• cümə, 29 Mart, 10:14
  • Baku Bakı 5°C

Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdimatı keçirilib

28.03.17 19:16 978
Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdimatı keçirilib
Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, "Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan "İşığa gedən yol” romanının təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbiri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Gürcüstan Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şair Osman Əhmədoğlu, tərcüməçi Cambul Məmmədli, gənc yazıçı Kamran Kiryakov və başqaları roman və onun yazılış tarixi haqqında fikirlərini bildiriblər. Çıxışçılar Azərbaycan ədəbiyyatında və mətbuat sahəsində milliliyi qoruyan və onu daha da inkişaf etdirmiş tarixi bir şəxsiyyət olan Həsən bəy Zərdabinin həyat yolundan bəhs edən əsərin müasir gənclik və jurnalistlər üçün əhəmiyyətli olduğunu qeyd ediblər.

Tədbirdə Gürcüstan-Azərbaycan tarixi dostluğundan, Azərbaycan və gürcü ədəbiyyatının inkişafından, qarşılıqlı əməkdaşlıqdan da söhbət açılıb. Qocaman jurnalist Emin Elsevər "İşığa gedən yol” romanının gürcü dilinə tərcümə olunmasını təklif edib.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və Tiflis azərbaycanlıları iştirak ediblər.




banner

Oxşar Xəbərlər