• cümə, 29 Mart, 15:22
  • Baku Bakı 14°C

Tıxaclara qarşı yeni plan

11.10.17 09:15 1600
Tıxaclara qarşı yeni plan
Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəzi şəhərin nəqliyyat problemləri ilə bağlı danışıb. Bildirib ki, Birinci Avropa Oyunları zamanı avtobusların xüsusi zolaqla hərəkət etməsi müsbət nəticə verib və bunun davamı olaraq əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması məqsədilə şəhərin 9 küçəsində avtobusların xüsusi hərəkət zolaqlarının təşkil edilməsi planlaşdırılıb: "Bu il pilot layihə olaraq MəhəmmədFüzulivə Yusif Səfərov küçələrində xüsusi zolaqların çəkilməsi təmin olunub: "Aidiyyəti orqanlarla birgə fəaliyyət bu zolaqlardan istifadədə müsbət irəliləyişin olmasını göstərəcək. Bundan başqa, Bakı şəhərində quraşdırılmış dayanacaq məntəqələrinin yerləri təhlil olunub, beynəlxalq təcrübəyə əsaslanan yeni dislokasiya planı hazırlanıb. Tıxacların qarşısının alınması, şəhərin mərkəz hissəsi ilə şəhər ətrafının əlaqələndirilməsi, sərnişinlərin nəqliyyat sistemindən rahat və asan istifadəsi məqsədilə "Koroğlu” metro stansiyasının yaxınlığında və Lökbatan qəsəbəsində layihələndirilmiş nəqliyyat mübadilə mərkəzləri artıq fəaliyyət göstərir, "Dərnəgül”, "Avtovağzal” və "28 may” metro stansiyalarının yaxınlığında da analoji qovşaqların təşkili planlaşdırılır”.
Qurum rəhbəri əlavə edib ki, paytaxtın mərkəzi hissələrində sərnişin-piyada təhlükəsizliyini təmin etmək məqsədilə, 1100 ədəd piyada keçidlərinin monitorinqi aparılıb, bunlardan 398-nin yenidən planlaşdırılaraq yerləşdirilməsi nəzərdə tutulur. Sağlamlıq imkanları məhdud insanların istifadəsi mümkün olmayan 32 ədəd yeraltı piyada keçidinin, pandussuz səkilərin vəziyyəti araşdırılıb və 534 ədəd səkidə pandusun təşkili üçün satınalma prosedurlarına başlanıb. "Bu baxımdan piyada keçidlərində piyadalar üçün işıqforların və sərnişin təhlükəsizliyi üçün məlumatlandırıcı yol nişanlarının quraşdırılması zəruridir”, - deyə V. Kərimli bildirib.
Bəs görəsən hazırlanan təklifləri reallaşdırmaq mümkündürmü? Ümumiyyətlə, Bakıda tıxac problemini aradan aldırmaq üçün nələr edilməlidir?
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynlideyir ki, hansı küçələrdə və prospektlərdə xüsusi dayanacaqlı avtobus zolaqlarının yaradılmasının mümkün olması araşdırılmalıdır: "Çünki bəzi hallarda bu, tamamilə mümkünsüzdür. Bəzi hallarda isə belə zolaqları yaratmaq faydalıdır. Məsələn, Azadlıq prospektinin bir hissəsində, yəni keçmiş «Dostluq kinoteatrına qədər olan hissəsində prospektin həcminin böyüklüyü imkan verir ki, avtobusların hərəkəti üçün xüsusi zolaqlar yaradılsın və eyni zamanda dayanacaqlarla təmin olunsun. Bu, müəyyən mənada tıxacların qarşısını almağa da kömək edə bilər. Həmçinin, Heydər Əliyev prospektində də bunu etmək mümkündür. Amma elə prospektlər var ki, orada əlavə zolağın yaradılması avtobuslar üçün ikinci bir problem yaradacaq. Çünki prospektin özünün imkanları əlavə zolaqların yaradılmasına cavab vermir. Bu, ümumiyyətlə, dünya praktikasında olan bir layihədir. Dünyanın bir sıra iri şəhərlərində xüsusi zolaqlar var”.
Ekspert bəzi məqamları da vurğuladı: "Məsələn, Türkiyədə kiçik metrobuslar var və sərnişindaşımada müstəsna olan bir nəqliyyat növüdür. Metrobusların xüsusi zolaqları var. O zolaqda yalnız hərbi xidmət keçən və yanğınsöndürən maşınlarnın, eyni zamanda istisna hallarda polis maşınlarının hərəkətinə icazə verilir və bu zolaqlar tam qapalıdır. Zolaq xüsusi girişlərlə təmin olunub və sərnişinlər o girişlərə kartlarla daxil olaraq çox rahat bir şəkildə mənzil başına çatırlar. Bu, həm də tıxacların yaranmasının qarşısını alır. İstanbulda belə infrastrukturun qurulması imkanlarına malik olan prospektlərin sayı çoxdur. Bakıda isə belə prospektlərin sayı kifayət qədər deyil. Təsadüfi deyil ki, məhz sözügedən 9 prospekt üzərində layihə nəzərdə tutulur. İmkan və şərait varsa, nəqliyyat vasitələrinin xüsusi zolaqlarda buraxılması və eyni zamanda, orda dayanacaqların qurulması yaxşı və müsbət haldır”.
Ekspert deyir ki, tıxac problemlərini həll etmək üçün ilk növbədə sərnişindaşıma ilə məşğul olan nəqliyyat növlərinin fərqli çeşidlərindən istifadə etmək lazımdır: "Belə olduqda Bakı yollarının bərpa olunması və tramvaylardan istifadə məsələsi gündəmə gəlir. Bu, həm tıxacın qarşısını alır, həm də ekoloji baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, əgər biz ayrıca zolaqlar salırıqsa, bu yolalrda genişləndirmə işləri aparılmalıdır. Amma bizdə prospektlərdə işıqlandırma sistemi yolun ortasında salınıb ki, bu da düzgün deyil. Prospektlərin tən ortasında işıqlandırma zolağını salıb və onun sağını, solunu xüsusi barderlərlə əhatə etməklə bor zolağı zəbt etmiş oluruq. Tıxacların qarşısının alınmasının bir yolu da, digər nəqliyyat növləri, məsələn, velosipedlər üçün yollarının yaradılmasıdır. Əhalinin velosipeddən və digər xırda minik vasitələrindən istifadəyə təşviq edilməsi tıxacların qarşısının alınmasında yardımçı ola bilər. Məsələn, Yaponiyada, Çində demək olar ki, əhalinin 50 faizi belə nəqliyyatdan istifadə edir. Yol mədəniyyəti vətəndaşın ictimai nəqliyyata münasibəti ilə formalaşmalıdır. Düşünürəm ki, bu barədə maarifləndirici tədbirlər həyata keçirilməlidir. İnsanlar özləri dərk etməlidirlər ki, özlərinə əlavə problemlər yaratmasınlar”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bu məsələ artıq uzun müddətdir ki, müzakirə olunur: "Bu zolaqlardan artıq ikisi çəkilib. Qalanlarında da iş gedir. Yəni, digər küçə və prospektlərdə də tətbiqi planlaşdırılır. Təbii ki, sıx küçələrin hamısında bunu eləmək mümkün deyil. Aidiyyəti qurumlar da bunu bilir. Azərbaycanda ilk dəfədir ki, belə bir layihə həyata keçirilir. Bunu da mümkün olan küçələrdə tətbiq edirlər. Əsas məqsəd ictimai nəqliyyatın hərəkət intensivliyinin artırılması və eyni zamanda, sərnişinlərin mənzil başına tez və rahat çatdırılmasıdır”.
E.Muradlı deyir ki, Bakıda artıq birmərtəbəli yollar kifayət eləmir: "Azərbaycanda xüsusən Bakı şəhərində elə küçə və prospekt var ki, orda hərəkət mütləq müxtəlif formada tətbiq oluna bilər. Məsələn, «Koroğlu» metrosunun qarşısında yol bir neçə mərtəbədən ibarətdir. Orada heç vaxt sıxlıq, problem yaranmır. Tıxacların qarşısını almaq üçün artıq yol infrastrukturuna başqa cür yanaşmaq lazımdır. Körpülər, başqa-başqa vasitələr tətbiq olunmalıdır. İntellektual idarəetmə sistemi genişləndirilməlidir. Artıq elə bir dövrdür ki, yolu ancaq, intellektlə, ağılla idarə etmək məqsədəuyğundur. Tıxacların qarşısını almaq üçün ilk növbədə yolların mühafizəsi güclü təşkil olunmalıdır. Yəni sürücülər üçün parkinqlər təmin olunmalıdır. Avtobuslar üçün zolaqlar çəkilir, amma avtobus sürücülərinin təfəkkürü mütləq dəyişilməlidir. Yəni görülən işlərlə yanaşı, maarifləndirmə tədbirləri də aparılmalıdır ki, neqativ halların qarşısı alınsın".
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər