• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Tikinti sahəsində gizli iqtisadiyyatın əhatəsini daraldacaq qərar

09.01.20 09:30 943
Tikinti sahəsində gizli iqtisadiyyatın əhatəsini daraldacaq qərar
Ekspertlərin fikrincə, Vergi Məcəlləsində edilən dəyişiklik tikinti sferasında müsbət dəyişikliklərə səbəb olacaq
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda bina tikintisi fəaliyyətinin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə bəzi dəyişikliklər edilib. Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun ləğv edilməsi və həmin şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Həmin tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi tikinti-quraşdırma işləri üzrə vergiləri əvvəlki qaydada ödəyir. Tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri isə həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdir. Qanunun 2.2-ci maddəsinə əsasən, tikinti-quraşdırma işlərinə 2019-cu ilin 1 dekabr tarixindən sonra başlamış vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə məlumat formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Əks halda tikilən binalar üzrə yaranan vergi öhdəlikləri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla müəyyən olunmuş qaydada, yəni ƏDV və mənfəət (gəlir) vergisi metodu ilə hesablanacaqdır. Bu səbəbdən bina tikintisi fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən 2019-cu ilin dekabr ayında tikinti quraşdırma işlərinə başladıqları binalara görə vergi metodu barədə (sadələşdirilmiş vergi və ya ƏDV və mənfəət vergisi) 1 yanvar tarixədək məlumat verilməsi əsas şərt kimi müəyyən olunur.
Görəsən yeni qərar tikinti sektoruna necə təsir edəcək? Bu sahədə hansı dəyişikliklər gözlənilir?
İqtisadçı-ekspert Rəşad Həsənovbildirdi ki, bu qərar gizli iqtisadiyyatın əhatə dairəsini kiçildəcək: "Ötən ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ var idi. Ümumiyyətlə, sadələşdirilmiş vergi növünün əhatə dairəsinin azaldılması istiqamətində son iki ildə müəyyən addımlar atılır. 2018-ci ilin dekabr ayında Vergi Məcəlləsinə dəyişiklik edilərkən bu istiqamətdə ciddi addımlar atılıb. Hazırda bir sıra fəaliyyət istiqamətləri üzrə sadələşdirilmiş vergi növü ləğv edilib. 2019-cu ildə məcəlləyə dəyişiklik edilən zaman sadələşdirilmiş vergi növünün azaldılması əsas hədəflərdən biri idi. İqtisadiyyatın əhəmiyyətli sahələrindən biri olan tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin artıq sadələşdirilmiş vergi hüququ ləğv edilib. Qeyd edim ki, hansı sferada fəaliyyət göstərməyindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyiciləri dəyər zəncirinin digər halqalarından əldə etdikləri mal və xidmətlərin sənədlərini toplamaq və aidiyyəti qurumlara təqdim etmək məcburiyyətində deyil. Çünki bu şirkətlər müxtəlif formada sadələşdirilmiş vergi ödəyir. Məsələn, bəziləri dövriyyənin müəyyən faizi qədər vergi ödəyir ki, onların mal və xidmətlərin uçotunun aparılmasına ehtiyac olmur. Bəziləri isə ümumiyyətlə, heç bir göstəriciyə görə deyil, sadəcə olaraq aylıq müəyyən məbləğdə vergi ödəyir. Tikinti şirkətləri də tikinti sahəsinə uyğun olaraq vergi ödəyirdi. Belə olduğu təqdirdə şirkətlər aralıq istehlakın uçotunu aparmaqda maraqlı olmur. Bu isə öz növbəsində illeqal və gizli iqtisadiyyatın formalaşmasına gətirib çıxarır. Tikinti şirkətlərinin bu hüququnun ləğv edilməsi, yəni onların bundan sonrakı dövrdə əlavə dəyər vergi ödəyicisi olması, şirkətlərin öz xərclərini sübut etməsi zərurəti yaradır. Əks halda, onların dövriyyələri gəlirləri kimi görünəcək. Bu da şirkətlərin mənfəət və digər xərclərinin ciddi şəkildə artmasına gətirib çıxaracaq. Belə olan halda, şirkətlər məcbur olaraq uçotu daha da dəqiqləşdirəcək. Uçotun dəqiqləşdirilməsi isə dəyər zəncirinin digər halqalarında sahibkarlıq fəaliyyəti göstərən subyektlərin öz fəaliyyətini leqallaşdırılmasına gətirib çıxaracaq. Beləliklə, gizli iqtisadiyyatın əhatə dairəsi müəyyən qədər kiçiləcək”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, tikinti şirkətləri əvvəllər əsas vəsaitlərini nağd şəkildə almağa üstünlük verirdi. İndi tikinti şirkətlərinin bütün xərcləri dəqiq olaraq nəzərə alınacaq: "Yəqin ki, şirkətlər bundan sonra alğı-satqı əməliyyatları zamanı nağdsız ödənişlərə üstünlük verəcək. Bu zaman onların vergi yükü müəyyən qədər aşağı düşəcək. Vergi hesablanması zamanı şirkətlərin bütün xərcləri nəzərə alınır. Ümumiyyətlə götürdükdə, bu qərarın müəyyən üstünlükləri var. Hesab edirəm ki, sadələşdirilmiş vergidə konkret olaraq sahələr üzrə vergi ödənişləri şirkətlərə əlavə problem yaradır. Əsas məqamlardan biri, tikinti şirkətlərinin əməliyyatlarla bağlı aidiyyəti qurumlara konkret məlumat verməsi ilə bağlıdır. Artıq bundan sonra şirkətlər öz fəaliyyətinin hesabatını verməli olacaq. Düşünürəm ki, yeni qaydalar bu sahədə müəyyən müsbət dəyişikliklərə səbəb olacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər