən vaxta kimi təxirə salındı. Belə qərara alındı ki, düzəlişləri parlamentdə səsvermə ilə həyata keçirsinlər. Avropa Şurasının Venesiya komissiyası düzəlişləri tənqid etsə də, buna əməl edən olmadı.
Mövcud vəziyyəti "Moskva-Baku” portalına şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov hesab edir ki, düzəlişləri vaxtında həyata keçirə bilməyən Ermənistanın indiki hakimiyyəti müxalif qüvvələrin aktivləşən fəaliyyətinə cavab verməli idi: "Robert Koçaryanın azad edilməsi növbəti dəfə göstərdi ki, Nikol Paşinyan vəziyyətə nəzarət edə bilmir. Hakimiyyət damla-damla əlindən çıxır. İndi məhkəmə növbəti dəfə Koçaryanı azad etdi və hökumət başçısı növbəti dəfə imicinə zərbə vurmuş oldu. Paşinyanı, sadəcə, əzdilər, yerində oturtdular. Bildirdilər ki, ona növbəti dəfə hakimiyyəti mənimsəməyə imkan vermədilər. Bununla belə, biz görürük ki, Ermənistan hakimiyyəti siyasi hədəflərinə çatmaq üçün hər şeyə getməyə hazırdır. Koçaryanla bağlı qərar Paşinyan üçün əməlli-başlı gözlənilməz bir addım oldu. Onun güc strukturlarını rotasiya qaydası ilə dəyişməklə ölkədə hakimiyyəti tam şəkildə ələ almaq cəhdləri uğurlu alınmadı və bütün bu addımlar respublikada gərginliyi artırır. Koçaryan üçün girov vəsaitini erməni mənşəli rus biznesmenləri ödədilər. Mənim qənaətimcə, həmin biznesmenlər hazırkı erməni hakimiyyətinin Rusiya ilə münasibətləri dayandırmaq istəyindən narahatdırlar. Diaspora başa düşür ki, Paşinyan, Rusiyada da nüfuzunu itirir. Çünki anlayırlar ki, belə hədələr iki ölkə arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə gətirib çıxara bilər. Vəziyyətin gərginliyini, hazırda aktivləşən Ermənistanın müxalifət qüvvələri də başa düşür. Axı Kreml çoxdan anlatmaq istəyib ki, əvvəlki hakimiyyətə qarşı münasibət onu qane etmir. Hətt, ehtimal edirəm ki, Rusiyada erməni mənşəli biznesmenlərlə söhbət də aparılıb. Erməni biznesmenləri illər boyu ölkələrinə xeyli pul yatırıblar və indiki hakimiyyət dövründə bu vəsait azalıb. Paşinyan hakimiyyətə gələndə çoxları sevindi. Axı o korrupsiyaya qarşı mübarizə aparacağını vəd edirdi, nəticə isə elədir ki, xalq vəziyyətin pisləşməsinin şahidi olur. Yeni hökumət başçısı, sadəcə, yenidən pul axınının bölgüsünü aparır”,- deyə ekspert bildirib.
Onun qənatincə, ümumdünya pandemiya böhranı vəziyyətində Ermənistanın Rusiya ilə münasibətləri tam iflas halını xatırladır: "Diaspora və müxalifət başa düşür ki, Paşinyan, sadəcə, ölkəni fəlakətə sürükləyir. Hakimiyyəti qoruyub saxlamaq funksiyasını yerinə yetirə bilmir. Koçaryanı həbsxanadan azad etmək üçün müvafiq qərar qəbul edilib. Eks-prezidenti azad etmək barədə qərar onu deməyə əsas verir ki, bunun arxasında ölkənin siyasi gündəliyinə təsir edə biləcək qüvvələr dayanır. Bu qüvvələr də rusiyapərəst qüvvələrdir. İndi Koçaryan azadlıqda olarkən artıq siyasi proseslərə təsir edə biləcək. Paşinyanın devrilməsi bütün müxalifətin maraqlarına uyğundur. Bu məsələdə erməni müxalifəti birləşir”. Rusiyalı ekspert bu qənaətdədir ki, indi də olmasa, nə vaxtsa Rusiya Ermənistandakı vəziyyətlə bağlı mövqeyini ortaya qoyacaq. Əgər Yerevan Moskvanı hansısa yolla şantaj etməyə çalışsa, ciddi zərbə alacaq: "Ola bilsin Koçaryanın azad edilməsi Paşinyanı qəfildən Moskvaya - Qələbə paradına getməkdən çəkindirib. Lakin hesab edirəm ki, Moskva Yerevana təzyiq göstərmək üzrə öz mexanizmini tətbiq edəcək. Moskvanın cavabını Qarabağ məsələsində görə biləcəyimizə şübhə etmirəm. Ola bilsin, orada hansısa toqquşmalar baş versin və Rusiya da bun qarışmayacaq. Hər şey də ona doğru gedir”.
Siyasi Tədqiqatlar İnstitutunun direktoru Seryey Markov isə xatırladıb ki, baş nazir çoxdan ona tabe olmaq istəməyən Konstitusiya Məhkəməsi məsələsini həll etməyə çalışır. "Biz xatırlayırıq ki, KM sədri Koçaryanı azad etdikdən sonra Nikol Paşinyan məhkəmə binalarını bloklamağa çağırdı. Tovmosyanın ünvanına dövlət çevrilişinə cəhd ittihamları səsləndi. O zaman da baş nazir məhkəmə sistemi ilə bağlı vəziyyəti nizamlaya bilmədi və Koçaryanın növbəti dəfə azad edilməsi dövlət başçısı kimi onun nüfuzuna ciddi zərbə vurdu. Bu günlərdə isə məhkəmə Qaqik Çarukyanı həbs etməkdən imtina etdi. Lakin indi belə bir sual ortaya çıxır - baş nazir konstitusiya dəyişikliklərindən sonra vəziyyəti öz xeyrinə dəyişə biləcəkmi? Əgər inqilabın birinci ayları olsaydı, bunu asan şəkildə etmək olardı. O zaman xalq ona inanırdı, indi isə baş nazirin populyarlığı sürətlə aşağı düşür. Bununla yanaşı, Koçaryanın azad edilməsi Moskva tərəfindən növbəti ciddi siqnal oldu. Çünki hesab edirəm ki, eks-prezidentin həbsdən azad edilməsində Moskvanın rolu var. Bu, Koçaryanın azad edilməsində əsas səbəbdir. Müxalifət, heç olmasa qısa zamanda da olsa, birləşə bilərmi? Nəzəri cəhətdən ola bilər, praktiki olaraq isə çətin. Çarukyanın Koçaryanla birləşməsinə şübhə edirəm. Bununla belə, Koçaryan Ermənistandakı bugünkü daxili siyasi mənzərəni dəyişə bilər. O, bunu etmək istəyəcək, çünki əvvəlki tək güclü liderdir, populyarlığa malikdir. Məhz Koçaryan bu gün Paşinyanın real opponentidir və ona qarşı bütün mövqeləri birləşdirməyə çalışır. Hesab edirəm ki, əgər baş nazir onu qapatmağa çalışarsa, bu, hökumət başçısı kimi onun üçün yaxşı nəticələnməyəcək”, - deyə fikrini tamamlayıb.

Azər
banner

Oxşar Xəbərlər