• cümə, 29 Mart, 12:02
  • Baku Bakı 14°C

Topçubaşının nəticəsi: “Elə bilirdim prezident olub”

28.05.20 10:07 3207
Topçubaşının nəticəsi: “Elə bilirdim prezident olub”
"Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gəlirdi. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə babam Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Çox xoşbəxt olurdum”
"Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş…”
"Babam Bakıdakı çiçək mağazalarından bütün gülləri satın alıb və ona hədiyyə edib”
"Babam pul qazanmaq üçün Parisdə meyvə-tərəvəz bazarında hamballıq edib”
"Azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…”
Əlimərdan bəy Topçubaşı–Azərbaycanın görkəmli dövlətxadimi. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin ilk sədri, Xarici işlər naziri. Milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi bir şəxsiyyət.
Əlimərdan bəy Topçubaşının böyük qızı Sara Kürdəmirdən (Topçubaşı) 2 nəvəsi olub, Zərifə və Gülnarə Kürdəmir. İllər öncə Zərifə Kürdəmir vəfat edib. 97 yaşlı GülnarəKürdəmir və Zərifə Kürdəmirin qızları hazırda İstanbulda yaşayırlar.
(Xalam Zərifə, anam Gülnar və mən)

JurnalistHafiz Əhmədovtarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan məşhur nəticəsi Nilufer Sanderi və ailə üzvlərini tapıb həmsöhbət olub.HafizTimes.com-a eksklüziv müsahibəsində Nilufer Sander ailəsi ilə bağlı bir çox gizli qalmış məqamlara aydınlıq gətirib. N.Sander həmçinin ailəsi ilə bağlı foto şəkillərdən ibarət arxivi də Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraqHafizTimes.com-a təqdim edib:
(Nilufer Sander)

-Əvvəlcə bizə özünüzdən bəhs edin…
-1950-ci ildə İstanbulda anadan olmuşam. Rəhmətlik atam Necdet Sander məşhur şair, Cümhuriyyət qadını Şükufə Nihal və Ədəbiyyat-Türk Dili üzrə Prof. Mithat Sadullah Sanderin oğlu idi. Atam 1960-1980-ci illərdə İstanbulun ən gözəl, böyük kitab evlərini açdı və öz nəşriyyatını qurdu, bir çox kitabı fransız və ingilis dillərindən tərcümə etdi.
(Solda mən və xalam qızı -1965)

-Nilufer xanım, hazırda nə işlə məşğul olursunuz, harada yaşayırsınız?
– 32 ildir ki, Bodrumda yaşayıram. Əvvəllər isə 8 il Almaniyada, 8 il Cənubi Amerikada yaşadım. 4 il Braziliyada və Venesuelada yaşadım. Keçmiş həyat yoldaşım alman idi və işlə əlaqədar olaraq orada yaşayırdıq. O illər çox gözəl idi. Oğlum Alex isə 1976-cı ildə San Pauloda anadan olub.
(Əlimərdan bəyin məzarını anam ziyarət edib – Paris)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəyin nəvəsi) səhhəti necədir? Karantin rejimində ananızla heç görüşə bilirsinizmi?
-Anamın 97 yaşı var. İstanbulda tək yaşayır, gözləri də çox zəif görür. Məlum virusa görə bu il anamı görə bilmədim, yalnız telefonla əlaqə saxlayırıq.
(Anam Parisdə iti ilə birlikdə)

-Ananızın ailəsinin azərbaycan əsilli olduğunu nə vaxt öyrəndiniz? Bu barədə nənəniz Sara xanım Topçubaşı (Əlimərdan bəyin qızı) və ananız sizə nə danışardı?
-Həmin vaxt çox balaca idim. Təxminən 8 yaşım olardı… Hələ 5 yaşım olarkən yəni 1955-ci ildə anam və qardaşım Fikrət ilə Cenevrəyə köçdük. 3 il orada yaşadıq, fransızca məktəbə getdik. Evdə həmişə fransızca danışardıq. 1958-ci ildə İstanbula qayıtdıq və qardaşımla birlikdə nənəmgilin (Sara xanım Topçubaşı) evində qalırdıq. Çünki anam müalicə üçün İsveçrəyə qayıtdı. 2 il boyunca nənəm Sara xanım bizə çox yaxşı baxdı.
(Nənəm Sara Topçubaşı-Kürdəmir Bakıda)

Təbii ki, babam Əli Əşrəf Kürdəmirlə (Sultanov) ya rusca, ya Azərbaycan dilində, ya da fransızca danışardılar. Əslində Sara nənəm qardaşım və mənə bu mövzuda çox şey danışmazdı. Yəqin ki, çox balaca idik və siyasəti başa düşmürdük…
(Anam və babam Əli Əşrəf Kürdəmir Parisdə -1940 )

-Nənəniz Sara xanım Topçubaşını (Əlimərdan bəyin qızı) necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?
-Anamın anası, yəni Sara nənəm bir mələkdi. Onu anamdan daha çox sevdim. Anamın böyük bacısı Zərifə xalamın da iki qızı vardı. Biz 4 uşaq eyni yaşda idik. Hər il məktəbimiz yaz tətilində olanda 3,5 ay və digər qış tətillərində də Sara nənəm və Əli Əşrəf Kürdəmir babamın Erenköydəki böyük baxçalı villalarında qalırdıq. Orada geniş bir baxça, bostan vardı. Bütün tərəvəz və meyvələri bağımızdan toplayırdıq. Təbii ki, nənəmgilin azərbaycanlı dostları, qonaqları da ora gəlirdilər. Nənəm və babam Parisdən qayıtdıqdan sonra Erenköydə bu böyük baxçalı villanı satın almışdılar. Mənim həmin baxçada çəkilmiş çoxlu ağ-qara şəkillərim var.
(Saffet əminin xanımı Nəfisə və mən)

-Nənəniz Sara Topçubaşının qardaş-bacılarını (Əlimərdan bəy Topçubaşının digər övladları) heç gördünüzmü?
-Nənəmin Saffet əmi adlı (Həsən bəy Zərdabinin sonuncu övladı) Ankarada yaşayan bir qohumu vardı. Həyat yoldaşı Nəfisə xala yazda bizə qonaq gələndə mənə rus dilində dərs keçərdi. Bir neçə ağ-qara şəklimiz də var. Təəssüf ki, Saffet əminin belə tanınmış bir atasının olduğundan indiyə qədər xəbərim yox idi. Çox sağ olun ki, onun atası Həsən bəy Zərdabi ilə bağlı mənə geniş bilgi verdiniz.
(Saffet Məlik-Zərdabinin sənədi)

Bizə həmişə deyirdilər ki, Saffet nənəmin dayısıdır. Biz də fikirləşərdik ki, nənəmizin belə gənc dayısı necə ola bilər? Uzun boylu və ciddi bir insan idi. Əsasən də rus dilində danışardı. Həyat yoldaşının adı Nəfisə idi. Onların övladı yox idi. Nəfisə xanım mənə rus dilini öyrədirdi. Onlar Ankarada yaşayırdılar. Yaz aylarında nənə-babamın Erenköydəki evinə qonaq gəlirdilər. 2-3 həftə nənəmgildə qalırdılar. Erenköydəki villanın həyətində başqa bir ev də vardı. Onlar qonaq gələndə həmin evdə qalırdılar.
(Anam Gülnar Kürdəmir və nənəm Sara Topçubaşı 1970)

Nilufer Sanderin anası Gülnar Kürdəmir:"Saffet dayı ilə Nefise xala çox gec evlənmişdilər. İkisi də yaşılı idi. Anamla Saffet bəy çox yaxın idi. Çünki, Saffet onun doğma dayısı, ailə üzvü idi. Saffet dayı mədəni bir insan idi. Onu çox sevərdik. Çox az danışardı. Nefise xanımla ailə qurduğu günü xatırlayıram. Həmin vaxt Saffet dayı İstanbulda yaşayırdı. Onların heç toy mərasimləri də olmadı. Çünki, hər ikisi də yaşlı insanlar idi. Onlar evlənəndə Nefise xalanın 40-dan çox yaşı vardı. Anam tez-tez onları bizə yeməyə dəvət edərdi”.
(Ənvər Topçubaşı və mən Erenköydə -1953)

-Başqa bir şəkildə isə nənəmin qardaşı Ənvər əmi (Əlimərdan bəy Topçubaşının oğlu) məni qucağına alıb. 1952-1953-cü illər olmalıdı… Dəqiq xatırlamıram.
(Əlimərdan bəy Topçubaşı Parisdə parkda)

-Azərbaycanla bağlı hansı xatirələriniz var?
-Mən heç vaxt Azərbaycanda olmamışam. Amma Azərbaycandan bir neçə dostum var. Yayda Bodrumda işlədiyim gümüş zərgərlik mağazasına azərbaycanlı müştərilər də gələrdilər. Dərhal onlarla danışardım, nənəmin azərbaycanlı olduğunu söylərdim. Atası Əlimərdan bəy Topçubaşıdan söhbət açardım. Hamı Əlimərdan bəy Topçubaşını tanıyar, ondan heyranlıq və hörmətlə bəhs edərdilər. Deyirdilər ki, Azərbaycandakı məktəblərdə Əlimərdan bəy Topçubaşı ilə bağlı dərslər keçirilir. Mən də xoşbəxt olardım.
(Nənəm Şükufə Nihal və mən 1951-ci il)

-Əlimərdan bəy Topçubaşı və həyat yoldaşı Pəri xanım haqqında daha nə bilirsiniz?
-Əlimərdan bəy haqqında yalnız internetdən oxuduqlarımı bilirəm. Nə anam, nə də nənəm onun haqqında çox danışmadılar … Əlbəttə ki, onun Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olduğunu deyirdilər. Anam isə son illərdə nənəsi Pəri xanımı çox sevdiyini söylərdi.
(Solda nənəm Sara xanım qucağında anam, xalam İstanbulda çimərlikdə)

-Əlimərdan bəy Topçubaşı sizin üçün kimdir?
-Əlimərdan bəy Topçubaşı fəxr etdiyim bir babamdır. Əlbəttə ki, onu şəxsən tanıya bilmədim. Sonralar internetdən oxuyub öyrəndim ki, babam Qafqazdakı bütün müsəlman ölkələrini bir yerə toplayıb Rus çarının hakimiyyətindən xilas etmək istəyib. Bu, təbii ki, nəhəng bir layihə idi…
(Anam və oğlum Alex 2003, anamın evi)

-Ananız Gülnar xanım Kürdəmirin (Əlimərdan bəy Topçubaşının nəvəsi) evində babası Əlimərdan bəy Topçubaşının rəsimləri var. O rəsimlərlə bağlı hansı xatirəniz var? Ananız sizə ailəsi ilə bağlı nə danışardı?
-Həmin şəkillər çəkiləndə mən hələ doğulmamışdım. Sadəcə onun kim olduğunu söylədilər. Nənəm onun Prezident (Cumhurbaşqanı) olduğunu söylərdi. Amma deyəsən elə deyilmiş… Parlament sədri olduğu haqqında oxudum. Şəkillərdə nənəmin çox gözəl olduğunu gördüm. Əlimərdan babam isə çox ciddi görünür.
(Babam Əli Əşrəf çox sevdiyi bağında -1960-cı illərdə )

-Əlimərdan bəy Topçubaşının kürəkəni, yəni sizin babanız Əli Əşrəf Kürdəmir (Sultanov) də Azərbaycan əsilli idi. Təəssüf ki, onunla bağlı məlumatlarımız çox azdır. Babanız Əli Əşrəf Kürdəmiri necə xatırlayırsınız?
-Babam Əli Əşrəfi çox sevirdim. O, Moskvada universitetdə təhsil almışdı. Nənəm Sara isə çox gözəl bir qadın idi. Babam da daxil olmaqla çox sayda kişi Bakıda nənəmlə ailə qurmaq istəyirlərmiş. Bir gün onun doğum günündə babam şəhərdəki çiçək mağazalarından bütün gülləri satın alıb. Başqa heç kim nənəmə gül hədiyyə etməsin deyə, o, aldığı bütün gülləri nənəmə göndərib. Babam mənim kimi qoç bürcü idi və çox əzmli idi.
(Anamın nişanı 1948-49: Öndə ata-anam, arxada solda nənəm, babam və xalamın azərbaycanlı qaynanası Tamara)

Rusların təqiblərindən qaçıb Parisə gəldikləri zaman bütün əmlakları, hər şeyləri Bakıda qalmışdı. Çox az məbləğdə pulları vardı. Babam pul qazanmaq üçün əvvəllər Parisdə meyvə-tərəvəz bazarında hamballıq etməyə başladı. Daha sonralar isə əzmi, iqtisadi sahədəki zəkası və çalışqanlığı ilə ticarətə qoşuldu. Azərbaycandan gətirdiyi xalçaları Parisdə satmağa başladı və zaman ötdükcə çox zəngin oldu. Şən və zarafatcıl bir insan idi. Anam və xalam Zərifə Parisin ən yaxşı məktəblərində təhsil aldılar. Konservatoriyada piano çalmağı öyrəndilər. Sorbonne Universitetində təhsil aldılar.
(Zərifə xalam və mən 1951-1952)

Babam Erenköydəki villasında səhərlər bağçada gəzməyi, əlləri ilə meyvələrə toxunmağı çox sevərdi. Nənəmi "Sarışka” deyə çağırardı. Biz – 4 uşaq, sonralar isə 4 gənc: qardaşım Fikrət, xalamın qızları Fevziyə, Səlma və mən ilin çox hissəsini Erenköydə həmin villada keçirirdik. Çox yaxşı günlərimiz olurdu. Səhərlər babam bizdən gec oyanardı. Səhər yeməyi süfrəsində oturanda biz dörd nəvəsinə deyirdi ki, bir-bir gəlin yanağımı öpün və fransızca "bonjour” (sabahınız xeyir) deyin. Biz də babamızı öpərdik. O, bir-iki saat orada oturardı və yenə bizi çağırardı: "Nilufer sən mənə "bonjour” dedinmi?”. Mən də cavab verərdim ki, "dedim baba”. O isə deyirdi ki, "xeyr, deməyibsən”. Yəni ki, bir daha öpülmək istəyirdi. Biz babamın bu oyununu artıq bilirdik və onu çox sevirdik.

-Bizə məşhur nənəniz Şükufe Nihal və atanız dəyərli Necdet Sanderdən bəhs edin. Belə insanların ailəsində böyümək necə bir hissdi?
-Atamın anasını, yəni nənəm Şükufe Nihalı həyatda olan zaman çox da tanımadım. Mən uşaq olanda adi bir qəza zamanı nənəmin oma sümüyü sınıb. Sonralar isə o, qocalar evində yaşadı. Bəzən atam məni və qardaşım Fikrəti bazar günləri onun yanına aparardı. Onun əslində kim olduğunu ölümündən sonra tərcümeyi-halını oxuyaraq öyrəndim. Cümhuriyyətin qadın ziyalısı idi. Universitet bitirən ilk türk qadın tələbə idi. Nazim Hikmətin eşqi idi. Özü Anadoluda müəllimlik etmişdi. Qurtuluş savaşında fəallıq göstərib və Sultan Əhməd meydanına toplaşan minlərlə insanın qarşısında çox təsirli bir nitq söyləyib. 6 romanı, 1 hekayə kitabı və saysız-hesabsız şeirləri var. Nənəm çox gözəl və baxımlı bir qadın idi. Həmişə zövqlü geyinər və bəzənərdi. Hündürdaban ayaqqabı ilə küçədə gedərkən yıxılıb və oma sümüyü sınıb.
(Atam Necdet Sander 1980-ci il)

Atamdan isə saatlarla danışa bilərəm. Onu çox sevərdim. 5 yaşım olanda valideynlərim boşandılar. Qardaşımla mən anamla birlikdə 3 il Cenevrədə yaşadıq. Həmin illərdə atamın üzünü çox az gördük. İstanbula qayıtdıqdan sonra atam hər bazar günü öz maşını ilə gəlib bizi evdən götürərdi və bütün günü onunla birlikdə keçirərdik.

İstanbuldakı ən gözəl kitab mağazaları atamın idi. Onun sayəsində kitabların içində böyüdüm. Atam çox zəhmətkeş idi, bütün günü kitab mağazalarında olurdu. Eyni zamanda kitabları ingilis və fransız dillərindən tərcümə edirdi, gözəl əsərlər meydana çıxırdı. Anamın evində də çox sayda fransızca kitab vardı. Təbii ki, onların çoxunu oxumuşam. Kitabların arasında böyüdüyüm üçün özümü çox şanslı hiss edirəm.
(Qardaşım Fikrət Sander -1970)

-Qardaşınız Fikrət Sanderle bağlı bilmək istərik. Bildiyimiz qədəri ilə o, gənc yaşda vəfat edib…
-Qardaşım Fikrət Sander məndən 13 ay balaca idi. 1983-cü ildə atamın vəfatından sonra qardaşım kitab mağazasının müdiri oldu. Ancaq atamda olan kitab sevgisi və əzmkarlıq qardaşımda yox idi. Çox təəssüf ki, o, içkiyə meyillənməyə başladı və kitab dükanımızı idarə edə bilmədi. Mən o vaxtlar Almaniyada yaşayırdım. Qardaşım 1987-ci ildə vəfat etdi…
(Solda nənəm və digərlərini tanımıram)

-Azərbaycana gəlmək istərsinizmi? Azərbaycanda sizin ailənizi sevənlərə nə deyərsiniz?
-Bir gün imkanım olanda təbii ki, Bakını çox görmək istərdim. Burada tanıdığım bir neçə azərbaycanlı var. Onlar səmimi və mehriban insanlardı. Mənə Sara nənəmi xatırlatdıqları üçün onlarla söhbət edən zaman çox xoşbəxt oluram. Hər birinizə öz sevgilərimi göndərirəm.
(Alex və mən İstanbulda, 2003)

-28 may Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür. Babanız Əlimərdan bəy Topçubaşı da qurucularından biridir. Bu günlə bağlı nə söyləmək istərsiniz?
-Babamın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olması ilə qürur duyuram. Və azərbaycanlıların babamı belə xatırlamaları və ondan yüksək səviyyədə bəhs etmələri məni çox təsirləndirir…

-Ə.M.Topçubaşının ailə üzvləri uzun illər Fransada yaşadılar. Siz Fransada ailənizin yaşadığı həmin evə heç getdinizmi?
-Xeyr, ziyarət edə bilmədim. Məndə yalnız bir şəkil var. Anam öz babasının məzarı önündə durur…
(Zərifə Kürdəmirin qızı Fevziyə)

-Xalanız Zərifə Kürdəmiri (Əlimərdan bəyin digər nəvəsi) necə xatırlayırsınız?
-Xalam anamdan 2 yaş böyük idi. Onu çox sevirdim. Xalamın iki qızı var: Fevziyə mənimlə eyni yaşdadır, Səlma isə bizdən 3 yaş kiçikdir. Biz birlikdə böyüdük.
(Fırat Sander)

-Sizin ailəniz, oğlunuz barədə bilmək istərik. Oğlunuz heç Azərbaycana gəldimi?
-Oğlum Alexander Brasack (həyat yoldaşım almandı) Almaniyanın Köln şəhərində yaşayır, ailəlidir və 4 yaşında bir nəvəm var.
Fırat Sander isə mərhum qardaşım Fikrətin oğludur. O, Aleksdən 2 yaş böyükdür. Bodrumda yaxınlığımda yaşayır, evlənib və 10 yaşlı bir oğlu var. Fıratla tez-tez görüşürəm. O da heç vaxt Azərbaycana getməyib.

-Sonda oxucularımıza nə söyləmək istərsiniz?
-Dostlar, bu an hamımız çətin günlər yaşayırıq, məlum virusa görə 2 aydır ki, evdəyik. Şükürlər olsun ki, yaşadığım kirayə evin böyük bir bağçası var. Hamımız üçün xoş günlərin gəlməsini arzulayıram. Bu müsahibəyə görə Jurnalist Hafiz Əhmədova dərindən təşəkkür edirəm, çox sevindim və şad oldum. Bütün azərbaycanlı qardaşlarımı öpürəm, ümid edirəm ki, bir gün görüşəcəyik.
Hafiz Əhmədov

banner

Oxşar Xəbərlər