AZE | RUS | ENG |


Tokioda tarix yazmaq istəyən gənc - Portret

Tokioda tarix yazmaq istəyən gənc - Portret
Ambisiyalı, döyüşkən, əzmkar


Bir neçə gün sonra ölkə idmansevərlərinin diqqəti paytaxtımızda təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarına yönələcək. Hər bir idmançımızın çıxışı diqqət mərkəzində olacaq, qazanılan hər medal ölkə idmansevərlərinin böyük sevincə qərq edəcək. Əsas diqqət isə əvvəlki mötəbər yarışlarda ölkəmizə medallar qazandırmış idmançılardan daha çox, gənclərə yönələcək. Məhz İslam Oyunları kimi yarışlar bundan öncəki mötəbər turnirlərdə kənarda qalmış, ya da az şans qazanmış gənc idmançıların nəyə qadir olduqlarını nümayiş etdirmək baxımından daha çox əhəmiyyətlidir. 
Ölkə idmansevərlərinin müsəlman ölkələrin olimpiadasında əsas medal ümidləri isə yenə cüdo, boks, güləş və s. kimi döyüş idman növlərindədir. Boks yığmamızın məşqçiləri mötəbər yarışda bir neçə gənc idmançıya yer verməklə, onlara nəyə qadir olduqlarını nümayiş etdirmək üçün gözəl şans verdilər. Bu cür gənclərdən biri də, aşağı yaş qruplarında dünya və Avropa çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə ölkəmizin bayrağını dəfələrlə dalğalandırmış Məsud Yusifzadədir. 52 kq çəki dərəcəsində yarışacaq Məsud, bu çəkidə ölkəmizə dünya çempionluğu qazandırmış Elvin Məmişzadəni layiqincə əvəz edəcəyini nümayiş etdirməlidir. Bu yazıda sizə gənc və perspektivli boksçumuz Məsud Yusifzadədən bəhs edəcəyik.
  
Samarada başlayan karyera
 
Məsud Yusifzadə 1996-cı il, avqustun 18-də Bakıda dünyaya göz açıb. O, hələ məktəbə getməmiş boksla məşğul olmağa başlayıb. Belə ki, vaxtilə güləşlə məşğul olmuş ata Yusifzadə, oğlunun sağlam böyüməsi üçün onu idmana yazdırır. Məsudun atası uğurlu idmançı karyerası yaşaya bilmədiyindən, oğlunun bu arzusunu reallaşdıracağını düşünərək, onu boksa yazdırır. Bəs niyə güləş yox, məhz boks? Uşaq vaxtından dalaşmağa meylli olan, adətən özündən böyüklərlə "döyüşən” kiçik Məsud, daha çox yumruq atmağa üstünlük verirdi ki, bu nüans ata Yusifzadənin də diqqətindən qaçmır. 
Məsud və ailəsi o vaxt atasının işləri ilə bağlı Rusiyanın Samara şəhərində yaşadığından, boksun ilk sirlərinə də məhz orda yiyələnir. Onun ilk məşqçisi Viktor Pavloviç olur. Məsud məşğul olduğu qrupda yeganə azərbaycanlı idi. O, yad ölkədə müəyyən haqsızlıq, ikili standartla üzləşsə də, Rusiyada yaşadığı dövrdə boksu atmır, sonadək məşqlərini davam etdirir. Lakin bir problem var idi. Məsud Rusiya vətəndaşı olmadığından, ölkə çempionatına buraxılmırdı. Hərdən əyalət yarışlarına qatılan Məsud, burda özünü göstərməyi, çempion olmağı bacarmışdı.  
 
Vətənə qayıdış
 
O, 13 yaşında olarkən, ailəsi Bakıya köçür. Məsud karyerasını doğma vətəndə davam etdirmək fürsəti əldə edir. Rasim Məmmədovun qrupuna yazılan Yusifzadə, tezliklə öz nəticələri ilə məşqçisinin simpatiyasını qazanır. Məhz Bakıya köçdükdən sonra boksla daha ciddi məşğul olan, gərgin məşqlər keçirən Məsudun əziyyəti nəticəsiz qalmır. O, 2009-cu ildə məktəblilər arasında təşkil edilən Avropa çempionatını bürünc medalla başa vurur. Bundan sonra uğurlar davamlı olur. Yusifzadə 2010-cu ildə yeniyetmələr arasında Avropa çempionatında da bürünc medala yiyələnir.
 
Medalla zəngin kolleksiya
 
2013-cü ildə gənclər arasında Avropa çempionatında iştirak edən Məsud, yalnız finalda məğlub olaraq, ikinciliklə kifayətlənir. Hollandiyada təşkil edilən yarışın finalında, irland boksçu ilə döyüşdə hakim haqsızlığı ilə üzləşən Yusifzadə, "gümüş”lə kifayətlənməli olur. Məhz bu yarışdan sonra onda özünəinam yaranır. O, artıq düz yolda olduğuna, bu idman növü ilə daha böyük uğurlar qazana biləcəyinə inanır.   
2014-cü ildə Bolqarıstanda gənclər arasında dünya çempionatında 3-cü olan Məsud, yaşıdları arasında təşkil ediləcək olimpiadaya vəsiqə qazanır. Lakin Bolqarıstandakı yarışda zədə alan Yusifzadə, olimpiadaya lisenziya qazansa da, məhz zədə səbəbindən kənarda qalır. Ancaq zədə onu uzun müddət boksdan ayrı sala bilmir. Kənarda qaldığı olimpiadadan bir ay sonra zədəsini sağaldan Məsud, Xorvatiyada təşkil edilən Avropa çempionatına qatılır. Yusifazdə Balkan ölkəsindən gümüş medalla qayıdır. 2015-ci ildə isə gənc boksçu nəhayət, dünya miqyasında çempionluq sevinci yaşayır. O, Rusiyanın Nijnevaratovsk şəhərində keçirilən neft ölkələrinin dünya kubokunu çempion kimi başa vurur. 
Ölkə çempionatında isə Məsud məğlubedilməzdir. Belə ki, aşağı yaş qruplarında dəfələrlə ölkənin ən güclüsü olmuş Yusifzadə, son 3 ildə böyüklər arasında ölkə çempionatının 52 kq çəki dərəcəsində 1-ci pilləni "özəlləşdirib”.
Ümumiyyətlə, Məsudun yaşının az olmasına baxmayaraq, onun medal kolleksiyası zəngindir. Vurğuladığımız yarışlardakı uğurlarla yanaşı, gənc boksçu bir çox beynəlxalq yarışları da medallarla başa vurub.
 
"Dəmir Mayk”ın pərəstişkarı
 
İdmançının asudə vaxtı çox az olur. Gərgin məşqlər və yarışlarla əlaqədar çox nadir hallarda əyləncəyə vaxt ayıra bilirlər. Məhz buna görə, Məsud boş vaxtlarını daha çox ailəsi, əsasən, qardaşı ilə a keçirməyə üstünlük verir. O, asudə vaxtında dostları ilə futbol oynamağı da xoşlayır. Boksla çox kiçik yaşlarından məşğul olmağa başlayan Yusifzadə, ilk illərdə ümumiyyətlə, bu idman növü ilə bağlı məlumatlı deyildi. Ancaq məşqçisinin tapşırıqlarını yerinə yetirir, bu idman növü ilə bağlı təsəvvürləri məşqlərdə gördüklərilə məhdudlaşırdı. Lakin yaşa dolduqca Məsudda bu idman növünə maraq yaranır. O, artıq boks yarışlarını yaxından izləyirdi. Onun boksdakı kumiri isə Mayk Tayson olub. Düzdür, Məsud boksun sirlərinə yeni-yeni yiyələnəndə "Dəmir Mayk” artıq karyerasının qürub çağını yaşayırdı. Lakin Yusifzadə amerikalı boksçunun keçmiş döyüşlərinin videoyazısını izləyərək, nə vaxtsa, onun kimi döyüşçü olmağı arzulayırdı. Yerli boksçulardan isə Rövşən Hüseynov, Samir Məmmədovun çıxışını daha çox bəyənirdi.
Məsud musiqini də sevir. O, döyüşlərdən sonra yorğunluğunu sakit tərzdə olan mahnıları dinləməklə çıxarmağa çalışır. Film izləməyi də sevən gənc boksçu, əsasən, döyüş filmlərinə baxır. 
 
Tarix yazmaq istəyən gənc
 
Məsudun əsas hədəfi 3 il sonra Tokioda təşkil ediləcək olimpiya oyunlarıdır. Lakin gənc boksçu "əsas iştirakdır” şüarı ilə razılaşmır. Belə ki, o, Yaponiyanın paytaxtında təşkil ediləcək dünyanın ən nəhəng idman yarışında təkcə iştirakı yox, həm də çempionluğu hədəfləyib. Azərbaycan təmsilçiləri bu günə kimi olimpiadaların boks yarışlarında bir neçə dəfə müxtəlif əyarlı medallar qazansalar da, hələ də çempionluq sevinci yaşamayıblar. Məsud məhz bu sindroma son qoymaq, Azərbaycanın olimpiya çempionu olan ilk boksçusu kimi tarixə düşmək istəyir. O, əsas məqsədlərinə nail olduqdan sonra özünü peşəkar boksda da sınamağın əleyhinə deyil.  
Ancaq bundan öncə də onu bir neçə mühüm yarış gözləyir. Bu "imtahanlar”dan ilki isə bir neçə gün sonra paytaxtımızda baş tutacaq İslam Həmrəyliyi Oyunlarında olacaq. Boks millimizin məşqçiləri 52 kq çəki dərəcəsində həmişə beynəlxalq yarışlarda görməyə adət etdiyimiz Elvin Məmişzadəyə yox, məhz gənc istedad Məsud Yusifzadəyə şans verəcək. Bu yarış Məsuda özünü sübut etmək üçün əla fürsətdir. O, doğma şəhərdə təşkil ediləcək yarışı medalla başa vurmaqla, məşqçilərin etibarını qazanmalıdır. Məsud bu məsuliyyəti yaxşı başa düşür və məhz buna görə, paytaxtımızda təşkil ediləcək yarışda yalnız "qızıl”ı hədəfləyib. 
Bundan sonra isə o, iyunun 12-də Ukraynada təşkil ediləcək Avropa çempionatında medalçılar sırasına düşməyi planlaşdırır. Burda qazanılacaq medal isə avqustda Almaniyada keçiriləcək dünya çempionatının qapılarını onun üzünə açacaq. Ukraynada keçiriləcək qitə birinciliyi həm də Almaniyada keçiriləcək dünya çempionatına lisenziya xarakteri daşıyacaq.
 
Portret
Ambisiyalı, döyüşkən, əzmkar - Məsudun portretini formalaşdırarkən, ilk növbədə bu xarakterləri üzə çıxır. Rinqdə ilk dəqiqələrdən döyüşə atılmaqdan çəkinməyən, son ana kimi eyni fiziki hazırlıqla döyüşməyi bacaran Məsudda əsas diqqətçəkən xüsusiyyəti də rəqibdən çəkinməməyidir. O, bütün yarışlarda ilk növbədə medalı yox, məhz "qızıl”ı düşünür. Böyük ambisiyaları olan Yusifzadə üçün bu il əsl imtahan olacaq. İlk imtahan isə İslam Həmrəyliyi Oyunlarıdır. Gənc və perspektivli idmançı həm müsəlman ölkələrinin olimpiadasında, həm də yayda baş tutacaq Avropa və dünya çempionatlarında əsas hədəfinə çatmaqla, məşqçilərin seçimini doğrultmalıdır. Gənc boksçunun əsas hədəfi olan olimpiya çempionluğuna gedən yol, məhz bu cür yarışlardan keçir.    
                

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.2084
TRY 1 Türk lirəsi 0.4757
KWD 1 Küveyt dinarı 5.6114
SEK 1 İsveç kronu 0.1953
EUR 1 Avro 1.9029
CHF 1 İsveçrə frankı 1.7439
USD 1 ABŞ dolları 1.7021