• cümə axşamı, 28 mart, 12:10
  • Baku Bakı 16°C

Tofiq Kazımovun rejissor ömrü Portret

19.06.13 09:28 5449
Tofiq Kazımovun rejissor ömrü Portret
“60-cı illərdə Azərbaycan Milli Dram Teatrında Tofiq Kazımovun rejissor qiyamı baş verdi. Sanki Allah onu uzun illər həsrətində olduğu arzusuna çatdırmışdı. 1964-cü ildən Akademik Dram Teatrına baş rejissor təyin edilən T.Kazımovun üzərinə düşən tarixi bir missiya, onun sənətkar və vətəndaş missiyası idi. Sanki taleyin hökmü ilə o, həmin ağırlığı şərəflə daşımağa, yerinə yetirməyə məhkum edilmişdi”. Bu fikirlər sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovun “Azərbaycan teatr mədəniyyətində Tofiq Kazımov imzası” adlı yazısında qeyd olunub. İ.İsrafilov həmçinin Tofiq Kazımovun səhnəyə gəldiyi illəri sovet dövrünün teatr tarixində oyanma dövrü adlandırıb.
90 illik yubileyi keçirilən görkəmli rejissorun həmçinin Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradılması, inkişafı və formalaşması və milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub.
Tükənməyən arzuların yolçusu
Bakıda, kasıb bir ailədə dünyaya gözə açıb Tofiq Kazımov. Atası Səməd Mənsur sərbəst düşüncəli, azad fikirli bir şair olub. Satirik şerlərinə görə onu Sabirin davamçısı hesab edirmişlər. Səməd Mən-sur həmçinin bir çox musiqi alətində ifa etməyi bacarır, dram əsərləri yazır, musiqi bəstələyir və bir neçə dildə sərbəst danışa bilirdi. Onun bu bacarığı qanla övladlarına da keçmişdi. Atası dünyasını dəyişəndə Tofiqin 4 yaşı varmış. Həyatı nə qədər çətin keçsə də, balaca Tofiq atasının incəsənətə olan marağını xatırlayaraq böyüyüb. Belə anlarda ona elə gəlirdi ki, həmin musiqiləri yenidən eşidir, şeirləri təzədən dinləyir. O, məhəllə uşaqlarına qoşularaq küçədə səhnə qurar, onlara gələcəyin Nəsi-bə Zeynalova, Mehdi Məmmədov kimi sənətkarları qoşulardı. Balaca aktyorların ilk tamaşaçıları mə-həllə uşaqları olardı. Onların küçə tamaşaları məşhurlaşdıqca tamaşaçılarının da sayı çoxalardı. Artıq yaşlı adamlar da onların tamaşaçısına çevrilirdi.
Tofiq yeddiillik ümumtəhsil məktəbini bitirəndə səhnəyə bitib-tükənməz istəyinin ardınca gedərək Bakı Teatr Texnikumuna daxil olub. Görkəmli rejissor Aleksandr Tuqanovun tələbəsi olmaq onun gələcək inkişafında mühüm rol oynayıb.
Böyük Vətən Müharibəsinin başlanması çoxları kimi gənc Tofiqin də arzularının həyata keçməsinə mane olur. Yaşıdlarına qoşularaq Tofiq də cəbhəyə yollanır. Döyüşlərin birində ağır yaralanır. Müali-cə olunub sağalsa da, cəbhə üçün yararsız hesab olunduğundan Bakıya qayıdır.
T.Kazımov yenidən yarımçıq qalan teatr arzularının ardınca getməyi qərar verir. Bir müddət GTT-də aktyor işləməyə başlayır. "Məlik Məmməd", "Ana" və s. tamaşalarda oynayır. Ancaq teatr təhsilini Moskvada davam etdirmək istəyi ona bir an da rahatlıq vermir. Anasının razılığı ilə Moskvaya gedir. Bəxti onda gətirir ki, Ümumittifaq Teatr Sənəti İnstitutuna, Knebbelin rejisorluq kursuna daxil olur. Oleq Tabakov, Oleq Yefremov, Yevgeni Vaxtanqov kimi sənətkarlarla eyni kursda oxuması onun gələcək inkişafında mühüm rol oynayır. Tofiq Kazımov gələcəyin böyük sənətkarlarına çevriləcək bu insanlarla dostluq əlaqələrini sonralar da qoruyub saxlayır.
Öz teatrını yaratmaq arzusu
Yeni ideyaları həyata keçirmək o qədər də asan deyildi. Gənc rejissor özü də bunu başa düşürdü. Onu da dərk edirdi ki, məqsədə çatmaq üçün gecə-gündüz çalışmaq, maneələri dəf etmək lazımdır. Gənc rejissorda isə bu iradə və enerji vardı. Əlbəttə, onun novator ideyalarına mane olmağa çalışan-lar da çox idi. Üzünə gülüb, ayağının altını qazanlar ona hər cür pislik etməkdən çəkinmirdilər. Mərd təbiəti, kimsəyə əyilməzliyi də özünə mane olurdu. Ancaq o, dəyişə bilmirdi. Mərhum rejissor Məmmədkamal Kazımov danışırdı ki, Tofiq Kazımovun "Azdrama"ya gəldiyi illər onun gözləri qar-şısında baş verib: "Tofiq daha çox gənclərlə işləmək, onlar üçün meydan açmaq istəyirdi. Həmişəki kimi estafeti əldən vermək istəməyən qocaman aktyorlar ona mane olur, gənc rejissordan yuxarılara anonim məktublar yazırdılar. Bu, yaradıcılıq enerjisi aşıb-daşan bir rejissor üçün çox ağır mərhələ idi. Ancaq Tofiq Kazımov iradəsi ilə bu mərhələni adlaya bildi. Üstəlik, Mehdi Məmmədov, Ədil İsgən-dərov kimi rejissorlarla da onun fikirləri toqquşurdu. Hərəsinin öz yolu vardı. Hamısı yenilik yarat-maq istəyirdi. Tofiq Kazımov isə teatra avanqard teatr ideyaları ilə gəlmişdi".
Tofiq Kazımov ona mane olmağa çalışan aktyorların hərəkətini həmişə təəccüblə qarşılayarmış: "Bil-mirəm, bu adamlar özlərini sevirlər, yoxsa səhnəni? Səhnəni sevən insanlar onun gələcəyini də fikir-ləşməlidirlər. Cavanlar qoca rolları oynaya bilərlər, bəs qocalar necə cavan rollarını oynaya bilər?" Tofiq Kazımov səhnənin gələcəyi üçün gənclərə meydan verib, yaşlıların təcrübəsindən istifadə et-mək tərəfdarıydı.
Həmişə istedad axtarışında
Tofiq Kazımov həmişə istedad axtarışında olub. İncəsənət İnstitutунda dərs dediyi üçün istedadlı gəncləri diqqətində saxlayır, onlara qayğısını əsirgəmirdi. "Azdrama"nın baş rejissoru işlədiyi vaxt-larda teatra çoxlu istedadlı gənclər cəlb edərək öz teatrını yaratmağa nail olmuşdu. Şəfiqə Məmmə-dova, Həsənağa Turabov, Fuad Poladov, Səməndər Rzayev, Hamlet Xanızadə, Amaliya Pənahova, Yaşar Nuriyev kimi aktyorları teatra məhz Tofiq Kazımov gətirmiş və bu aktyorlarla birlikdə Azər-baycan teatrını irəli apara bilmişdi. Onun bu tələbələrlə işbirliyi sayəsində "Antonio və Kleopatra", "Ölülər", "Dəli yığıncağı", "Hamlet" səviyyəli tamaşalar səhnəyə qoyulmuşdu.
“T.Kazımov "Pəri cadu", "Qılınc və qələm" pyeslərinin üzərində işləyəndə də niyyətində ardıcıl idi. Yadımdadır, məşhur Don Juan haqqında tamaşa qoymaq arzusu ilə M.İbrahimova müraciət edib, hazırlıq işindən tutmuş, ayrı-ayrı səhnələrin yazılmasını belə özü edirdi. O, Tirso de Molinadan tutmuş Lesi Ukrainkaya, Molyerdən M.Frişə qədər olan "Don Juan" müəlliflərinin əsərlərini tutuşdurur, onlardan fərqli olan, daha aktual motivlər, orijinal vəziyyətlər yaradırdı. Nəhayət, pyes hazır olanda müəllif kimi M.İbrahimovun adı ilə yanaşı, T.Kazımovun adı da yazılsa idi, tam ədalətli iş olardı. Yəqin ki, heç Mirzə müəllimin özü də buna etiraz etməzdi. Lakin T.Kazımov istəmədi. Çünki məsələ onun adının müəlliflər sırasına çıxmasında yox, teatrımızın repertuarına maraqlı bir pyesin daxil olmasında idi. Həm də bu, onun dramaturqlarla apardığı iş üsulu idi. Yəni o, Şekspirin də, M.F.Axundzadənin də, C.Məmmədquluzadənin də, İ.Əfəndiyevin də, İ.Qasımovun da, B.Vahabzadənin də əsərlərinin səhnə təcəssümü zamanı fəal yaradıcılıq müdaxiləsini, konseptual araşdırmanı əsas tuturdu”-deyə İ.İsrafilov görkəmli rejissorun yaradıcılıq fəaliyyətini analiz edərək yazıb.
T.Kazımov Akademik teatrla yanaşı, başqa teatrların səhnəsində də uğurlu tamaşalar hazırlayıb. Rus Dram Teatrında "Şəhərin səhəri" pyesi böyük müvəffəqiyyətlə oynanılıb. T.Quliyevin "Qızıl axtaran-lar" operettasına "Muskomediya"da quruluş verib. Naxçıvan teatrında da bir neçə tamaşanın quru-luşçu rejissoru olub. T.Kazımovun kino fəaliyyətində çəkdiyi filmlər çoxluq təşkil etməsə də, həyatı-nın bu mərhələsi də maraqlı olub.
“T.Kazımovun yaradıcılıq yolunu izlədikcə, onun əməkdaşlıq etdiyi dramaturgiya ən azı təəccüb doğurur”- deyən İ.İsrafilov rejissorun yaradıcılığında Şekspir, M.F.Axundzadə, C.Məmmədquluzadə, İ.Əfəndiyev, M.Qorki, M.İbrahimov, V.Hüqo, Ə.Haqverdiyev, A.Vampilov, K.Qoldoni, B.Vahabzadə, İ.Qasımov kimi müəlliflərin üstünlük təşkil etdiyini qeyd edib: “Və hər bir müəllifin öz ədəbi fəzası, öz ruhu, öz bədii tələbləri. Amma bir məsələ var ki, T.Kazımovun hər müəllifə fərdi əməkdaşlıq münasibəti olmuşdur. Həmin müəlliflərin əsərlərinin səhnə təcəssümü belə bir qənaətə gəlməyə imkan verir ki, T.Kazımov daxilən sevmədiyi əsərlə uğur qazana bilməmişdir”.
Haqsızlıqlarla barışmaz
"Tofiq Kazımov hərtərəfli insan olub". Bu gün bu fikri onu həyatda görənlərin, onunla ünsiyyətdə olanların hamısı təsdiqləyir. O, musiqini, heykəltəraşlığı, rəssamlığı eyni dərəcədə sevirdi. Təbiətcə romantik idi. İşdə nə qədər tələbkar və zəhmli idisə, həyatda bir o qədər mülayim, həlim xasiyyətli idi. Tofiq Kazımov dostluqda da sədaqətli olub. Say-seçmə dostları arasında Emin Sabitoğlunu çox sevərmiş. Gənclik illərində Tofiq Quliyevlə dostluq edərmiş.
Kinorejissor Eldar Quliyev də bu dostluğu yaxşı xatırlayır: "Tez-tez evimizə gələrdi. Onların söh-bətlərinə maraqla qulaq asardım. Mən bu söhbətlər əsnasında Tofiq Kazımovun çox xeyirxah adam olduğunu görürdüm. Ona kömək üçün müraciət edən kimsəni naümid qoymazdı".
Xalq artisti Fuad Poladov isə müəllimini “haqq carçısı” adlandırır: "Tofiq Kazımov çox haqsızlıq görmüşdü. Başqalarının sakit baxdığı bəzi məsələlərə o dözə bilmir, etirazını bildirirdi. Cəmiyyətdə gördüyü haqsızlıqlarla barışmazlığını tamaşalarında göstərirdi. Onun hər tamaşasında haqsızlığa qar-şı bir üsyan vardı. Tofiq Kazımov bəzən onu düşündürən, narahat edən fikirlərinə həmdəm də tap-mırdı”.
Mərhum Xalq artisti Yaşar Nuri sevimlindən söz düşəndə həmişə deyirdi: “Yaradıcılıq prosesi onun üçün insan cəmiyyəti və insanın yeni tərəflərini üzə çıxarmaq idi. Tofiq müəllim hamıya qarşı tələbkar idi. Bunu bildiyimiz üçün heç vaxt məşqlərə gecikməzdik. Məşqə kim gecikərdisə, qapıdan içəri keçməyə cəsarət etmirdi. Onun dəmir intizamı var idi. Ona görə də məşqlərə vaxtında və böyük həvəslə gələrdik. Bilirdik ki, bizi iş gözləyir. Hər tamaşa sonradan teatr həyatında bir hadisəyə çevri-lirdi. Tamaşalarda adam əlindən tərpənmək olmurdu. Demək olar ki, bircə dənə də boş loja tapa bil-məzdin. Dramaturqlar, aktyorlar, rəssamlar onunla işləməyi xoşlayırdılar. Tofiq Kazımov da istedad-lı adamlarla işləməyi sevirdi”.
Görkəmli rejissor Tofiq Kazımov 57 yaşında dünyasını dəyişib. Ancaq ömrünü sənətə həsr etdiyi illər ərzində milli teatr tarixinə qızıl hərflərlə yazılan tamaşalar bəxş edib. İ.İsrafilovun dediyi kimi: “Böyük novator T.Kazımovun rejissor ömrünün üçüncü zəngi, təxminən 60 il bundan əvvəl çalınsa da, yaşadığımız XXI əsrdə də eşidilməkdədir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər