• cümə axşamı, 28 mart, 14:29
  • Baku Bakı 16°C

Tikinti sahəsində “amnistiya” çoxillik problemlərə son qoyacaq

20.02.19 18:33 1583
Tikinti sahəsində “amnistiya” çoxillik problemlərə son qoyacaq
Məlum olduğu kimi, Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır.
Fərmanda 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyənləşdirilir. Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasında əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
Fərmanın hansı nəticələri olacağını, əmlak sahəsində hansı problemləri həll edəcəyin öyrənməyə çalışdıq.
Millət vəkili Azər Badamov qeyd edir ki, son zamanlar imzalanan bütün fərman və sərəncamlar xalqın rifahının yaxşılaşmasına xidmət edir: "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə əhalini çox narahat edən və uzun illər öz həllini gözləyən mənzillərə çıxarışların alınması problemi öz həllini tapır. Yüzlərlə çox mənzilli binalarda yaşayan insanlar müəyyən səbəblər üzündən öz mənzilinə hüquqi sahib ola bilmirdi, həmçinin yaşadığı yer üzrə qeydiyyata düşə bilmirdi. Bu, əmlak sahəsində bir sıraçətinliklər yaşadırdı və vətəndaşları daim narahat edirdi. Cənab Prezidentin müvafiq sərəncamı ilə bütün çatışmazlıqlar həll ediləcək. 01.01.2019-cu ilə qədər tikilmiş və istismara hazır, yaşayışı olan bütün çoxmənzilli binaların istismara qəbul edilməsi və çıxarışların verilməsinə dair müvafiq qurumlara tapşırıqların verilməsi Prezidentin daima sadə insanların yanında olduğunun göstəricisidir. Qeyd etmək istəyirəm ki, son zamanlar imzalanan bütün fərman və sərəncamlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Bu, bir daha onu göstərir ki, dövlət siyasətinin təməlində vətəndaşın rifah dayanır”.
"Prezident İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı bu sahədə inqilabi yenilikdir. Bu Fərmanı çoxmənzilli binaların tikintisi sahəsində memarlıq amnistiyası da adlandıra bilərik”. Bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan ƏsədovAZƏRTAC-a açıqlamasında deyib. E.Əsədov qeyd edib ki, Azərbaycanda tikinti bumunun başlamasından sonra bu istiqamətdə genişmiqyaslı işlərin həyata keçirilməsi tikintiyə nəzarətin təmin edilməsində, eləcə də müvafiq icazələrin verilməsi sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu: "Nəticədə respublika ərazisində, xüsusən də Bakıda tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binaların sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmir və bu, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi olaraq mənzillər üzərində hüquqlara malik deyildilər. Bu vəziyyət nəticəsində həmin şəxslər dövlətə və bələdiyyələrə əmlak vergisi də ödəyə bilmirdilər”.
Dövlətimizin başçısının imzaladığı yeni Fərmanda əksini tapan məsələlərin qısa müddətdə həll edilməsinin nəzərdə tutulduğunu vurğulayan rəis müavini dərhal müvafiq işlərin həyata keçirilməsinə başlanıldığını diqqətə çatdırıb. O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin belə binalarla bağlı rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları həmin binaların istismarı üçün lazımi sənədi təqdim edəcəklər: "Bundan sonra vətəndaşlar sahib olduqları mənzillərinin çıxarış sənədlərini qısa zamanda ala biləcəklər. Bununla da sakinlərin mülkiyyət hüquqları qısa müddətdə təmin olunacaq. Bu Fərmanın əsas üstünlüyü ondan ibarətdir ki, artıq sakinlər və ya mənzil-tikinti kooperativləri müvafiq sənədlərin alınması üçün özləri müraciət etməyəcəklər. Aidiyyəti dövlət qurumları lazımi sənədləri hazır etdikdən sonra vətəndaşlar onları ala biləcəklər”.
Bu fərmanın imzalanmasının çoxdan gözlənilən olduğunu deyən Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli "Kaspi”yə açıqlamasında bildirir ki, imzalanan fərman bir sıra sosial, iqtisadi problemlərin həllinə səbəb olacaq: "Qeyd edilən fərmanın üstün tərəfləri çoxdur. Əmlak məsələləri sahəsində belə addımların atılması müsbət qarşılanır. Fərmanın imzalanması mülkiyyətçilərin hüquqlarının təmin olunmasına şərait yaradacaq. Bu, həm də əmlak sahəsində baş verən dələduzluğu, yəni evin bir neçə şəxsə satılması problemini aradan qaldıracaq. Digər tərəfdən, fərmanın iqtisadi əhəmiyyəti, ölkəyə faydası da böyükdür. Belə ki, həmin mənzillərin, mülklərin qeydiyyata alınması ilə dövlət büdcəsinə daxilolmalar artacaq. Bundan əvvəl qeydiyyat olmayan evlərin alqı-satqısı zamanı insanlardan yalnız MTK (Mənzil Tikinti Kooperativi) rəhbərləri müqavilələrin dəyişdirilməsinə görə vəsait tələb edirdi və bu vəsaitlər də qeyri-qanunu şəkildə kimlərinsə cibinə gedirdi. İndi həmin vəsait vergi formasında dövlət büdcəsinə daxil olacaq. Həmçinin bu mülklər, mənzillər üzərində notarial əməliyyatların aparılması, bağışlanma, vərəsəlik, girov qoymaq kimi əməliyyatlarda da həm vergi tutulması, həm də əməliyyat xərcləri rəsmi qaydada olacaq. Sözügedən mənzillərin idarə edilməsi baxımından da fərmanın böyük əhəmiyyəti var. İndiyə qədər MTK rəhbərləri ilə vətəndaşlar arasında çox ciddi problemlər özünü göstərirdi. Belə hallarda vətəndaşlar MTK rəhbərləri ilə hüquqi çərçivədə mübarizə aparmaqda çətinlik çəkirdilər. Adətən vətəndaşları kütləvi şəkildə bir yerə toplamaq çətin olur. Bir-iki vətəndaş isə əllərində mülkiyyət sənədi olmadığına görə pərakəndə mübarizə apara bilmirdilər. Hüquqi baxımdan da bu mübarizənin effekti olmurdu. Ancaq qeyd olunan fərmanın imzalanması bundan sonra belə halların da qarşısını alacaq. Yəni, vətəndaşların mülkiyyət hüququnun tanınması, bu hüquq pozulduğu hallarda hüquq çərçivəsində effektiv mübarizənin aparılması və sair məsələlər də həllini tapacaq”.
YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirir ki, fərman illərdir həllini gözləyən problemə son qoyub: "Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da inkişaf edir. Bakı şəhərində qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir. Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə Azərbaycan Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı Fərman on minlərlə ailənin sevincinə səbəb olub. Bu Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyub. Artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar. Fərmanda da qeyd edildiyi kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Sözsüz ki, bu mühüm sənəd sayəsində bir çox insanın problemi öz həllini tapacaq”.
Vüqar Rəhimzadə bu Fərmanın uğurlu sosial siyasətin bariz nümunəsi olduğunu qeyd etdi: "Dövlətimizin başçısının imzaladığı Fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Sənəddə qeyd edilir ki, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Prezident İlham Əliyevin böyük humanizm göstərərək həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər